Heydər Əliyev
müdrikliklə Azərbaycanın müstəqilliyini əbədiləşdirdi
1993-cü ilin 15 iyunu Azərbaycan
xalqının yaddaşında əlamətdar tarixə
çevrilib. Ulu öndər Heydər Əliyevin həmin
gün yenidən siyasi hakimiyyətə
qayıdışından sonra müstəqilliyimiz möhkəmləndi,
əbədi oldu. Ümummilli liderin tarixi
qayıdışı Azərbaycanı parçalanmaqdan xilas
etdi, qardaş qırğınına, vətəndaş
qarşıdurmasına son qoydu. Xalqın qanı bahasına
qazanılmış müstəqilliyimiz qorunub
saxlanıldı. Azərbaycan müstəqil dövlət kimi
demokratik inkişaf yoluna qədəm qoydu. Ölkədə
yaranmış xaos, anarxiya,
özbaşınalıq tədricən aradan
qaldırıldı.
...1988-ci
ildən başlayaraq Azərbaycanda dərinləşməkdə
olan ictimai-siyasi böhran kulminasiya nöqtəsinə
çatmışdı. Müdrik şəxsiyyət Heydər
Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən
və SSRİ Nazirlər Soveti sədrinin birinci müavinliyindən
istefasından sonra Azərbaycan sanki öz dayaqlarını
itirmişdi. Ölkəmizə qarşı ərazi
iddiasında olan ermənilər qüdrətli şəxsiyyət
Heydər Əliyevin nüfuzu, qətiyyəti
qarşısında aciz olduqlarından öz məkrli niyyətlərini
həyata keçirməyə cürət etmirdilər. Ulu
öndər Kremldən uzaqlaşdırılqdan sonra erməni
separatçıları və ermənipərəst qüvvələr
Azərbaycanın torpaqları hesabına "böyük Ermənistan"
yaratmaq ideyasını gerçəkləşdirmək istədilər.
Xalqlar arasında milli ədavəti
qızışdırmaqda, ayrı-seçkilik yaratmaqda ad
qazanmış Mixail Qorbaçovun yarıtmaz siyasəti, ermənilərə
himayədarlıq etməsi düşmənlərimizin Azərbaycana
qarşı olan ərazi iddiasına rəvac verdi.
SSRİ
dövlət başçısının o vaxtkı iqtisadi məsələlər
üzrə müşaviri Aqambekyan Parisdə olarkən Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq
Qarabağın Ermənistana verilməsinin iqtisadi cəhətdən
məqsədəuyğun olduğunu söyləmiş, bununla
da Ermənistan-Azərbaycan münaqişəsinin
alovlanmasına şərait yaratmışdı. Ermənilərə
himayədarlıq edən, bir respublikanın
torpağının digər respublikaya verilməsinə adi hal
kimi baxan M.Qorbaçovun Azərbaycanın ayrılmaz hissəsi
olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində
açıq şəkildə yardımçı olması
Ermənistan-Azərbaycan münaqişəsini daha da gərginləşdirdi.
Digər tərəfdən, 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərində respublikaya rəhbərlik etmiş
şəxslərin qorxaqlığı, vəzifələrini
qoruyub saxlamaq naminə Kreml rəhbərliyinin hər bir
tapşırığını can-başla yerinə yetirməsi
xalqı hiddətləndirirdi. Ölkə rəhbərliyinin
kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və
düşünülməmiş addımları Azərbaycanı
uçuruma daha da yaxınlaşdırırdı. Doğma
torpaqlarımızın bir-birinin ardınca düşmənlərin
əlinə keçməsinə göz yuman SSRİ rəhbərliyinin
ayrı-seçkiliyi xalqın istiqlaliyyət, azadlıq,
suverenlik istəyini daha da gücləndirdi.
Xalqın
etiraz dalğası artıq Kremlin divarlarını silkələmələməyə
başlamışdı. 1988-ci ildən başlayaraq ölkəyə
rəhbərlik edənlərin
ölçülüb-biçilmiş siyasi xətt yeridilməsi
əvəzinə, vəzifələrini əldə saxlamaq
üçün min oyundan çıxmaları ölkəni
ağır sosial-siyasi sarsıntılara gətirib
çıxarırdı. Kəskin siyasi münaqişələr
və silahlı toqquşmalar cəmiyyətin həyatında
adi hala çevrilmişdi. Əhalinin həyat səviyyəsinin
sürətlə aşağı düşməsi, kütləvi
işsizliyin meydana gəlməsi, sosial-iqtisadi və mədəni
böhranlar vəziyyəti daha da mürəkkəbləşdirmiş,
dözülməz vəziyyət yaratmışdı. Ə.Vəzirov
və A.Mütəllibov rejimlərinin milli maraqlarımıza
zidd siyasəti xalqın qəzəbini daha da
alovlandırırdı. Torpaqlarımızın ermənilər
tərəfindən işğalı xalqın səbr
kasasını daşdırdı.
