Azərbaycan daxili ictimai-siyasi sabitliyi olan azsaylı
ölkələrdəndir
Prezident İlham ƏLİYEV:
Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə
fikir ayrılığı yoxdur
Bu gün dünyanın
aparıcı dövlətləri sırasında dayanan, BMT Təhlükəsizlik
Şurası kimi mötəbər quruma sədrlik edən,
"Böyük iyirmilər"in qəbul etdiyi iqtisadi qərarların
müzakirəsində fəal iştirak edən gənc
müstəqil Azərbaycan dövləti geridə qalan 20 ildə
çox mürəkkəb bir yol keçmiş, iti sürətli
inkişaf müstəvisinə çıxmışdır.
Dövlət başçımızın qeyd etdiyi kimi,
1993-2003-cü illərdə dövlətçiliyimizin
möhkəm siyasi, iqtisadi və ideoloji əsasları
qoyulmuş, iqtisadi islahatlar başlanmış, demokratiya
inkişaf etdirilmiş, Azərbaycan böyük beynəlxalq təşkilatların
üzvü olmuş, dünya birliyinə inteqrasiya sürətləndirilmişdir.
Ulu
öndər Heydər Əliyevin hələ 90-cı illərin
birinci yarısında səsləndirdiyi " Müstəqil
Azərbaycanın müstəqil siyasəti
olmalıdır" - tezisi daim gündəlikdə
saxlanılmış və ölkəmizə möhtəşəm
bir beynəlxalq nüfuz qazandırmışdır. Bizim
üçün fəxr edilməli məqam ondan ibarətdir
ki, ümummilli liderimizin həmin
çağırışı dünyanın çevik siyasətçilərindən
biri kimi qəbul edilən Prezident İlham Əliyev tərəfindən
bu gün də qətiyyətlə davam etdirilir.
Dünya
siyasətçiləri və ekspertləri məxsusi olaraq
qeyd edirlər ki, Azərbaycan rəhbərliyinin müstəqil
siyasət yeritməkdə tutduğu yol cəmiyyət həyatının
bütün sahələrini əhatə edir. Rəsmi Bakı
xarici siyasətdə balanslaşdırıcı və
tarazlaşdırıcı diplomatik xətti əsas
götürərək tam müstəqil, öz
xalqının və dövlətinin mənafeyinə uyğun
kurs icra edir. Bu kursun müəyyən edilməsində ən
yaxın dostumuz və ya müttəfiqimizlə dünyanın
başqa bir ölkəsi arasında fərqin qoyulmaması əsas
götürülüb. Yəni, "dostumun dostu mənim də
dostumdur", və ya, "dostumun düşməni mənim də
düşmənimdir" - tezisləri Azərbaycanın xarici
siyasəti üçün qəbuledilməzdir. Bizim
üçün əsas olan milli mənafe və dövlətçilik
maraqlarımızdır ki, 1993-cü ildən bəri bu siyasəti
uğurla davam etdiririk.
Azərbaycan
ordu quruculuğu siyasətində özünəməxsus bir
nümunə formalaşdırıb. Həm ulu öndər
Heydər Əliyev, həm də Prezident İlham Əliyev
ordunun təşkilatlandırılması, maddi-texniki
bazasının möhkəmləndirilməsi, əsgər və
zabit heyətlərinin peşəkarlığının
dünya standartları səviyyəsinə
çatdırılması, Silahlı Qüvvələrimizi təmsil
edən istənilən fərdin Vətənə və
dövlətə sədaqətinin ən ali səviyyəyə
qaldırılması üçün lazım olan
bütün addımları atıblar. Heydər Əliyev Azərbaycan
Ordusunun möhkəmləndirilməsi üçün həm
cəbhədə atəşkəs haqqında sənədin
imzalanmasına nail olmuş, həm də Milli Ordumuzun NATO-nun
"Sülh naminə Tərəfdaşlıq"
Proqramına qoşulmasını təmin etmişdir.
Prezident
İlham Əliyev isə dövlət büdcəsindən
ordu quruculuğuna ayrılan vəsaiti ildən-ilə
artıraraq bizim hərbi xərclərimizin Ermənistanın
icmal büdcəsindən də çox olmasını
günün reallığına çevrilmişdir. Dövlət
başçısı 28 May - Respublika Günü münasibətiylə
Bakıdakı "Buta" sarayında keçirilən
ümumrespublika tədbirində həmin məqama toxunaraq
demişdir: "Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz
iqtisadiyyatının 80 faizini təşkil edir. Azərbaycanın
hərbi xərcləri Ermənistanın bütün dövlət
xərclərindən 50 faiz çoxdur. Bu gün Azərbaycan
Ordusu dünya miqyasında güclü orduların
sırasındadır".
