Hazırkı şəraitdə fəlsəfə elmi və onun qarşısında duran vəzifələr

 

SSRİ-nin süqutundan sonra kommunizm ideologiyası iflasa uğradı və cəmiyyət bir müddət ideoloji vakuuma məruz qaldı, surroqat ideyalar meydana gəldi. Cəmiyyətdə baş verən boşluqlardan istifadə edən bir sıra qüvvələr öz ideyalarını cəmiyyətə təlqin etməyə çalışır və bununla da ictimai fikrə müəyyən təsir göstərərək hətta siyasətin də istiqamətini özlərinin istədikləri səmtə yönəltməyə səy göstərirdilər. Yaxşı ki, bu hal uzun sürmədi və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bütün sahələrdə olduğu kimi, ideologiya sahəsindəki mövcud xaos və özbaşınalıq da aradan qaldırıldı. O dövrün ikinci bir xüsusiyyəti bundan ibarət idi ki, keçmişdə yaxşı-pis nə varsa, hamısı "tənqidin divanı qarşısında dayanır, yaşamaq, yaxud məhv olmaq dilemması qarşısında dayanmalı olurdu" (F. Engels). Bu da çox uzun sürmədi və milli mənəvi dəyərlərimizdə yaxşı olan rasional cəhətlər öz həqiqi qiymətini almış oldu.

 

O dövrün çox mühüm fərqləndirici cəhətlərindən biri də öz ömrünü başa vurmuş fənlərin süni surətdə, heç bir hazırlıq tədbirləri görülmədən yenilərilə əvəz olunması idi. Məsələn, "Elmi kommunizm" "Politologiya" ilə, "Sov. İKP tarixi" "Vətən tarixi" ilə əvəzləndi və bu köhnə fənlərdən dərs deyən müəllimlər bir gecənin içində dönub oldular yeni fənlərin müəllimləri. Maraqlı burasi idi ki, həmin köhnə fənn kafedralarının müdirləri də dönüb yeni fənlər üzrə kafedra müdirlərinə çevrildilər.

Prezident Adminisrtasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, bizdə içtimai elmlər hazırda üç istiqamətdə inkişaf etdirilir; sosial-siyasi elmlər (politologiya, sosiologiya, iqtisad elmi); fəlsəfə (fəlsəfə, psixologiya, informasiya texnologiyası); dövlət idarəçiliyi nəzəriyyəsi və menecment.

Onu da deyək ki, bu elm sahələri hazırda tədricən formalaşır, onların tədrisi və tədqiqi məsələlərində xeyli çatışmazlıqlar olsa da yeni kitablar yazılır və kadrlar yetişdirilir. Doğrudur, bu elmlər sahəsində respublika hələ məktəb yaratmaq gücündə olmasa da, daim irəliyə nikbin nəzərlərlə baxır.

Akademik Ramiz Mehdiyevin "Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair" məqaləsində qeyd edildiyi kimi, ictimai elm sahəsində alimlər qarşısında bir sıra mühüm vəzifələr durur. Onlar, əvvəla, vətəndaşlıq mövqeyindən, ikincisi isə bir alim mövqeyindən problemə yanaşmalı və yeni Azərbaycan modelini irəli sürməlidirlər.

İctimai elm habelə:

 

- sosial sifarişlərə cavab verməlidir;

- gələcəyə dair proqnoz verməlidir;

- yeni konsepsiyalar irəli sürməlidir.

 

Bunun üçün azərbaycançılıq fəlsəfəsi və milli mentalitet dərindən öyrənilməlidir. Vətən elmi dünya elminin təcrübəsindən yaradıcılıqla istifadə etməlidir.

Fəlsəfə elmlərinin tədqiqi və tədrisi sahəsində köhnə marksist metodologiyanın yararsızlığı göz qabağındadır. Bu metodologiya ideoloji rəngə o qədər çox boyanmışdır ki, onun ideologiyadan təmizlənmiş halda tətbiqi belə mümkün deyildir. Onun aradan qaldırılması fəlsəfə elmləri sahəsində tədqiqatların inkişafına şərait yaradacaq və təhsilin daha da təkmilləşdirilməsinə səbəb olacaqdır.

