Süqut təhlükəsindən
inkişafa doğru
Onu zaman
çağırdı
Bir tərəfdə
Qarabağ
kənd-kənd
talanıb gedir,
Bir tərəfdə
Lənkəran
oda qalanıb,
gedir.
Eşidəndə
adamın
ürəyi al
qan olur,
Gah "ləzgistan" yaranır,
gah
"talış-muğan" olur.
Hər fəlakət dalınca
bir fəlakət doğulur,
Cavad xanın Gəncəsi
od içində
boğulur...
Sanki, dilotu yeyib
danışanlar, dilotu.
Sözü var, əməli yox,
ayağı var, əli yox.
Aqillər nişandadı,
ağıllılar hədəfdə.
İki adam əyləşib
bir üzə gələ
bilmir.
Hərəsi bir yandadı,
hərəsi bir tərəfdə.
Həsrətini bir ev
yox,
oba çəkir,
el çəkir,
Xilaskara göz dikib,
xalqın gözü yol
çəkir...
O gəlməsə millətin
ölüm günü gələcək,
qəbir günü gələcək.
Köç günü, sürgün
günü,
Səbir günü gələcək.
O gəlməsə batacaq,
dövlət adlı bir gəmi.
Ər itirən sonalar
"O gəlməlidir!" - dedi,
Oğlu ölmüş analar
"O gəlməlidir!" - dedi.
Sinəsi dağlı qalan,
Od-ocağı kül olub,
Qapısı bağlı qalan
"O gəlməlidir!" - dedi.
Toyu yarımçıq qalan
Gəlinlərin əlindən
getməmiş
xınası da,
Neçə-neçə şəhidin
Ağlayan anası da,
"O gəlməlidir!" - dedi.
Xalqın uzağı görən
düşüncəli
başları,
Böyük şəxsiyyətləri,
Böyük vətəndaşları
"O gəlməlidir!" - dedi.
Əsən külək, axan su,
düşən yarpaq,
coşan çay,
Ürəkdən qopan səda,
Könüldən qalxan haray
"O gəlməlidir!" - dedi.
Onu zaman çağırdı,
Onu ürəkdə təpər,
damarda qan
çağırdı.
Ayağa durmaq üçün
dizində hey qalmayan,
Yanı üstə can verən
Azərbaycan çağırdı!!!
Zəlimxan YAQUB,
xalq şairi
Hər hansı bir xalqın öz etnik
xüsusiyyətlərini, milli adət-ənənələrini,
mənəvi dəyərlərini qoruyub saxlaması, beynəlxalq
aləmdə layiqli yerini tutması, monolit bir xalq kimi
formalaşaraq qarşıya qoyulmuş milli strateji hədəflərə
daha asanlıqla nail olması, dünyada gedən mürəkkəb
siyasi proseslərdə milli mənafelərinin daha etibarlı
müdafiəsi üçün müstəqil, suveren dövlətə
sahibliyi ən vacib şərtlərdəndir. Azərbaycan
xalqı XX əsrin əvvəllərində mövcud tarixi
fürsəti layiqincə dəyərləndirərək
müsəlman Şərqində ilk demokratik, hüquqi
dövləti qurdu. Böyük çətinliklə
də olsa dünyanın ən qüdrətli ölkələri
tərəfindən tanınmasına baxmayaraq, Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. AXC-nin süquta uğraması tarixi ibrət dərsi
səciyyəsi daşımaqla müstəqilliyin qorunub
saxlanılmasının onun əldə edilməsindən daha
çətin olması reallığını bir daha təsdiqlədi.
Cümhuriyyətin süqutundan sonra 70 il imperiya əsarətində yaşamaq məcburiyyətində
qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa
etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən
bu niyyətini yalnız ötən əsrin sonlarına
doğru gerçəkləşdirmək imkanı
qazanmışdır. 1991-ci il oktyabrın
18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinə
baxmayaraq, respublikanın müstəqilliyi deklorativ xarakter
daşıyırdı. Dövlətçiliyin
iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını
sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz
müstəqilliyin bu səciyyəvi cəhəti üzündən
meydana çıxmışdı. De-yure
müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto
müstəqil dövlət kimi yaşamasında və siyasət
yeritməsində ciddi problemlər mövcud idi. Bu həm də hakimiyyətdə yüksək vəzifə
tutan bəzi məmurların müəyyən xarici dövlətlərin
diktəsi və təsiri altında hərəkət etməsi,
antimilli mövqe tutması ilə şərtlənirdi.
