Azərbaycan
dünya mediasında: yüksələn nüfuzun mənzərəsi
(əvvəli qəzetin 3 iyun 2012-ci
il tarixli sayında)
Dövlət tərəfindən mətbuatın
inkişafına göstərilən dəstək, söz və
fikir azadlığının tam təmin edilməsi istiqamətində
atılan addımlar, ölkədə yüzlərlə mətbu
orqanın fəaliyyət göstərməsi, azad internetin
mövcud olması bu xarakterli məlumatların həqiqəti
əks etdirmədiyini bir daha sübut edir.
Hələ
14 il bundan qabaq - 1998-ci ildə senzuranın ləğv
olunması haqqında ümummilli lider Heydər Əliyevin
imzaladığı Fərman, "Milli Mətbuat, Teleradio və
İnternet Şurasının yaradılması
haqqında" 2001-ci il tarixli Fərman, Prezident İlham Əliyevin
2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası"nın
təsdiq edilməsi, "Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il tarixli Sərəncamı dövlətin
söz, fikir, məlumat azadlığının təmin edilməsində
maraqlı olmasını və bu sahənin kompleks şəkildə
inkişaf etdirilməsinə dəstəyin mütəmadi
şəkildə həyata keçirildiyini sübut edir.
Bununla yanaşı, "Məlumat azadlığı
haqqında", "İnformasiya əldə etmək
haqqında" qanunların qəbul edilməsi söz, fikir
azadlığı və plüralizmin təmin edilməsində,
bu yöndə zəruri qanunvericilik bazasının təkmilləşməsində
diqqətəlayiq addımlar olmuşdur.
Dünya
informasiya məkanının bir parçası olan milli mətbuatımızın
davamlı inkişafı onun beynəlxalq nüfuzunun yüksəlməsində
və qlobal miqyasda rəqabət qabiliyyətli media
resurslarının formalaşmasında əsas rol oynayır. Təsadüfi
deyildir ki, Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyasında bu fəaliyyətin əsas istiqamətləri
kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan
Respublikasının dünya birliyinə inteqrasiyası, region
ölkələri və digər dövlətlərlə,
beynəlxalq təşkilatlarla əməkdaşlığının
inkişaf etdirilməsi, Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin,
azərbaycançılıq ideyasının təbliği
sahəsində müvafiq proqram və layihələrin həyata
keçirilməsinin dəstəklənməsi göstərilmişdir.
Azərbaycan
reallıqlarının dünya mətbuatında
işıqlandırılmasında, əlbəttə, xaricdə
yaşayan həmvətənlərimizin də rolu
böyükdür. Xaricdə yaşayan azərbaycanlıların
təşkilatlanması, ölkənin taleyüklü problemlərinin
həllində onların vahid mövqedən
çıxış etmələri Azərbaycan həqiqətlərinin,
tarixinin, mədəniyyətinin dünya miqyasında
tanıdılmasında, erməni lobbisinin Azərbaycana
qarşı apardığı qərəzli kampaniyalara
qarşı əks tədbirlərin görülməsində
əvəzsiz rola malikdir. Xüsusilə, son dövrlər
milli diaspor təşkilatlarının sayının əhəmiyyətli
dərəcədə artması Azərbaycan haqqında daha
dolğun informasiyanın dünya ictimaiyyətinə
çatdırılmasına yeni imkanlar açmaqdadır. Azərbaycan-türk
diaspor təşkilatlarının dəstəyi ilə xarici
dövlətlərdə təbliğat işinin həyata
keçirilməsi, informasiya xarakterli internet saytlarının
yaradılması ölkəmiz haqqında məlumatlandırmanın
daha səmərəli şəkildə aparılmasına zəmin
yaratmışdır. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının
III Qurultayında vurğuladığı kimi, "dünyada
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları
artıq tam formalaşıb. Birinci qurultaydan keçən
dövrdə, yəni 10 il ərzində böyük işlər
görülübdür, təşkilatların sayı
artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız
var idisə, hazırda onların sayı 416-ya
çatıbdır. Bu, çox vacibdir. Diaspor təşkilatlarımız
keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti
daha da məqsədyönlüdür, daha da təsirlidir".
