Bədii irsə dövlət qayğısı

 

Klassik bədii irs hər bir xalqın milli sərvətidir. Bu baxımdan Azərbaycan xalqı zəngin tükənməz imkanlara malikdir. Bizim mənşəyi ilk insanın yarandığı dövrlərə gedib çıxan mif əsatirlərimiz, ortaq türk epos mədəniyyətimiz, nağıllarımız, habelə anadan olmasının 1000 illiyi bu il tamam olan Q.Təbrizidən tutmuş Xaqani, Nizami, Məhsəti, Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundzadə... kimi dahilərimizə qədər möhtəşəm bədii-fəlsəfi irsimiz bütün dünyada məşhurdur. Bədii irsimiz təkcə yüksək estetik zövq mənbəyi, bədii gözəllik xəzinəsi deyil.

 

Qədim və ulu xalqımızın fəlsəfi düşüncəsi, dünyagörüşü, adət və ənənələri, mənşəyi, ideologiyası, həyat tərzi, psixologiyası, milli xarakteri kompleks şəklində ən aydın və ən ali səviyyədə məhz bədii ədəbiyyatımızda öz əksini tapıb. Buna görə də hələ müstəqilliyimizin ilk illərində böyük Heydər Əliyev bu misilsiz milli sərvətə xüsusi qayğı ilə yanaşdı, irsə münasibətin nəzəri-metodoloji və dövlət konsepsiyasını işləyib hazırladı. O, bədii ədəbiyyata və ana dilinə milli ideologiyanın - Azərbaycançılıq məfkurəsinin ideya-fəlsəfi məxəzi kimi yanaşdı, ədəbi-nəzəri nailiyyətləri dövlət mənafelərinə tabe tutmağa nail oldu. İkinci mühüm cəhət bundan ibarətdir ki, Heydər Əliyev klassik irsə türk xalqlarını birləşdirən bir amil kimi dəyər verdi. Xüsusilə "Kitabi Dədə-Qorqud"un 1300, dahi M.Füzulinin 500 illik yubileylərinin ümumdünya və ümumtürk hadisəsi kimi keçirilməsi bu istiqamətdə mühüm əhəmiyyətə malik idi.

Heydər Əliyevin mədəni siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına böyük həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-cı illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik və filosof şair H.Cavidin 100 illik yubileyləri keçirilmişdir.

