Musiqi onun həyatı
idi
Onunla "Dan ulduzu"
ansamblının televizyadakı kosertlərindən
tanış idim. Amma şəxsi tanışlığım
rəhbərlik etdiyi Bakı şəhər Mədəniyyət
İdarəsində, iş başında olmuşdu. Gözəl
görkəmi var idi. Sifətində Azərbaycan kişisinə
xas olan cizgilər ilk baxışda diqqəti çəkirdi.
Piano arxasına keçəndə isə özgə bir
görkəm alırdı. Elə bil daxili ilə söhbətləşirdi.
Qayğılı gözləri gah pianonun dillərini asta-asta
süzür, gah da tavana zillənirdi. Sanki ifa etdiyi musiqi ilə
nəfəs alırdı. Həsənağa Əli oğlu
Qurbanovu mən ilk dəfə belə gördüm və
yaddaşımda da elə əbədi olaraq belə də
qaldı.
O
vaxt Həsənağa Qurbanovla söhbətimiz çox uzun
çəkdi. Arada nədənsə gözlərimin
önünə özünün daxili təlatümünü
və hisslərini ilk dəfə nota çevirib dünyaya bəyan
edən insan gəldi. Musiqi dünyanın dilidir. Deyirlər, əvvəl
söz yaranıb - deyə bilmərəm. Desələr ki, əvvəl
musiqi yaranıb, ikiəlli razılaşaram. İnsan yaranmazdan
əvvəl təbiətdə musiqi olub. Amma küləyin
havasına ney səsi verən qamış parçası ta
insan şüuru formalaşanacan monoton notlar üstə
havalanıb. Onu insan zənginləşdirib, qəlibə
salıb, öz hisslərinə tabe edib. Bəli, insan öz
içinin sirrini yalnız musiqi ilə rahatca, çəkinmədən
hamıya bəyan edə bilir. Kim nə deyirsə desin, amma mən
fikrimdən dönəsi deyiləm: musiqi Tanrı ilə
insanın arasında ən qısa körpüdür. Ona
görə də mən həmişə taleyi musiqiyə
bağlı adamları Tanrıya bir köynək yaxın
hesab etmişəm.
Həsənağa
müəllim danışdıqca gözlərimi ara-sıra
onun barmaqlarına zilləyirdim. Və istər- istəməz
özlüyümdə hesablama aparırdım: görəsən
Həsənağa müəllimin urəyi ilə barmaqları
arasında məsafə nə qədərdir? Bəlkə
heç həmin məsafə yoxdur? Olsaydı, onda həmin
barmaqlar o ürəyin yanğısını pianonun dillərinə
necə köçürərdi? Və bəlkə də həmin
məsafə neçə min işıq ilinə bərabərdir.
Gör ulduzları bizdən nə qədər məsafə
ayırır, amma onların işartısını həmişə
bəbəklərimizdə daşıyırıq. Bəlkə
elə buna görə sənətkarları sadəcə
"ulduz" deyib çağırırlar.
Hər
nədirsə, bunlar musiqiçi barmaqlarıdır və bir
az da sentimental ovqata köklənib "görəsən, mən
bu barmaqları harada görmüşəm" deyə fikirləşirdim.
Yox, bunlar "Görüş yerini dəyişmək
olmaz" filmindəki pianist-xəfiyyə Şarapovun
barmaqları deyil. Bu, başını aşağı
salıb öz işi-gücü, sənəti, peşəsiylə
məşğul olan bir adamın barmaqlarıdır.
İnsanın daxili aləmini pərdə-pərdə
dolaşan həmin barmaqlar, tutaq ki, mənimkindən nəylə
fərqlənir? Könülləri fəth edən ürəkdir,
yoxsa barmaqlar? Gözümün önünə dünyanın
məşhur musiqiçiləri gəlirdi. Yox, mən
onların hər hansı birini Həsənağa müəllimlə
müqayisə etmək fikrində deyildim. Ən azı ona
görə ki, hər sənətkarın öz yeri,
üslubu, mizanı var və Həsənağa Qurbanovun Azərbaycan
mədəniyyəti və incəsənəti
üçün etdiklərini də onun sənətkarlığının
üstünə gələndə müqayisəedilməz bir
nəticə alınırdı. Nədənsə, Həsənağa
müəllimlə ilk tanışlığa qədər mən
onu pencəyini qolunun üstünə aşırıb pianonun
ağ-qara dilləri üstə üzü sonsuzluğa gedən,
bənizindən yorğunluq tökülən, lakin taleyindən
razı adam kimi təsəvvür edirdim. Və onun ciddi sifətindəki
cizgilər mənə əbədiyyət adamı təsiri
bağışlayırdı. Olsun ki, belə qənaətə
gəlməyim onun sənətinə vurğunluğumdan irəli
gəlirdi. Hər nəydisə, bu adam mənim
üçün əlçatmaz idi və mən
özümü bu əlçatmazlıqda elə də rahat
hiss etmirdim.