Məlum məsələdir ki, fəlsəfə elmləri hazırda "elmlər elmi" vəzifəsini öz üzərinə götürməkdən uzaq olub konkret və mövcud insan problemilə məşğuldur. Başqa fənlərə və elmlərə münasibətdə fəlsəfə elmləri hələ də güclü mövqelərə malikdir və müəyyən mənada onlar üçün metodoloji əsas rolunu oynayır. Özünün fundamental metodoloji əsası olmadan digər elmlər üçün metodoloji baza rolunu oynamaq qeyri-mümkündür. Frensis Bekon metodu kompasa, mayaka, Rene Dekart isə alətə bənzədirdi. Ona görə də fəlsəfi tədqiqatlar müasir tələblərə cavab verə bilən möhkəm özüllər üzərində dayanmalıdır ki, başqa elmlərə də nümunə göstərə bilsin. Bundan başqa, hazırkı fəlsəfə nəyin birinci, əzəli, nəyinsə ikinci, törədilən olması məsələlərilə məşğul olmamalıdır. O, habelə mütləq müəyyən bir metodoloji mövqeyin mənafelərini gözləməməlidir. Tədqiq etdiyi problemdən asılı olaraq öz metodunu, yolunu seçməlidir. Bütün bunlar heç də "fəlsəfənin yoxa çıxması", "öz predmetindən məhrum olması" və s. haqqında mövcud olan iddialara haqq qazandırmır, əksinə, fəlsəfə elmlərinin daha da çiçəklənməsi və təkmilləşməsi vəzifəsini irəli sürür.

Belə olan təqdirdə müasir fəlsəfənin tədqiqi və tədrisi aşağıdakı suallara cavab verilməsini tələb edir: Marksist metodologiyanın nöqsanlı cəhətləri hansılardır və onu nə əvəz etməlidir?

Hər şeydən əvvəl bu metodologiya inzibati-amirlik dövründən qaldığına görə başqa metodoloji yanaşmalara dözmür, özünün yeganə elmi həqiqət kimi qəbul edilməsinə çalışır. Ona görə də o, yeni, plüralist işlək və çevik bir metodologiya ilə əvəz olunmalıdır. Bu metodologiya ilə işləməyin çətinliyi özünü fəlsəfə elminin inkişafında və tədrisində daha qabarıq şəkildə göstərir. Əslində, hər hansı bir fəlsəfi problemin təhlilində marksist metodologiyanın tətbiqi şübhəyə əl yeri qoyur. Məsələn, fəlsəfi fikrin qiymətləndirilməsinə və roluna münasibətdə marksizm Avropa sentrizmə yaxın mövqedə özünə yer eləmişdir. Avropada və İslam Şərqi ölkələrində orta əsrlərdə fəlsəfənin vəziyyəti eyniləşdirilir, hər iki halda onların "dinin kənizi" olduğu fikri əsaslandırılırdı.

Bu, doğrudan da, Qərb ölkələrində belə olmuşdur. Oradakı filosofların əksəriyyəti kilsə xadimləri (patrisilər) olduqları üçün dinə xidmət etməyə, dini yazıları şərh etməyə, onlara şərhlər yazmağa məcbur idilər. Bununla belə, bu ölkələrdə ayrı-ayrı hallarda mövcud olan azad fikirliliyi də inkar etmək olmaz. İslam Şərqi ölkələrində isə filosofların əksəriyyəti həm də təbiətşünas idilər və dinə elə də möhkəm tellərlə bağlanmamışdılar. Ona görə də burada çoxlu fəlsəfı cərəyanlar yaranıb inkişaf etmişdi. Onların tərkibində isə müstəqil düşüncəyə və azad fıkirliliyə malik olan ideyalar xüsusi yer tutur. Doğrudur, bu ölkələrdə də dinə qarşı çıxanları ciddi şəkildə cəzalandırırdılar, amma bunların vəziyyətini xristian Avropasındakı fılosofların vəziyyətilə eyniləşdirmək olmaz. Onu da deyək ki, Azərbaycan alimləri arasında da hazırda bu sahədə vahid nöqteyi-nəzər yoxdur. Onların da əksəriyyəti köhnəlmiş marksist metodologiyanın tərəfdarı kimi çıxış edir. Halbuki bu sahədə yeni istiqamətin nümayəndələri (Z.Məmmədov, A.Şükürov, Ə.Tağıyev, A.Bəşirov, N.İsayev, Y.Türkel və b.) özlərinin ayrı-ayrı əsərlərində bu konsepsiyanın əsassızlığını sübuta yetirən xeyli yazılar çap etdirmişlər. Bu problemdən heç də az əhəmiyyət kəsb etməyən digər bir fəlsəfi-sosial problem isə dövr və onunla bağlı olan məsələlərin qiymətləndirilməsidir.