H.Əliyevin nəzəri-metodoloji əsaslarını formalaşdırdığı bədii irs təlimi Azərbaycan dövlətinin bugünkü siyasətində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunu ölkəmizdə aparılan mədəni-maarifçilik siyasəti, xüsusilə vaxtı-vaxtında verilmiş tarixi sərəncamlar əyani tərzdə sübut etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son beş ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200, M.Ə.Sabirin 150, Cəlil Məmmədquluzadənin 140, Xurşudbani Natəvanın 180, Əhməd Cavadın 120, M.S.Ordubadinin 140, M.Müşfiqin 100, Almas İldırımın 100, Mirzə İbrahimovun 100, Nəsrullah İmanquliyevin 100, Mehdi Hüseynin 100, Ü.Hacıbəylinin 125, R.Rzanın 100, Abbas Zamanovun 100, YUNESKO xətti ilə Mir Cəlalın 100, "Leyli və Məcnun" operasının 100 illik yubileylərinin keçirilməsi haqqında dəyərli tarixi sərəncamlar imzalamış və təntənəli şəkildə həyata keçirilməsinə nail olmuşdur. Prezident sərəncamları əsasında keçirilən təntənəli yubileylər Azərbaycanda mənəvi həyatın zənginləşməsinə, klassik və çağdaş bədii irsin gənclər arasında təbliğinin mənimsənilməsinə, tənqid və ədəbiyyatşünaslıq elmimizin vüsətli inkişafına səbəb olmuşdur. Təqdirəlayiq cəhətlərdən biri də budur ki, tədbirlər formal xarakter daşımır, sərəncamlarda irəli sürülən konsepsiyaya uyğun olaraq ədəbi hadisə kimi qeyd olunur. Nizami haqqında sərəncam nizamişünaslığın, M.F.Axundzadə haqqında sərəncam axundovşünaslığın bir elm kimi inkişafına təkan verir, faktiki olaraq onun yeni mərhələsinin yaranmasına səbəb olur. Bu, hər şeydən öncə dövlət sənədində sənətkar şəxsiyyətinə, onun yaradıcılığına verilən nəzəri - metodoloji dəyərlənmə ilə bağlıdır. Bu sərəncamlarda cəmiyyətin və xalqın tarixi durumu, mənəvi ehtiyacları diqqət və həssaslıqla nəzərə alınır. Bu sərəncamlarda istiqlal dövründə ilk dəfə adı çəkilən sənətkarların irsinə, ədəbi-tarixi mövqeyinə obyektiv tarixi dəyər verilmişdir. Bəzi məqamlara nəzər salaq. Məsələn, Nizami haqqında sərəncamda (23 dekabr 2011) şairin irsinə belə qiymət verilir. "Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə"si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur". Beləliklə də, sərəncamda Şərq İntibah ədəbiyyatının zirvəsi Nizami irsi həm də "insanlığın mənəvi sərvətlər axtarışının zirvəsi" kimi dəyərləndirilir. Burada "Xəmsə" mədəniyyətinin, Nizami məktəbinin Yaxın Şərq və dünya ədəbiyyatına səmərəli təsiri xüsusi qeyd olunur. Bu sərəncam Nizaminin dünya şöhrətini bir daha təsbit edən konseptual sənəddir.

Azərbaycan ədəbiyyatında yeni-modern mərhələnin yaranması dahi mütəfəkkir-filosof, milli dramaturgiyanın, professional ədəbi tənqidin banisi M.F.Axundzadənin adı ilə bağlıdır. Bu il maarifçi ədibin anadan olmasının 200 illiyinin təntənəli surətdə keçirilməsi barədə sərəncamda (13 aprel 2010) ədib "Bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin tarixində parlaq səhifə açan" tarixi şəxsiyyət kimi yüksək qiymətləndirilir.

Həqiqətən də, M.F.Axundzadə Azərbaycan maarifçilik hərəkatının banisi, maarifçi realizmin bədii nümunələrini və estetikasını yaratmış mütəfəkkir filosof idi. M.F.Axundzadənin maarifçi realizm məktəbi XX əsrin əvvəllərinə qədər davam etmişdir. Azərbaycan ədəbiyyatı tarixinin mühüm bir mərhələsi M.F.Axundzadənin adı ilə bağlanır, çünki o özü bütöv bir epoxa idi. M.F.Axundzadə teatrı bu gün də öz müasirliyini qoruyub saxlayır. Xalqa və tarixə xidmət edir.

M.F.Axundzadəyə verilən qiymət obyektiv - tarixi həqiqəti əks etdirir. O, böyük - reformator idi. O, bizim bədii-estetik düşüncəmizi Avropaya yönəltdi. Bəlkə, belə demək daha doğru olar: Mirzə Fətəli Avropanı Azərbaycana gətirdi. Bölünmüş vətənin faciəsinə dünyaya - Avropaya çıxış adı ilə bəraət qazandırdı. Bu gün 35 milyonluq iranlı - azərbaycanlının ana dilində məktəbi yoxdur. "Kəmalüddövlə məktubları" traktatında bu faciənin fəlsəfi - tarixi mənasını ilk dəfə açan məhz M.F.Axundzadə oldu.

