"Atlant" müasir turizm mərkəzidir

 

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında yerləşən "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzi 2002-ci ildən fəaliyyət göstərir və Azərbaycanda istirahət məkanları arasında önəmli bir yer tutur. Tanıyanları hər dəfə buralara çəkən meşənin və dənizin heyranedici mənzərəsidir.

 

Bu turizm mərkəzi barədə ətraflı məlumat almaq üçün "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzinin direktoru Tahir Qədəşova müraciət etdik. O bildirdi ki, hər il buraya gələn turistlər müxtəlif yeniliklərlə qarşılaşırlar. Belə ki, 2009-cu ildə 6 mərtəbəli otel binası tikilib istifadəyə verilmişdir və artıq 800 turistin qəbulu üçün tam şərait yaradılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi dərəcə nişanına əsasən "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzi 4 ulduz kateqoriyasına layiq görülmüşdür.

- Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyev 2006-cı ildə "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzində olmuş və aparılan işləri yüksək qiymətləndirmişdir. Prezidentin buraya səfərindən sonra "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzində inkişafa doğru hansı dəyişiliklər olmuşdur?

- 2006-cı il dekabrın 7-də respublika Prezidenti cənab İlham Əliyev şimal bölgəsinə səfəri zamanı bu istirahət mərkəzində olmuş və turizmin inkişafına, o cümlədən, bizim mərkəzin inkişafına dair öz tövsiyələrini vermişdir. Prezidentin tövsiyələrini rəhbər tutaraq 2007-2008-ci illər ərzində 6 mərtəbəli otel tikilib istifadəyə verilmişdir. Bu isə 2009-cu ildə əlavə 250 turistin qəbuluna şərait yaratmışdır.

- "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzi istər regionda, istərsə də respublikada öz gözəlliyi və xidmət çeşidi ilə fərqlənən bir turizm obyektidir. Hətta bu mərkəzi Azərbaycanın "Antalyası" da adlandırırlar.Bu nailiyyətlərə necə nail olmusunuz?

- Bunun üçün ilk növbədə xarici ölkələrin ən nümunəvi turist mərkəzlərinin təcrübəsini öyrənmişik. Ərazimiz digər istirahət mərkəzləri ilə müqayisədə daha böyükdür. Dəniz isə lap yaxınlıqdadır.Turistləri bizim mərkəzə cəlb edən digər cəhətlərdən biri isə 1 günlük qiymətə (30-40 AZN) İsveç masasında 3 dəfə yemək, gecələmək və 30 növ əyləncənin daxil olmasıdır.

- Tahir müəllim, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ötən il "Turizm ili" elan olunması Azərbaycan turizminə hansı töhfələri verdi?

- Prezidentimiz neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafına da böyük diqqət və qayğı göstərir. Belə ki, hələ 2010-cu il aprelin 6-da Azərbaycan Respublikasının ərazisində turizmin inkişafı ilə əlaqədar Prezident sərəncamı oldu. Bundan əlavə, dövlət başçısı 2010-cu ilin yekunu ilə əlaqədar Nazirlər Kabinetinin toplantısında 2011-ci ili "Turizm ili" elan etmişdir. Bu qərarın verilməsini Prezidentimizin turizmin inkişafına ən böyük dəstək və qayğısı kimi dəyərləndiririk.

Görün ondan sonra ölkədə nə qədər turizm obyekti yarandı. Bu gün Azərbaycan turizmin inkişafına görə bölgənin qabaqcıl ölkələrindəndir.

- Turizm mütəxəssisi kimi deyə bilərsinizmi, Azərbaycanda keçirilən "Eurovision-2012" musiqi yarışması ölkəmizdə turizmin inkişafına necə təsir göstərəcək?

- Əlbəttə ki, Avropa ölkələri üzrə keçirilən 2011-ci il "Eurovision" musiqi yarışmasında Azərbaycanın 1-ci yerə layiq görülməsi bizi çox sevindirdi. Bu qələbəni biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndiririk.Belə ki, o cür yarışmalarda qalib gəlmək üçün gərək dünyada tanınasan, beynəlxalq nüfuz sahibi olasan. Azərbaycan artıq dünya ölkələri içərisində sayılıb-seçilən bir ölkəyə çevrilmişdir.