Azərbaycanın iqtisadiyyatı
dağıdılmışdı. Respublikada
xaos və anarxiya hökm sürürdü. Hakimiyyət böhranı gündən-günə dərinləşir
və ayrı-ayrı siyasi partiyalar, habelə xalqın əmlakını
talan etmək hesabına varlanmış bir çox insanlar
arasında dövlət hakimiyyətini ələ keçirmək
uğrunda əsl "müharibə" gedirdi. Gənclər faktiki olaraq, parçalanmış və
müxtəlif qanunsuz hərbi birləşmələrə cəlb
edilərək üz-üzə qoyulmuşdular. Dağlıq Qarabağda torpaqlarımızın
müdafiəsi taleyin ümidinə buraxılmışdı.
1992-ci ilin mayında AXC-Müsavat
cütlüyünün silahlı çevrilişlə
hakimiyyətə gəlməsi respublikada hökm sürən
xaos, anarxiya və hakimiyyətsizliyin məntiqi nəticəsi
olmaqla, nəinki bu vəziyyətə son qoymadı, əksinə,
hakimiyyət böhranını daha da dərinləşdirdi.
Hakimiyyətə "8 xarici dövlətin
dəstəyi ilə gəldiyini" iddia edən
AXC-Müsavat cütlüyünün naşı və
yarıtmaz fəaliyyəti nəticəsində ölkədə
vəziyyət daha da pisləşmişdi. Hüquq-mühafizə orqanlarının öz üzərlərinə
düşən qanuni vəzifələri həyata keçirə
bilməmələri ictimai həyatın müxtəlif sahələrində
hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait formalaşdırmış, daxildə
qeyri-sabit və təhlükəli vəziyyətin
yaranmasına səbəb olmuşdu. Respublikada
qanunçuluğun, hüquq qaydalarının son dərəcə
zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə
düşməsi, ayrı-ayrı siyasətçilərin
"könüllü döyüşçü" adı
altında qanunsuz silahlı dəstələr yaratması nəticə
etibarilə hakimiyyətdə olan qüvvələrin
iflasını daha da sürətləndirirdi. Bir
tərəfdən ayrı-ayrı məmurların
özbaşınalıqları və dövlətin o
zamankı rəhbərinə tabe olmamaları nəticəsində
hakimiyyət böhranının dərinləşməsi, digər
tərəfdən isə ölkənin cənubunda və
şimalında separatçıların məkrli niyyətlərlə
baş qaldırması ölkədə gərgin vəziyyət
yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin
acı taleyi Azərbaycan Respublikasını da gözləyirdi. Ölkənin bütün cənub bölgəsini əhatə
edən qondarma "Talış-Muğan Respublikası"
yaradılmış, separatçı "Sadval" hərəkatı
şimal bölgəsini respublikadan ayırmaq uğrunda mütəşəkkil
fəaliyyətini daha da genişləndirmişdi. Dağlıq Qarabağda erməni silahlı birləşmələri
torpaqlarımızın işğalını davam etdirirdilər.
Yüksək dövlət vəzifəsi tutan insanlar məsuliyyətsiz
bəyanatları ilə Azərbaycanı qonşu dövlətlərlə
az qala müharibə həddinə gətirib
çıxarmışdılar. Supergüclərin
maraqlarının toqquşduğu bu geosiyasi məkanda müstəqil,
suveren dövlətin olması "heç kimin işinə
yaramırdı". Azərbaycan Respublikası de-yure
Birləşmiş Millətlər Təşkilatı tərəfindən
tanınsa da, dövlətin əsas şərtlərindən
biri olan ərazisi de-fakto parçalanaraq hakimiyyətin
yurisdiksiyasından çıxarılmış və bu ərazilərdə
qondarma "dövlət"lər və "nüfuz dairə"ləri
yaradılmışdı. Xalq vətəndaş
müharibəsinin astanasında, Azərbaycan dövləti isə
süqutun ərəfəsində idi.
