Azərbaycanın yeni neft strategiyasının uğurları

 

"Ümid" strukturunda 10 saylı kəşfiyyat quyusunda qazma işləri vaxtından dörd ay əvvəl başa çatdırılmışdır

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının uğurları ilbəil artır. Xatırladaq ki, 1994-cü il sentyabr ayının 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin neft sənayesinin, bütövlükdə iqtisadiyyatının sürətli inkişafına imkan yaratmışdır.

 

"Əsrin müqaviləsi" XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün qoyulmuş təməl, bütün sahələrdə olduğu kimi, neft sənayesinin vacib sahələrindən olan qazma işlərində də yeni mərhələnin əsasını qoydu. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti istər xarici tərəfdaşlarla birlikdə, istərsə də müstəqil olaraq Xəzərin dərinsulu hissələrində yerləşən mürəkkəb qaz strukturlarında kəşfiyyat və qazma işlərini uğurla həyata keçirməyə başladı. Uzun fasilədən sonra "Ümid" perspektivli strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri 2010 cu-ilin payızında böyük müvəffəqiyyətlə nəticələndi. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar özüldən qazılan 8 saylı birinci quyuda güclü qaz axını alındı və beləliklə də, Xəzərin Azərbaycan sektorunda yeni bir qaz-kondensat yatağının mövcudluğu rəsmən təsdiqləndi. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olan "Ümid"də alınan nəticələr, həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Ən son texnika və texnologiyaların inteqrasiyasından bəhrələnən Azərbaycan qazmaçıları "Ümid" strukturunda 10 saylı kəşfiyyat quyusunda qazma işlərini vaxtından 4 ay əvvəl başa çatdıraraq daha bir tarixi uğura imza atmışlar.

Xatırladaq ki, "Ümid" sahəsi dənizin açıq hissəsində, sahildən 80 kilometr aralı, Bakı arxipelaqının şimal hissəsində, Xərə-Zirə adasından 45 kilometr cənub-şərqdə yerləşir. İlk dəfə Pliosen çöküntülərinə görə şimal-şərq istiqamətində uzanan "Ümid" antiklinal qırışığı (Andreyev küpəsi) 1953-cü ildə "əks olunan dalğa" üsulu ilə müəyyən edilmişdir. Sonrakı illərdə aparılmış seysmik işlər nəticəsində qırışığın morfologiyası dəqiqləşdirilmişdir. 1977-ci ildə sahədə dərin axtarış-kəşfiyyat qazmasına başlanılmış və 1996-cı ilə qədər strukturda 9 quyu qazılmışdır. Bu quyulardan üçü məhsul qatın V və VII horizontlarına çatdırılmışdır. Lakin, həmin quyular lazımi nəticələr vermədikləri üçün ləğv olunmuşdur.

"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı nəzərə alaraq ARDNŞ-in prezidenti Rövnəq Abdullayev "Ümid" perspektivli strukturunda axtarış kəşfiyyat işlərinin bərpa edilməsi barədə 168 nömrəli 7.12.2007-ci il tarixli əmr imzalamışdır. Əmrin icrası ilə əlaqədar strukturda qazılmış quyuların faktiki geoloji-geofiziki məlumatları aparıcı mütəxəssislər tərəfindən kompleks şəkildə yenidən araşdırılmış, açılmış kəsilişlər yaxınlıqda yerləşən "Bulla-dəniz" yatağındakı quyuların kəsilişləri ilə müqayisə edilmişdir.

Alınmış nəticələr əsasında qırışığın şimal-şərq qanadının tağa yaxın hissəsində 1 saylı özüldən 8 saylı axtarış quyusu məhsuldar qatın V və VII horizontlarının karbohidrogen potensialının qiymətləndirlməsi, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədilə 6500 metr dərinliyə layihələndirilərək 2009-cu il sentyabrın 12-də qazılmağa başlanmış və 2010 - cu il noyabrın 24-də qazma işləri uğurla başa çatdırılmışdır. Quyuda aparılmış kompleks geofiziki ölçü işlərinə əsasən məlum olmuşdur ki, yataq yüksək karbohidrogen potensialına malikdir .

Əldə olunmuş yeni geofiziki məlumatlara və Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə tərəfindən 13.1.2011-ci il tarixdə təsdiq olunmuş protokola əsasən, 1 saylı özüldən qazılmış 8 saylı axtarış quyusunun üzərindən irəli çəkməklə , maili-istiqamətləndirici qazma üsulu ilə "Ümid" strukturunun şimal-şərq qanadının tağa yaxın hissəsində 10 saylı kəşfiyyat quyusu 6500 metr dərinliyə layihələndirilmişdir. Ötən il iyul ayının 1-də ikinci quyuda qazma işlərinə başlanılmış, quyu istismar kəməri 6400 metr dərinliyə endirilib sementlənmişdir. Quyu ağzına kəmər başlığı quraşdırılmış və 1050 atmosfer təzyiqə kipliyə yoxlanılaraq aktlaşdırılmışdır.

