"Eurovision-2012" Azərbaycanın uğurlar salnaməsinin dəyərli səhifəsi idi

 

Xalqımız bu nailiyyətlərin davam edəcəyinə əmindir

 

Yeni əsrin ikinci onilliyinin ilk illəri müstəqil Azərbaycan dövləti üçün bütün cəhətlərdən çoxsaylı uğurlarla yadda qaldı. Dünyada gedən ictimai-siyasi proseslərə layiqincə cavab verilməsi, mütərəqqi islahatlar aparılması, cəmiyyətin bütün təbəqələrinin maraqlarını təmin edən sosial-iqtisadi addımlar atılması həm ölkə daxilində, həm də xaricdə böyük maraqla qarşılanır. İndi Azərbaycanda keçirilən beynəlxalq tədbirə dəvət almış əcnəbi siyasətçilər və elm, ədəbiyyat, incəsənət xadimləri çox böyük məmnunluqla ölkəmizə üz tuturlar. Avropa mədəniyyətini Asiya mədəniyyəti ilə, Qərbi Şərqlə birləşdirmək kimi ali bir məqsədə xidmət edən çoxsaylı beynəlxalq tədbirlərin məhz Bakıda keçirilməsi artıq ənənə şəklini almışdır.

 

Ölkə daxilində təşkil olunan bu dialoqlarla yanaşı, dövlətimizin beynəlxalq aləmə inteqrasiyası zamanı da uğurlar bir-birinin ardınca gəlir. Ötən ilin oktyabr ayında Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu seçki prosesində rekord razılığa - 155 ölkənin dəstəyinə nail olması, bu ilin fevral ayında "Böyük iyirmilər"in sammitinə dəvət olunmağımız və başqa göstəricilər ölkədə davam edən genişmiqyaslı inkişaf tendensiyasının nəticəsidir. Ancaq mən mədəniyyət sahəsində çalışdığıma görə əsasən sonuncu böyük uğurumuz - Bakıda keçirilən "Avroviziya - 2012" beynəlxalq mahnı müsabiqəsi barədə söz açmaq istəyirəm.

Bəri başdan etiraf edək ki, son dörd-beş ildə qatıldığımız bu müsabiqədə bizim dərhal nəzərəçarpacaq uğurlar qazanacağımıza inananlar o qədər də çox deyildi. Biri fikirləşirdi ki, dünya musiqi mədəniyyətinin əsas mərkəzlərindən olan Avropada bizi dəstəkləyən az olacaq, bir başqası deyirdi ki, 50 ildən çox tarixi olan bir müsabiqəyə yenicə qatılan Azərbaycan nəyə nail ola bilər və sair. Ancaq belə düşünənlərlə yanaşı, Azərbaycanın potensialına inananlar da az deyildi.

Mən konkret olaraq dövlət başçımızı və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı nəzərdə tuturam. Azərbaycan Respublikasını dünya ölkələri arasında lider dövlətlər sırasına çıxaran İlham Əliyevin və Azərbaycan mədəniyyətinin bir çox sahələrinə YUNESKO-nun gündəliyində birdəfəlik yer təşkil edən Mehriban xanımın bu müsabiqədə ölkəmizin konkret uğurlara imza atacağına əminliyi perspektivdə böyük uğurun olacağından xəbər verirdi. Yeri gəlmişkən, bu məsələdən söhbət açarkən İctimai Televiziyanın rəhbərliyinin və həmin şirkətin bütün kollektivinin xidmətlərini xüsusilə təqdir etməliyik. Çünki adı çəkilən müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin seçilməsi prosesin əsas istiqamətlərindən biridir. Məhz Mədəniyyət Nazirliyi ilə İctimai Televiziyanın apardığı ədalətli seçim, şəffaf qiymətləndirmə və obyektiv münasibət nəticəsində Azərbaycan bu müsabiqəyə qoşulduqdan dərhal sonra nəinki hər il finala düşdüya ilk onluqda yer tutdu, hətta, ilk beşliyin ən layiqli təmsilçilərindən birinə çevrildi. Ötən ilin may ayında isə Almaniyanın Düsseldorf şəhərindən eşitdiyimiz qələbə sevincli sədalar dünyanın bütün guşələrində yaşayan soydaşlarımızın bayramına çevrildi. Nigar CamalEldar Qasımov adlı gənc müğənnilər Azərbaycana bütöv bir il yaşadığımız musiqi sevincini bəxş etdilər.

