Ana dilinə dövlət
qayğısı onun inkişafına real təminat yaradır
Milli varlıq və birliyin möhkəmlənməsində
mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni
zənginləşmə, elmi-texniki inkişaf
üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana
dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının
güzgüsüdür. Bu baxımdan hər millətin
inkişafında ən mühüm varlıq və yaşanma
amili olan dilin müstəsna rolu vardır.
Xalqımızın
ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya
dilləri içərisində öz layiqli yerini tutmasında
dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin
misilsiz xidmətləri olmuşdur. Son illərdə dilimizin
dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar
mühüm siyasətlə bağlıdır. Dilin
inkişafını iqtisadi nailiyyətlərdən
üstün tutan ulu öndərimiz yazırdı:
"İndi biz dilimizdə sərbəst
danışırıq və hər bir mürəkkəb
fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir
ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz
var, o da o qədər zəngindir ki, dünyanın hər bir
hadisəsini biz öz dilimizdə ifadə edə bilirik".
Bununla belə,
ana dili problemi bu gün
yenə də aktual olaraq qalır. Buna görə də dövlət tərəfindən
bu problemin həlli üçün müxtəlif tədbirlər
görülür. Azərbaycan müstəqillik
qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun
və qərarlar dilin inkişaf etməsi üçün
yollar açmışdır.
1995-ci il noyabrın 12-də qəbul
edilmiş müstəqil
dövlətimizin Konstitusiyasında
Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur.
Konstitutsiyanın 21-ci maddəsində
deyilir: "Azərbaycan
Respublikasının dövlət
dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını
təmin edir".
Ümummilli lider Heydər Əliyev müstəqillik
illərində Azərbaycan
dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində
də böyük işlər görmüşdür. Azərbaycan müstəqilliyini
qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması
ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir
zərurətə çevirmişdir.
Azərbaycan dilinin milli-mənəvi,
siyasi-hüquqi haqqının
bərpa olunması istiqamətində atılmış
vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərmanın
imzalanması olmuşdur.
Fərmanda Azərbaycan
dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu
kimi rolu və funksiyası göstərilmiş, on il ərzində onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən
keçirilmişdir. Eyni
zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək
onların aradan qaldırılması barədə
müvafiq tapşırıqlar
verilmiş və qəti olaraq 2001-ci il avqust
ayının 1-dən latın
qrafikalı Azərbaycan
əlifbasına keçilməsi
qərara alınmışdır.
Prezident
sərəncamında qeyd
olunur ki, müstəqilliyimizin qazanılmasından
sonra yaranmış tarixi şərait xalqımızın dünya
xalqlarının ümumi
yazı sisteminə qoşulması üçün
yeni perspektivlər açmış və latın qrafikalı
Azərbaycan əlifbasının
bərpasını zəruri
etmişdir. Bu amil isə dil
haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir. Sənəddə on ilə
yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına
keçid ölkəmizdə
2001-ci il avqust ayından bütövlükdə
təmin edilmişdir.
Yeni əlifbadan istifadənin müstəqil
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında,
yazı mədəniyyətinin
tarixində mühüm
hadisə olduğu nəzərdə tutularaq hər il
avqustun 1-nin Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi ayrıca Prezident fərmanı ilə qərara alınmışdır.
Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət
siyasətinin tərkib
hissəsi kimi yanaşırdı. Ulu öndər qeyd edirdi ki, xalqın,
insanın öz ana dilindən əziz bir şeyi
ola bilməz.
Məhz dilə dövlət səviyyəsində
belə yanaşmanın
nəticəsidir ki,
"Azərbaycan Əlifbası
və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 9 avqust
2001-ci il tarixli Prezident fərmanı ilə xalqımızın əlamətdar
bayramları sırasına
biri də əlavə olunmuşdur.
Ulu öndərin
ana dilinin taleyi barədə təməl düşüncələrini
şərtləndirən dil
quruculuğundakı ideya
istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış
vacib addımlardan biri də ulu
öndərin 2003-cü ildə
təsdiq etdiyi "Azərbaycan Respublikasında
Dövlət dili haqqında" Azərbaycan
Republikasının Qanunudur.
Bu qanunda Azərbaycan
dili müstəqil dövlətçiliyin əsaslarından
biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində
konseptual ideyalar irəli sürülmüşdür.