İstiqlal şairləri, Azərbaycan Dövlət himninin müəllifi Əhməd Cavadın 120, Almas İldırımın 100 illik yubileylərinin keçirilməsi barədə sərəncamlar onlara verilən siyasi-fəlsəfi qiymətin bariz ifadəsidir. Sərəncamda deyilir: "Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir". Etiraf edək ki, misal gətirdiyimiz fikirlərin hər birisi əsasında müstəqil fundamental monoqrafiya yazmaq olar. Olduqca zəngin və ziddiyyətli XX əsr ədəbiyyatı həm öz bədii mahiyyətinə, həm də ictimai-siyasitarixi əhəmiyyətinə görə həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. İki cahan müharibəsi, üç siyasi inqilab (və çevriliş!), 1937-nin qanlı repressiyalarını görmüş, nəhayət 70 il dünyanı vahimə içində saxlamış sovet imperiyasının biabırçılıqla çökməsinə qərar vermiş XX əsrin Azərbaycan ədəbiyyatı yekcins deyilo, əsrin özü kimi mürəkkəb, kəşməkeşli inkişaf yolu keçmişdir. Əsrin ilk 20 ili milli intibah dövrü, sonrakı 70 il yeni siyasi işğal dövrüson on ili istiqlalın yenidən bərpası dövrü idi. C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, C.Cabbarlı, H.Cavid... əsrin əvvələrində milli özünüdərki hazırlayan dahi sənətkarlar idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu sənətkarların yubileylərinin ədəbi-tarixi dəyərlərinə layiq təntənə ilə keçirilməsi barəsində verdiyi sərəncamlarda onların xidmətləri çox müxtəsər və dəqiq formulə olunur. Sərəncamda (6 fevral 2009) deyilir: "Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin 100 il əvvəl yazdığı "Ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə də digər dramaturji, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir".

Sərəncamda "Molla Nəsrəddin" "milli məfkurəni formalaşdıran məcmuə" kimi yüksək qiymətləndirilir, Mirzə Cəlil irsinin Qafqaz və Şərq alimlərinə böyük müsbət, bədii-fəlsəfi təsiri qeyd olunur.

XX əsr milli mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafında dahi bəstəkar, musiqişünas, dramaturqpublisist Ü.Hacıbəylinin rolu misilsizdir. O, milli musiqinin özünü, muğam nəzəriyyəsini və görkəmli musiqiçilər-bəstəkarlar məktəbini yaratmışdır. "Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəylinin 125 illik yubileyinin layiqincə keçirilməsi" barəsindəki sərəncam təkcə bir sənətkara yox, bütövlükdə milli mənəviyyatımızın tarixi varlığının təsbitinin ifadəsidir.

XX əsr Azərbaycan ədəbiyyatı dünya ədəbi-tarixi prosesində parlaq səhifədir: bu, əslində növbəti intibah dövrüdür. İmzalara diqqət yetirin: C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Hüseynzadə, H.Cavid, Ü.Hacıbəyli, C.Cabbarlı... Bu hələ əsrin önləridir. Və çox mənalıdır ki, cənab Prezident İlham Əliyevin sərəncamlarında dahi şəxsiyyətlər - Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Hüseyn Cavid - bu iftixara layiq imzalar dəyərli yer alır.

Yaxın keçmişimizdə - ötən əsrin 90-cı illərində tarixi bir yanlışlıq olaraq bəzi gənc tənqidçilər millətçilik eyforiyasına qapılaraq Mirzə Cəlili, M.Ə.Sabiri gözdən salmağa çalışdılar. Onlar xüsusilə XX əsrin 20-90-cı illər dövründə yazıb yaratmış ədib və şairləri kommunist-sovet şairləri, yazıçıları kimi inkar etmək mövqeyini tutmuşdular. Vaxtilə, ulu öndər Heydər Əliyevin böyük səyləri sayəsində o dövrün ən ali dövlət mükafatını - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş - S.Rüstəm, S.Rəhimov, R.Rza, M.İbrahimov və başqaları az qala istiqlal dövrü üçün yararsız elan olundu. Belə bir dövrdə uzaqgörən tənqidçilərimiz sovet ədəbiyyatı və sovet dövrü milli ədəbiyyatımızı ayrıca təhlil edərək obyektiv tarixi qiymətini verdilər. H.Əliyev İ.Əfəndiyevə, İ.Şıxlıya, B.Vahabzadəyə, Anara, Elçinə, M.Araza, Qabilə, Y.Səmədoğluya... xüsusi qayğı göstərdi, onların qiymətini verdi, müstəqil Azərbaycanın milli mükafatları ilə mükafatlandırıb layiqli yubileylərini keçirdi.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin sərəncamları sırasında da M.Müşfiq, M.S.Ordubadi, M.İbrahimov, R.Rza, M.Hüseyn kimi sovet dövrü sənətkarlarının adları böyük hörmətlə yer alır. M.Müşfiqin 100 illiyinin qeyd olunması barəsindəki sərəncamda deyilir: "Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır." M.Müşfiq bizim poeziyanın əbədi gənclik simvoludur. Onun büllur və şəffaf poeziyası başdan-başa həyat eşqi, milli qürur duyğusu ilə aşılanmışdır.

