Tarixi dönüş-milli
qurtuluş, böyük
tərəqqi...
1993-cü ilin iyununda xalqın təkidli
tələbi və xahişi ilə Heydər Əliyevin Azərbaycanda
ali siyasi hakimiyyətə möhtəşəm
qayıdışı baş verdi. Ümummilli lider Heydər Əliyevin
Azərbaycanda ali hakimiyyətə qayıdışı ölkəmizin
dünyanın supergüclərinin barışmaz
maraqlarının kəskin toqquşduğu gərgin geosiyasi məkana
çevrildiyi tarixi bir zamana təsadüf etmişdir. Daxili
xaosun olduğu bir şəraitdə, yəni, uğursuz daxili
siyasət fonunda, dövlət heç vaxt uğurlu xarici siyasət
qura bilməzdi. Sırf şəxsi maraqlardan
çıxış edən separatçı qrupların və
silahlı cinayətkar dəstələrin fəaliyyət
göstərdiyi Azərbaycanda nəinki dövlətin
ümumi siyasi kursu mövcud idi, heç milli maraq və məqsədlər
də müəyyən deyildi.
Müxtəlif
dövlətlərin toqquşan maraqları arasında manevr edərək
ölkənin işğal altında olan ərazilərinin
anneksiyasının qarşısını almaq
üçün yüksək siyasi iradə, əzmkarlıq və
stabillik tələb olunurdu. Dağlıq Qarabağın
hüquqi mənsubiyyətinin dəyişdirilərək, Ermənistana
birləşdirilməsi prosesinin qarşısını almaq
iqtidarında olan siyasi iradə və əzmkarlıq məhz
yalnız Heydər Əliyev kimi liderə xas ola bilərdi. Bu
gün Dağlıq Qarabağ və bir sıra ətraf
rayonlar de-fakto Ermənistanın nəzarətində olsa da, məhz
Heydər Əliyevin siyasi iradəsi nəticəsində
de-yure Azərbaycanın ərazisi olaraq qalmaqdadır və
dünya ictimaiyyəti bunu qəbul edir.
1993-cü il oktyabr ayının 10-da Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibəti ilə etdiyi çıxışında ümummilli lider müstəqil dövlət üçün xarici siyasətin olduqca önəmli olmasını diqqətə çatdıraraq qeyd etmişdir: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir". Ümummilli lider Heydər Əliyev özünün qeyd etdiyi istiqamətdə qısa bir zaman kəsiyində titanik fəaliyyət həyata keçirərək Azərbaycanın milli maraqlarına tam cavab verən xarici siyasət konsepsiyası yaratmışdır. Belə ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olması haqqında dünya ictimaiyyətinə əsaslı arqumentlər təqdim etmiş və Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğal olunması faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyətə start vermişdir. Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini şərtləndirəcək xarici siyasət xəttini olduqca unikal səviyyədə müəyyənləşdirmişdir. Bu xarici siyasətin mahiyyəti ondan ibarət idi ki, eyni zamanda bir neçə istiqamətdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi reallaşdırılırdı. Məsələn, problemin həllində regionda maraqları olan dövlətlərin və beynəlxalq təşkilatların imkanlarından istifadə edilməsinə böyük önəm verilirdi. Bundan başqa, münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadıqda digər vasitələrlə problemin həllinə imkan verəcək geosiyasi şəraitin yaradılması istiqamətində fəaliyyət göstərilirdi. Dahi diplomat Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasi kursun bir istiqaməti də müasir tələblərə cavab verən ordu quruculuğuna yönəlmişdir. Dünya standartlarına cavab verən Azərbaycan Ordusunun formalaşdırılması Heydər Əliyevin ən ali məqsədlərindən biri idi. Bu məqsədlə ümummilli lider beynəlxalq təşkilatlar, xüsusilə də NATO ilə əməkdaşlığa xüsusi diqqət yetirmiş, müasir tələblərə cavab verən hərbi potensiala malik dövlətlərlə əlaqələrin inkişafı üçün əməli addımlar atmışdır. Bununla da Heydər Əliyev Azərbaycan Milli Ordusunun formalaşdırılması və hərbi qüdrətinin artırılması istiqamətində davamlı, təxirəsalınmaz tədbirləri həyata keçirmişdir. Milli ordu quruculuğu istiqamətində reallaşdırılan ardıcıl tədbirlər nəticəsində regionda hərbi balans Azərbaycanın xeyrinə dəyişmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının birmənalı olaraq ölkənin xarici siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilməsi ümummilli liderin Vətənə olan məhəbbətini, millətə olan sədaqətini bir daha sübut edirdi.
Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə müəyyənləşdirmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, dövlətçiliyinin möhkəmləndirilməsi və diplomatiyasının keçərli olması üçün öncə daxili-siyasi sabitliyə nail olmaq lazımdır. Bu, olduqca mürəkkəb problemi həll etmək üçün Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirməyi bacardı. Yalnız bundan sonra ölkədaxili ictimai-siyasi sabitlik, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin olundu. Belə bir qarışıq vəziyyətin aradan qaldırılması, xarici havadarlarından hərtərəfli dəstək alan, olduqca təhlükəli cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi sözün əsl mənasında fövqəl iradə, əzm, səriştə və vətənə bağlılıq kimi keyfiyyətlər tələb edirdi. Məhz Heydər Əliyevin bu keyfiyyətlərə malik olması ölkəni qorudu, yaşatdı, davamlı tərəqqi yoluna çıxardı.
Ulu öndər hakimiyyətə qayıdışının elə ilk günlərindən Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi məsələlərinə böyük diqqət yetirməyə başlamışdır. Böyük siyasi uzaqgörənliklə müəyyənləşdirmişdir ki, Azərbaycan Ordusunun müdafiə və döyüş qabiliyyətini ən yüksək səviyyəyə çatdırmaq üçün zaman gərəkdir. Bunun üçün hər şeydən öncə cəbhədə atəşkəsə nail olmaq lazım idi. Bu, onu göstərir ki, Heydər Əliyev hərbi strategiyaya da yaxından bələd olan bir lider idi. Heydər Əliyevin təşəbbüsü,qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılaşma imzalandı. Atəşkəs rejiminin tətbiq edilməsi "Bişkek protokolu"nda əksini tapmışdır. Yeri gəlmişkən, atəşkəsin əldə olunması ilə bağlı çoxlarına məlum olmayan bəzi məqamları da qeyd edək. Belə ki, Heydər Əliyevin iradəsi ilə tərəflərə təqdim edilən "Bişkek protokolu"nda Azərbaycanın xeyrinə bir sıra düzəlişlər edilmişdir. Məsələn, Rusiyanın nəzarəti altında hazırlanan protokolda Azərbaycanın işğal edilmiş əraziləri sadəcə "tutulmuş ərazilər" kimi ifadə olunurdu. Heydər Əliyev buna qarşı çıxaraq protokolun 5-ci bəndində "tutulmuş ərazilər" sözünün "işğal olunmuş ərazilər"lə əvəzlənməsinə nail olmuşdur. Bundan başqa, Heydər Əliyevin təkidi ilə atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin məhz beynəlxalq müşahidəçilər olması xüsusi qeyd olunmuşdu. Bu isə o demək idi ki, Azərbaycan artıq protokolun özündə Rusiyanın Qarabağa yalnız özünün müşahidəçilərini göndərmək niyyətini əngəlləmişdir.
