Sumqayıt özünəməxsus mədəni aurası olan şəhərdir

 

Artıq çoxdan qəbul edilmiş fikirdir ki, dünyanın ən gözəl şəhərləri əsasən dəniz kənarında yerləşir. Bu baxımdan Bakı ilə yanaşı, Sumqayıt şəhəri də gözəl şəhərlərdən biri olmağa iddia etməkdə haqlıdır. Qocaman Xəzərin aynasında "bəzənən" gənclik şəhəri son illərdə daha da gözəlləşmişdir. Fərəhlidir ki, Sumqayıtda bu proses artıq davamlı xarakter daşıyır. Şəhərin rəhbərliyi Sumqayıtı tez bir zamanda Bakı standartlarına yaxınlaşdırmaq məramı ilə əməli tədbirlər həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ərzində dəfələrlə Sumqayıtda olmuş və şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün mühüm addımlar atmışdır. İlk növbədə infrastruktur və şəhər təsərrüfatı üçün vacib məsələlər həllini tapmışdır. Elektrik stansiyası tikilmiş, sənaye müəssisələri işə salınmışdır. Hazırda isə növbə Sumqayıtın estetikasına, mədəni layihələrin icrasına gəlib çatmışdır. Şəhərdə mövcud olan dörd əsas parkın dördündə də möhtəşəm işlər gedir. Heydər Əliyev Parkı başdan-başa yenidən qurulur. Orijinal layihə ilə inşa olunan Heydər Əliyev Muzeyi parka xüsusi yaraşıq verəcək. "Bələdiyyə" parkı da simasını dəyişir. Eyni zamanda, mədəniyyət evləri və sarayları, klublar və kitabxanalar, ayrı-ayrı istirahət guşələri və xiyabanlar müasir səviyyədə yenidən qurulur və abadlaşdırılır. Üzeyir Hacıbəyli adına "Kimyaçı" mədəniyyət sarayının qarşısındakı meydan tamamilə yeni görkəmdə göz önündə sərgilənəcək.

Şəhərimiz indi özünün daha çevik inkişaf və tərəqqi mərhələsini yaşayır. Vaxtilə ümummilli lider Heydər Əliyevin böyük məhəbbətlə "Kiçik Azərbaycan" adlandırdığı Sumqayıtın özünəməxsus mədəniyyət aləmi formalaşmışdır. Burada bütün bölgələrin folkloru, xalq sənəti, adət və ənənələri, ictimai təcrübəsi qaynayıb-qarışmışdır. Bu gün şəhər böyüyür, genişlənir, qlobal iqtisadiyyat və mədəniyyət şəbəkəsinə inteqrasiya edir.

Simasını günbəgün dəyişərək daha da gözəlləşən mədəniyyət və istirahət məkanlarından biri də rəhbərlik etdiyim Nəsimi adına parkdır. Bizim park rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyinin ölkə əhəmiyyətli bağ-parkı sayılır.

Şairlər parkları şəhərlərin təbəssümünə bənzədirlər. 1956-60-cı illərdə tikilmiş, illərcə böyüdülərək hazırda 80 hektar ərazini əhatə edən Nəsimi adına park isə Sumqayıtın gülər üzüdür, - desək, yanılmarıq. Sakinlər burada ən kütləvi şəkildə mədəni tədbirlərdə iştirak etməyə, ailəvi olaraq dincəlməyə, şənlənməyə adət etmişlər. Burada 40-dan yuxarı növdə "qocaman" ağaclar, gül-çiçəkli çəmənlər, ruh oxşayan kölgəliklər, maraqlı attraksionlar var. Konsertlər, bayram gəzintiləri, ekskursiyalar bu parkın gündəlik həyatının tərkib hissələridir.

