Azərbaycanın
xarici iqtisadi əlaqələri:
Azərbaycanın xarici iqtisadi
əlaqələri: qeyri-neft sektorunun inkişaf
potensialı fonunda
Azərbaycanın müstəqillik
qazanması onun həm qonşu ölkələrlə, həm
də dünya dövlətləri ilə iqtisadi, həmçinin
xarici ticarət əlaqələrinin artmasına təkan
verdi. Ən əsası isə müstəqillikdən sonra Azərbaycan
dünyada müstəqil iqtisadi və hüquqi subyekt kimi
tanınmağa başlandı. Ötən əsrin 90-cı
illərinin əvvəllərində keçmişdə
mövcud olmuş bir sıra əlaqələrin itirilməsi
səbəbindən iqtisadiyyatın bütün sferalarında
olduğu kimi, ticarət sahəsində də böhran prosesləri
nəzərə çarpmağa başladı. Planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid də ölkə
iqtisadiyyatına bir sıra çətinliklər yaratdı. Ən
böyük çətinliklərdən biri isə təkcə
başqa ölkələrlə hansı məhsul və ya xidmət
növünün ticarətini aparmaqla deyil, həm də nə
istehsal etməklə bağlı idi. Bu istiqamətdə təkcə
Azərbaycan yox, bütün keçmiş sovet ölkələri
çətinliklərlə üzləşməli oldu.
Çünki iqtisadiyyatının birdən-birə bir iqtisadi
sistemdən digərinə keçməsi heç də asan
proses deyil. Buna nail olmaq üçün iqtisadiyyatda bir
sıra islahatlar aparılmalı və onun strukturu müasirləşdirilməli
idi.
Göründüyü
kimi, belə bir şəraitdə Azərbaycan
iqtisadiyyatının qarşısında duran əsas məsələ
ilk növbədə ölkə iqtisadiyyatında sabitlik
yaratmaqla yanaşı, həm də bir iqtisadi sistemdən digərinə
adlamaqla keçid dövründən minimum itkilərlə
çıxmaq idi. Bunun üçün isə ölkə
iqtisadiyyatının beynəlxalq əmək
bölgüsündə öz yerini tutması çox vacib
idi. Praktik olaraq, son illər xarici ticarət dövriyyəsində
müşahidə edilən ciddi artımlar da məhz
sözügedən islahatların nəticəsi kimi qiymətləndirilməlidir.
Lakin 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı."Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, "bp", MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Eksson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. Bu müqaviləyə əsasən ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, investorların payına isə 20 faiz düşür. Azərbaycanın ixrac potensialının artmasında "Əsrin müqaviləsi"nin imzalanması şübhəsiz əsas amillərdəndir.
Ən önəmli məqamlardan biri də məhz ölkə Prezidentinin rəhbərliyi altında ölkənin ixrac potensialının artırılması ilə bağlı atılan addımlardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bəyan edərək bildirmişdir ki, Azərbaycan tərəfindən bu gün müxtəlif ölkələrdə və eləcə də Avropa İttifaqı məkanında investisiya imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Bu, bizim maliyyə resurslarımızın şaxələndirilməsi üçün əhəmiyyətlidir.
Ölkə Prezidenti həmçinin qeyri-neft sektorunun ixrac imkanlarının daha genişləndirilməsi üçün dövlət dəstəyinin gücləndirildiyini bəyan etmişdir. Cənab Prezident demişdir ki, əvvəlki dövrlərdə biz əsas ərzaq məhsullarını idxal edirdik, idxaldan asılı idik, indi özümüz özümüzü təmin edirik və ixrac imkanlarımız da vardır. Dövlət dəstək göstərir, kreditlər ayırır, özəl qurumlar bu dəstəkdən faydalanaraq vəsait qoyurlar, həm dövlətdən alınan kreditlər və həm də öz vəsaitləri hesabına iş yerləri açırlar.
Hazırda Almaniya,
ABŞ, Yaponiya və s.
kimi dünyanın bir
çox inkişaf etmiş ölkələri də demək olar ki, bugünkü
iqtisadi güclərinə ilk
növbədə beynəlxalq ticarətdə və əmək
bölgüsündə hər hansı bir
sahə üzrə ixtisaslaşmaqla nail olublar. Bu baxımdan
yanaşdıqda isə beynəlxalq ticarətin bir sıra üstünlükləri önə
çıxmış olur.Onun əsas
üstünlüklərindən biri daha az xərclə daha çox qazanc əldə etmək, ölkəyə valyuta daxilolmalarını artırmaq və rifah yaratmaqdan əlavə,
həm də dünya miqyasında sabitliyə
təminat verməsidir. Bu gün dünya
iqtisadiyyatında bir-iki ölkəni
çıxmaq şərtilə qapalı iqtisadiyyata
malik olan ölkələr
mövcud deyil. Digər
tərəfdən, əgər hətta az
sayda qapalı sistemə malik
olan ölkələr mövcud
olsa da belə,
onların dünya iqtisadiyyatındakı
payı və gücləri olduqca zəifdir.