Belə bir qanunun qəbulu
ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən
dövlətin milli dil, milli kimlik
siyasətinin uğurla
aparılmasının nəticəsi
olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə
dövlət dili statusu qazandırmışdır.
Ölkə həyatında dilin
tarixi, müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması, hüdudlarının genişlənməsi
məsələləri daim
gündəmdə qalmaqla,
böyük dövlət
əhəmiyyəti daşıyır.
Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi
zənginliyini qorumağın
zəruriliyini çıxışlarında
hər zaman vurğulayır, dövlət
idarəçiliyində bu
zəruri şərtə
əməl etməyin
vacibliyini önə çəkirdi. Bununla yanaşı qeyd
edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi,
elmi-mədəni, fəlsəfi-intellektual
məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə
əksini tapa bilir.
Müstəqillik illərində Azərbaycan
Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş,
maneəsiz işləkliyi
üçün göstərdiyi
siyasi, milli iradə, gördüyü
məqsədyönlü işlər
də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və
türk dilləri arasında mötəbər
mövqe qazanmasına
xidmət edir. Dövlət başçısı
kimi onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" , 2004-cü il yanvarın 14-də təsdiq etdiyi "Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında", eləcə
də 2007-ci il 30 dekabr tarixli "Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
Azərbaycan dilində
nəşri nəzərdə
tutulan əsərlərinin
siyahısının təsdiq
edilməsi haqqında"
sərəncamları ana
dilinin həyatımızın
bütün sahələrində
tam və müfəssəl
tətbiqini gerçəkləşdirmişdir.
23 may
2012-ci ildə "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı Azərbaycan
dilinin tətbiqi və inkişafı üçün yeni bir addımdır. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl
təsəvvür yaradılmış
və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmişdir.
Xüsusən, Azərbaycan
dilinin mənşəyi
ilə bağlı davam edən yanlış konsepsiyaya son
qoyulması, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər
müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilir.
Azərbaycan dilinin bütün
ölkə miqyasında
- mədəniyyət, elm, iqtisadiyyat,
hərb,səhiyyə,
siyasət, tədris və təlim sahəsində tətbiq olunması sənəddə
zəruri və əməli cəhətdən
əsaslandırılır və Azərbaycan dilçiliyi ilə bağlı görüləcək
işlərin əsas
konturları verilir. Dövlət
dilini qorumaq hər bir dövlətin
mühüm siyasi-ideoloji
vəzifələrindən, əsas milli, texniki maraqlarından biridir. Azərbaycan dilinin tarixi
hüquqlarını qorumaq,
onun mənəvi-siyasi
nüfuzunu həm ölkə daxilində, həm də ölkə xaricində yüksəltmək sərəncamda
xüsusi qeyd edilir.
İqtisadi əlaqələr genişləndikcə,
ictimai-siyasi münasibətlər,
eləcə də elmi-texniki tərəqqi dilin zənginləşməsini
zəruri edir. Ünsiyyət vasitəsi olan dilin bugünkü inkişaf səviyyəsinə
rekonstruktiv yanaşma təsdiqləyir ki, dilin inkişafı cəmiyyətin səviyyəsi,
ictimai-siyasi hadisələrlə,
qlobal dəyişikliklərlə
əlaqədardır. Qloballaşan
dünyada informasiya verən və onu qəbul edən mexanizm, yəni dil dövlətçiliklə
tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi
genişlənir, informasiya
intensivliyi yüksəlir.
Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən
etibarlı bazasıdır.
Dövlət dili dil siyasətinin
əsas anlayışıdır
və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin
apardığı dil
siyasətinin real nəticəsidir. Dil quruculuğu
da dil siyasəti
ilə bağlı olan anlayışıdır,
yəni dilə şüurlu və məqsədyönlü təsirdir.
Dil quruculuğu dil siyasətinin tərkib hissəsidir. Hazırkı dövrdə cəmiyyətin
bir çox fəaliyyət sahələrinə
nüfuz edən qloballaşmanın dilə
birbaşa təsir dairəsi onun leksik səviyyəsi ilə bağlıdır.
Məhz beynəlxalq aləmə, Avropaya birbaşa çıxış dilin
terminologiyasına təsir
göstərir.
(ardı
var)
Sayalı SADIQOVA,
AMEA Rəyasət
Heyəti yanında
Terminologiya Komissiyasının sədr
müavini, AMEA Dilcilik İnstitutunun
şöbə müdiri, professor
Xalq qəzeti.- 2012.- 10 iyun.- S. 3.