Belə bir böhranlı və
ağır vəziyyətdə xalqın
çıxış yolunu yenə də müdrik rəhbərin
- ulu öndər Heydər Əliyevin hakimiyyət
sükanı arxasına keçməsində görməsi bu
obyektiv reallıqlarla şərtlənirdi. Xalq
başa düşürdü ki, yaranmış ekstremal şəraitdə
ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq,
qiyamı yatırtmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək,
dövlət təsisatlarının normal fəaliyyətini təmin
etmək bacarığına malik yeganə, alternativsiz lider məhz
Heydər Əliyevdir! Həmin dövrdə
xalqın ulu öndərə olan böyük sevgi və
inamını dolayısı ilə etiraf etmək məcburiyyətində
qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi
acizanə şəkildə Bakıya dəvət etməsi də
məhz bu reallıqla şərtlənirdi. AXC-Müsavat cütlüyü onu da yaxşı
başa düşürdü ki, Azərbaycan Xalq Cümhuriyyətinin
aqibətini Azərbaycan Respublikası yaşasa, müstəqilliyin
itirilməsini və ya respublikanın hansısa güclü
bir dövlətin for-postuna çevrilməsini xalqımız
onlara bağışlamayacaq.
Ümummilli liderin 1993-cü il
iyunun 9-da xalqın təkidli istəyinə səs verərək
Bakıya qayıtması isə onun nə qədər qətiyyətli,
prinsipial, hər hansı riskdən çəkinməyən,
xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqlədi. Respublikada hərc-mərcliyin,
xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz
silahlı dəstələrin at oynatdığı,
düşmənlə mübarizə apara biləcək nizami
ordunun olmadığı, ərazilərimizin
işğalının gündən-günə genişləndiyi,
bir çox xarici dövlətlərin Azərbaycanın
süqutunu arzuladığı, beynəlxalq aləmdə
ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət
müstəqilliyinin real təhlükə qarşısında
olduğu bir vaxtda hakimiyyətə gəlib hadisələrin
gedişini qısa zamanda dəyişmək, normal məcrasına
salmaq böyük siyasi bacarıq və müdriklik tələb
edirdi. Ulu öndər müstəqilliyi kövrək,
mövcudluğu isə real təhlükə
qarşısında olan Azərbaycan dövlətini çoxlu
sayda daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi,
diktəsi, habelə planlaşdırması ilə
hazırlanıb həyata keçirilən qəsdlərin
qarşısı qətiyyətlə alındı. Bu qəsdlərdə
"hakimiyyət xəstəliyi"nə tutulmuş, şəxsi
ambisiyaları xalqa məhəbbət hissindən müqayisəedilməz
dərəcədə böyük olan, xalqın
maraqlarını düşünmədən şəxsi mənafeyinə
qurban verməyə hazır olan Azərbaycanın bəzi
"siyasiləri" ilə yanaşı, xarici ölkələrin
vətəndaşları, habelə diplomatik toxunulmazlıq
hüququ ilə respublikamızda çalışan bəzi
xarici ölkələrin vətəndaşları da həlledici
rol oynayırdılar. Heydər Əliyevi fiziki cəhətdən
məhv etmək məqsədilə peşəkarlıqla
hazırlanmış qəsdlər də nəticəsiz
qaldı. Azərbaycan əleyhinə
çirkin məqsəd birliyinə malik olan bu qüvvələr
yüksək dövlət vəzifələri tutan
insanları öldürməkdən, kütləvi
qırğına səbəb olan müxtəlif
partlayış və terror hadisələri törətməkdən
də çəkinmədilər. Azərbaycan
dövləti əleyhinə hazırlanmış bütün
qəsdlərin qarşısı Heydər Əliyev və
xalqın birgə səyi ilə alındı. Bu qəsdləri peşəkarlıqla
hazırlayanlar və bu istiqamətdə böyük maliyyə
vəsaiti xərcləyənlər Heydər Əliyev və xalq
birliyinin hansı gücə malik olduğunu nəzərdən
qaçırmışdılar. Hadisələrin
sonrakı gedişatında bu gücün nəyə qadir
olduğunu tarix dönə-dönə təsdiqlədi.
Heydər Əliyev Azərbaycan ərazilərini
hakimiyyətin yurisdiksiyasına qaytardı və bu ərazilərdə
qondarma "dövlət"lər və "nüfuz dairə"ləri
yaratmış qüvvələri tam zərərsizləşdirdi.
Bununla da Azərbaycan xalqı vətəndaş
müharibəsindən, dövlətimiz isə siyasi xəritədən
silinmək təhlükəsindən xilas oldu.
Bugünkü prizmadan bir daha aydın
görünür ki, Heydər Əliyevin qan içində
çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq
nümunəsi, liderlik örnəyi idi.