Xatırlayıram ki, hələ 5-6 il öncə möhtərəm Prezidentimiz Sumqayıtın dənizkənarı parkında olarkən abadlıq işlərinin davam etdirilməsi, sakinlərin istirahəti, asudə vaxtlarının daha səmərəli keçməsi üçün lazımi şəraitin yaradılması barədə tapşırıqlar vermişdi: "Mən göstəriş verdim ki, bu park daha da abadlaşsın, yaxşı bir layihə hazırlasınlar... Buranın havası, mənzərəsi çox gözəldir". O zaman parkın "Sülh göyərçini" meydanı abadlaşdırıldı. İndi isə artıq abadlaşmaya daha qlobal şəkildə, başqa sözlə, kompleks yanaşılır.

Ötən ilin iyul ayında Sumqayıta növbəti dəfə gələn dövlətimizin başçısı yeni layihə üzrə Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur. Məlum olduğu kimi, Prezidentin təşəbbüsü və tapşırığı ilə burada ən müasir tələblərə cavab verən yeni möhtəşəm layihə həyata keçirilir. Parkın gələcək görüntülərini əks etdirən stendlər yenidənqurmadan sonra ərazinin şəhər əhalisinin və qonaqların ən sevimli istirahət məkanına çevriləcəyinə dəlalət edir. Layihə ilə detallarına qədər maraqlanan Azərbaycan rəhbəri parkın ətrafındakı yaşayış binalarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılması, yaxın küçə və məhəllələrin də abadlaşdırılması ilə bağlı tövsiyələrini vermişdir: "Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm... Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək... Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır".

İndi bu istiqamətdə hərtərəfli gedir. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin abidəsi üçün daha münasibuğurlu yer seçilmiş, postamenti üç metr qaldırılmışdır. Ətraf binaların fasadı klassik memarlıq üslubunda yenidən işlənmiş, minlərlə kvadratmetr ərazidə yerə mozaik naxışlı plitələr döşənmişdir. Bu işlər davam edir.

Bulvara gəlincə isə, rəhbərlik Bakıdakı bulvarı olduğu kimi təkrarlamaq fikrində deyil. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun qənaətinə görə, Sumqayıtda sahilin maraqlı landşaftı var, çimərlik mövcuddur. Buna görə lacivərd sahil şəhərlərinin təcrübəsi əsas götürülür. Yəni müasirləşən çimərlik, park və şəhərlə bərabər, daha da irəli gediləcək: mehmanxanalar, yaxt-klub tikmək nəzərdə tutulur. Bildiyimiz kimi, Bakıdan Sumqayıta gələn yeni yolun çəkilişi də aparılır. Aeroport-Mərdəkan-Bilgəh istiqamətindən Sumqayıta qədər yeni yol çəkilir. Bu da şəhərin inkişafına çox müsbət təsir göstərəcək. Bu yol bulvarın yanından keçəcək ki, həm gediş-gəliş rahat olsun, həm də, ümumiyyətlə, yol infrastrukturu müasirləşsin.

Hazırda Sumqayıtda sahil boyu bataqlıqlar qurudulur, çirkab suların təmizlənməsi üçün nəhəng qurğular tikilir. Parkın layihəsini ölkəmizin tanınmış memarları işləyiblər. Buradakı yenidənqurma Fransanın Kann şəhərinin nümunəsinə bənzəyir. Dəniz gəzintisi insanlara xüsusi zövq verəcək. Ərazidə avtomobil dayanacaqları, əyləncə guşələri, otellər, konsertidman mərkəzləri fəaliyyət göstərəcək. Çimərliklə sahil parkını ayırmaq üçün xüsusi divar-barılar hörüləcək. Eyni zamanda ərazidə qaçış zolaqları salınacaq. Turizmin inkişafı üçün münbit şəraitdən səmərəli istifadə olunması nəzərdə tutulur.

