Bakıda Kərkük musiqiçilərinin çıxışı maraqla qarşılandı

 

Kərkük türkmanlarının Azərbaycanla sıx ədəbi, mədəni əlaqələrinin uzun illik tarixi var. İraqda yaşayan və müxtəlif dövrlərin çətinliklərinə baxmayaraq, öz milli varlığını, dilini və mədəniyyətinin yaşadan Kərkük türkləri bu gün Azərbaycana doğma və yaxın ölkə kimi baxırlar.

 

Bu fikirlər "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən ədəbi-bədii gecədə səsləndirilib.

Tədbir "Azərbaycan - İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi" adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində keçirilib.

Ədəbi-bədii gecədə İraqın Azərbaycandakı səfiri Heydər Şia əl-Bərəkə, millət vəkilləri Qənirə Paşayeva, Xanlar Fətiyev, Cavanşir Paşazadə, Musa Qasımlı, Etibar Hüseynov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu, Dr. Şəmsəddin Kuzəçi, tanınmış səhnə ustası İsmət Hürmüzlü, xalq şairi Zəlimxan Yaqub, "Türkmeneli" TV-nin xəbər müdiri Ali Makram Qarib və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan professor Qəzənfər Paşayev Azərbaycan - İraq ədəbi, mədəni, tarixi əlaqələrindən, tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, İraq - Azərbaycan dostluğu, qardaşlığı çox uzun illərə söykənir. Professor hələ sovet dövründə İraqda işləyərkən Kərkük türklərinin tarixi, folkloru, mədəni irsi ilə maraqlanmış, onların şifahi xalq ədəbiyyatını araşdırmışdır.

Millət vəkili Qənirə Paşayeva İraqla bağlı xatirələrindən danışaraq bildirib ki, İraq Azərbaycan xalqının dahi şairi Füzulinin, dünya şöhrətli böyük alimimiz Nəsirəddin Tusinin və daha neçə-neçə böyük azərbaycanlının uyuduğu məkandır. Azərbaycanla İraqı çox qədim və dərin köklərin və tellərin bağladığını deyən millət vəkili bildirib ki, Azərbaycanla İraq arasında əlaqələrin daha da möhkəmlənməsi üçün hər kəs əlindən gələni etməlidir.

Qənirə Paşayeva üzvü olduğu Azərbaycan-İraq Parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də söhbət açıb. Bildirib ki, sözügedən qrup İraqla Azərbaycan arasında əlaqələrin inkişafına böyük töhfə verir. Millət vəkili Kərkükdə azərbaycanlı sənətçilərin iştirakı ilə böyük bir tədbir təşkil ediləcəyini də diqqətə çatdıraraq bildirib ki, bundan əlavə, xalq şairi Zəlimxan Yaqubun "Kərkük" poeması yenidən çap edilərək İraqdakı soydaşlarımıza hədiyyə olunacaq, eyni zamanda, İraqın keçmiş deputatı, şair Fövzi Əkrəm Tərzioğlunun illər əvvəl yazdığı "Azərbaycan dastanı" kitabı da yenidən nəşr edilərək Azərbaycan oxucularına hədiyyə ediləcək.

Tədbirdə çıxış edən İraqın Azərbaycandakı səfiri H.Ş.əl-Bərəkə, millət vəkilləri Xanlar Fətiyev, Cavanşir Paşazadə və Sabir Rüstəmxanlı, xalq şairi Zəlimxan Yaqub və başqaları tədbirin əhəmiyyətini qeyd edərək Azərbaycanla İraq arasında əlaqələrin inkişafından məmnunluqlarını diqqətə çatdırıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Sonra İraqın Azərbaycandakı səfiri Heydər Şia əl-Bərəkə, millət vəkili Xanlar Fətiyev, Dr. Şəmsəddin Kuzəçi, şair Fövzi Əkrəm Tərzioğlu, Türkməneli Kültür Mərkəzinin rəhbəri Mustafa Ziya, professor Qəzənfər Paşayev millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi adından Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafına verdiyi dəstəyə görə mükafatlarla təltif ediliblər.

Tədbir İraq türklərinin və başqa ölkələrdən, o cümlədən Azərbaycandan gələn mədəniyyət xadimlərinin ədəbi-musiqi proqramı ilə davam edib. Ədəbi-bədii gecədə Kərkük türklərinin türküləri səsləndirildi. Məşhur türkmən musiqiçisi İsmail Tərzioğlu Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə də bir duet oxudu. İraq Kərkük sənətçilərinin çıxışları, Ağalar Bayramovun söylədiyi şeirlər qonaqlar tərəfindən alqışlarla qarşılandı. Əməkdar artist Nuriyyə Əhmədova və Şəmistan Əlizamanlının " Ninnə yarim" mahnısını ifa etmələri tamaşaçılarda xoş ovqat yaratdı.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2012.- 12 iyun.- S. 6.