Həmin məqamda Heydər Əliyevin təşəbbüsü ilə atəşkəsin əldə olunması mövcud reallığın tələbindən irəli gəlirdi və Azərbaycan dövlətini bir çox bəlalardan qorumuş oldu. Belə ki, müstəqilliyinin ilk illərindəcə dərin daxili-siyasi böhranla üz-üzə qalan Heydər Əliyevəqədərki Azərbaycan Rusiyanın tam dəstəyini alan Ermənistandan zəif idi. Düzdür, 1993-cü ilin yay-payızında ağır itkilərə məruz qalan Azərbaycan 1994-cü ilin yanvarında bir neçə uğurlu əks-hücum əməliyyatı (Horadiz azad olundu) həyata keçirsə də, ümumilikdə cəbhədə vəziyyət Azərbaycanın xeyrinə deyildi. Bunun da başlıca səbəbi ondan ibarət idi ki, SSRİ süquta uğradıqdan sonra Rusiyanın hərtərəfli yardımı ilə Ermənistanda hərbi quruculuq işləri dinamik getdiyi halda, Azərbaycanda "cəbhəçilərlə" Ayaz Mütəllibovun tərəfdarları arasında "vəzifə davası" gedirdi, ölkə dərin siyasi böhran içərisində idi və dövlət nəzarətindən kənar qeyri-qanuni silahlı dəstələr fəaliyyət göstərirdi. Bütün bu neqativ proseslər Azərbaycan Silahlı Qüvvələrinin lazımi səviyyədə dinamik və döyüşkən hala gəlməsinin qarşısını almışdı. Bunlar azmış kimi, Azərbaycan ordusu o vaxtkı, heç bir dövlətçilik səriştəsinə və təcrübəsinə malik olmayan rəhbərliyin siyasi intriqa və oyunbazlığının girovuna çevrilmişdi. Ölkənin siyasi müstəvisində olduğu kimi, Silahlı Qüvvələrin idarəçiliyində də özbaşınalıq hökm sürürdü. Bütün bunlar bir daha sübut edir ki, həmin dövrdə Azərbaycanın mövqelərinin güclənməsi üçün atəşkəs rejiminin bərqərar olması vacib idi. Bir sözlə, 1994-cü ilin yazında Azərbaycan üçün bütün mənalarda "nəfəs dərmək" vacib və arzuolunan idi. Bir məqamı da xüsusi vurğulamaq vacibdir ki, Heydər Əliyevin hakimiyyətə xilaskar dönüşündən sonra cəbhə boyu Azərbaycan Ordusunun fəallığının əhəmiyyətli dərəcədə artması Ermənistan tərəfini atəşkəs haqqında ciddi düşünməyə məcbur etmişdir. Belə ki, Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində qısa bir zamanda böyük tədbirlərin həyata keçirilməsi bəhrəsini verirdi. Bunun nəticəsi olaraq, çox qısa bir zaman kəsiyində münaqişə tərəflərinin qüvvələr balansında Azərbaycanın xeyrinə əhəmiyyətli dəyişikliklər müşahidə edilməyə başlanmışdı. Belə ki, Azərbaycan ordusu mart-aprel aylarında nəinki Ermənistanın hücumlarının qarşısını almış, hətta düşmənə sarsıdıcı zərbələr endirmişdir. Məsələn, 1994-cü il aprelin 10-11-də baş verən döyüşlərdə Ermənistan tərəfi yüzlərlə canlı qüvvə və hərbi texnika itkisinə məruz qalmışdı. Təsadüfi deyildir ki, məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ermənistanın paytaxtında müharibə əleyhinə çıxışlar başlanmışdı və güclənmişdi. Yəni, ulu öndərin Azərbaycan Ordusunda qısa zaman kəsiyində apardığı islahatlar əsgərlərimizin döyüş qabiliyyətinin və cəbhə bölgəsində fəallıqlarının əhəmiyyətli dərəcədə artmasını şərtləndirmişdir.
