Azərbaycan uğurlu iqtisadi siyasət nəticəsində Cənubi Qafqaz bölgəsinin ən qüdrətli dövlətinə çevrilmişdir

 

Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Anibal Kavaku Silvaya

Hörmətli cənab Prezident!

Milli bayramınız - Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Portuqaliya xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 may 2012-ci il

 

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı təmin olunmuş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmişdir. İrihəcmli investisiyaların yönəldilməsi isə yeni müəssisələrin və yerlərinin açılmasına zəmin yaratmışdır. Prezident İlham Əliyev yeni yerlərinin açılması ilə bağlı demişdir: "Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır".

 

Dövlət başçımızın uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələn başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bununla bağlı həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq bölgələrin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda demişdir: "Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir. Beynəlxalq kredit agentlikləri böyük ölkələrin kredit reytinqlərini aşağı saldığı bir dövrdə, Azərbaycanın kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət qabiliyyətli şirkətlərin sayı artır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi demək olar ki, təmin edilibdir. Neft-qazdan asılılıq azalır. Özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Əgər neft-qaz yataqlarımızı və yaratdığımız nəqliyyat infrastrukturunu əlavə etsək görərik ki, gələcəkdə Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir...

İqtisadi sahə ilə bağlı mənim fikirlərim çıxışlarda, bəyanatlarda, konkret proqramlarda dəfələrlə ifadə olunub. Son illər ərzində Azərbaycanda müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. Ümumi daxili məhsulun üç dəfə artırılması, yoxsulluğun beş dəfə aşağı düşməsi. Sənaye müəssisələrinin, texnoparkların yaradılması, informasiya-kommunikasiya texnologiyalarının və sair digər sahələrin inkişafı. Yəni, iqtisadi blokla bağlı konkret istiqamətlər üzrə proqramlar vardır...".

Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən, elmi əsaslara söykənən iqtisadi siyasətin uğurlu nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən qüdrətli dövlətinə çevrilmişdir. İnkişaf templərinə və investisiya cəlbediciliyinə görə Azərbaycanın dünya ölkələri arasında nüfuzu və beynəlxalq iqtisadi qurumlar tərəfindən müəyyənləşən reytinqləri xeyli yüksəlmişdir.

Qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Birinci proqramın məntiqi davamı olan bu proqramda bölgələrin daha geniş miqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi və digər bu kimi tədbirlər öz əksini tapmış və onların uğurlu icrası yüksək iqtisadi nəticələrin əldə olunmasına imkan vermişdir. Ötən müddətdə bu proqram Azərbaycanın iqtisadi inkişafında xüsusi önəm kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, infrastrukturun, kommunal xidmətlərin daha da yaxşılaşdırılmasında, əhalinin rifah halının yüksəlməsində, yoxsulluq səviyyəsinin azaldılmasında xüsusi rol oynayır. Onu da qeyd etmək yerinə düşər ki, 2008-ci ildən başlayaraq dünyada baş verən qlobal iqtisadi böhran ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarının icrasına təsir edə bilmədi. Böhran bir sıra ölkələrdə iqtisadiyyatın durğunluğu, bəzi ölkələrdə isə tənəzzülə uğraması ilə müşayiət olundu. Azərbaycan isə qlobal böhranı kifayət qədər hazırlıqlı qarşıladı. Eyni zamanda, regional inkişaf proqramının icrası uğurla davam etdirildi və nəzərdə tutulan bütün layihələr vaxtında həyata keçirildi. Dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial-iqtisadi proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu növbəti dəfə əyani şəkildə sübut etdi.

Bu il fevralın 28-də "Baku Expo" Sərgi Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqram çərçivəsində görülən işlər müzakirə edildi, qarşıda duran vəzifələrə dair tapşırıqlar verildi, prioritet istiqamətlər müəyyənləşdirildi. Prezident İlham Əliyev konfransdakı giriş nitqində apardığı əhatəli təhlildə regional inkişaf proqramlarının dinamik inkişaf prosesindəki müstəsna rolunu bir daha önə çəkdi. Dövlət başçısı proqramın icra vəziyyətini yüksək qiymətləndirərək dedi: "Artıq üç ildir ki, ikinci dövlət proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də inkişaf davam etmişdir. İqtisadi sferada əldə olunan mühüm nailiyyətlər eyni zamanda, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının ölkə iqtisadiyyatının inkişafında oynadığı mühüm roldan xəbər verir.