Diaspor quruculuğunun dövlət tərəfindən daim diqqət
mərkəzində olması, xaricdə yaşayan hər bir
azərbaycanlının dövlət dəstəyini hiss etməsi
bu prosesə daha da stimul verir.
Digər
dövlətlərin diaspor təşkilatları və lobbi
qurumları ilə sıx əməkdaşlığın
qurulması da Azərbaycanın beynəlxalq tərəfdaşlarının
artmasına və ölkəmiz haqqında məlumatlandırma
işinin daha da səmərəli şəkildə
aparılmasına öz töhfəsini verməkdədir.
Xüsusilə, türk diasporu ilə ortaq layihələrin, tədbirlərin
həyata keçirilməsi, xarici dövlətlərin
mediasında, internet mənbələrində mütəmadi
olaraq ölkəmizlə bağlı obyektiv informasiyaların
yerləşdirilməsi məlumatlandırma işinin daha
sistemli və təsirli şəkildə
aparılmasını təmin edir.
Azərbaycan
həqiqətlərinin, onun tarixi və mədəni irsinin
geniş miqyasda tanıdılmasında Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlərin
əhəmiyyəti xüsusilə önəmlidir. Əsas vəzifələrindən
birinin Azərbaycan Respublikasının beynəlxalq
nüfuzunun artırılması ilə bağlı tədbirlərin
həyata keçirilməsindən, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaqdan və mədəniyyətimizin
geniş təbliğinə, sağlam mənəvi dəyərlərin
qorunmasına yönəlik işlərə kömək etməkdən
ibarət olan Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilatçılığı ilə geniş
miqyaslı fəaliyyətlərin xarici dövlətlərin
kütləvi informasiya vasitələrində
işıqlandırılması Azərbaycan haqqında
obyektiv ictimai rəyin formalaşmasında xüsusi rol
oynayır. Bu məlumatlar təkcə Qərb mediasında
deyil, bir çox yaxın və uzaq Şərq dövlətlərinin
kütləvi informasiya vasitələrində də öz əksini
tapır.
Məsələn,
"Pakistan Observer" qəzetində Heydər Əliyev
Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
fond tərəfindən ölkə təhsilinin, mədəniyyətinin,
səhiyyəsinin inkişafı istiqamətində atılan
addımlardan bəhs edilməklə yanaşı, ölkə
sərhədlərindən kənarda həyata keçirilən
xeyriyyə tədbirlərinə də geniş şəkildə
nəzər salınır. Fondun fəaliyyət dairəsinin
getdikcə genişlənməsi ölkəmizin beynəlxalq
arenada daha yüksək və keyfiyyətli şəkildə
tanınmasına şərait yaradır. Bu çərçivədə,
Fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və
ABŞ-da nümayəndəliklərinin fəaliyyətə
başlaması faktı da dünya mediasında, eləcə də
beynəlxalq humanitar təşkilatların informasiya vasitələrində
öz əksini tapmışdır.
Heydər
Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ
münaqişəsinin mahiyyəti və Ermənistanın
işğalçılıq siyasətinin doğurduğu nəticələr
barədə dünya ictimaiyyətinin dolğun şəkildə
məlumat əldə etməsi üçün kompleks tədbirlərin
həyata keçirilməsi davam etməkdədir. Fondun Rusiya
Nümayəndələyinin rəhbəri, İslam Əməkdaşlıq
Təşkilatının üzv qurumu olan Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə elan edilmiş "Xocalıya ədalət"
kompaniyası çərçivəsində dünyanın
bir çox ölkələrində müvafiq tədbirlər
keçirilməklə yanaşı, həmin ölkələrin
kütləvi informasiya vasitələrində bu qanlı hadisənin
əhatəli şəkildə
işıqlandırılması da mümkün olmuşdur.
Bunun nəticəsi olaraq, Pakistan, Kolumbiya və Meksika Parlamentləri
Xocalı faciəsini rəsmən soyqırımı kimi
tanıyan aktlar qəbul etmişdir. Göründüyü
kimi, məlumatlandırma işinin müntəzəm və əhatəli
şəkildə aparılması siyasi-hüquqi baxımdan
mühüm əhəmiyyət kəsb edən qərarların
qəbul edilməsində də vacib rol oynayır.