Ümummilli lider Heydər Əliyevin ölkə həyatının hər bir sferasında reallaşdırdığı tədbirlərin bir istiqaməti mütləq bu və ya digər səviyyədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hesablanmış olurdu. Məsələn, Azərbaycanın zəngin təbii sərvətlərindən, xüsusilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarından ölkəmizin milli maraqlarının təmin olunması, ən başlıcası isə ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində istifadə olunmasına çalışmışdır. Qloballaşan dünyamızda baş verən mürəkkəb geosiyasi prosesləri böyük uzaqgörənliklə təhlil etməyi və qiymətləndirməyi bacaran əbədiyaşar lider Heydər Əliyev qeyd etmişdir ki, neft amilindən Dağlıq Qarabağ probleminin həllinə yardım edə biləcək şəkildə istifadə olunması vacibdir. Heydər Əliyev gözəl bilirdi ki, ölkəmizin dünyanın supergüclərinin maraqlarının toqquşduğu bir regionda inkişaf edərək irəliyə getməsi üçün neft strategiyasında balanslaşdırma prinsipinin tətbiq edilməsi vacibdir. Azərbaycan dövlətinin milli maraqlarının təmin olunmasına və qorunmasına xidmət edəcək bu prinsiplərdən çıxış edən Heydər Əliyev uğurlu neft strategiyasının əsasını qoymuşdur. Ümummilli liderin şəriksiz müəllifi olduğu Azərbaycanın neft strategiyasının mühüm cəhəti, ABŞ, Avropa və region dövlətlərin maraqlarını qismən balanslaşdırmaqla Azərbaycan dövlətinin maraqlarını həyata keçirməkdən ibarət idi. Beləliklə, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Heydər Əliyev Azərbaycan iqtisadiyyatında yeni bir səhifə açmaqla bərabər, ölkəmizin təbii ehtiyatlarından istifadə edilməsi uğrunda iri dövlətlərin rəqabətinin ölkəmizin təhlükəsizliyinə vura biləcəyi zərbələri dəf edə bilmişdir. Bundan başqa, Heydər Əliyevin şah əsərlərindən biri olan bu müqavilə bu gün, sabah, hər zaman Azərbaycan diplomatiyasının daha keçərli olmasına xidmət edir və edəcəkdir.
Heydər Əliyevin ölçüyəgəlməz dərəcədə böyük siyasi uzaqgörənliyi, iradəsi və müdrikliyi Azərbaycan Respublikasını daxili siyasi böhrandan azad edərək dinc inkişaf yoluna salmışdır. Ölkədə tam siyasi sabitliyə nail olunduqdan sonra əsas diqqət iqtisadi inkişafa yönəlmişdir. Bu, Heydər Əliyev strategiyasının ən mühüm prinsiplərindən biri idi. Çünki iqtisadi güc Azərbaycanı regionda şəriksiz lider dövlətə çevirməklə yanaşı, həm də güclü ordu demək idi. Deməli, dövlətin güclü iqtisadiyyatının olması istər-istəməz güclü ordunun olmasını şərtləndirir. Bütün bunlar isə öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlərin daha ciddi aktoruna çevrilməsinə imkan verməli idi. Heydər Əliyev çox böyük müdrikliklə fikirləşirdi ki, diplomatiyanın keçərli olması üçün onun arxasında güclü iqtisadiyyat və ordu olmalıdır. Həqiqətən də, bu, olduqca uğurlu strategiya hər gün öz bəhrəsini verməkdədir. Belə ki, hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində əldə olunmuş siyasi sabitlik Azərbaycanda köklü iqtisadi islahatların həyata keçirilməsinə imkan verməklə ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir.