Dövr tarixi inkişafın müəyyən pillələrinə deyilir. Dövrü təyin etmək üçün onun mərkəzində dayanan qüvvələri üzə çıxarmaq lazımdır. Marksizimdə bu dövrün həlledici siniflərinin tapılması şəklində həll olunurdu. Yəni hər bir dövr müəyyən ictimai-iqtisadi formasiyadan ibarətdir və onun hərəkətverici qüvvələri mənafeləri bir-birinə zidd gələn siniflərdir. Bu konsepsiya dövrün müəyyən etaplara (məsələn, cahilliyə və mədəniyyətə, tarixdən qabaq və tarixdən sonrakı, industrial və texnotron mərhələlər və s.) bölünməsini nəzərə almamaqla yanaşı, həm də tarixdə etnosların rolunu və yerini də inkar edir. Halbuki hər bir etnosun özü müəyyən siniflərin məcmusudur. Tarixi dövrün müəyyən pilləsində bu və ya digər etnos passionarlıq pilləsinə qalxır, tarixi inkişafı irəliyə və yaxud geriyə aparan amil kimi çıxış edir. Viko Canbatista özünün irəli sürdüyü" "tarixi dövran nəzəriyyəsində" qeyd edir ki, xalqlar öz inkişaflarında üç dövrü - uşaqlıq, gənclik və yetkinlik dövrünü yaşayırlar. Onların bu hərəkəti tsiklikvari xarakter daşıyır və tamamlanandan sonra yenidən təkrar olunur. Hər bir tarixi dövrün mərkəzində müəyyən bir etnosun dayanmalı olduğu fikri hazırda özünə formasion konsepsiyaya nisbətən daha çox tərəfdar toplamışdır. Bu sahədə maraq doğuran digər kardinal bir problem maarifçiliyə münasibət məsələsidir. Azərbaycan maarifçliyinin özünəməxsus xüsusiyyətləri, onun "burjua məfkurə"sindən daha çox xalqın ümumi mənafeyinə xidmət etməsi, məsələn, heç bir sinif və zümrə tanımadan yalnız xalqın mənafeyini güdməsi və s. məsələlər Azərbaycandakı maarifçiliyi Qərbdəkindən və Rusiyadakından fərqləndirirdi. Sadəcə bir faktın göstərilməsi kifayətdir ki, ruslar Azərbaycana gələndə burada ağa-bəy və kəndli münasibətlərinin Rusiyadakı təhkimçilik hüququna oxşamadığını, hətta onun tam əksi olduğunu gördülər. Burada hətta kəndlilər öz bəylərinə görə qan davası kimi şəxsi bir işdə də öz bəylərinin tərəfində dururdular. Ona görə də söhbət maarifçilikdən gedəndə eyni reseptlərdən istifadə etmək olmaz. Burada da yeni metodologiya tətbiq olunmalıdır.

