Heydər Əliyev
dahi müasirimiz kimi bütün dünyada ehtiramla yad edilir
Bu
bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar
sistemində tutduğu mövqeni şərtləndirən
parametrlər sırasında coğrafi şərait, əhalinin
sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə
qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət
qədər böyükdür. Burada digər həqiqət ondan ibarətdir ki, bu
parametrlər dövlətin statusunun təyinatında nə qədər
əhəmiyyətli olsa da, heç də həlledici deyildir.
Bu statusda məhz dövlətin şəksiz lideri olan unikal
şəxsiyyət fenomeni çıxış edir. Xarizmatik
lider mövcudluğu təhlükə altında olan dövlətin
xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı
inkişafının təminatçısı olur. Həmin
funksiyanı Rusiyanın tarixində Böyük Pyotr,
Prussiyanın tarixində Böyük Fridrix, ABŞ-ın
tarixində Corc Vaşinqton və Avraam Linkoln, Türkiyənin
tarixində Böyük Atatürk həyata
keçirmişdir.
Azərbaycanın
çağdaş tarixində isə bu fenomen Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz müdrik dövlət
xadimi olan Heydər Əliyev Azərbaycan dövlətçiliyini
permanent xaos və böhran məngənəsindən
çıxarmış, ümummilli fəlakətin-vətəndaş
müharibəsinin qarşısını almış,
döyüş cəbhəsində məğlubiyyətlər
seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə
nail olmuş, bir sözlə, xalqımızın taleyində
misilsiz xilaskar missiyasını şərəflə yerinə
yetirmişdir.
Heydər
Əliyev Azərbaycan xalqının milli sərvətidir.
Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev
şəxsiyyətinə verilmiş ən lakonik və
düzgün qiyməti əks etdirir. O, xalqa və Vətənə
sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti
ilə indiki və gələcək nəsillərə
örnək ola biləcək bir fəaliyyət nümunəsi,
ölkəmizin davamlı inkişafının
uzunömürlüyünü təmin edən təkmil irs,
siyasi məktəb miras qoymuşdur.
Heydər
Əliyev ölkə həyatının bütün sahələrində
quruculuğun, davamlı inkişafın və islahatların
banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd
təsərrüfatının dirçəlişi, peşəkar
ordunun yaradılması, çevik və
balanslaşdırılmış xarici siyasət kursunun həyata
keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət,
incəsənət sahələrinin tərəqqisi, hüquqi
və demokratik dövlət quruculuğu məhz onun adı ilə
bağlıdır.
Ötən
əsrin 70-ci illərinin əvvəllərində
"Literaturnaya qazeta"ya verdiyi məşhur müsahibəsində
"Qoy ədalət zəfər çalsın" deyən
Heydər Əliyev özünün milli intibah
missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində,
sözün həqiqi mənasında, ədalətin zəfər
çalmasına nail oldu. Ölkədə həmin illərdə
213 yeni sənaye müəssisəsi istismara verildi. Qeyd edilən
13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə
görə əvvəlki 50 ilə bərabər idi.
"Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır", - ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.
70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyuk işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.
Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı. Əgər 60-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da ulu öndər Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları müəyyənləşdirirdi. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar.
Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq.
Bu bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belorusda fəaliyyət göstərirdi.
"Bunları görəndə düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?" - bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.
Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.
Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektivdəki müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, "müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi" ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.
Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, "akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi".
Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda "Cənubi Azərbaycan" problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci əlavə"ni qəbul etdi.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün inövbəti dəfə pozulmaq təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda "Talış Muğan Respublikası"nın elan edilməsi, şimalda "Sadval" təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.
1993- cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.
Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də "yeni neft diplomatiyası" təşkil edirdi.
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib amilə çevrilən "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Azərbaycan qısa zaman kəsiyində demokratik inkişaf yolunda da ciddi uğurlara imza atdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkımizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Məhz bu möhkəm özül əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edilmiş, on minlərlə insan amnistiya edilmiş və böyük sayda məhkum bağışlanmış, senzura ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edilmişdir.
Əldə etdiyimiz bu və sonrakı uğurların bir sıra Qərb hökumət dairələrində, xüsusilə ABŞ-da adekvat olaraq qiymətləndirilməməsi, əksinə bu istiqamətdə onların real həqiqətlərə söykənməyən bəyanatlarının meydana gəlməsi acı təəssüf doğurur. Əslində ərazisinin 20 faizi Ermənistan dövlətinin işğalı altında olan və 1 milyondan artıq məcburi köçkünü və qaçqını olan gənc Azərbaycan Respublikasından əsrlərlə formalaşmış Qərb demokratiya standartlarını tələb etməyin özü düzgün deyildir. Bunun üçün ən azı onilliklər lazımdır, çünki demokratiya permanent prosesdir. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın yarandıqdan bəri (1776-cı il) 236 illik demokratiya tarixi vardır. Təkcə Konstitusiyanı qəbul etmək üçün ABŞ-a 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, Konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, Konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964 -cü il, Konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Deməli, ABŞ-ın öz tarixi təcrübəsi göstərir ki, tam demokratik dövlət olmaq üçün Azərbaycana müəyyən vaxt lazımdır və ən əsası odur ki, respublikamızda bu istiqamətdə davamlı olaraq konkret addımlar atılmaqdadır.
Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.
Azərbaycan xalqı artıq 9 ilə yaxındır ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 8 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 8 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, son 8 ildə ölkə iqtisadiyyatı 300%, sənaye istehsalı da 300% artmışdır. Həmin müddətdə 1 milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5,3%-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20% səviyyəsindədir. Yoxsulluq 5 dəfə-500% azalmışdır və hal-hazırda 7,6 % təşkil edir. Büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32 milyard dollara bərabərdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 7%-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Təkcə 2011-ci ildə ölkə iqtisadiyyatına 21 milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da təxminən 30%-i xarici sərmayələrdir.
Aparılan düzgün siyasətin nəticəsində Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərdən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir. Ölkəmizin iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 83%-ni təşkil edir.
Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 55-ci, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə görə də ən böyük tərəqqi məhz Azərbaycana məxsusdur.
Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.
20 il əvvəl Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslaşdırıcı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının Geostrateji
Araşdırmalar
Mərkəzinin direktor müavini,
tarix üzrə
fəlsəfə doktoru, dosent
Xalq qəzeti.- 2012.- 15 iyun.- S. 5.