Hazırda ölkəmizdə regional inkişafa xidmət edən kompleks tədbirlər uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Proqramın icrası nəticəsində 2004-cü ilin fevralından bu günə qədər 1 milyondan artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin yaradılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan məhsulların çeşidi artmış, ixracdan asılılıq azalmışdır.

Ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində atılan daha bir vacib addım Prezident İlham Əliyevin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"dır. Böyük əhəmiyyətə malik olan bu dövlət proqramı əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin birinci rübü ərzində ölkədə 25376 yeni, o cümlədən 20937 daimi iş yeri açılmışdır. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş ikinci Dövlət Proqramının icrasına başlandığı vaxtdan, yəni 2009-cu ilin əvvəlindən indiyədək açılan yeni iş yerlərinin sayı isə 266,1 mini ötmüşdür. Bunların 200,5 mini daimi iş yerləridir. Bu ilin birinci rübündə açılmış daimi iş yerlərinin 7,1 faizi yeni, 12,6 faizi mövcud, 0,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Yeni iş yerlərinin 65,3 faizi regionların payına düşmüşdür. Onların 17,8 faizi Aran, 10,5 faizi Gəncə-Qazax, 7,2 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda açılmışdır.

Prezident İlham Əliyevin bütün bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə Prezidenti 2012-ci ilin birinci rübü ərzində Gəncə şəhərində, Goranboy, Qusar, Quba, Salyan, Masallı və Astara rayonlarında, o cümlədən Bakı şəhərində bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə maraqlanmış, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından tanış olmuşdur. Dövlət Proqramının icrası ilə yerində tanış olmuş ölkə başçısı bu səfərlərin nəticəsi kimi Astara, Masallı, Cəlilabad, Salyan, Beyləqan, Kürdəmir, Qusar, Goranboy, Göygöl, Şəmkir, İsmayıllı, Balakən rayonlarının və Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.

Bu ilin birinci rübündə də regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi ilə makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunmuş, iqtisadiyyatda ÜDM-in həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz, əhalinin gəlirləri isə 12,3 faiz artmışdır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunmuşdur. ÜDM istehsalı qeyri-neft sektorunda 7,7 faiz, sənaye məhsulu istehsalında 16,5 faiz artmış, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,5 faizini təşkil etmişdir.

Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən regionlar üzrə vergi daxilolmaları 13,3 faiz artaraq 110 milyon manat olmuş, ümumi vergi daxilolmalarının 8 faizini, qeyri-neft sektoru üzrə daxilolmaların isə 14 faizini təşkil etmişdir.

Yaradılmış əlverişli investisiya mühiti 2012-ci ilin birinci rübündə də ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımını təmin etmişdir. Bu dövr ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2099,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizi daxili investisiyanın, 27,2 faizi xarici investisiyanın hesabına formalaşmışdır.

Bu dövr ərzində Gəncədə Alüminium zavodu kompleksi, Bakıda "Bakıelektrikşəbəkə" ASC-nin "Gənclik" və "İçərişəhər" yarımstansiyaları, Tədris Mərkəzi, Masallıda soyuducu anbar və istixana kompleksləri, Gənclər Mərkəzi, Qusarda rayon mərkəzi xəstəxanası və şahmat məktəbi, Heydər Əliyev Mərkəzi, Goranboyda mədəniyyət evi, şahmat məktəbi, 525 məcburi köçkün ailəsi üçün yeni məhəllə, Astarada rayon mərkəzi xəstəxanası, Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolları, Salyanda Kürsəngi-Yolüstü kəndarası avtomobil yolu, Uşaq Texniki Yaradıcılıq Mərkəzi istifadəyə verilmiş, Masallı şəhər su-kanalizasiya sisteminin, Gəncə Dövlət Filarmoniyası binasının və Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdur.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2012-ci ilin birinci rübü ərzində 481 sahibkarlıq subyektinə 49,1 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 2 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Güzəştli kredit vəsaitlərinin 86,3 faizi aqrar sahənin inkişafına, o cümlədən 72,5 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 13,8 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı komplekslərinin) yaradılmasına, həmçinin 12,3 faizi sənaye məhsullarının istehsalı və emalına və 1,4 faizi digər sahələrin inkişafına verilmişdir.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonu üzrə 221 layihəyə 19 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 67 layihəyə 3,9 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 34 layihəyə 3,3 milyon manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 9 layihəyə 596 min manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 28 layihəyə 11 milyon manat, Lənkəran iqtisadi rayonu üzrə 33 layihəyə 485 min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 34 layihəyə 375 min manat, Abşeron iqtisadi rayonu üzrə 6 layihəyə 5,1 milyon manat güzəştli kreditlər verilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 10 iyun.- S. 1.