Yasamal rayonu
intellektual gəncliyin mərkəzidir
Son illər Azərbaycan
Respublikasında gənclərlə iş sahəsinə
dövlətin diqqət və qayğısı xeyli
artmışdır. Bu siyasət bu gün paytaxt Bakıda da
uğurla həyata keçirilir. Gənclər və idman
sektorunun inkişafına birbaşa nəzarət
üçün əlaqədar nazirliyin olması, bundan əlavə,
Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin və onun paytaxt rayonları üzrə idarələrinin
fəaliyyəti bu sahənin inkişafında xüsusi rol
oynayır. Gənclərin inkişafında və
onların pesrpektivlərinin müəyyən olunmasında gərgin
əmək sərf edən qurumlardan biri də Yasamal Rayon Gənclər
və İdman İdarəsidir. Paytaxt gənclərinin daha
çox məskunlaşdığı Yasamal rayonunda bu sahədə
vəziyyətin necə olduğunu, hansı işlər
aparıldığını öyrənmək
üçün rayon gənclər və idman idarəsinin rəisi
İlham Səfərovla həmsöhbət olduq:
- İlham müəllim, Yasamal rayonu, bildiyimiz kimi, Bakının əhalisi ən sıx olan rayonlarındandır. Ali təhsil müəssisələrinin, texnikumların, kolleclərin əksəriyyəti bu rayonun ərazisindədir. Paytaxt gənclərinin xeyli hissəsinin cəmləşdiyi rayonda işləmək sizin üçün çətin deyilmi?
- Bəri başdan bildirmək istəyirəm ki, dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Yasamal rayonunda çox münbit şərait mövcuddur. Əslində, Yasamalı gənclik rayonu adlandırmaq da olar. Əhalinin təqribən 45 faizi gənclərdən ibarətdir. Bu, azı 80 min nəfər deməkdir. Eyni zamanda, rayonumuzda 11 ali və orta ixtisas məktəbi fəaliyyət göstərir. Onların da sırasında təqribən 40 minə yaxın tələbə ordusu var. Təhsil ocaqlarında dövlət gənclər və idman siyasətini həyata keçirmək üçün tələbə gənclər təşkilatları mövcuddur.
Bildiyiniz kimi, ölkəmizdə dövlət və gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər və İdman Nazirliyinin yaradılması ulu öndərin hakimiyyətə gəldiyi ilk illərə təsadüf edir. Bu gün onun bəhrəsini görürük. Bu bəhrə nədən ibarətdir? İlk növbədə, Azərbaycanda dövlətin gənclər siyasətinin formalaşmasıdır.
Gənclər və İdman Nazirliyinin yaradılmasından bu günə qədər bir sıra hüquqi-normativ bazalar hazırlanmışdır. Bu, gənclərlə iş sahəsinin bütün istiqamətlərini özündə ehtiva edir. Qəbul olunmuş proqramlar, dövlət gənclər siyasətinin prioritet istiqamətləri bu sahələr üzrə gənclərlə aparılan işin daha da rəngarəngliyi deməkdir. "Azərbaycan gəncliyi - 2005-2009-cu il" Dövlət Proqramının icrası istiqamətində rayonumuzda çoxsaylı tədbirlər həyata keçirilmişdir. Yəni, bu tədbirlərin keçirilməsi üçün münbit şərait gənclərlə aparılan işin düzgün istiqamətdə qurulması olmuşdur. Çətinliyə gəlincə, deməliyəm ki, bütün əksər idarəçilik işləri kimi, bu sahənin də öz çətinliyi və ağır məsuliyyəti var. Lakin nə qədər çətin olsa da, ürəyimizcə olan işdir. Təbii ki, istənilən işə canı-dildən sevgi ilə yanaşıldıqda nəticə də uğurlu olur.
- Rayonun gənclər və idman qurumunun rəhbəri kimi dövlətimizin gələcəyinin təminatçısı olan kadrların yetişdirilməsi üçün konkret olaraq nə kimi işlər görürsünüz?