Əlavə edim ki, şəhərimizin əsas prospekt və küçələrində, sahil ərazilərində yerləşən qədim Corat, həmçinin Hacı Zeynalabdin qəsəbələrində də geniş abadlıq tədbirləri görülür. Axşamlar ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi əraziyə iki göz istəyir ki, tamaşa eləsin. Binaların fasaddam hissələrinin yenilənməsi, divarların bəzək işıqları ilə aydınlanması, müasir fəvvarələr göz-könül oxşayır. Əksər küçələrdə qoyulan qranit səki daşları yol kənarlarını xüsusilə yaraşıqlı göstərir. İcra hakimiyyətinin qarşısındakı meydan zövqlə yenidən qurulur. Buradan keçən avtomobil yolu götürülmüş, nəhəng Dövlət Bayrağı qülləsi ucaldılmışdır. Şəhərin yollarında avtomobillərin hərəkətinə nəzarət edən müşahidə kameraları işləyir. Bir sözlə, artıq Bakı standartları Sumqayıtda özünü çox aşkar şəkildə büruzə verməyə başlamışdır.

Azərbaycan Prezidenti ötən il şəhərimizə səfəri zamanı Sumqayıtın gələcəyinə çox nikbin baxdığını dilə gətirmişdir: "Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq. Şəhərin inkişafı üçün master plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu, bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq".

Fərəhlidir ki, indi Sumqayıtda yeni ənənələr də yaranır. Şəhərin ən vacib atributlarından olan yeni gerbi qəbul edilib və hər tərəfi - küçə və meydanları, görməli yerləri, obyektləri, şəhərimizdə istehsal edilən məhsulları, habelə ictimai nəqliyyat vasitələrini bəzəməkdədir. Sumqayıtlılar bundan qürur duyurlar. Şəhərimizdə "Nümunəvi məhəllə"lərin açılışı da adi normaya çevrilib. Küçələr boyunca tikilmiş obyektlər xüsusi layihə üzrə yeni görkəm alır. Ötən il sentyabrın 16-da möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə "Şəhər günü" böyük uğurla təşkil olunub. Sumqayıtın tarixində bu miqyasda ilk dəfə keçirilən tədbiri nəinki respublika ictimaiyyəti, həm də dünyanın azərbaycanlılar yaşayan bütün ölkələri maraqla izləmişlər. Ölkəmizin incəsənət ustaları ilə bərabər, Dağıstanın, Sankt-Peterburqun ünlü musiqi kollektivləri də "Şəhər günü"ndə yaxından iştirak ediblər. Bu tədbir dövlətin qayğısı ilə Sumqayıt şəhərinin yeni inkişaf mərhələsinə qədəm qoyması, təbliği və tanıdılması, sakinlərdə, xüsusilə də gənclər arasında doğma şəhərə məhəbbət hisslərinin tərbiyə olunması sahəsində çox böyük əhəmiyyət kəsb etmişdir. Hazırda növbəti "Şəhər günü"nə hazırlıq gedir. Gözəl ənənəyə çevrilən "Kitab bayramı" da hər kəsə unudulmaz təsir bağışlamışdır.

...Artıq ölkəmizdə yeni istirahət və turizm mövsümü başlanmışdır. Qocaman Xəzərin zümrüd boyunbağısı sayılan Sumqayıt dənizkənarı parkının bir tərəfində əsaslı yenidənqurma tədbirləri həyata keçirilsə də, digər tərəflərindən çal-çağır sədaları əskik olmur. Elə bir neçə gün öncə minlərlə şəhər sakini parkda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən növbəti möhtəşəm tədbirdən yetərincə zövq aldı. Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tam tərkibdə sumqayıtlıların qonağı oldu və tamaşaçıların yaddaşında uzun müddət qalacaq möhtəşəm konsert proqramı ilə çıxış etdi. Onu da deyim ki, mövsüm üçün şəhər mədəniyyət və turizm idarəsi ilə birlikdə hazırlanan xüsusi tədbirlər planımız var.

Sumqayıtın özünəməxsus mədəni aurasının yaranması şəhərin hər bir sakinini hədsiz sevindirir.

 

 

Çingiz ALLAHVERDİYEV,

Nəsimi adına Sumqayıt Şəhər

Mədəniyyət və İstirahət Parkının

direktoru (fotolar M.Quliyevindir)

 

Xalq qəzeti.- 2012.- 20 iyun.- S. 4.