Vətənpərvər,
Vətənini, doğma torpağını böyük məhəbbətlə
sevən millət kimi tanınan azərbaycanlılar
"Torpaqdan pay olmaz" tələbi ilə küçə
və meydanlara çıxdı, istiqlaliyyət, suverenlik,
müstəqillik uğrunda mübarizələrini
açıq şəkildə ortaya qoydular. Xalqın haqq səsini
ordunun gücü ilə, zorakılıq yolu ilə
susdurmağa, günahsız insanları qətlə yetirməyə
vərdiş etmiş Mixail Qorbaçovun qanlı əməlləri
Azərbaycandan da yan keçmədi. O, imperiya
qoşunlarını Azərbaycana göndərərək
misli görünməmiş qanlı faciə törətdi.
Küçə və meydanlara çıxan əliyalın
insanlar qanına qəltan edildilər. Azərbaycanın yeni
tarixinə "Qanlı Yanvar" kimi həkk olmuş bu dəhşətli
faciə həm SSRİ, həm də Azərbaycan rəhbərliyi
tərəfindən ört-basdır edilir, bu dəhşətli
hadisənin törədilməsində isə günahkar xalq
hesab olunurdu. 1990-cı il yanvarın 21-də müdrik şəxsiyyət
Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək bu dəhşətli faciə barəsində
dünyanın tanınmış kütləvi informasiya vasitələrinin
nümayəndələrinə ətraflı məlumat verdi,
qanlı olayın yaranma səbəblərini izah etdi.
...Azərbaycanda bir-birini əvəz edən hakimiyyət ölkədə xaos, anarxiya və özbaşınalığın qarşısını almaqda aciz qalmışdı. Cinayətkarlıq baş alıb gedirdi. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi və qətiyyətsizliyi, qeyri-qanuni silahlı qruplaşmaların soyğunçuluq və qarətdən əl çəkməmələri vəziyyəti getdikcə ağırlaşdırırdı. AXC-Müsavat iqtidarının naşılığı özünü açıq şəkildə göstərirdi. Onların birincilik uğrunda mübarizələri qardaşı-qardaşla üz-üzə qoymuşdu. Azərbaycanın beynəlxalq əlaqələri yox dərəcəsində idi. Ölkəmizi parçalamaqda maraqlı olan qüvvələr yaranmış qarışıqlıqdan istifadə edərək vəziyyəti daha da gərginləşdirirdi. AXC-Müsavat iqtidarında yaranmış fikir ayrılığı xalqın qanı bahasına qazanılmış müstəqilliyimizi məhv olmağa daha da yaxınlaşdırırdı. Belə bir şəraitdə xalqı öz arxasınca aparmağa qadir olan, müstəqilliyi məhv olmaqdan xilas edən və yaranmış ağır böhranı aradan qaldıra biləcək bir liderə böyük ehtiyac yaranmışdı. Xalq çıxış yolunu müdrik şəxsiyyət Heydər Əliyevdə görürdü. Çünki kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə də ulu öndər Azərbaycanı ağlasığmaz bəlalardan xilas etmişdi. Ona görə də Azərbaycanı düşdüyü vəziyyətdən ümummilli lider Heydər Əliyevdən başqa kimsənin xilas edəcəyinə inam yox idi. Ziyalılar, tanınmış ictimai-siyasi xadimlər, elm adamları Naxçıvana gedir, ulu öndərlə görüşür, xalqı düçar olduğu ağır bəladan xilas etmək üçün ölkəyə rəhbərliyə çağırırdılar. Müstəqilliyimizin uçuruma daha da yaxınlaşdığını görən ziyalılar ulu öndərə məktubla müraciət etdilər. 1992-ci ilin noyabrında yazılmış məktubda deyilirdi: "Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir.
Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribəsi budur ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir".
Ziyalılar öz müraciətlərində bildirirdilər ki, ölkə rəhbərliyinin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir.
Müraciətdə deyilirdi: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz..."
