Sabirə yeni bir abidə
Alxan Bayramoğlu XX əsr Azərbaycan
ədəbiyyatı tarixinin aktual problemlərinin, o cümlədən
böyük mollanəsrəddinçi şairimiz Mirzə Ələkbər
Sabirin həyat və yaradıcılığının
öyrənilməsi sahəsində müntəzəm və
ardıcıl tədqiqat aparan ədəbiyyatşünas alimlərimizdəndir.
Bu baxımdan "Elm" nəşriyyatında çapdan
çıxan (Bakı, 2010) və müxtəlif vaxtlarda
ayrı-ayrı məcmuələrdə, jurnallarda, qəzetlərdə
işıq üzü görən məqalələrdən tərtib
olunmuş "Bənzərəm bir qocaman dağa ki..."
kitabına onun Sabir ədəbi irsi ilə bağlı tədqiqatlarının
yekunu kimi də baxmaq olar.
Kitabda
M.Ə.Sabirin elmi tərcümeyi-halının
yaradılması ilə bağlı məqalələr
mühüm yer tutur. Elə ilk məqalənin də adı
belədir: "M.Ə.Sabirin elmi tərcümeyi-halının
yazılmasına dair". Məsələ burasındadır
ki, indiyə qədər sabirşünaslar arasında daha
çox mübahisə törədən məqamlar da,
onların əldə etdikləri nailiyyət və uğurlar
da məhz böyük sənətkarın tərcümeyi-halı
ilə bağlı olan məsələlərdən
doğmuşdur. Beləliklə, Alxan Bayramoğlu elmi bioqrafiya
anlayışını hər hansı bir sənətkarın
həyat və yaradıcılığının öyrənilməsi,
yaxud həmin sənətkar barədə xatirə-memuar tipli
araşdırmaların aparılması kimi deyil, sənədliliyin
əsas götürülməsi kimi səciyyələndirir.
Eyni zamanda, o, özü də bu fikri sübut etmək
üçün gətirilən bəzi faktlar və dəlillərin
təhlili ilə Sabirin elmi tərcümeyi-halına yeni bir
işıq salır.
"M.Ə.Sabirin şeirlərində avtobioqrafik notlar" məqaləsini də bu baxımdan dəyərləndirmək lazımdır. Tədqiqatçı avtobioqrafik faktları özündə ehtiva etmək baxımından Sabir şeirlərini iki qrupa bölür: sırf avtobioqrafik səciyyə daşıyan şeirlər və dolayısı ilə şairin elmi tərcümeyi-halına aidiyyatı olan poetik nümunələr. Həmçinin tədqiqatçı, sadəcə olaraq, bölgü aparmaqla kifayətlənmir, həmin bölgünün doğru və dürüstlüyünü əyani nümunələr vasitəsilə təsdiqləyir. Bu mənada belə bir fikir hasil olur ki, tədqiqatçı yazılanları öyrənməklə, yazılanlara söykənməklə daha çox yazılmayan və deyilməyənləri yazmaq və demək istəmişdir. Ona görə də müəllifin "Bir məktub haqqında" məqaləsində Sabirin "Bəhlul" jurnalı ilə yaradıcılıq əlaqələrini dəqiqləşdirməklə onun elmi tərcümeyi-halının müəyyən tərəfinin tamamlanmasına çalışmasına da təsadüf kimi baxmaq olmaz.
Kitabdakı məqalələrdə müşahidə edilən digər istiqamət Sabir realizminin qüdrətini və Sabir satiralarının ideya-bədii xüsusiyyətlərini səciyyələndirməkdir. Şübhə yoxdur ki, Sabirin əsərləri mücərrədçilikdən çox uzaqdır və onlarda realist düşüncənin inikası daha qabarıqdır. Xalqın milli mənlik şüurunun formalaşdırılmasına bağlı olan arzu və ideallar Sabir realizminin gücünü və Sabir şeirinin ideya-bədii siqlətini göstərən mühüm faktlardan biri kimi səciyyələndirilir.
