İstənilən işğalçılıq müharibəsi işğalçının süqutu ilə başa çatır

 

1941-ci il iyunun 22-də başlanan Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında respublikamızın və xalqımızın xüsusi rolu var idi

 

Tarixin bütün dönəmlərində siyasətin silahla davam etdirilməsi, xüsusən, bunun işğalçılıq məqsədilə reallaşdırılması lənətlənib və yolverilməz sayılıb. Faşist Almaniyasının başladığı İkinci Dünya müharibəsi bəşər tarixində ən qanlı müharibə idi.

 

Həm İkinci Dünya müharibəsi haqqında, həm də 1941-1945-ci illər Böyük Vətən müharibəsi barədə dönə-dönə yazmış, çoxsaylı faktları, rəqəmləri yada salmışıq. Ancaq bu gün - Böyük Vətən müharibəsinin başlanmasının növbəti ildönümü günlərində həmin işğalçılıq müharibəsi barədə bir daha söz açmaq zərurəti vardır. Çünki bu gün gənc müstəqil Azərbaycan dövləti də bilavasitə öz qonşuları tərəfindən işğalçılıq siyasətinə məruz qalmışdır. Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və köçkün həyatı yaşayır, yüzlərlə tarixi-mədəni abidələrimiz, sosial obyektlərimiz, minlərlə soydaşlarımızın qurub-yaratdığı ev-eşik və sair eynilə İkinci Dünya müharibəsində olduğu kimi talan olunub, qarət edilib, yandırılıbdır. Ancaq bu gün dünya birliyi ötən əsrin qırxıncı illərində nümayiş etdirdiyi qətiyyəti, mütəşəkkilliyi və prinsipiallığı nümayiş etdirmir. Nə üçün, söhbət nədən gedir? Nə üçün erməni işğalçılarının dayandırılması üçün konkret addımlar atılmır?

Bəlkə də faşist Almaniyası ilə əldəqayırma dövlət olan Ermənistanı, eləcə də Sovet İttifaqı ilə Azərbaycanı müqayisə etməyimiz o qədər də yerinə düşmür. Çünki almanların öz torpaqları, öz dövlətləri var idi. Ermənilər isə qədim türk-azəri torpaqlarında havadarlarının köməyi ilə uydurma bir dövlət yaradıblar. Elə SSRİ ilə Azərbaycanın müqayisəsi də mümkün deyil. Ancaq söhbət ondan gedir ki, bugünkü gənc müstəqil Azərbaycan Respublikası 1941-1945-ci illərdə faşizm üzərində qələbənin təmin olunmasında misilsiz xidmətləri olan bir dövlətdir. İndi özü faşizmin işğalçılıq siyasəti ilə üz-üzədir. Azərbaycan xalqı Böyük Vətən müharibəsində özünün yüz minlərlə ən mübariz övladlarını qurban verib, qələbənin təmin olunmasında Bakı neftinin oynadığı rolu nəinki SSRİ siyasətçiləri və beynəlxalq aləmdəki dostlarımız, eləcə də, faşist Almaniyasının rəsmiləri çəkinmədən etiraf edirdilər. Bu gün isə həmin xalq erməni faşizminə qarşı apardığı ədalətli mübarizədə dünyanın bir çox siyasətçilərinin ikili standartının şahidi olur.

Faşist Almaniyasının süqutundan, xeyirin şər üzərində qələbəsindən dərhal sonra bir araya gələn mütərəqqi siyasətçilər dünyanı müharibə və münaqişələrdən xilas etmək, bu qəbildən olan hadisələrin təkrar olunmasının qarşısıalmaq üçün Birləşmiş Millətlər Təşkilatı adlı mötəbər bir təşkilat yaratmışdılar. Çox təəssüf ki, həmin təşkilatın işğalçı Ermənistan dövləti barədə qəbul etdiyi dörd mühüm qətnamə hələ də icra olunmur, havadan asılı vəziyyətdə qalır. Bütün bunlara baxmayaraq, mütərəqqi düşüncəli insanların hamısı kimi Azərbaycan dövləti də, xalqımız da inanır ki, işğalçılq siyasəti yeridən ölkələrin yaşadığı taleyi Ermənistan dövləti də yaşayacaq. Çünki ən adil hakim zaman, ən ölməz dəyər isə ədalətdir. Azərbaycan dövlətinin qətiyyyəti və xalqımızın iradəsi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə nizamlanacağı gün uzaqda deyil. Alman faşizminin taleyi heç kəsin yadından çıxmayıb.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 22 iyun.- S. 5.