Daim ürəyi xalqı, Vətəni, milləti üçün döyünən ümummilli lider Heydər Əliyev ziyalıların müraciətini cavabsız qoymadı. Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasını vacib hesab etdi və belə bir partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirdi. 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Bakıda vəziyyət gündən-günə ağırlaşırdı. AXC-Müsavat iqtidarının bir-birinin ardınca buraxdığı ciddi səhvlər xalqı fəlakətə daha da yaxınlaşdırırdı. Belə səhvlərdən biri də hərbidə heç bir səriştəsi, təcrübəsi və savadı olmayan Surət Hüseynovun korpus komandiri, Prezidentin Dağlıq Qarabağ üzrə nümayəndəsi təyin olunması idi. Ölkəyə rəhbərlik iddiasına düşən S.Hüseynov qoşunları sərhəddən geri çağıraraq Bakıya yönəltmişdi. Rayonları bir-birinin ardınca öz nəzarətinə keçirən S.Hüseynov paytaxt Bakıya yaxınlaşmaq üzrə idi. Vəziyyətin son dərəcə ağırlaşdığını görən AXC-Müsavat iqtidarı Heydər Əliyevə ölkəyə rəhbərlik etmək, qarşıdurmanın qarşısını almaq üçün minnətçi düşdü. Hətta onun Bakıya gəlməsi üçün Naxçıvana xüsusi təyyarə də göndərdilər.
Xalqın təkidli tələblərindən sonra ulu öndər müstəqil Azərbaycana rəhbərlik etməyə razılıq verdi və Bakıya gəldi. İnsanların sabaha ümidi artdı, gələcəkdə firavan yaşamağa inam yarandı. Məhz bu inam xalqı yenidən özünə qaytardı, bugünkü sabitliyin, əmin-amanlığın hökm sürdüyü günlərə gətirib çıxartdı. Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi, qətiyyəti müstəqilliyimizi möhkəmləndirdi. Düşmən təcavüzü dayandırıldı, atəşkəsə nail olundu. Minlərlə vətən övladının həyatı xilas edildi, ordu quruculuğu işinə başlanıldı.
Ulu öndər düşmən təbliğatı nəticəsində Azərbaycanın dünya birliyindən təcrid edilməsinə yönəldilən informasiya blokadasını öz nüfuzu, gərgin siyasi fəaliyyəti sayəsində dağıtmağa nail oldu. Azərbaycan tədricən beynəlxalq aləmdə tanındı. Müdrik siyasi xadimin yenidən hakimiyyətə qayıdışı torpaqlarımıza göz dikən mənfur qonşularımızın, Azərbaycanı parçalayıb dünya xəritəsindən silməyə can atan xain qüvvələrin məkrli niyyətlərini ürəyində qoydu.
Azərbaycan tarixinə Böyük Qayıdış kimi əbədi həkk olunmuş 1993-cü ilin 15 iyunu hər bir azərbaycanlı üçün unudulmaz, şərəfli bir gündür. Həmin gündən başlayaraq Azərbaycan demokratik inkişaf yolunda qətiyyətli addımlar atdı. Dünyanın ən böyük, ən nüfuzlu şirkətlərinin investisiyalarını Azərbaycana yönəltməklə iqtisadiyyatımızın inkişafı üçün sarsılmaz bir zəmin hazırlandı.
Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri çoxdur. Xalqımız bugünkü firavan həyata, ölkəmizin adının dünyanın inkişaf etmiş dövlətlərinin adı ilə bir cərgədə çəkilməsinə, dünyada söz sahibi, güclü iqtisadiyyata, qüdrətli, nizami orduya malik olmasına görə Heydər Əliyevə borcludur.
Bu gün ulu öndərin siyasi strategiyası çox uğurla davam etdirilir, onun yarımçıq qalmış işləri müvəffəqiyyətlə həyata keçirilir. Ümummilli liderin əsasını qoyduğu milli birlik, ictimai-siyasi sabitlik, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyəti daha da inkişaf etdirilmiş, Azərbaycanın inkişaf tarixində yeni mərhələ yaranmışdır. Ulu öndər öyrədirdi ki, yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Bütün bunların həyata keçirilməsi üçün böyük siyasi xadim Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev fədakarlıqla çalışır. Azərbaycanın bugünkü inkişafı, dünya birliyində özünəməxsus yer tutması, regionda lider dövlətə çevrilməsi, iri infrastruktur layihələri reallaşdırmağa qadir müstəqil dövlət kimi tanınması möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz siyasi fəaliyyətinin bəhrəsidir.
Lütvəli ŞIXƏLİYEV,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının
üzvü, YAP
Saatlı rayon təşkilatının
sədri
Xalq qəzeti.- 2012.- 10 iyun.- S. 3.