Böyük qurtuluşa aparan yol
Azərbaycan
xalqı qarşısında xidmətimiz ondan ibarətdir ki,
biz xalqımızı bütün bu çətin mərhələlərdən
keçirmişik və respublikamızın dövlət
müstəqilliyini qorumuşuq, saxlamışıq, onu daha da
möhkəmləndirmişik.
Heydər ƏLİYEV,
Ümummilli lider
Ötüb keçən hər
gün, yaşadığımız və qeyd etdiyimiz hər
bir hadisə bizi Azərbaycanın 1991-ci ildən sonrakı
tarixinə, bunun fonunda isə Heydər Əliyev fenomeninə
daha geniş nəzər salmağa, bu böyük şəxsiyyətin
tariximizdəki və taleyimizdəki rolunu bir daha göz
önünə gətirməyə sövq edir. 1993-cü il
iyunun 9-da xalqın tələbi ilə Naxçıvandan
Bakıya gələn Heydər Əliyevin
qayıdışı böyük qurtuluşun
başlanğıcı idi.
19 il
öncə iyunun 4-də Gəncədə başlanan hadisələr
Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünü əyani şəkildə
göstərən meyar kimi qəbul edilə bilər. Bu hadisələrlə
bağlı hər şey, o cümlədən Heydər Əliyevin
19 il öncə oynadığı tarixi rol məlumdur. Ölkə
o vaxt faktiki olaraq başsız qalmış və Azərbaycan
xalqı məhz bu hadisələrin fonunda Heydər Əliyev dühasının
əzəmətini bir daha görmüşdü.
AXC-Müsavat
dəstəsinin səriştəsiz fəaliyyəti
ucbatından yaranmış total böhran iyunun 4-də Gəncədə
qardaş qırğınının baş verməsi ilə
nəticələnmək həddinə qədər dərinləşmiş
və qarşısıalınmaz olmuşdu. O dövrdə cəmiyyət
haqlı olaraq belə qənaətə gəlmişdi ki, bu fəlakətin
qarşısını Heydər Əliyevdən başqa
heç kim ala bilməz, günbəgün, saatbasaat dərinləşən
böhranı ümummilli liderdən başqa heç kəs
aradan qaldırmağı bacarmaz. Sosial-iqtisadi fəlakət
ölkənin siyasi coğrafiyasının dəyişdirilməsi,
Azərbaycanın bir neçə yerə parçalanması
və öz dövlət müstəqilliyini itirməsi təhlükəsi
ilə çulğaşmışdı.
Belə
vəziyyətdə respublikanı bu təhlükələrdən
çıxarmaq məsuliyyətini öz üzərinə
götürməyə hazır və qadir olan heç bir
qüvvə yox idi. Xalq nəzərlərini məhz belə
çıxılmaz vəziyyətdə ümummilli lider Heydər
Əliyevə dikdi.
Azərbaycan
xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi
qarşısında qaldığını gördüyü
və artıq ən ağır günlərini
yaşadığı bir zamanda 1993-cü ilin iyununda mövcud
hakimiyyətin dəyişilməsini təkidlə tələb
etdi və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə
etibar etdi. Xalqının darda qaldığını
görüb onun təkidli dəvətini qəbul edən dahi
şəxsiyyət Azərbaycanda yenidən böyük siyasətə
qayıtdı. Xalq Heydər Əliyevin bu
qayıdışını ümid və sevinclə
qarşıladı, həmin günü isə Milli
Qurtuluş Günü kimi müstəqil Azərbaycanın
tarixinə yazdı.
Azərbaycan
xalqı və dövləti 19 il bundan qabaq ağır
sınağa çəkilmişdi. 19 il bundan əvvəl
bugünkü günlərdə Gəncədə qardaş
qırğını baş vermiş, ölənlər və
yaralananlar olmuş, dövlətə külli miqdarda maddi ziyan
dəymişdi. Ən ağır itki isə xalqın
yaşadığı ağır anlar, cəmiyyətə və
xalqa vurulan ağır psixoloji zərbə, dövlətin
imicinə dəyən zərər, itirdiyimiz hərbçilər
və mülki vətəndaşlar, yaralılar idi. 4 iyun hadisələri
böhranın, süqutun, tənəzzülün ən təhlükəli
nöqtəsi, süqut edən qüvvə isə bu gün də
hakimiyyət iddiasında olanlar idi.
Belə
ağır günlərdə, yaranmış ağır
durumda "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan
Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi
özüm üçün ən əsas vəzifələrdən
biri hesab edirəm" deyən Heydər Əliyev Bakıya
qayıtdı.
Görkəmli
dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyev xalqın tələbi və
xahişi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi.
Bu, möhtəşəm bir qayıdış idi. Dövlət
müstəqilliyinin qorunmasına, Azərbaycanın bir
dövlət kimi mövcudluğuna, gələcəyinin təmin
edilməsinə verilən zəmanət idi. Heydər Əliyev
Azərbaycanı məhv olmaqdan xilas etməyə, onu
qorumağa gəlmişdi.
Azərbaycanın
son 75 ildəki tarixini nəzərdən keçirəndə,
demək olar ki, 9 iyun müstəqil Azərbaycan
Respublikasının tarixinə dövlət müstəqilliyinin
mahiyyəti baxımından həlledici məqamlardan biri kimi
daxil olub.Azərbaycanın müstəqil dövlət kimi
tarixi əslində, həmin gündən başlayır. Azərbaycanın
xilaskarı olan Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri
seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başladı, iyunun 9-dan 15-dək isə
4 iyun dövlət böhranının nəticələrinin
aradan qaldırılması, qardaş
qırğınının qarşısının
alınması, Azərbaycanın o zamankı əfəl
iqtidarının antimilli və xəyanətkar əməllərinin
ucbatından yaranmış vəziyyətdən
çıxış yollarının tapılması işi
ilə məşğul oldu.