Sabir və mətbuat problemi həmişə Sabirşünaslığın qarşısında duran aktual problemlərdən olmuşdur. Təqdirəlayiqdir ki, bu məsələ Alxan Bayramoğlundan da yan keçməmişdir. O, "Sabir və "Şərqi-Rus", "Sabir və "Həyat" qəzeti, "On iki kişinin məclisindən "Molla Nəsrəddin" jurnalına", "M.Ə.Sabir və "İrşad" məqalələrində həmin məsələnin bəzi cəhətlərinə aydınlıq gətirmişdir. Belə ki, Sabirin "Şərqi-Rus" qəzetinin çapı ilə əlaqədar yazdığı mənzuməsi geniş və hərtərəfli təhlil edilmiş, şairin mətbuata münasibətinin ən incə məqamları üzə çıxarılmışdır. Başqa sözlə, Sabirin "Şərqi-Rus" qəzetində çap edilən mənzuməsi onun maarifpərvər şəxsiyyət obrazını yaradır.
"Həyat" qəzetində isə Sabir həm şair, həm də bir publisist kimi çıxış etmişdir. Əksər hallarda Sabir şair kimi təqdim, təqdir və təbliğ edilir. Buna onun özünün haqqı da var. Lakin Sabirin şairliklə yanaşı, bir publisistik fəaliyyətinin olması həm onu, həm də ədəbiyyat tariximizi zənginləşdirən faktlardandır. A.Bayramoğlu "Sabir və "Həyat" qəzeti" məqaləsində Sabirin "Həyat" qəzeti vasitəsilə şairlik və publisistik mövqeyini ortaya qoymasını kifayət qədər aydınlaşdırmış və ən ümdəsi bu mövqelərin xalqa xidmət baxımından üst-üstə düşdüyünü, birinin digərini tamamladığını nəzərə çatdırmışdır.
O ki qaldı, Sabirin "Molla Nəsrəddin" jurnalı ilə əlaqələrinə, təbii ki, bu məsələ sabirşünaslıqda kifayət qədər araşdırılmışdır. Kifayət qədər araşdırılmanın kökü isə Sabirin "Molla Nəsrəddin" jurnalından kənarda təsəvvür edilməməsinə bağlanır. Amma bu mövzunun qapanması da mümkün deyil və əslində, elə onun da səbəbi Sabiri "Molla Nəsrəddin" jurnalından ayırmağın mümkün olmamasıdır. Bütün bunlara baxmayaraq, Alxan Bayramoğlu da əldə etdiyi yeni faktlar əsasında öz sözünü söyləmişdir. Müəlllif Sabir poeziya məktəbinin məhz "Molla Nəsrəddin" jurnalı vasitəsilə formalaşdığını xüsusi vurğu ilə söyləyir. Bu isə əslində Sabirin satira üslubunun formalaşması demək idi. Sabirin istər "Molla Nəsrəddin" jurnalındakı şairlik fəaliyyəti, istərsə də "İrşad" qəzetindəki publisistik fəaliyyəti birbaşa öz millətinin gələcəyini düşünən sənət adamının fəaliyyəti demək idi.
"M.Ə.Sabir "Səda" qəzetində: qarşılıqlı əməkdaşlığın tarixindən", "Həqiqət" qəzetinin "həfteyi-ədəbi"sində", "Palanduz"çuların "Nizədar"ı" məqalələrində isə M.Ə.Sabirin "Səda", "Həqiqət" və "Günəş" qəzetləri ilə yaradıcılıq əlaqələri öz şərhini tapmışdır. Sabirin bu qəzetlərlə əməkdaşlığından danışılarkən şairin həmin mətbuat orqanlarında çap etdirdiyi ədəbi nümunələr təhlil olunur, həmin qəzetlərin Sabir yaradıcılığının inkişafındakı rolu dəyərləndirilir.
Kitabda sabirşünaslıq üçün yeni olan faktlara dair məqalələr də özünə xüsusi yer tutmuşdur. "Şairin şəxsi imzası" məqaləsində tədqiqatçının axtarışlarının nəticəsi olaraq ortaya çıxır ki, böyük sənətkarımızın şəxsi imzası "Ə.Sabir Tahirzadə" olmuşdur. "M.Ə.Sabirin naməlum müxbir yazıları" məqaləsində haqqında bəhs olunan yazılar öz xarakterinə görə müxbir yazıları olsa da, o dövrkü ictimai-sosial həyatın ümumi mənzərəsini yaratmaq baxımından səciyyələndirilir. "M.Ə.Sabirin "Təşəkkür" məktubu", "Bir görüşün tarixçəsi", "M.Ə.Sabirin naməlum məqaləsi: Cümə", "Xatirə şəklinin tarixçəsi", "Sabirin bir fotoşəkli haqqında" məqalələri də məhz bu qəbildəndir. "Xatirə şəklinin tarixçəsi" məqaləsində müəllif M.Ə.Sabir, M.Hadi və maarifçi ziyalı Əbdürrəhman Tofiq Əfəndizadənin 1910-cu ildə birlikdə çəkdirdikləri şəklin əhəmiyyətindən danışır. Yəni böyük sənətkarın həyatının hər hansı bir anının foto vasitəsilə təcəssümü onun bioqrafiyasının mühüm nöqtəsi kimi mənalandırılır. "Sabirin bir fotoşəkli haqqında" məqaləsinə gəldikdə isə həmin məqalədə 1910-cu il mayın 30-da Balaxanı məktəbində buraxılış mərasimi keçrildiyi gün Sabirin məşhur xeyriyyəçi H.Z.Tağıyev və başqaları ilə çəkdirdiyi şəklin sirlərindən bəhs olunur. Yəni Sabirin öz həyatını səmərəli məsələlərə həsr etməsinin real mənzərəsi gözlərmiz qarşısında canlanır.