Fəlsəfə tarixində marksizm dinə və idealizmə eyni nəzərlərlə baxdığından seçilən əvvəlki mövqelərdə artıq öz əhəmiyyətini itirmişdir. Əgər idealizm elm deyilsə, onda belə çıxır ki, Platon və Hegel kimi filosofları fəlsəfə tarixindən çıxarmaq lazımdır? Onu da deyək ki, Sovet dövründə ənənəvi tədris olunan "Elmi kommunizm" fənni sonralar "Politologiya" ilə, "Tarixi materializm", "Sosiologiya" və qismən "Sosial fəlsəfə" ilə əvəz olundu. "Dialektik materializm" problemlərinin əksəriyyəti isə heç bir dəyişiklik edilmədən asanlıqla "fəlsəfə" və "sosial fəlsəfə" dərsliklərində özlərinə isti yer tapdılar. Problemləri çətinləşdirən və qəlizləşdirən də elə budur. Adları çəkilən fənlərin əksəriyyəti öz predmet və obyektlərini müəyyən etməyə çalışırdılar və müəyyən mənada ona nail də oldular. "Sosial fəlsəfə" isə öz sərhədlərini hələ indinin özündə də müəyyən edib qurtarmamışdır. Bir də görürsən ki, siyasi fəlsəfənin, politologiyanın və sosiologiyanın, hətta hüquq elminin problemləri sosial fəlsəfənin nümayəndələri kimi çıxış etməyə çalışırlar. Bütün bunlar onu göstərir ki, "fəlsəfə" fənninin tədrisi sahəsində bir yığım problemlər toplanıb qalmışdır və onlar öz həllini gözləyir. Bu problemlərin yeni təfəkkür mövqeyindən qiymətləndirilməsi söz yox ki, cəmiyyətdə mövcud olan konservativ əhval-ruhiyyənin ciddi müqavimətinə səbəb olacaqdır. Məsələn, fəlsəfi problemlərdən olan insanın və təbiətin yaranması və inkişafi haqqında təkamül nəzəriyyəsinin son illərdə getdikcə daha çox tənqidə məruz qalması, katastrofiar, yuniformizm, kataklizmlər nəzəriyyəsinin fəallaşması insanların təkamül yolu ilə meymunlardan əmələ gəlməsi fikrini şübhə altına alır. Bir növdən digər növün yaranması ehtimalının sıfra yaxınlığının sübut olması insanın mənşəyinə dair dini konsepsiyaya inamının güclənməsinə səbəb olur. Ümumiyyətlə, dinə və idealizmə qarşı tutulmuş əvvəlki mövqelərdən əl çəkməyimiz zəruridir. Noosfera nəzəriyyəsi, elmi-texniki tərəqqinin son nailiyyətləri bir ölçülü zaman və üç ölçülü məkan anlayışlarının da köhnəldiyinə dəlalət edir. Heyvan sürüləri içərisində sosial birliklərin yaranması, onların təkmil ünsiyyət aparatına, əmək və nitq elementlərinə malik olması bunu sübut edir.

Hər il noyabrın 21-i YUNESKO tərəfindən "Fəlsəfə günü" kimi qeyd olunur. Bu, BMT-nin fəlsəfəni bu tezlikdə dəfn etmək istəyənlərə ən yaxşı cavabıdır. Yəni fəlsəfənin mövqeləri dünya miqyasında hələ möhkəmdir və ona qarşı edilən hücumlar əbəsdir. Fəlsəfə insan idrakının qüdrətli ağacında bitmiş ətirli bir meyvə kimi hələ çoxlarını məst edəcəkdir. İki əsrin qovşağında baş verən sosial-siyasi proseslər və onların xalqımızın həyatındakı əksi bütün ictimai həyat sferaları əhatə edir. Dünyanı əhatə edən demokratiyanın "yeni üçüncü dalğası" (S.Hantinqton) bizim respublikadan da yan keçmədi: demokratiya və müstəqillik hərəkatı xalqın siyasi-mənəvi həyatına təsir edib, onda yeni stereotiplər yaratdı. İnsanlar bütün sahələrdə köhnəlmiş və öz ömrünü başa vurmuş yığın-yığın problemlərə qarşı sanki müharibəyə başladı. Yeniləşmə meylləri və ab-havası hər yanı bürüdü. Bütün bu deyilənlər tədris və onun problemlərini də əhatə etdi. Tədrisi milli zəmin üzrə keçirmək onun qarşısında duran başlıca məsələyə çevrildi.

Fransız alimi və dramaturqu Roston qeyd edirdi ki, qalib gəlmək üçün qarşı-qarşıya durmuş orduların silahlarından daha çox onların fəlsəfəsi kara gəlir. Deməli, qarşıdakı düşmənin "fəlsəfəsini" bilməklə onu tərkisilah etmək mümkündür. Bu mənada işğala məruz qalmış bir xalq kimi qarşımızda dayanınış hiyləgər və qan düşməninin fikir və ideyasını ("fəlsəfəsi"ni) qavramaq üçün bu gün bizə fəlsəfə daha çox lazımdır.