Başıpozuq bir ölkədə, qardaş qardaşın
qanını axıtdığı bir dövlətdə ulu
öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər Gəncədə
böyük fəlakətlər törətdiklərinə,
qanlar axıtdıqlarına baxmayaraq, günahsız
olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərində
israr edir, bir-birini günahlandırır, canlarını təhlükədən
qurtarmağa, "sığortalanmağa"
çalışırdılar. Belə bir vəziyyətdə
Bakıya gəlmək və heç bir təhlükədən
çəkinmədən Gəncəyə, hadisələrin
cərəyan etdiyi bölgəyə səfər etməyi,
hadisələrə düzgün siyasi qiymət verməyi
yalnız Heydər Əliyev kimi bir şəxsiyyət bacara
bilərdi!
Böyük siyasi liderlər
üçün səciyyəvi cəhətlərdən biri
də onların tarixi milli irs və ənənə
əsasında dövlətin və xalqın bugünkü və
gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmələri,
sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin
hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş
ulu öndər Heydər Əliyevin qarşısında
ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən,
müstəqilliyin itirilməsi təhlükəsindən
çıxarmaq, sabit və tarazlı milli inkişaf
strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək,
bütün sahələrdə modernləşməni həyata
keçirmək kimi taleyüklü vəzifələr
dayanırdı. Şübhəsiz, kommunizm
ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki
yaşantılarını aradan qaldırmaq, sürətlə
yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək,
cəmiyyət həyatının müxtəlif sahələrində
demokratikləşməyə nail olmaq, yeni mərhələnin
tələblərinə uyğun mükəmməl hüquqi
baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə
təmin etmək ardıcıl və davamlı səylər
göstərilməsini tələb edirdi. Ulu
öndər müdrik siyasi addımları ilə ilk gündən
sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz
azadlıq deyil, qanunların aliliyinə söykənən
siyasi mədəniyyətdir. Onun müəyyən
qanunauyğunluqlarından kənara çıxdıqda
demokratiya insanların, dövlətin inkişafına deyil,
demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə
gətirib çıxarır.
Azərbaycanda demokratikləşmə
və modernləşmənin ilkin mərhələsi
üçün xarakterik xüsusiyyətlərdən biri də
dünya təsərrüfat sisteminə və ümumilikdə
Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi
olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin
imzalanması ilə Qərb şirkətlərinin Xəzər
hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana
ən müasir innovasiya və informasiya texnologiyalarını
gətirməklə yanaşı, demokratik proseslərin,
hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş
cəmiyyətinin formalaşmasına, habelə Avropanın
nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq
xəttinin güclənməsinə ciddi təkan vermişdir.
Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq
təşkilatlarla əməkdaşlıq təkcə
siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində
də kardinal dəyişikliklərə yol açmış,
respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi
artmış, iqtisadi modernləşmə və siyasi
liberallaşma üçün əlverişli zəmin
formalaşmışdır.
Müstəqilliyin ilk illərində cəmiyyətdə
həllini gözləyən bir sıra problemləri - yeni
iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının
ictimai rəydə hələ yaxşı "həzm
olunmadığını", dövlətçilik
üçün daxili və xarici təhdidlərin aradan
qalxmadığını, sivil siyasi münasibətlər sisteminin
formalaşmadığını nəzərə alan ulu
öndər Heydər Əliyev bir müddət "dəmir əl"
siyasətinə üstünlük vermək məcburiyyətində
qalmış, totalitar düşüncə tərzinin
ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin
liberal demokratik islahatlara tədricən hazırlanmasını
haqlı olaraq vacib saymışdır. Bunun
üçün dövlət idarəetmə sistemində
institusional xarakterli islahatların həyata keçirilməsini
təmin edən, iqtisadi inkişaf üçün etibarlı
zəmin hazırlayan, qanunçuluğu, hüquq
qaydalarını möhkəmləndirən böyük strateq
demokratiyanın üstqurum elementi keyfiyyətinə uyğun
olaraq davamlı inkişaf etdirilməsi istiqamətində
ardıcıl və sistemli addımlar atmışdır.
Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası insan hüquq və azadlıqlarının
təminatını dövlətin ali məqsədi
kimi ön plana çıxarmışdır. Konstitusiyada
hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini
tapmış, zamanın tələbi ilə səsləşən
məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsinə fundamental hüquqi zəmin
yaradılmışdır. Konstitusiyada əksini
tapmış müddəaların təxminən üçdə
ikisinin düzünə və ya dolayısı ilə insan
hüquq və azadlıqları ilə bağlı olması
da ulu öndərin insan hüquqlarına necə böyük
həssaslıqla yanaşmasının bariz təcəssümüdür.