Dahi
rəhbər nitqlərindən birində həqiqəti belə
açıqlayır: "Hesab edirəm ki, Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasında 1993-cü il tarixi əhəmiyyət
kəsb edir. Mən tam məsuliyyətlə deyirəm ki,
1993-cü ilin iyun ayında Azərbaycan parçalanmaq və məhv
olmaq təhlükəsi altında idi. Bu həqiqətdir.
Çünki Azərbaycanın müstəqil dövlət
kimi yaşamasını, inkişaf etməsini xaricdəki
düşmənlərimiz heç vəchlə istəmirlər.
Bir tərəfdən, Ermənistan Azərbaycana qarşı ərazi
iddiası edir, başqa ölkələrin də bəzi dairələri
Azərbaycanı öz tabeliyində saxlamaq istəyirlər.
Onların bəziləri üçün müstəqil,
bütöv, sərbəst və uğurla inkişaf edən
Azərbaycan sərfəli deyildir. 1993-cü ilin iyunundakı və
sonrakı aylardakı hadisələr təkcə
ayrı-ayrı silahlı dəstələrin
çıxışının və eyni zamanda hakimiyyətinin
fəaliyyətsizliyinin nəticəsi deyildi. Bu, həm də
xarici xidmət orqanlarının Azərbaycanı
dağıtmaq, parçalamaq planları idi. Biz bu planları
dağıtdıq, onların qarşısını aldıq.
Azərbaycanın dövlət müstəqilliyini qoruyub
saxlaya bildik.
Məlumdur
ki, ondan sonrakı dövr də Azərbaycanın müstəqilliyini
qoruyub saxlamaq üçün asan olmamışdır.
1994-cü ilin oktyabr hadisələri və dövlət
çevrilişinə cəhd xatirinizdədir. Yalnız və
yalnız xalqın dövlətə, hakimiyyətə,
dövlət başçısına inamı və etibarı,
etimadı o faciənin qarşısını aldı".
Ümummilli
liderin tarixi sözləri ürəyimizdə dərin iftixar
hissi doğurur: "1995-ci ilin noyabrında çoxpartiyalı
sistem əsasında demokratik, sərbəst seçkilər
vasitəsilə Azərbaycanın ilk parlamenti seçildi. Beləliklə,
Azərbaycanın xalq tərəfindən seçilmiş
hakimiyyəti, xalq tərəfindən bəyənilmiş və
təsdiq olunmuş Konstitusiyası, xalq tərəfindən
seçilmiş parlamenti, xalq tərəfindən
seçilmiş prezidenti vardır".
Vətənin
yaşaması üçün çörək, ordu və
inam böyük şərəfdir. İftixarla deyə bilərik
ki, müstəqil Azərbaycanın ordu quruculuğu
ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi, möhtərəm
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Cənab Prezident Naxçıvan Muxtar
Respublikasında səfərdə olarkən burada yerləşən
"N" hərbi hissəsində olmuş və
çıxış etmişdir. Onun söylədiyi nitq
sübut edir ki, ölkəmizin, eləcə də onun müstəqilliyinin
qarantı olan Silahlı Qüvvələrin sükanı
düzgün idarə olunur. Bu nitqin mahiyyəti əsası
Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu
prosesinin təməl prinsipləri üzərində gələcək
fəaliyyətin, qarşıda duran vəzifələrin
strateji konturlarını bəyan edən nikbin ruhla
aşılanmışdır. "Bizim ordumuz istənilən
vaxtda torpaqlarımızı düşməndən azad etməyə
qadirdir. Amma biz istəyirik ki, ordumuz daha güclü olsun.
Orduda xidmət edən əsgərlərin şəraiti daha
yaxşı olsun", - deyən Ali Baş Komandan bu məqsədə
aparan fəaliyyətin istiqamətlərini də dəqiq
nişan verdi: "Yalnız iqtisadi cəhətdən
güclü olan ölkələr güclü orduya malik
olurlar. Bizim də vəzifəmiz budur. Biz ölkəmizi
gücləndirəcəyik. Ölkəmiz sürətlə
inkişaf edəcək və yaranmış iqtisadi potensial, bəlkə
də, ilk növbədə ordu quruculuğuna sərf
olunacaqdır: Əgər biz görsək ki,
danışıqların heç bir nəticəsi yoxdur,
bütün vasitələrdən istifadə edib
torpaqlarımızı azad edəcəyik. Bunu etmək
üçün güclü ordu lazımdır, vətənpərvərlik
ruhu lazımdır, xalqın birliyi, iradəsi lazımdır.
Bunların da hamısı bizdə var".
Hazırda
Prezident İlham Əliyevin ölkədə
apardığı işin leytmotivinin sistemlilik, iqtisadi
inkişafa dinamizm gətirmək, xalqın rifahını
yüksəltmək kimi mühüm vəzifələr təşkil
edir. O, hamımıza bir-biri ilə uzlaşmayan, biri digərini
tamamlamayan, pərakəndə həyata keçirilən tədbirlərlə
iqtisadiyyata dinamizm gətirməyin mümkün
olmadığını anladır. İlham Əliyev bəyan
edir ki, Azərbaycanın uğurlu gələcəyi
regionların inkişafı ilə bağlıdır.
Bu
deyilənləri bizə müasir Azərbaycan dövlətinin
banisi Heydər Əliyev öyrətmişdir. Sözləri və
əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və
inkişaf etdirmək harada yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlının milli borcu, şərəf
işidir.
Fikrət MÜTƏLLİMOV,
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin
həkim-ekspert terapevti
Xalq qəzeti.- 2012.- 9 iyun.- S. 3.