Hazırda
dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində
Azərbaycan haqqında məlumatların əhatəli şəkildə
işıqlandırılması davamlı hal
almışdır. Amerikanın "CNN International"
kanalında son iki ildə ölkəmiz, onun tarixi, mədəniyyəti,
turizm potensialı, Dağlıq Qarabağ problemi və bu
problemin bütün regionun təhlükəsizliyinə
yaratdığı təhdidlər barədə silsilə
proqramlar yayımlanmaqdadır. Hələ 2010-cu ilin avqust
ayında üç gün davamlı şəkildə
sözügedən kanalın "World view" proqramında
Xocalı faciəsinə, Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Mustafayevin bu soyqırım olayını dünya
ictimaiyyətinə fədakarcasına çatdırmasına
həsr olunmuş reportaj nümayiş etdirilmişdi. Həmçinin,
2011-ci ilin noyabr ayında "CNN International" kanalında Azərbaycanın
tarixi, mədəniyyəti, iqtisadi inkişafı, ölkədə
həyata keçirilməkdə olan yeni layihələr
haqqında ardıcıl reportajlar yayımlandı. Müxtəlif
ölkələrdə milyonlarla tamaşaçısı olan
bu məşhur telekanalda Azərbaycan həqiqətlərinin
geniş şəkildə işıqlandırılması,
ölkəmizin ədalətli mövqeyi barədə dünya
ictimaiyyətinin dolğun şəkildə məlumatlandırılması
və şübhəsiz, Azərbaycanla beynəlxalq birlik
arasında humanitar münasibətlərin dərinləşdirilməsi
üçün daha münbit şərait
yaratmışdır.
Azərbaycanın
sürətli iqtisadi inkişafa nail olması, dünyanın
enerji təhlükəsizliyində təkcə tədarükçü
dövlət kimi deyil, həm də regionda bu sahədə əsas
söz sahibi olması da dünya mediasında ətraflı
şəkildə işıqlandırılan mövzulardan
biridir.
"The
Guardian" qəzetində post-sovet ölkələrinin
SSRİ-nin dağılmasından sonrakı dövrdə hansı
səviyyədə inkişafa nail olmaları barədə
yazıda Azərbaycanın bu məkanda ən güclü
iqtisadiyyatlardan birinə malik olması vurğulanır və əhalisinin
daha yüksək templərlə artması qeyd olunur ("The
Guardian", 2011, 17 august). Bütövlükdə, ölkəmizin
kompleks inkişafına yönəlmiş sistemli və
ardıcıl şəkildə həyata keçirilən
siyasətin uğurlu nəticələrinin dünya
mediasında öz əksini tapması Azərbaycanın əldə
etdiyi uğurların qlobal miqyasda tanıdılmasında və
xarici sərmayədarlar tərəfindən etibarlı tərəfdaş
kimi qəbul edilməsində mühüm rol oynayır.
Vurğuladığımız
kimi, müstəqillik tariximizin ən önəmli
uğurlarından biri Azərbaycan Respublikasının 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi oldu. Bu uğurun əsasında
Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş
imicinin formalaşması, düzgün və sistemli şəkidlə
həyata keçirilən xarici siyasət platforması
dayanırdı. Bu tarixi hadisə də dünyanın
nüfuzlu mətbuat orqanlarında geniş şəkildə
işıqlandırılmışdır. "Washington
Post" qəzetində Azərbaycanın Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsinə dair məqalədə
gərgin keçən səsvermə raundlarından sonra Azərbaycanın
əhəmiyyətli səs üstünlüyü ilə bu
yerə sahib olması qeyd edilir və Şuraya üzvlüklə
beynəlxalq sülh və təhlükəsizliyin təmin
edilməsində həlledici səs hüququna malik olmanın
önəmi vurğulanır ("Washington Post" qəzeti,
2011, 24 October). "Amerikanın səsi" radiosunda Azərbaycanın
əldə etdiyi bu uğura geniş şəkildə yer
verilmiş, nüfuzlu informasiya agentliklərindən hesab edilən
"Associated Press" agentliyi Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyün üstünlüklərindən
ətraflı bəhs etmişdir. Qonşu ölkələrdən
Türkiyə və Rusiyanın kütləvi informasiya vasitələrində
də bu mövzu uzun müddət əsas xəbər
mövzularından biri olmuşdur. Beləliklə, Azərbaycanın
beynəlxalq siyasi arenada əhəmiyyətli oyunçulardan
birinə çevrilməsi bundan sonrakı müddətdə
də ölkəmizin beynəlxalq medianın diqqət mərkəzində
olacağına əsas verir.
