Azərbaycanın
xarici siyasəti ölkəmizin milli maraqlarına xidmət edir
Biz
beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi həmişə
olduğu kimi ifadə edirik.Hər bir məsələ ilə
bağlı bizim prinsipial, birmənalı mövqeyimiz
vardır. Bu mövqe ədalətə, beynəlxalq hüquqa
vəAzərbaycan xalqının milli maraqlarına əsaslanır.
Azərbaycan tərəfindən aparılan xarici siyasət nəticəsində
bu gün dünya miqyasında bizə çox böyük
inam və hörmət vardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Son zamanlar artıq elə bir həftə, elə bir
gün olmur ki, ölkəmiz hansısa beynəlxalq əhəmiyyətli
tədbirdə iştirak etməsin və ya paytaxtımızda hansısa nüfuzlu
rəsmi nümayəndə heyətini qarşılamayaq. 28 May - Respublika Günü münasibətilə ölkə rəhbərliyinin
ünvanına gələn
təbrik teleqramlarını imzalamış dünya
siyasətçilərinin çox böyük və nüfuzlu
bir siyahısının şahidi
olduq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu
gün Azərbaycanın böyük
nüfuza və hörmətə malik olduğunu artıq bütün dünya etiraf edir.
Neft
strategiyasının icrası nəticəsində Azərbaycanın
Avropa və bütövlükdə dünya ölkələri
üçün etbarlı tərəfdaşa çevrilməsi
günün reallıqlarından biridir. Bu zaman başqa bir məqamı
xüsusi vurğulamaq zərurəti var. Belə ki, bu gün
Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təmin edilməsində oynadığı xüsusi rola
görə Avropa İttifaqının etibarlı tərəfdaşına
çevrilib. Eyni zamanda Avropa iqtisadiyyatı ilə Asiya
iqtisadiyyatını bir- birinə qovuşduran (qloballaşma
dövründə bu amil mühüm əhəmiyyət kəsb
edir) Şanxay-London iqtisadi dəhlizinin
reallaşdırılmasına rəsmi Bakının verdiyi
töhfə hamı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan tərəfi bu layihənin həyata keçirilməsi
üçün Bakı- Tbilisi- Qars dəmir yolunun çəkilməsini
birmənalı şəkildə dəstəkləmiş və
yardımçı olmuşdur.
Bu gün regionda gedən ictimai-siyasi proseslərə münasibət bildirən dünya politoloqları daha çox iki məsələnin üzərində dayanırlar. Bunlar Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Hillari Klintonun region ölkələrinə səfəri və Bakıda 19-cu dəfə təşkil olunan "Xəzər neft, qaz, neftayırma və neft kimyası" beynəlxalq sərgi və konfransıdır. Bu məsələlər ilk baxışda bir-birindən kifayət qədər fərqli görünsə də, (xanım Klintonun səfəri sırf siyasi-diplomatik məzmunlu, adıçəkilən sərgi-konfrans isə iqtisadi və daha çox energetika xarakterli idi) əslində regionda marağı olan ölkələr üçün bir-birini tamamlayan məsələlərdir. Çünki, təkcə ABŞ deyil, eləcə də dünyanın əksər ölkələri Azərbaycanla əməkdaşlıq zamanı daha çox energetika sahəsinə önəm verirlər. Dövlət katibinin Qafqaz ölkələrinə səfəri çərçivəsində ölkəmizin ünvanına söylədiyi "Azərbaycanda kifayət qədər nailiyyətlər əldə olunmuşdur" ifadəsi ölkəmizdə görülən işlərə verilən yüksək dəyərdir. Adıçəkilən sərgi-konfrans isə daha çox iqtisadi məzmun kəsb eləsə də, əslində Heydər Əliyev neft diplomatiyasının mühüm tərkib hissələrindən biridir. Qeyd etdiyimiz kimi 19-cu dəfə təşkil olunan bu tədbirdə iştirak etmək üçün müraciət edən şirkətlərin sayı ildən-ilə artır.19 il əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Britiş Petroliumun birgə təşkil etdiyi bu sərgidə cəmi bir neçə şirkət iştirak edirdi. İndi isə sərginin iştirakçıları demək olar ki, dünya xəritəsinin bütün ərazilərini əhatə edir. Məhz bu əməkdaşlığın nəticəsidir ki,son 15 ildə ölkəmizə yatırılan xarici sərmayələrin məbləği 120 milyard dollara çatmışdır. Bu isə o deməkdir ki, dünyanın aparıcı ölkələrini təmsil edən nüfuzlu neft şirkətləri Azərbaycana külli miqdarda vəsait gətirib və məhz həmin səbəbdən bütün beynəlxalq təşkilatlar regionda sülhün və sabitliyin bərpasına,bütün münaqişələrin tezliklə həll olunmasına çalışırlar. ABŞ-ın dövlət katibi Hillari Klintonun İrəvanda səsləndirdiyi "Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqlarının alternativi yoxdur" - ifadəsi də məhz həmin istəkdən qaynaqlanırdı. İndi artıq heç kəs bizim regionda müharibənin yenidən alovlanmasını istəmir. Ermənistanın atəşkəsi tez-tez pozması dünya ictimaiyyətini ciddi narahat edir. İrəvanda yaxşı başa düşürlər ki, dünya ictimaiyyəti artıq Dağlıq Qarabağ münaqişəsinin həllində - özü də ədalətli həllində qətiyyətli və israrlıdır. Ona görə də Ermənistan apardığı uzunmüddətli işğalçılıq siyasətinin tamamilə nəticəsiz başa çatması təhlükəsini hiss edir və müəyyən dividendlərə nail olmaq üçün müxtəlif insidentlərə rəvac verir.
Xatırladaq ki,Hillari Klinton Bakıda öz həmkarı Elmar Məmmədyarovla birlikdə keçirdiyi mətbuat konfransında ermənilərin atəşkəsi tez-tez pozmasından narahatlıq ifadə edərək demişdir: "Bu məni çox narahat edir və gərginliyin artmasını istəməzdim.İnsan tələfatının qarşısı alınmalıdır. Sülhün təmin olunması üçün birgə çalışmalıyıq". Xanım Klinton Azərbaycanda energetika, təhlükəsizlik və demokratiya məsələləri üzrə danışıqlar aparıldığını və bu müzakirələrin nəticəsindən razı qaldığını söyləmişdir. Bu məqamda xüsusilə qeyd edilməli başqa bir məsələ də vardır. Belə ki, xanım Hillari Klinton Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə özünün Gürcüstan və Ermənistanda söyləmədiyi bir ifadəni dilə gətirmişdir: "Azərbaycan regionda mühüm rola malik ölkədir". Fikrimizcə bu, rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa verdiyi önəmin təzahürüdür. Yada salaq ki, Amerika Birləşmiş Ştatlarının tərəfdaşlıq və əməkdaşlıq etdiyi ölkələrlə münasibətdə çox ciddi kriteriyaları mövcuddur.
Bir sözlə, ölkəmizin yeritdiyi xarici siyasət kursu təkcə dövlətimizin qüdrətlənməsinə və dostlarımızın çoxalmasına deyil, həm də ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasına xidmət edir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 9 iyun.- S. 1.