Son illər Azərbaycanın ticarət
dövriyyəsi 7 dəfə artıb
Dövlət
Statistika Komitəsinin məlumatlarına əssən, Azərbaycanın
müstəqillik əldə etdiyi 1991-ci illə müqayisədə
ticarət dövriyyəsinin həcmi 7 dəfə artıb.
Belə ki, 1991-ci ildə ticarət dövriyyəsinin həcmi
cəmi 4 milyard ABŞ dolları təşkil etmişdirsə,
ötən il bu rəqəm 30 milyard dollara yaxın
olmuşdur. Digər tərəfdən, əgər müstəqilliyin
ilk illərində Azərbaycanın əsas ticarət
partnyorları Rusiya və digər MDB ölkələrindən
ibarət idisə, sonrakı illərdə bu nisbət Avropa
Birliyi ölkələrinin xeyrinə dəyişib.
"Əsrin
müqaviləsi" çərçivəsində neft
hasilatının artması ölkəmizin xarici iqtisadi əlaqələrinin
də genişlənməsinə səbəb olmuşdur. Neft
ixracının müəyyən səviyyədə
artımı xarici ticarət dövriyyəsinin artımına
da eyni səviyyədə təsir göstərir.
Araşdırmalar göstərir ki, xarici ticarət dövriyyəsi
ilə neft ixracı arasında pozitiv korrelasiya əlaqəsi
var. Yəni neft ixracı artdıqca xarici ticarət dövriyyəsinin
həcmi də artır.
Bununla yanaşı, son illər, xüsusən də 2011-ci ildən başlayaraq, ixracda qeyri-neft sektorunun payının artması müsbət hal kimi qiymətləndirilməlidir. Belə ki, əgər 2010-cu ildə ixracatın 98 faizini neft məhsulları təşkil edirdisə, ötən il bu rəqəm 89 faizədək azalıb. 2012-ci ilin birinci rübünün yekunlarına görə, bu göstərici 86 faizədək azalıb ki, bu da qeyri-neft sektorunun payının artmasından xəbər verir. Neft ölkəsi olan Azərbaycanda ixracatın 14 faizinin qeyri-neft məhsulları təşkil etməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Xarici ticarət əlaqələrinin və eləcə də büdcə gəlirlərinin sürətli artımı Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Oğuz-Qəbələ-Bakı su kəməri və s. bu qəbildən olan böyük həcmli infrastruktur layihələrini həyata keçirməyə imkan verib. Böhran dövrü olmasına baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları da artıb. Rəsmi məlumatlara əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 43 milyard ABŞ dollarına çatıb. Bunun təqribən 8 milyard ABŞ dollarını və ya 17 faizini Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir. 2010-cu illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 10 faizə qədər artıb. Strateji valyuta ehtiyatlarının artması ilk növbədə ölkənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu, həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə kapital qoymağa meyilli olurlar. Bu baxımdan Azərbaycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir.
Xarici ticarət dövriyyəsinin artımı fonunda Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların da həcmi artmaqda davam edir. Belə ki, rəsmi məlumatlara əsasən 1994-cü ildən bu günə kimi ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb.
Xarici ticarət dövriyyəsinə
görə, Azərbaycan Cənubi Qafqazda alternativsiz liderdir. Belə
ki, qonşu Gürcüstan və Ermənistanın illik xarici ticarət
dövriyyəsi cəmi 7 milyard
dollardır. Bu Azərbaycanın xarici ticarət dövriyyəsindən 5 dəfəyə
yaxın azdır. Göründüyü kimi, regionun xarici ticarət döriyyəsinin əhəmiyyətli
hissəsi Azərbaycanın payına düşür.
Xarici iqtisadi əlaqələrdə
inkişaf etmiş
ölkələrin payı artır
Müstəqillik illərində Azərbaycanın xarici ticarətinin strukturu dəyişikliyə uğradığı kimi,onun ticarət partnyorlarının da tərkibi dəyişib. Əgər, müstəqilliyin ilk illərində Azərbaycanın əsas ticarət partnyorlarını MDB ölkələri təşkil edirdisə, hazırda bu nisbət Avropa Birliyi ölkələrinin xeyrinə dəyişib.
Son illərdə MDB ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı getdikcə azalır. Bu həm də onunla baglıdır ki, neft ixracı artdıqca ümumi xarici ticarət dövriyyəsinin həcmi də artır ki, bu da həmin ölkələrin payının azalmasına səbəb olur. Çünki, Azərbaycan nefti əsasən Avropa bazarına ixrac olunur. MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi ildən-ilə artsa da bu onun ümumi ticarət dövriyyəsindəki payının azalmasına ciddi təsir edə bilmir.
Belə ki, Azərbaycanla MDB ölkələri arasındakı xarici ticarət dövriyyəsinin həcmi 4 milyard dollar olsa da, keçmiş ittifaq ölkələrinin ticarət dövriyyəsində payının azalması ölkəmizin inkişaf etmiş ölkələr, xüsusən də Avropa Birliyi ilə əlaqələrinin genişləndirilməsi ilə bağlıdır.