- Gənclərin formalaşması üçün idarə qarşısında duran başlıca vəzifələrdən biri vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsidir. Gəncin formalaşmasında başlıca meyarlardan biri Vətənini sevməsidir. Bu sırada gənclərlə iş sahəsində dövlət gənclər siyasətinin birinci və ən başlıca istiqaməti idarə tərəfindən xüsusi diqqət mərkəzindədir. Tanınmış şəxsiyyətlərin gənclər arasında təbliğ olunması,milli qəhrəmanlarımızın tanıdılması, böyüməkdə olan nəslin hərbi-idman oyunlarına marağının artırılması, çağırışyaşlı gənclərimizin fiziki hazırlığının yüksəldilməsi, hesab edirəm ki, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə verilən təkandır. Bu sahəyə olan diqqətin nəticəsidir ki, böyüməkdə olan gənc nəslin arasında C.Naxçıvanski adına Hərbi Liseyə sənəd verənlərin sayı getdikcə artmaqdadır. Yəni bu, bir göstəricidir. İstedadlı və yaradıcı gənclərimizin aşkar olunması, onların potensialının qiymətləndirilməsi, düzgün istiqamətə yönəldilməsi idarənin qarşısında duran ən mühüm vəzifələrdəndir.
- Yasamal rayonunda ölkə miqyasında tanınmış gənclərdən kimləri qeyd edə bilərsiniz?
- Rayonumuzda kifayət qədər idmançı yetişir. Ümummilli liderin qeyd etdiyi kimi, dövlətin bayrağını idman qədər ucaldan ikinci bir vasitə yoxdur. Bu sırada kikboksinq üzrə 14 qat dünya çempionu Eduard Məmmədov, güləş üzrə dünya çempionu Namiq Sevdimov, boks üzrə Olimpiya üçüncüsü Ağası Məmmədov və digər idmançılarımız dünyada Azərbaycanı uğurla təmsil edirlər. Bayrağımızı dünya arenasında yüksəklərə qaldıran belə gənclərimiz, sözsüz ki, Yasamal gənclərinə örnəkdir.Əlbəttə, bir gəncin formalaşdırılması üçün ona mütləq istiqamət verilməlidir.Bir sözlə, apardığımız iş, istiqamətləndirdiyimiz gənclik bu və ya digər sahədə öz daxili enerjisini, bilik və bacarığını üzə çıxara bilir.
- Ötən il hamılıqla dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd etdik və gənclərin VI forumunu keçirdik. Yadımdadır ki, siz də bu tədbirlərdə iştirak edirdiniz. Bəs bu ağır və məsuliyyətli ili yola saldıqdan indiyədək rəhbərlik etdiyiniz qurumun hansı təşkilatçılıq fəaliyyəti olmuşdur? Xüsusi olaraq keçirdiyiniz və ya iştirak etdiyiniz tədbirləri nəzərdə tuturam.
- Məlumdur ki, hər birimiz üçün qürurverici hadisə olan Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünü geniş şəkildə keçirməyimiz üçün idarə tərəfindən xüsusi tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq, bir sıra seminarlar, inşa yazı müsabiqələri, "dəyirmi masa"lar təşkil edilmişdir. Fürsətdən istifadə edib 20 illik yubileyə həsr olunmuş tədbirlər sırasından, "Mənim bayrağım" adlı şeir müsabiqəsini, "Vətən mübariz əskər çağırır" adlı inşa yazı müsabiqəsini, Müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsini, daha sonra " Əsrin müqaviləsi: yüksəliş yolunun uğurlu təməli" adlı elmi-praktik konfransın keçirilməsini qeyd etmək istəyirəm. Yubileylə üst-üstə düşən Azərbaycan gənclərinin VI forumu kimi ümumrespublika əhəmiyyətli bir tədbirdə Yasamal gəncləri də öz fəallıqlarını nümayiş etdirdilər. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Yasamal Rayon Gənclər və İdman İdarəsi hələ 2010-cu ildə "Dövlət gənclər siyasətini uğurla həyata keçirdiyinə görə" Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qalib adına layiq görülmüşdür.