Heç
ağlıma da gəlməzdi ki, bir vaxt mən onunla üzbəüz
oturub suallar verəcəm, aldığım cavabların bir
çoxuna heyrətlənəcəm, bəzilərini isə
bildiyim üçün heç dəftərçəmə
qeyd də etməyəcəyəm.
Bu
söhbətlər zamanı məni daha çox heyrətləndirən
Həsənağa müəllimin şəxsiyyəti oldu.
"Heyrətləndirmək" sözü sizə qəribə
gəlməsin. Sənətlə şəxsiyyətin
harmoniyası məndə həmişə heyrət
yaradıb. Xatirimə gəlir, 70-ci illərdə sovet mətbuatında
şəxsiyyət və sənət problemləri barədə
geniş müzakirə gedirdi və böyük sənətkarların
şəxsi "xırdalıqları" barədə o qədər
faktlar sadalanırdı ki, istər-istəməz sənət
barədə təsəvvürlərə xətər
toxunurdu. Amma Həsənağa müəllimin timsalında
bütöv şəxsiyyət və kamil sənətkar
obrazının cəmləşməsi məni uzun illərdən
bəri formalaşmış bir çox qənaətləri
"təftiş" etmək zorunda qoydu.
Həsənağa
Qurbanovu sədəcə sıradan bir musiqiçi kimi qiymətləndirmək,
onun fəaliyyətinə bir bucaqdan baxmaq bu virtouz sənətkarı
ümumi dəyərləndirmədən kənarda qoymaq
olardı. O, həm də bir vətəndaş, bir təşkilatçı,
milli təəssübkeş, nəhayət dövlətçi
bir insan olaraq gecəsini gündüzünə qataraq sanki vaxt
və zaman məhfumuna qalib gəlirmiş kimi
özünü, ömrünü Azərbaycan naminə fəda
edən sənətkar idi. Bu qədər enerji,
çalışqanlıq, millətsevərlik haradan idi? Bax, Həsənağa
Qurbanovun ömür yoluna nəzər salsanız bu suala
çox aydın cavab tapacaqsınız.
Naxçıvanda doğulub, bu əsrarəngiz diyarın dağ çiçəkləri kimi təmiz sularından içib, bu elin, bu obanın adət-ənənələri ilə ərsəyə gəlib.Ömrünün son illərini Bakıda yaşasa da Naxçıvanı heç vaxt unutmurdu. Deyirdi ki, mən hər zaman Naxçıvanı gözəl xatırlayıram. Həmişə də demişəm ki, Naxçıvan mənim əbədi və əzəli baba yurdumdur. Həsənağa müəllim musiqiyə həvəsinin də burada yarandığını deyirdi. Burada musiqi qəlbini ovsunlayıb və bu sənəti seçib. Seçib deyəndə ki, bu taleyin seçimi tanrının bəxşişi idi və hərdən mənə elə gəlir ki, musiqi olmasaydı, Həsənağa müəllim heç dünyaya gəlməzdi. Sonrakı bütün ömrünü də sonsuzluğa gedən musiqinin çətin yollarında keçmişdi. Ən əsası isə Gülarə xanımla birgə işləyib, "Dan ulduzu" ansamblında çalışıb. Son vaxtlar Bakı şəhər Mədəniyyət İdarəsinə rəhbərlik edirdi.
Həsənağa Qurbanov xoşbəxt adam idi. Ona görə ki, insanların qəlbinə yol tapa bilmişdi. Millətini, xalqını sevən insan idi. Bütün varlığı ilə, sənəti ilə bu xalqa bağlı idi. Deyirdi ki, Azərbaycan xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dövlət başçısı olub. Hərdən ulu öndərlə görüşlərindən qürur hissi ilə danışardı. Bir də deyirdi ki, ulu öndərin ölməz ideyaları gec-tez bu xalqı xoşbəxt gələcəyə qovuşduracaq. Çox əfsus ki, Həsənağa müəllim özü bu xoşbəxt günlərimizi görə bilmədi. Amansız ölüm onu aramızdan vaxtsız apardı.
Bu yazını Həsənağa müəllimin təkrar- təkrar söylədiyi aşağıdakı sözlərlə bitiririk:
"Nə ediriksə Azərbaycan üçün edək. Nə ediriksə azərbaycanlılar üçün edək".
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 21 iyun.- S. 9.