Belə ki, 2006-cı illə müqayisədə 2010-cu ildə MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 1,5 dəfə və ya 1 milyard 341 milyon ABŞ dolları artıb. Lakin bu ümumi ticarət dövriyyəsinin həcmində MDB ölkələrinin payının azalmasının qarşısını ala bilməyib.
MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə Rusiya Federasiyasıdır.Bu ölkənin Azərbaycanın ticarət dövriyyəsindəki payı 50 faizdir. Digər MDB ölkələri ilə müqayisədə Rusiyanın daha böyük üstünlüyə malik olmasının səbəbi bu ölkənin Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün böyük bazara sahib olmasıdır. Azərbaycanla Rusiya arasında keçmişdə mövcud olmuş iqtisadi-ticari əlaqələr də bu dövriyyənin artmasında başlıca rol oynayır.
Lakin son
dövrlərdə xüsusilə Azərbaycanın neft sektoruna xarici neft şirkətlərinin
iri həcmli investisiyalarından sonra Azərbaycanın xarici
ticarət dövriyyəsində Avropa Birliyi ölkələrinin xüsusi
çəkisi artmağa başlayıb. Bu tendensiya
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin
işə düşməsindən sonra
xüsusilə artmağa başlayıb. Hazırda Azərbaycanın ən böyük
ticarət partnyorları arasında Avropanın və
dünyanın önəmli ölkələrindən biri olan İtaliya
da mövcuddur.
Ümumiyyətlə son illərdə Azərbaycanla
Avropa Birliyi ölkələri
arasında xarici ticarət dövriyyəsinin
həcmi 2 dəfəyə kimi artıb.
Avropa Birliyi ilə Azərbaycan
arasında ticarət dövriyyəsi 2006-cı illə
müqayisədə 4,7 milyard avro və ya 63 faiz artıb.
Nəticə: xarici iqtisadi əlaqələr
qeyri-neft sektorunun
inkişafını stimullaşdıra bilər
Azərbaycanın dünya iqtisadiyyatına daha müvəffəqiyyətli və sabit inteqrasiyası və dünyada bir brend kimi tanınması üçün onun xarici ticarət dövriyyəsinin həcminin artması ilə yanaşı, həm də rəqabətədavamlı məhsulların istehsalının genişlənməsi ilə xarici ticarət dövriyyəsinin strukturunun diversifikasiya olunması diqqəti çəkən məqamlardandır. Xarici ticarətin diversifikasiya olunması ölkənin bir iqtisadi inkişaf mərhələsindən digərinə keçməsi, yəni xammal ixrac edən ölkədən sənayeləşmiş ölkəyə çevrilməsi üçün də vacibdir. Bu baxımdan, artıq qeyri-neft sektorunun inkişafı və tədricən iqtisadiyyatın bütün sferalarında neft sektorunu əvəz etməsi prosesinin başlanması mütərəqqi haldır. Qeyri-neft sektorunun tərkibində, xüsusilə kənd təsərrüfatının payının artırılması vacibdir. Bunun üçün isə kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqi ilə əmək məhsuldarlığının artırılması lazımdır. Digər tərəfdən, bu sahədə yaxşı təcrübəyə malik olan ölkələrlə sıx əməkdaşlıq etmək, həmçinin bu ölkələrdə mövcud olan modellərdən Azərbaycan reallığına daha yaxın olanını seçib onu ölkədə tətbiq etmək olduqca vacibdir. Çünki kənd təsərrüfatı məhsulları arasında elə məhsullar var ki, Azərbaycan bu məhsullar üzrə həm də, dünya bazarında müqayisəli üstünlüyə malikdir. Bu isə o deməkdir ki, bu məhsullar rəqabətədavamlıdır, sadəcə yeni texnologiyaların tətbiqi ilə onların istehsalını artırmaq lazımdır.
Azərbaycanda xidmət sektorunun da liberallaşdırılması və bu sektora xarici sərmayənin cəlbi ilə yeni texnologiyların gətirilməsi və məhsuldarlığın artırılmasına prosesi müşahidə edilir. Bu, bank və maliyyə sektorlarında yeni məhsulların tətbiqi həm bu sektorların özünün maliyyə vəziyyətinin yaxşılaşmasına, həm də onların təqdim etdiyi məhsullar vasitəsilə kiçik və orta sahibkarlığın maliyyə mənbələrinin genişlənməsini şərtləndirir.
Azərbaycanın Avropa Birliyi ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi ölkəmizin xarici iqtisadi münasibətlərini daha dayanıqlı edir. Buna görə də, Qərb ölkələri ilə xarici iqtisadi əlaqələrinin genişləndirilməsi dövlət gəlirlərinin artması deyil, həmçinin iqtisadi və siyasi müstəqilliyimizin gücləndirilməsi və regionda ölkəmizin rolunun artması baxımdan əhəmiyyətlidir.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin
sədri
Xalq qəzeti.-2012.- 3 iyun.- S;2.