2011-ci ildə
keçirilmiş Avroviziya mahnı müsabiqəsində Azərbaycanın
uğuru, şübhəsiz ki, ölkəmizin tarixində ən
önəmli mədəniyyət hadisəsi idi. Ölkəmizin
əldə etdiyi bu nailiyyət dünyanın ən məşhur
kütləvi informasiya vasitələrində - "The
Washington Post", "The New York Times", "Daily Mail",
"The Guardian" kimi mətbuat orqanlarında, eləcə də
digər çoxsaylı informasiya vasitələrində ən
çox haqqında bəhs edilən mövzulardan birinə
çevrilmişdi. Bu, həm də Azərbaycanın daha
geniş spektrdə tanıdılması üçün yeni
imkanlar açmış oldu. Sözügedən uğur
kontekstində ölkəmiz, onun tarixi, mədəniyyəti,
insanları haqqında ətraflı məlumatlar
dünyanın bir çox mətbu orqanlarında və
çoxsaylı internet şəbəkələrində
geniş şəkildə işıqlandırılmağa
başlandı. Növbəti Avroviziya müsabiqəsinə Azərbaycanın
qalib kimi ev sahibliyi etməsi isə ölkəmizin yenidən
beynılxalq miqyasda diqqət mərkəzində olmasına və
kütləvi informasiya vasitələrində bu hadisənin
geniş şəkildə işıqlandırılmasına əsas
yaratdı.
Son
zamanlar, çoxsaylı regional və qlobal əhəmiyyətli
tədbirlərin Azərbaycanda təşkil olunmasının
şahidi oluruq. Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun, Dünya Səhiyyə Təşkilatının
Avropa Regional Komitəsinin sessiyasının, Beynəlxalq
Humanitar Forumun, Avronest Parlament Assambleyasının ikinci
sessiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Avropa üzrə regional konfransının
Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətli
tədbirləri yüksək səviyyədə təşkil
etmək iqtidarında olduğunu göstərməklə
yanaşı, ölkənin yüksələn nüfuzunun təkzibolunmaz
faktı kimi də beynəlxalq diqqəti cəlb edir. Bu kimi tədbirlərin
keçirilməsinə dünya mediasında ətraflı
şəkildə yer verilməsi Azərbaycana onun
tanıdılması baxımından və müstəqil
dövlət olaraq beynəlxalq hüququn önəmli subyektlərindən
biri olduğunu vurğulamaq baxımından əlavə
imkanlar yaradır.
Azərbaycanın
yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən
biri də, təbii ki, dövlətlərlə diplomatik
münasibətlərin dərinləşdirilməsindən
ibarətdir. Bunun həm də dövlətimizin beynəlxalq tərəfdaşlarının
artmasında və öz milli maraqlarının beynəlxalq səviyyədə
müdafiə edilməsində önəmli rolu vardır. Həmçinin,
hər bir ölkə ilə diplomatik əlaqələr
sıxlaşdıqca, bu prosesin tərkib hissəsi olaraq Azərbaycan
haqqında informasiyanın əhatə dairəsi daha da
genişlənir. Hazırda Azərbaycanın dünyada 65 səfirlik
və konsulluğu fəaliyyət göstərir ki, bu da həmin
dövlətlərlə olan münasibətlərimizin şaxələndirilməsinə,
dünya ictimaiyyətinin ölkəmiz barədə məlumatlılıq
səviyyəsinin artırılmasına və dolğun
informasiyanın formalaşmasına sağlam əsaslı zəmin
yaradır. Artıq xarici mediada diplomatik nümayəndəliklərimiz
tərəfindən təşkil olunmuş tədbirlərdən
bəhs edən, regional və qlobal əhəmiyyətli məsələlər
üzrə Azərbaycanın siyasi mövqeyinin
işıqlandırılmasına dair xəbərlərə,
analitik materiallara tez-tez rast gəlirik. Bu mövzuda
Böyük Britaniyanın nüfuzlu "Diplomat"
jurnalında, eləcə də jurnalın internet səhifəsində
Azərbaycan iqtisadiyyatı, ölkənin xarici siyasətinin əsas
istiqamətləri, Dağlıq Qarabağ münaqişəsi,
Avro-Atlantik məkana inteqrasiya üzrə atılan addımlar,
uğurla həyata keçirilən enerji siyasəti barədə
silsilə yazılar dərc olunmasını qeyd etmək olar.