Qədim və antik dövrlərdən üzü bəri dağların, çayların və daşların arasından süzülə-süzülə və çağlaya-çağlaya axıb gələn bir hikmət bulağı, müdriklik elmi var. Ona fəlsəfə deyirlər. Bu həmin fəlsəfədir ki, vaxtilə elmlər elmi rolunu oynamış, əsas elmləri özündə cəmləşdirmişdir. Lakin zaman keçdikcə həyat mürəkkəbləşmiş, problemlər artmış, onun da nəticəsində fəlsəfənin ana qoynunda yeni yaranan bir çox elm sahələri müstəqillik statusu almışdır. Ailədə qızlar böyüyüb öz doğma ocağını tərk etdiyi kimi, bu elmlər də yeni evlərə köçmüş və məşğul olduğu sahələri bir növ özlərilə bərabər cehiz aparmışlar. Lakin bu proses intəhasız davam edə bilməzdi. Xoşbəxtlikdən, fəlsəfə yenidən bu əzablı yolları keçməli olmadı. Daha doğrusu, bütün bunlara heç onun ehtiyacı da yox idi. Çünki fəlsəfənin predmeti sahəsinə daxil olan əbədi problemlərin hələ heç də hamısı tükənib qurtarmamışdır. Ona görə də son illərdə bir sıra ziyalılaların və eləcə də bir sıra filosofların özlərinin "fəlsəfə elmdirmi" sualı ilə geniş oxucu auditoriyasına müraciət etmələri təbii ki, heç bir uğur qazanmadı və əksəriyyətin çox ciddi iradları ilə üzləşdi. Elə isə bəs müasir fəlsəfə və yaxud son illərin fəlsəfəsi nə ilə məşğul olmalıdır? Onun obyektini və predmetini nə təşkil edir? Müasir fəlsəfənin qarşısında nə kimi problemlər və vəzifələr durur? Onları, ümumiyyətlə, həll etmək olarmı?

Bütün dövrlərin, eləcə də yeni, ən yeni və müasir dövrün mərkəzində duran bir problem var - insan problemi. Bu problem bütün elmlərin, o cümlədən fəlsəfənin nəinki predmetinə, hətta onun əsas məsələsinə daxildir. İnsan problemi fəlsəfənin öyrəndiyi əbədi problemlərdən sayılır. Ona görə də akademik V.İ.Vernadski yazırdı ki, fəlsəfə həmişə insan fikrinin elə əbədi problemlərinə toxunur ki, onlar barədə heç vaxt son söz deyilə bilməz. İndi dünyaya yeni baxış, baş verən hadisələrin yeni fəlsəfi dərki məlum stereotiplərin ehkamçı təsəvvürlərini dağıtmaqdadır. Bəşəriyyət bütün gərgin, böhranlı anlarda yeni ideyalara böyük ehtiyac duymuş, zamanın nəbzi ilə bir vurmayan ideyalardan imtina etmişdir. Belə hallarda fəlsəfə daim insanlara kömək etmiş, cəmiyyətin və tarixin inkişafına müəyyən yol göstərmişdir. Unudulmuş və yaxud arxa plana çəkilmiş insan probleminin yenidən fəallaşdırılması metafəlsəfənin ən böyük xidmətlərindən biridir.

Akademik İ.T.Frolovun yazdığı kimi, bizim tarixdə itirib-tapmağa səy göstərmədiyimiz problemlərdən ən başlıcası elə insan probleminin özüdür. İnsan probleminin vacibliyi fəlsəfənin rol və əhəmiyyətini daha da artırır. İnsan fəlsəfəni öyrənməklə nikbin və mübariz olur. Məna və mahiyyətini daha düzgün dərk etmiş olur, nəhayət, mənəvi azadlıq əldə edir. N.A.Berdyayev yazır ki, o, fəlsəfəyə ona görə minnətdar olmuşdur ki, fəlsəfə onu darıxmaq əzabından, həyat kədərindən və digər yaramazlıqlardan xilas etmişdir.