Azərbaycan Respublikasının
Prezidenti yanında Əfv Komissiyasının yaradılması
və əfvetmə institutunun bərpası da ulu öndər
Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat
sahibi olduğunu, şəxsiyyətcə
böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv
fərmanlarının imzalanması, məhkumların
bağışlanması müsbət ənənəyə
çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən
tətbiqinə moratorium qoyduğu ölüm hökmü
1998-ci il fevralın 10-da tamamilə ləğv
edilmiş, Azərbaycan bütövlükdə Şərqdə
bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə
olmuşdur. Bu addım Azərbaycanın beynəlxalq
nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında
müstəqil respublikamız Avropa Şurası kimi mötəbər
beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul
edilmişdir. Təşkilatla səmərəli
əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin
Avropa standartlarına uyğunlaşdırılmasına,
mütərəqqi məhkəmə-hüquq
islahatlarının aparılmasına ciddi təkan
vermişdir.
Ümummilli lider Heydər Əliyevi
böyük şəxsiyyət və insan kimi xarakterizə edən
mühüm keyfiyyətlərdən biri də onun
yürütdüyü siyasətin yüksək humanizm və
insanpərvərlik prinsiplərinə əsaslanması
olmuşdur. 1995-2003-cü illər ərzində
Heydər Əliyev tərəfindən 32 əfv fərmanı
imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil
edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü
əsasında Milli Məclis 1996-2003-cü illərdə
amnistiya haqqında 8 qanun qəbul etmiş, 31 mindən
artıq məhkum azadlığa buraxılmış və
yaxud cəzasının çəkilməmiş hissəsi
yarıyadək azaldılmışdır. Bu
addımlar ciddi tərbiyəvi əhəmiyyət
daşımaqla cəmiyyətə pak mənəvi dəyərlər,
humanizm hissi aşılamış, ölkədə cinayətkarlığın
dinamikasının azalmasını təmin etmişdir.
Azərbaycan cəmi 20 il müddətində
inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb
dövlətlərinin onilliklər ərzində zərrə-zərrə
əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş,
demokratikləşmə, vətəndaş cəmiyyəti
quruculuğu, insan hüquq və azadlıqlarının təminatı
sahəsində böyük uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf
baxımından qaçılmazlığı və müstəsna
əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən
də birmənalı qəbul olunmuşdur.
Son 9 ildə ölkədə həyata
keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam
etdirərək dövrün tələblərinə uyğun
yeni çalarlarla zənginləşdirən dövlət
başçısı cənab İlham Əliyev xalq
qarşısında verdiyi bütün vədləri səylə,
ardıcıl və sistemli surətdə yerinə
yetirmişdir. Azərbaycanın
sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə,
insanların gündəlik həyatında özünü
qabarıq büruzə verir. Azərbaycan
Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü,
ardıcıllığı, obyektiv gerçəkliyə
adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini
əks etdirməsi respublikanın hər bir vətəndaşında
gələcəyə böyük inam və əminlik
yaradır. Dövlət başçısının
qısa dövr ərzində imzaladığı məqsədyönlü
fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla,
habelə obyektiv reallıqdan irəli gələn
addımları ilə ölkəmizin dinamik yüksəlişini
təmin etmiş, dövrün tələbi kimi qarşıda
duran vəzifələri düzgün müəyyənləşdirmiş,
həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da
çevikliyinə, işləkliyinə nail olmuşdur.
"Mən bütün Azərbaycan
xalqının, hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm. Mənim borcumdur ki,
imkan daxilində hər bir vətəndaş inkişafa,
yaxşılığa doğru irəliləyişi
görsün və onu hiss eləsin..." - deyən cənab
İlham Əliyev ulu öndərin dövlətçilik irsinə
sədaqətini bir daha nümayiş etdirir. Son 9 ilin yekunlarının təhlili deməyə əsas
verir ki, dövlət başçısı irəli
sürdüyü bu prinsipləri gerçəkliyə
çevirmək üçün ardıcıl, məqsədyönlü
və uğurlu fəaliyyət göstərmiş,
bütün məsələlərdə məhz xalqın mənafeyini
əsas götürmüşdür. Azərbaycan
Prezidentinin fəaliyyətinin təhlili göstərir ki,
ötən illərdə konturları hələ böyük
strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri
hallarda dövrün tələblərinə uyğun olaraq
keyfiyyət dəyişikliklərini özündə əks
etdirmişdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.-
2012.- 15 iyun.- S. 5.