Azərbaycanın
müstəqil daxili və xarici siyasət yeritdiyini növbəti
dəfə dilə gətirən Prezident xatırladır:
"Biz gələcəyimizi özümüz
yaradırıq. Ermənistan isə gələcəyini
başqa ölkələrdən verilən ianələrlə
bağlayır. Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir,
onun heç bir iqtisadi perspektivi yoxdur. Ona görə də Azərbaycanda
əhali artır, Ermənistan isə, əksinə,
azalır". Yada salaq ki, ölkəmizdə cəmiyyət həyatının
bütün sahələrini inkişaf etdirmək
üçün elmi şəkildə əsaslandırılmış,
dünya təcrübəsinə söykənən, milli
maraqları təmin edən, mentalitetimizə uyğun olan
onlarla Dövlət Proqramı icra olunur.
"Biz
hansı dövlət proqramının haradan başlanıb nə
ilə nəticələnəcəyini dəqiq müəyyən
etdikdən sonra proqramın icrasına
başlayırıq" - deyən Prezident İlham Əliyev
dönə- dönə xatırladır ki, bu proqramları
icra etməkdə məqsədimiz Azərbaycanın 30, 40, 50
ildən sonrakı sosial- iqtisadi durumu üçün zəmin
yaratmaqdır. Müqayisə üçün yada salaq ki, Ermənistanda
isə 30, 40, 50 gündən sonrakı vəziyyəti nəzərə
alaraq ianə toplayırlar.
Məhz
ölkəmizin on illər sonrakı həyatını
düşünən Prezident İlham Əliyev ordu
quruculuğundan sonra ən çox dövlət vəsaitinin
milli təhsilin inkişafına istiqamətləndirilməsini
tövsiyə edir və buna nail olur. 2004-cü ildən sonra təhsil
sistemi ilə bağlı 16 Dövlət Proqramının
imzalanması və icra olunması bu sahəyə dövlət
qayğısının miqyasından xəbər verir. Təhsillə
birlikdə elmin də kompleks şəkildə inkişaf
etdirilməsini qarşıya məqsəd kimi qoyan Prezidentin
çox aydın bir mövqeyi vardır: "Növbəti illərdə
Azərbaycanın elmi potensialı gənclərin hesabına
daha da güclənəcəkdir. Azərbaycanda güclü gənc
elmi elita yaradılmalıdır ki, ölkəmizi bundan sonra
uğurla idarə etsin".
Bu
qısa yazıda əsasən iki məqama toxunmaq istədik: -
Azərbaycanın müstəqil daxili və xarici siyasət
yeritməsi və dövlətin bir neçə on il
sonranı nəzərdə tutan fəaliyyət istiqamətləri.
Prezident İlham Əliyevin fikirincə, biz gələcəyimizi
o zaman etibarlı hesab edə bilərik ki, ölkədə
sabit ictimai-siyasi vəziyyət olsun, vətəndaş cəmiyyəti
daha da möhkəmləndirilsin, demokratik dəyərlər
daha dərindən tətbiq olunsun, insan üçün
mövcud olan bütün hüquqlar qorunsun. Ona görə də
Prezident İlham Əliyev öz
çıxışlarında dönə-dönə qeyd
edir: "Biz demokratiyanın inkişafına böyük əhəmiyyət
veririk. Hüquqi dövlət quruculuğu prosesi uğurla
gedir, ciddi siyasi islahatlar aparılır və sariə.
Dünyanın bu sahədə böyük təcrübəyə
malik olan ölkələrinin müsbət təcrübəsi
öyrənilir və Azərbaycanda tətbiq edilir".
Məhz
bu fəaliyyətin nəticəsidir ki, bu gün ölkəmizdə
xalqla iqtidar arasında mükəmməl bir vəhdət
vardır. Ölkə əhalisi nəinki ümummilli problem
hesab olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə münasibətdə, eləcə də
dövlət və cəmiyyət həyatının
bütün sahələrində iqtidarla eyni mövqedən
çıxış edir. Nəinki respublikamızdakı 9
milyon əhali, eləcə də dünyadakı
soydaşlarımız Prezident İlham Əliyevin siyasətini
bəyənir, dəstəkləyir və onun ardınca gedirlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 13 iyun.- S. 1.