Tarixdə ilk dəfə olaraq fəlsəfəyə tərif verən İ.Kant yazırdı ki, "fəlsəfə - nəzəri cəhətdən formulə edilmiş dünyagörüşüdür". İ.Kantdan əvvəl də fəlsəfəyə çoxlu təriflər verilmişdir. Bunların əksəriyyəti fəlsəfəni müdriklik elmi kimi qiymətləndirmişdir. Akademik V.İ.Vernadski yazır: "Elm fəlsəfənin qoynunda yaranmışdır. Mövcud olduğu min illər ərzində fəlsəfə qüdrətli insan zəkasını formalaşdırmış, insan ağlını dərin təhlildən keçirmişdir, insanlarının gələcəyi haqqında nəzəriyyəni formalaşdırmaq üçün mən də fəlsəfi təfəkkür aparatına müraciət etməli olmuşam, fəlsəfə hər şeydən əvvəl insanla, onun mənəviyyatı ilə, praktik fəaliyyətilə bağlıdır. İ.Kantın yazdığı kimi, müdriklik özünü ağıldan daha çox hərəkət obrazında büruzə verir. Ona görə də fəlsəfə insanın mənəvi orientasiyasını müəyyən edir, dünyanın dərk olunmasını və qiymətləndirilməsini ön sıraya çəkir. Fəlsəfə insanın mahiyyətini, onun haqqında olan həqiqəti, ondakı ən ümumini, ətrafına və özünə olan münasibətini öyrənir, İohann Qotlib Fixtenin yazdığı kimi "insan necədirsə, fəlsəfə də elədir".

Fəlsəfə xüsusi bir elm olduğundan, onun predmeti haqqında tarixən böyük mübahisələr getmiş, hətta bir sıra hallarda onun haqqında ciddi ədalətsizliklərə də yol verilmişdir. Vaxtilə "Elmlər elmi" (Aristotel, Dekart) rolunda çıxış edən fəlsəfəni sonralar az qala bir yana tullayanlar da tapıldı. Ondan qopub ayrılan elmlər artıq fəlsəfəni bir növ "bəyənmədilər", ona yuxarıdan aşağı baxmağa başladılar, necə deyərlər "bağa öz qınından çıxdı, onu bəyənmədi" prinsipi ilə hərəkət etməyə başladılar, Bunun səbəbi onda idi ki, fəlsəfə artıq "öz-özünü yedizdirəndən öz-özünü yeyənə" (İ.Barukke) çevrilmişdi. Predmet sahələrini paylamış, özü isə təxminən predmetsiz qalmışdır, bundan istifadə edən bir sıra mütəfəkkirlər fəlsəfəni "köhnəlmiş və öz ömrünü başa vurmuş elm" (O.Kont, M.Şlik, R.Karnap və b.) kimi qələmə verməyə başladılar. A.Şopenhauer və F.Nitsşe isə onu elmlər cərgəsindən silib, incəsənətə şamil etdilər. Bu meyl o qədər gücləndi ki, elmi ictimaiyyəti belə bir sual narahat etməyə başladı: "Fəlsəfə elmdirmi?" (A.İ.Nikifirov). Bu suallar fəlsəfənin ideologiyalaşmasının öz apogeyinə çatdığı bir vaxtda daha da kəskinləşdi və bu fəlsəfəyə qarşı aparılan mübarizənin qida mənbəyinə çevrildi. Lakin fəlsəfəni Kral Lirə çevirmək cəhdləri də insanları dünyagörüşündən məhrum etməyə səy göstərmək cəhdləri kimi iflasa uğradı. Fəlsəfə öz predmetini və tədqiqat obyektini qoruyub saxladı. Ancaq təəssüf doğuran bir cəhət də var ki, bəziləri hələ də bu iddiadan əl çəkmək istəmir, fəlsəfəni bir fənn kimi aradan qaldırmağa çalışır, onun tədris saatlarını azaldır: bu fəndən olan imtahan və məqbulları ləğv edirlər. Ən dözülməz hal isə aspirantura və dissertanturada fəlsəfə və bu fəndən olan minimumların aradan qaldırılmasıdır. Halbuki bu kimi tədbirləri insanları elmi dünyagörüşündən tərkisilah etmək səyləri kimi qiymətləndirmək olar və onlara dözmək olmaz.