Bu il aprel ayının 10-da quyu qazmadan qurtarmışdır. İyunun 8-də isə quyu perforasiya olunmuş və mənimsənilmişdir. Xatırladaq ki, quyu 6336-6356 metr intervalında məhsuldar qatın VII horizontunun (fasilə lay dəstəsinin analoqu) aşağı hissəsindən işə salınmışdır. Quyunun gündəlik verimi 1 milyon 200 min kubmetr qaz, 150 ton kondensat təşkil edir. Bu quyunun məlumatları "Ümid" yatağının zənginliyini və "Şahdəniz"dən sonra ölkəmizin ən böyük qaz ehtiyatına malik yataq olduğunu bir daha əyani şəkildə sübut etmişdir. Təsadüfi deyil ki, "Ümid" qaz yatağının açılmasına həsr olunmuş mərasimdə ölkə Prezidenti İlham Əliyev demişdir: "Ümid" yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu, onu göstəriri ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır... Mən çox şadam ki, "Ümid" yatağı ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl "Ümid"də gedən kəşfiyyat işlərinin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən ən böyük qaz yatağı aşkar olundu". Artıq "Ümid" yatağındakı zəngin qaz ehtiyatlarının rəsmən təsdiq olunması, eləcə də digər yataqlar üzrə aparılan uğurlu işlər Azərbaycanın dünyanın potensial qaz ölkəsi olduğunu tam təsdiq etmişdir. Təsadüfi deyil ki, hazırda dünyada reallaşdırılmaqda olan qaz ixracı layihələrinin iştirakçıları da ölkəmizin zəngin qaz ehtiyatlarına böyük ümidlə yanaşırlar.

Yeri gəlmişkən, "Ümid" strukturunda quraşdırılmış 1 saylı platforma son illər sürətlə inkişaf edən Azərbaycan neft sənayesinin təntənəsidir. Xatırladaq ki, platforma 6 qaz quyusunun qazılması üçün nəzərdə tutulmuşdur. Burada qazma işləri ABŞ və Çin Xalq Respublikasından alınmış müasir texniki-texnoloji tələblərə cavab verən, "top drive" mexanizmi ilə təchiz olunmuş, dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70/4500DZ qurğusu vasitəsilə həyata keçirilir. "Ümid" strukturunda yerinə yetirilən bu layihə Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən qaz proqramının vacib buraxılış obyektlərindəndir. Bu platforma milli sektorda Azərbaycan neftçilərinin öz gücü ilə quraşdırdıqları ilk unikal qurğudur. Platformada "Azəri Mİ" Drillinq Fluids LTD şirkəti ilə birlikdə neft əsaslı məhluldan istifadə etməklə qazma işi aparılır. Burada quraşdırılmış ötürmə qurğusu ilə 16 sayda parametr ARDNŞ-in və Kompleks Qazma İşləri Trestinin informasiya mərkəzinə verilir. "Ümid-1" platforması təkcə texnoloji proseslərin dünya standartlarına uyğunluğu, yeni texnologiyaların tətbiqi ilə deyil, işçilərin yaşayış şəraitinin ən yüksək səviyyədə təşkil olunması ilə də diqqəti cəlb edir. Belə ki, platformadakı otaqlarda müasir rabitə, televiziya, kompyuter, kondisioner sistemi, idman zalı fəaliyyət göstərir. Dəniz suyunu şirinləşdirən qurğu da işçi heyətin sərəncamına verilmişdir.

Yeri gəlmişkən, hazırda Kompleks Qazma İşləri Tresti üzrə axtarış-kəşfiyyat və istismar qazma işləri ARDNŞ tərəfindən təsdiqlənmiş plan-qrafikə müvafiq olaraq ölkəmizin quru və dəniz əraziləri üzrə Quba-Xəzəryanı, Aşağı Kür çökəkliyi və Abşeron neftli-qazlı rayonlarında, eləcə də dəniz akvatoriyasında Bakı və Abşeron arxipelaqları üzrə 25 strukturda həyata keçirilir. İlin sonunadək quru və dəniz sahələrində 142768 metr qazma işi aparılmalı, 78 quyu qazma ilə başlamalı, 85 quyu qazma ilə qurtarmalı, 88 quyu isə sifarişçiyə təhvil verilməlidir.

Cari ilin beş ayı ərzində planda nəzərdə tutulmuş 55730 metr əvəzinə, 56094 metr qazma işi görülmüş və plan-tapşırığına 100,7 faiz əməl olunmuşdur. Hesabat dövründə sifarişçiyə 32 quyu təhvil verilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 quyu çoxdur.

Yaxın vaxtlarda Kompleks Qazma İşləri Tresti tərəfindən,"Qoşadaş" strukturunda "Xəzər-6" üzən qazma qurğusu vasitəsilə Mezazoy (Təbaşir+Yura) çöküntülərinə layihə dərinliyi 3500 metr olan 1 saylı axtarış quyusunun başlanılacaq. Xatırladaq ki, "Qoşadaş" strukturu Bakı şəhərindən 50 kilometr məsafədə, Abşeron arxipelaqının şimal-qərb hissəsində yerləşir. Hələ ötən əsrin ortalarında bu rayonun Mezo-Kaynazoy çöküntülərinin neft-qazlılıq perspektivliyi tədqiqatçıların diqqətini cəlb etmişdir. 1945-1952-ci illərdə Xəzəryanı-Abşeron rayonunun akvatoriyası və Abşeron arxipelaqının şimal-qərb hissəsi geoloji-geomorfoloji və aerofotoplanalma ilə əhatə olunmuşdur. 1957-1977-ci illərdə burada seysmik-kəşfiyyat işləri aparılaraq ümumi dərinlik nöqtəsi üsulu ilə rayonun tektonikası öyrənilmişdir. "Qoşadaş" strukturunda ilk quyuda qazma işlərinin uğurla aparılması və Mezozoy çöküntülərinin neftlilik-qazlılığının öyrənilməsi neft sənayesi üçün son dərəcə vacib məsələdir.

Bundan əlavə, Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən "Bulla-dəniz" sahəsində də Kompleks Qazma İşləri Tresti tərəfindən yaxın zamanlarda 29 saylı dərin dəniz özülündən layihə dərinliyi 5800 metr olan 90 saylı kəşfiyyat quyusunda da qazma işlərinə başlanılacaqdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 12 iyun.- S. 4.