Bundan əlavə, Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən "Azərbaycan gəncliyi-2011-2015-ci il" Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirmişik. Bu tədbirlərdən "Azərbaycan gəncliyi dünən, bu gün və sabah"mövzusunda konfransı, "Azərbaycanın iqtisadi inkişafında gənclərin yeri və rolu" mövzusunda seminar-müşavirəni, "İslam dini və milli-mənəvi dəyərlər" adlı konfransı, "Heydər Əliyev və milli-mənəvi dəyərlər" adlı elmi-praktik konfransı, "Tarixi abidələrimiz və milli sərvətimiz" mövzusunda rəsm və inşa müsabiqələrini qeyd etmək olar.
Daha sonra, bildiyimiz kimi, bu il Xocalı soyqırımının 20-ci ildönümünü qeyd etdik. Bu faciənin ildönümünün dövlət səviyyəsində qeyd edilməsi üçün Azərbaycan Prezidenti xüsusi sərəncam imzaladı. Həmin sərəncama müvafiq olaraq, rayonumuzda da xüsusi tədbirlər planı işlənib hazırlandı. Bu dövr ərzində həmin plana uyğun olaraq "Xocalı və xocalılıların harayı" ədəbi-bədii kompozisiya, gənclərin iştirakı ilə elektron aksiya və digər silsilə tədbirlər həyata keçirmişik. Həmçinin, Xocalı soyqırımına dair "Keçmişi öyrənək, gələcəyi quraq" adlı bilik yarışması da təşkil olunmuşdur.
- Azərbaycan gənclərinə ölkənin gələcək perspektivində nə kimi ümidlər bəsləyirsiniz?
- Mən dəfələrlə qeyd etmişəm ki, hər bir gənc özünə laiyiqli peşə sahəsində olmalıdır. İstər alim olsun, istər hər hansı bir sənət sahibi, onun amalı yalnız Vətəninə xidmət olmalıdır. Əgər gənc Vətəninə xidmət göstərməyi özündə başlıca məqsədə çevirərsə, onda, o, mütləq inkişaf edəcək və zəhmətə alışacaqdır. Bizim həqiqətən də kifayət qədər savadlı, potensial gəncliyimiz formalaşmaqdadır. Bu gənclər sırasında perspektivliləri də çoxdur. Mənim belə qənaətə gəlməyimin səbəbi hazırki gəncliyimizin düşüncə tərzi, mövqeyi, şübhəsiz ki, onların ictimai proseslərə olan marağıdır.
Bu gün öz millətini, dinini, dilini, Vətənini hər şeydən çox sevən gənclərimizin sayı getdikcə artmaqdadır. Azərbaycan gəncliyi bu məsələlərdə, demək olar ki, tam formalaşmışdır. Şübhəsiz ki, bütün ölkələrdə olduğu kimi, bizdə də müəyyən problemlər var. Amma əsas odur ki, ölkə durmadan inkişaf edir, yeni-yeni zirvələr fəth edir. Nəticə etibarilə gəncliyimiz də cəmiyyətdə öz layiqli yerini tutur və bütün bu inkişaf proseslərindən yararlanır. Mən Azərbaycan gəncliyinə böyük ümidlər bəsləyirəm. Təbii ki, qarşımızda duran ən vacib məsələ Yasamal gənclərində vətəndaşlıq hisslərinin gücləndirilməsini təmin etməkdir. Mən inanıram ki, Azərbaycan gəncliyi, xalqımızın özünəməxsus ideallarının qorunub saxlanılmasında, təbliğ olunmasında öz səylərini daim göstərəcək və bu yolda olan bütün maneələri adlaya biləcəkdir.
Müsahibəni apardı: Anar TURAN
Xalq qəzeti.- 2012.- 6 iyun.- S. 7.