Kitabda Sabir və ümumazərbaycan mədəniyyəti problemi də bir neçə məqalədə öz ifadəsini tapmışdır. "M.Ə.Sabir və Şamaxıda açılan ilk müsəlman kitabxana-qiraətxanasının tarixindən", "Bir daha "Nur" qiraətxanası haqqında", "M.Ə.Sabir və Azərbaycan müəllimlərinin ilk iki qurultayı", "Müəllimlik hüququndan "Ümmid" məktəbinə qədər", "M.Ə.Sabir və ibtidai məktəb", "Sabir Balaxanı məktəbində" məqalələri bu qəbildəndir, ictimai həyatda da yenilik axtarışında olduğu bir daha sübut edilmişdir.
Kitabda yazıçı və ədəbi mühit problemləri də geniş yer tutmuşdur. "Bir münasibət haqqında, yaxud M.Ə.Sabir və Şamaxı mühiti" məqaləsi birbaşa həmin problemlə əlaqədardır. Məqalə Sabirin Şamaxı qazısı Hacı Məcid əfəndinin ölümü münasibəti ilə yazdığı mərsiyə ətrafında gedən müzakirələrə həsr edilmişdir. "Sabir müasirlərinin gözü ilə" məqaləsi birbaşa müasirlərinin Sabir haqında olan fikir və mülahizələrinin təhlilinə yönəlsə də, yazıçı və ədəbi mühit probleminin başqa bir yöndən işıqlandırılması deməkdir. "Tiflisdə Ü.Hacıbəyovun M.Ə.Sabirlə görüşü" məqaləsində isə C.Məmmədquluzadə və Həmidə xanımın dəvəti ilə Tiflisə müalicəyə gedən Sabirin orada Ü.Hacıbəyovla görüşü yalnız XX əsrin əvvəllərinin hadisəsi kimi deyil, bundan daha artıq dərəcədə Azərbaycan ədəbiyyatı tarixinin nadir faktlarından biri kimi təqdim olunur.
Kitabdakı bir sıra məqalələrdə C.Məmmədquluzadə və Sabir dostluğuna xüsusi nəzər yetirilmişdir. Müəllif Mirzə Cəlilin Sabirə qayğısının intəhasızlığını tarixi bir örnək kimi canlandırır və Sabirin bununla bağlı etiraflarını tarixi etiraf kimi dəyərləndirir.
Alxan Bayramoğlunun kitabında M.Ə.Sabir əsərlərinin nəşri və tədqiqi məsələlərinə də diqqət yetirilmişdir. "M.Ə.Sabirin "Seçilmiş əsərləri", "Hophopnamə"nin daha təkmil akademik nəşri, "Sabir poeziyasının qafiyə lüğəti", "Çoxillik elmi axtarışların nəticəsi", "Səmərəli təşəbbüsün məhsulları", "Sabirşünaslıqdakı bir yanlışlıq haqqında" məqalələri məhz həmin məsələləri əhatə edir. Tədqiqatçı istər Sabir əsərlərinin nəşrindən, istərsə də Sabirin həyat və yaradıcılığının öyrənilməsindən bəhs edərkən əsas diqqəti Sabir şəxsiyyətinin ucalığına yönəltmişdir. Ona görə də filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa ki..." kitabını şairin 150 illik yubileyi ərəfəsində Sabirə ucaldılmış yeni bir abidə kimi də dəyərləndirmək olar.
Kamran ƏLİYEV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.-
10 iyun.- S. 7.