Dünya sərbəst şeirinin korifeylərindən olan, şeirimizdə fəlsəfi-intellektual poeziya təmayülünün başçısı R.Rza Prezident sərəncamında novator bir sənətkar kimi dəyərləndirilir: "Rəsul Rza XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın bir dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır". Həqiqətən də R.Rza sovet rejiminə qarşı daimi bir müqavimətdə, "üzü küləyə" yaşamış, fəlsəfi poeziyası ilə milli yaddaşımızı kütləşməkdən xilas etmişdir.

Cənab Prezidentin 10 aprel 2012-ci ildə verdiyi dəyərli sərəncamda Məmməd Səid Ordubadi "Azərbaycan ədəbiyyatında tarixi romanın banisi" kimi yüksək dəyərləndirilir, onun 140 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə keçirilən hər bir yubiley ölkəmizin mənəvi həyatını zənginləşdirən təntənəli söz-sənət bayramına çevrilir. Bu sərəncamlar dövlətimizin mədəni siyasətini əks etdirən tarixi sənədlərdir. Bu sənədlərdə irsə dövlət qayğısı əksini tapıb. Qədirbilən xalqımız, ziyalılarımız prezidentin qərar və təkliflərini dəstəkləyərək klassikmüasir bədii irsimizi nəzəri səviyyədə tədqiq edir, gələcək nəsillər üçün dəyərli monoqrafiyalar yaradır, bədii sərvətlərimizi təbliğ edərək xalqa çatdırır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin klassikmüasir bədii irsimizin tədqiq və təbliğinin nəzəri metodologiyasını əks etdirən sərəncamları azərbaycançılıq qayəsi ilə aşılanmışdır. Çünki, bədii ədəbiyyat, ana dilimiz dövlətimizin əsas ideologiyası olan Azərbaycançılığın əsas məxəzi, fəlsəfi təməl daşıdır. Klassikmüasir bədii irsə dövlət qayğısı, həm keçmişimizə, həm də gələcəyimizə yönəlmiş tarixi-siyasi baxışlar sistemidir.

Hər bir dövrün tarixi dəyəri onun öz zəmanəsinin tələblərinə verdiyi cavabla müəyyən olunur. Zaman isə təkcə vaxt ölçüsü deyil, ədəbiyyat üçün bəlkə daha çox insan meyarı - zəka və qəlb ölçüsüdür. Tarixin - zamanın necəliyi barədə həqiqətləri gələcək nəsillər həmin zamanda yaşamış insanların əməlləri ilə müəyyən edəcəklər. Bu baxımdan xalqımızın misilsiz sərvəti olan klassikmüasir sənətkarlar haqqında Prezident sərəncamları dövlətimizin tarixin - zamanın tələblərinə verdiyi ən mənalı cavablardır. İnanırıq ki, gələcək nəsillər onları oxuyub öz keçmişləri ilə öyünəcək, milli iftixar duyğusu yaşayacaqlar.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2012.- 7 iyun.- S. 9.