Bu günlər ölkəmizə minlərlə xarici turist gəlmiş, onlar Azərbaycanla, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmuşlar. Bunun üçün hər cür şərait yaradılmışdır. İnanırıq ki, bu yarışmanın ölkəmizdə turizmin gələcək inkişafı üçün çox böyük əhəmiyyəti oldu və Azərbaycana turist axını bundan sonra daha da sürətlənəcək.

- Ümumiyyətlə, Azərbaycanın turizm potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycanda, əsasən də bölgələrdə böyük turizm potensialı mövcuddur. Dünyanın 11 iqlimindən 9-nun bizim ölkədə olması, dilbər guşələrin çoxluğu və təmiz havanın olması bunu deməyə əsas verir. Onu da bildirmək istərdim ki, hazırda bölgələrdə fəaliyyət göstərən turizm mərkəzləri müəyyən iş adamlarının, sahibkarların təşəbbüsü ilə təşkil olunub və fəaliyyət göstərməkdədir. Müqayisə üçün qeyd etmək istərdim ki,Yunanıstanın baş naziri Azərbaycanda rəsmi səfərdə olarkən bildirdi ki, ölkəsinin orta illik turist qəbulu 17 milyona qədərdir. Azərbaycan ərazisinin sahəsinə və əhalisinin sayına görə onlarla oxşarlıq təşkil edir. Türkiyədə isə orta illik turist qəbulu 32-35 milyona çatır və turizmdən daxilolmalar büdcənin 40 faizini təşkil edir. Bu yaxınlarda Avstriya prezidenti Azərbaycana rəsmi səfərdə olarkən biznes-forumdakı çıxışında bildirdi ki, Avstriya dövləti turizm sahəsində böyük təcrübəyə malikdir və ölkənin tanınmış bir turizm şəhəri bir ildə bütövlükdə Yunanıstanın qəbul etdiyi qədər turist qəbul edir. 2011-ci ildə Azərbaycanda bu rəqəm cəmi 2 milyon iki yüz min təşkil etmişdir. Yuxarıda yazılanları nəzərə alsaq, Azərbaycan turizminin dövlət qayğısına daha çox ehtiyacı olduğunu görərik.

- Mərkəz öz fəaliyyətinə görə müxtəlif illərdə sertifikatlar almış, mükafatlara layiq görülmüşdür. Bu barədə nə deyərdiniz?

- Doğrudur, bizim mərkəz keyfiyyətli xidmətə görə bir neçə mükafata layiq görülmüşdür. Onlar arasında "Consulting Business" jurnalının təqdim etdiyi mükafatları xüsusi olaraq qeyd etmək istərdim. Konsaltinq və Menecment Assosiasiyasının sertifikatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası, nazirliyin Dərəcə Sertifikatı, Turizmə Dəstək Gənclər Koalisiyası tərəfindən verilən mükafat və s. vardır.

- Yaxın vaxtlarda fəaliyyətinizdə hansı yeniliklər gözlənilir?

- Perspektiv planlarımızda yeni hovuz kompleksinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bura böyüklər üçün 1 hovuz, 6 aqua-park, uşaqlar üçün 1 hovuz, 4 aqua-park, 180 nəfərlik yay restoranı və s. daxildir. Çalışırıq ki, yüksək xidmət səviyyəmizlə turistləri razı salaq. Xüsusilə xarici turistlərin ölkəmizdən razı getmələri üçün onlara xüsusi qayğı göstəririk. Bunun üçün mərkəzimizdə hər cür şərait yaradılmışdır. Artıq yay mövsümü başlanmışdır.Turistlərin sayı artmaqdadır. Çalışacağıq ki, bu mövsümü daha keyfiyyətli xidmətlə başa vuraq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 3 iyun.- S. 7.