Fəlsəfə bir elmdir və o tələb edir ki, onunla elm kimi rəftar olunsun. Fəlsəfənin bir xüsusiyyəti də onun metedioloji əsas rolu oynamasıdır. Əgər fəlsəfə olmasa ictimai-humanitar elmlər üçün bu rolu nə oynamalıdır?

Bütün bu deyilənlər belə bir hökm verməyə əsas verir ki, fəlsəfə bir elm kimi daim insanı, təbiəti və cəmiyyəti öyrənmiş və bu sahədə qarşıya çıxan suallara cavab verməyə çalışmışdır. Fəlsəfə indi də özünün köhnə mövqelərini qoruyub saxlamaq iqtidarındadır və özünün tədqiqat obyektində yeniləşmə hərəkatı ilə bağlı daim müəyyən dəyişikliklər edir.

İctimai elmlər sahəsində, xüsusilə də fəlsəfə sahəsində irəli sürülən və qarşıya qoyulan məqsədlərdən birini də "Xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələlərin yenidən azəvbaycançılıq məfkurəsi mövqeyindən araşdırması təşkil edir". Şərq-Qərb dəyərlərinin gah qovuşduğu, gah ayrıldığı, gah simbioz bir vəziyyət təşkil etdiyi bir məkanda yerləşən Azərbaycan, onun mədəni-mənəvi və fəlsəfi irsi ictimai-siyasi fikir strategiyasında diqqət mərkəzində saxlanılmalıdır. Bu, Azərbaycanda ictimai elmlərin tədqiqi məsələləri ilə də bilavasitə bağlıdır. İctimai elmlərdən biri olan fəlsəfə elmləri sisteminə daxil olan sosiologiya, politologiya, etika, estetika, kulturologiya elmləri sahəsində mövcud geriliyi aradan qaldırmaq üçün konkret tədbirlər sistemi işlənib həyata keçirilməlidir. Bunun üçün kadr hazırlığı xüsusi əhəmiyyət kəsb edir, onların kəmiyyət və keyfıyyəti artırılmalı, tərkibi gəncləşdirilməlidir. Bu məqsədlə müvafıq elmi tədqiqat institutlarında müdafıə şuraları açılmalı, müdafiəyə təqdim olunan dissertasiyalar qarşısında mühüm tələblər qoyulmalıdır. İctimai və humanitar elm sahələrində keçmiş Sovet metodologiyası ənənələrinin milli maraqlara uyğunlaşdırılması, o cümlədən azərbaycançılıq fəlsəfəsi əsasında formalaşdırılması, yeni prinsiplərlə əvəzlənməsi dövrü gəlib çatmışdır. Bu, şübhəsiz ki, heç də islam və türkçülük dəyərlərini inkar etmir, əksinə, bu kontekstdə onları da özündə təcəssüm etdirir. Daha doğrusu, "humanitar və ictimai elm sahələrinin birgə fəaliyyəti sayəsində azərbaycançılıq məfkurəsinin konseptual elmi əsaslarının işlənməsi" zərurəti yaranınışdır. Bu spektrdə mövcud olan əsas istiqamətlərindən birini də Azərbaycan tarixini, arxeologiyasını, coğrafıyasını, mədəniyyətini, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, ictimai-fəlsəfı, sosial-hüquqi, ədəbi-bədii fikir tarixini, dilini, etnoqrafıyasını, folklorunu öyrənən ictimai və humanitar elm sahələrinin inkişafının təmin edilməsini təşkil edir. Akademik R.Mehdiyev "Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair" məqaləsində çox haqlı olaraq qeyd edir ki, fəlsəfı fıkir tariximizin yeni metodoloji mövqelərdən qiymətləndirilməsi və tədqiqi indi çox mühüm əhəmiyyət kəsb edir.

 

 

Əlikram TAĞIYEV,

Fəlsəfə elmləri doktoru,

professor, ADMİU-nun

Sosial-siyasi elmlər kafedrasının

müdiri

 

Xalq qəzeti.- 2012.- 10 iyun.- S. 5.