Ölkənin iqtisadi potensialının günü-gündən artması hərbi sahədə də uğurlu islahatların həyata keçirilməsinə imkan vermişdir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev, Azərbaycan haqqında ən böyük arzularından birinə uyğun olaraq müasir tələblərə cavab verən Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin reallaşdırdığı tədbirlər Azərbaycanda daxili sosial-siyasi rifahı təmin etməklə yanaşı ölkənin diplomatik gücünün əhəmiyyətli dərəcədə artırılmasına hesablanmışdır. Qeyd etmək lazımdır ki, qüdrətli şəxsiyyətin böyük uzaqgörənliyi və müdrikliyi Azərbaycan xarici siyasətinin uğurlu konturlarının müəyyənləşdirilməsini şərtləndirmişdir.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkəmizin beynəlxalq münasibətlər sistemində ciddi mövqe tutmasına, milli maraqlarının təmin olunmasına və ən başlıcası, ərazi bütövlüyünün bərpa edilməsinə hesablanmış Heydər Əliyev strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.Siyasi sabitliyin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, iqtisadi sahədə müşahidə olunan davamlı yüksəliş, Azərbaycan Ordusunun əhəmiyyətli dərəcədə güclənməsi ondan xəbər verir ki, dövlətimizin, xalqımızın taleyi etibarlı əllərdədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli maraqlarına tam cavab verən neft strategiyasının mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ideyasının Prezident İlham Əliyev tərəfindən reallaşdırılması müstəqil Azərbaycanın iqtisadi və siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcını qoymuşdur. Belə ki, Bakı- Tbilisi- Ceyhan əsas ixrac neft kəmərinin reallaşması Azərbaycanın regionda lider dövlət və təhlükəsizliyin təminatçısı kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirmişdir. Prezident İlham Əliyev BTC haqqında demişdir: "Mən şübhə etmirəm ki, Bakı-Tbilisi-Ceyhan Azərbaycan xalqına, bizə qonşu, dost ölkələrə böyük sərmayə, fayda gətirəcəkdir. Bu gəlir, əlbəttə ki, ilk növbədə bizim iqtisadi problemlərimizin həlli üçün bizə kömək edəcəkdir. Sosial problemlərin həlli də öz əksini tapmalıdır. Amma eyni zamanda biz onu da gözəl bilirik ki, regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi işində bu kəmərin rolu çox böyük olacaqdır."
Göründüyü kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın stabil sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməkdədir. Ölkə Prezidenti Azərbaycanın getdikcə artan iqtisadi, hərbi və diplomatik gücündən torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində böyük məharətlə istifadə edir. Azərbaycan demək olar ki, hər gün yeni bir uğura imza atır. Məsələn, ötən ilin oktyabr ayında Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və bu da ölkəmizin beynəlxalq arenada ildən-ilə artan nüfuzunun sübutudur. Cənab Prezident Azərbaycanın regionun ən güclü dövləti olmasına işarə edərək, çıxışlarının birində erməni tərəfi ilə hətta danışıqların aparılmasının özünü Azərbaycanın edə biləcəyi ən böyük güzəşt adlandırmışdır. Ölkə Prezidenti İlham Əliyev münaqişə ilə bağlı çıxışlarında həmişə, sülh üçün bütün imkanlardan istifadə edəcəyini bildirir.
Ümummilli lider Heydər Əliyevin qurduğu etibarlı dayaqlar üzərində Azərbaycanımızın hərtərəfli inkişafında onun adını daşıyan fondun müstəsna rolunu qeyd etməmək mümkün deyil. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demək olar ki, ölkənin bütün istiqamətlərdə inkişafında fəal rol oynamaqdadır. Ölkə Prezidenti İlham Əliyev ilə birgə ümummilli lider Heydər Əliyevin ideyalarını zamanın tələblərinə uyğunlaşdırılaraq həyata keçirilməsində müstəsna rola malik olan Mehriban xanım Əliyeva xüsusilə Azərbaycan mədəni irsinin qorunmasında, dünyaya tanıdılmasında, Azərbaycanın mədəni əlaqələrinin inkişafında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin dünyada böyük fədakarlıqla təbliği sayəsində ölkəmiz böyük mədəni, mənəvi dəyərlərə malik bir məkan kimi məşhurlaşmışdır. Heydər Əliyev Fondu ölkədəki quruculuq işlərinə də ciddi töhfələrini verməkdədir. Bütün bunlar bir daha göstərir ki, bugünkü qüdrətli Azərbaycanımızın bünövrəsində Heydər Əliyev müdrikliyi dayanır. Bu təməlin fəlsəfəsi isə tarixi dönüş-milli qurtuluş-böyük tərəqqidən ibarətdir.
Elşad MİRBƏŞİR
oğlu,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının Politologiya və
siyasi
idarəetmə kafedrasının
dosent əvəzi,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 20 iyun.- S. 4.