Beləliklə, Azərbaycanın apardığı uğurlu
xarici siyasətin düzgün istiqamətli informasiya siyasəti
ilə ahəngdar şəkildə yürüdülməsi
Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq
birlik tərəfindən qəbul olunmasına və beynəlxalq
siyasi arenada tərəfdaşlarımızın
sayının artmasına səbəb olan pozitiv mövqeləri
möhkəmləndirir.
Maraqlı
bir müqayisə üzərində diqqətimizi cəmləyək:
əgər müstəqilliyimizin ilk illərində beynəlxalq
jurnalistlər Azərbaycanı kifayət qədər
tanımadan, qeyri-obyektivliyə yol verirdilərsə, indi isə
bəzi hallarda ölkəmizin yüksələn nüfuzunu bu
və ya digər formada sarsıtmaq istəyən qüvvələr
bilərəkdən, məqsədəyönlü şəkildə
Azərbaycan haqqında hər hansı bir dezinformasiyanı
proqramlaşdırırlar. Bu qüvvələr əksər
hallarda "demokratiya müdafiəçiləri" adı
altında, guya ölkəmizdə insan hüquqlarının
qorunmasından narahat olduqlarını hay-küylə
nümayiş etdirirlər. Ancaq əsas məqsədləri
dövlətimizi və bütövlükdə regionu daim
asılı vəziyyətdə, diktə altında
saxlamaqdır. Bütün bunlara baxmayaraq Azərbaycan
demokratiyasının varlığı və qələbələri
beynəlxalq birlik tərəfindən etiraf edilməkdədir.
Bu həqiqətə heç cür göz yummaq olmaz: əgər
Azərbaycanda demokratiya yoxdursa, onda belə bir sürətli
inkişaf hansı ictimai-siyasi dayaqlar üzərində
baş verir?! Axı, beynəlxalq nüfuz birbaşa daxili
stimullardan gəlir!
Biz
bütün ciddiyyəti ilə nəzərə
almalıyıq ki, Azərbaycanın coğrafi baxımdan əhəmiyyətli
bir geostrateji məkanda yerləşməsi onun qlobal miqyasda daim
müxtəlif və hətta zidd maraqlar dairəsində
olmasını və bu kontekstdən bizə
baxılmasını şərtləndirir. Bu amil xarici mediada
Azərbaycan barədə müfəssəl təhlillərlə
müşayiət edilən analitik materialların da geniş
şəkildə əks olunmasına əsas verir. Çox
hallarda Azərbaycanın mürəkkəb geosiyasi məkanda
uğurlu və balanslaşdırılmış siyasət
yürütməsi barədə yazılara rast gəlsək də,
bəzi hallarda ölkəmizin, xüsusilə onun qonşu
dövlətlərlə münasibətlərinin mövcud vəziyyətini
düzgün formada əks etdirməyən materiallarla da
rastlaşırıq. Məsələn, bir müddət
öncə "Foreign Policy" jurnalında İsrailin hərbi
təyyarələrinin Azərbaycanın ərazisindən
istifadə etməklə İrana zərbə endirilməsi
mümkünlüyünə dair provokativ məqalə dərc
olunmuşdu. Məqalədə qeyri-müəyyən mənbələrə
istinad edilərək və konkret faktlara əsaslanmadan
yanlış nəticələrə gəlinir və müəllif
tərəfindən belə bir təəssürat
formalaşdırılmağa cəhd olunur ki, guya Azərbaycanın
İsraillə yaxın münasibətləri onun ərazisindən
qonşu dövlətə qarşı hərbi əməliyyatlar
üçün istifadə edilməsinə şərait
yaradır. Bunu "sübut" etmək üçün tərəflər
arasında hərbi əməkdaşlığın getdikcə
dərinləşməsi qeyd edilir və bəzi "ekspertlərin"
mülahizələrinə istinad olunur ("Foreign Policy",
2012, March). Lakin dəfələrlə ölkə rəhbərliyi
tərəfindən bəyan edildiyi kimi, beynəlxalq
sülhün və təhlükəsizliyin təmin edilməsinə
öz töhfəsini hər an verməyə hazır olan Azərbaycan
öz ərazisindən üçüncü dövlətlərə
qarşı hücum məqsədi daşıyan hərəkətlərin
edilməsinə imkan verməmiş və verməyəcəyi