Dövlət başçımız tövsiyə edirdi ki, daha gərgin, daha israrla işləmək lazımdır. Bu işə məsul olanlar daha gərgin, daha israrla işlədilər. Mehriban xanım ölkənin bütün musiqi mədəniyyəti və şou sahəsinin təmsilçilərinin potensialından istifadə edərək daha düzgün seçim aparılmasına və təmsilçimizin daha yüksək səviyyədə hazırlanmasına çağırırdı. Bu işə məsul olanlar məhz həmin addımları atdılar və "Avroviziya" bayramı öz bayrağı ilə Azərbaycana gəldi. Daha doğrusu, yuxarıda qeyd etdiyim bütün dairələrin birgə səyləri ilə biz "Avroviziya"nı, onunla yanaşı, Avropanın bütün kütləvi informasiya vasitələrini Bakıya gətirdik. 40-dan çox ölkədə on saatlarla Azərbaycan haqqında danışıldı, ölkəmizdən canlı yayımlar təşkil edildi, 20 mindən çox turistin Bakıya üz tutması ilə ölkəyə turist axınına start verildisair.

Əcnəbi jurnalistlər, turistlər və eləcə də iştirakçı ölkələrin təmsilçiləri ölkəmizdə olduqları qısa müddət ərzində nələrdən danışmadılar, nələrdən söz açmadılar? Dövlətimizin qüdrətindən, respublikamızın inkişaf etməsindən, insanlarımızın qonaqpərvərliyindən, mədəniyyətimizin böyüklüyündən, mətbəximizin zənginliyindən və bu kimi çoxsaylı Azərbaycan həqiqətlərindən. Bizim qısa müddətdə "Avroviziya"ya bu şəkildə hazırılaşmağımız və paytaxtın ən görməli yerində, indi artıq bütün dünyada tanınan "Kristal zal" adlı möhtəşəm bir sarayı ərsəyə gətirməyimiz isə təkcə Bakının qonaqlarının deyil, həm də Avropanın bütün telekanallarının əsas mövzusu idi.

Ölkəmizin təbliği baxımından çox böyük əhəmiyyət kəsb edən həmin məsələlər barədə hələ çox danışılacaq, çox eşidəcəyik. Mənim isə, Bakıxanovlar nəslinin yüz illər boyu yaşatdığı çox möhtəşəm bir ənənənin - muğam sənətinə olan hörmət və ehtiramımızın təmsilçisi kimi xüsusilə qeyd etmək istədiyim bir məqam vardır. Azərbaycan təmsilçisini mahnı müsabiqələrinə hazırlayan təşkilatçılar artıq bir neçə dəfədir ki, təmsilçimizin ifasına muğam elementləri qatırlar. Bu, çox yüksək vətəndaş məsuliyyətindən və milli mənsubiyyətə olan ehtiramdan irəli gəlir. Bu il isə təşkilatçılarımız daha çox irəli getdilər, həm müsabiqənin açılışında, həm də Azərbaycan təmsilçisi Səbinə Babayevanın mahnısının təqdimatında qədim Azərbaycan muğamına ayrılan yer bizim üçün çox dəyərli idi. Böyük xanəndə Alim Qasımovun nəinki bütün Avropada, hətta, bütün dünyada çox böyük auditoriyası, pərəstişkarları, fanatları var. Yəni, dünyanın televiziya ekranları onun üçün həmişə açıqdır. Ancaq Bakıdan bütün Avropaya canlı yayımlanan mahnı bayramının dünya şöhrətli bu sənətçimizin orijinal ifası ilə, bəşər övladının səsləndirdiyi ilk musiqi alətlərindən birinin - Qobustan qaval daşının çağırışları ilə başlanması çox uğurlu başlanğıc idi. Bu, o demək idi ki, bizim tariximiz də mədəniyyətimiz də, səsimiz də çox qədim və çox güclüdür, bizə qulaq asın!

... Bir il gözlədiyimiz "Avroviziya" mahnı musabiqəsindən bir həftə keçir. Həmin bir ilin həyəcanını və indiki bir həftənin sevincini təkrar yaşamaq üçün, müsabiqəni yenə də Bakıya gətirmək üçün bizim böyük potensialımız vardır. Biz buna inanırıq. Azərbaycan mədəniyyətinin təmsilçilərinə uğur olsun.

 

 

Tofiq BAKIXANOV,

respublikanın xalq artisti,

Bakı Musiqi Akademiyasının

professoru

 

Xalq qəzeti.- 2012.- 6 iyun.- S. 6.