də bəllidir. Nazirlər Kabinetinin 2012-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan Prezidenti bəzi
xarici mətbu orqanlarda Azərbaycana qarşı informasiya təxribatlarına
münasibət bildirərkən vurğulayır: "Azərbaycan
heç vaxt başqa ölkələrin planlarında
iştirak etməyəcəkdir. Biz heç vaxt imkan verə
bilmərik ki, ərazimizdən qonşulara qarşı
hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı
bilir". Real durumu əks etdirməyən,
yayındırıcı və provokasiya xarakterli belə
yazıların bəzi hallarda dünya ictimaiyyətində
yanlış təsəvvürlər formalaşdırmaq
ehtimalı da vardır. Bu baxımdan, Azərbaycan və onun
milli maraqları əleyhinə yönəlmiş yazılara
qarşı dövlət və ictimaiyyət tərəfindən
çevik münasibətin bildirilməsi və müvafiq
xarici media qurumları tərəfindən yayılmış
qeyri-obyektiv məlumatlara görə təkzib verilməsinə
nail olunması bu cür materialların Azərbaycan barədə
doğura biləcəyi düzgün olmayan təəssürat
və mövqenin qarşısının alınmasına xidmət
etmiş olar. Bir sözlə, xarici mediada Azərbaycan
haqqında səhih və obyektiv informasiyanın
yayılması ölkəmizin milli maraqlarına uyğun
olmaqla yanaşı, onun qlobal arenada real nüfuzunun daha da
yüksəlməsində önəmli rol oynayır.
Azərbaycanın
qonşu dövlətlərlə informasiya münasibətlərinin
genişlənməsi xalqlar arasında daha sıx əlaqələrin
qurulmasına və mehriban qonşuluq praktikasının daha da
dərinləşməsinə təkan verir. Xüsusilə hərtərəfli
əməkdaşlığın strateji səviyyəyə
yüksəldiyi Türkiyə ilə informasiya sahəsində
də işbirliyinin gücləndirilməsi hər iki dövlətin
ortaq maraqlarının beynəlxalq miqyasda müdafiə edilməsində
ciddi faktor olmaqla, xarici media qurumları vasitəsilə
dünya ictimaiyyətinə çatdırılan
informasiyanın daha da keyfiyyətli, əhatəli və
müntəzəm xarakter almasına müsbət təsirini
daim göstərməkdədir. Azərbaycan və Türkiyə
arasında Strateji Tərəfdaşlıq və
Qarşılıqlı Yardım haqqında Müqaviləyə
diqqət yetirdikdə qeyd olunan sahənin tərəflər
üçün xüsusi önəm kəsb etdiyinin
şahidi oluruq. Belə ki, sözügedən Müqavilənin
17-ci maddəsi tərəflər arasında rabitə və
informasiya texnologiyaları sahəsində, eləcə də
kütləvi informasiya vasitələri arasında əməkdaşlığın
inkişaf etdirilməsinin təşviqindən bəhs edir. Bu əməkdaşlığın
genişləndirilməsi - həm də Dağlıq
Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli
mövqeyinin dünya ictimaiyyətinə
çatdırılmasında təcrübəli Türkiyə
mediasının imkanlarından istifadə olunmasına
geniş imkanlar açır. Türkiyənin nüfuzlu mətbu
orqanlarından olan "Hürriyyət", "Zaman",
"Milliyyət", "Today's zaman" və digər
kütləvi informasiya vasitələrində mütəmadi
olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən,
iki ölkə arasında strateji tərəfdaşlıq
münasibətlərindən bəhs edən yazılar yer
alır. Xüsusilə, "Xocalıya ədalət"
kampaniyası çərçivəsində Türkiyə
Cümhuriyyətində genişmiqyaslı tədbirlərin təşkili
və bu soyqırım aktının qardaş ölkənin
mediasında ətraflı işıqlandırılması
ortaq maraqlara malik olan dövlətlərimizin bütün
strateji əhəmiyyət kəsb edən məsələlərdə
birgə hərəkət etmək bacarığına malik
olduğunu bir daha sübut edir.
Gördüyümüz
kimi, Azərbaycanın son illərdə əldə etdiyi
uğurlar, beynəlxalq arenada mühüm dövlətlərdən
birinə çevrilməsi dünya mediasında ölkəmiz
haqqında informasiyanın daha sürəkli və əhatəli
şəkildə işıqlandırılmasına səbəb
olmaqla, ölkəmizin qlobal miqyasda artan nüfuzunun göstəricilərindən
biri kimi çıxış edir. Şübhə yoxdur ki,
bundan sonrakı dövrdə də həyata keçirilən
məqsədəyönlü siyasətin nəticəsi olaraq
Azərbaycanın əldə etdiyi nailiyyətlər
davamlı xarakter daşıyacaq və paralel olaraq bu nailiyyətlərin
dünya ictimaiyyətinə çatdırılmasında əsas
vasitəçi kimi çıxış edən kütləvi
informasiya vasitələrində ölkəmiz barədə məlumatlara
daha geniş yer veriləcəkdir. Bu halda Azərbaycan
haqqında yayılan informasiyanın düzgünlüyünün,
keyfiyyətinin, əhatəliliyinin və obyektivliyinin təmin
edilməsi üçün həyata keçirilən
informasiya siyasətinin tərkib hissəsi kimi ölkəmizin
daxilində peşəkar milli jurnalistikanın
formalaşması və etibarlı informasiya
yayıcısı qismində çıxış edən
informasiya agentliklərinin, media qurumlarının təsis edilməsi
və onların yaradıcı potensialının
artırılmasının təşviq edilməsi zərurəti
yaranır. Xarici medianın istinad etdiyi əsas informasiya mənbələrindən
biri kimi milli kütləvi informasiya vasitələrinin
çıxış etdiyini nəzərə alsaq, bu problemin
nə qədər əhəmiyyət kəsb etdiyi
özünü göstərmiş olur.
Beləliklə,
əminliklə qeyd etmək olar ki, milli informasiya siyasətimizdə
ölkə daxilində medianın təkmilləşməsinin
və keyfiyyətcə yeni mərhələyə daxil
olmasının, Azərbaycan haqqında dünya ictimaiyyətinin
obyektiv və dolğun informasiya ilə təmin
olunmasının hədəf olaraq müəyyən edilməsi
Azərbaycanın milli maraqlarına cavab verməklə bərabər,
həm də beynəlxalq informasiya subyektlərinin etibarlı
qaynaqlardan məlumat əldə etmək imkanlarını da
genişləndirir. Azərbaycanın müstəqilliyi
möhkəmləndikcə, siyasi və iqtisadi qüdrəti
artdıqca, onun informasiya siyasətinin dəyişən
situasiyalara paralel olaraq yeni çalarlar əldə etməsi və
sistemli şəkildə həyata keçirilməsi ölkənin
informasiya təhlükəsizliyinin təmin edilməsinə və
Azərbaycan həqiqətlərinin dünya mediasında daha ətraflı
şəkildə işıqlandırılmasına öz
faydasını verəcəkdir.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2012.- 8 iyun.- S. 3.