Bir kəndin
ağrılı hekayəti
1941 -ci il iyunun 22-də alman
faşizminin Sovet İttifaqı üzərinə hücuma
keçməsi ilə bəşər tarixində ən dəhşətli
savaş olan II Dünya müharibəsinin gedişində yeni
qanlı- qadalı mərhələ başlandı. Faşist
Almaniyası 1939-1941-ci illərdə Avropanın əksər
dövlətlərini - Danimarka, Norveç, Belçika,
Niderland, Lüksemburq, Fransa, Yuqoslaviya, Yunanıstanı... ələ
keçirib həmin ölkələrin potensialını da cəlb
etməklə öz müttəfiqləri olan İtaliya,
Macarıstan, Rumıniya və Finlandiya qüvvələri ilə
"Barbarossa" planına görə, SSRİ-ni 9-17 həftəyə
işğal etməyi qarşıya məqsəd qoymuşdu.
Bundan
sonra işğal edilən SSRİ ərazisinin əhalisini məhv
etməklə həmin yerləri müstəmləkəyə
çevirib, ABŞ, İngiltərə, Çin və
Yaponiyanı diz çökdürərək, dünya
ağalığı eşqinə düşən faşistlərin
bu nəhəng hərb maşınına tab gətirməkdə
Azərbaycan xalqı da böyük əzmkarlıq və
şücaət göstərmişdir.
Cəbhəyə
yola düşən 700 minədək Azərbaycan vətəndaşının
yarışı bu qanlı döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur. Naxçıvandan cəbhəyə yollanmış
30 mindən çox döyüşçünün
yarıdan çoxu müharibədən
qayıtmamışdır. Doğulub boya-başa
çatdığım Şahbuz rayonunun Keçili kəndindən
isə cəbhəyə gedən 81
döyüşçüdən 49 nəfəri Vətən
uğrunda həlak olmuşdur. Onlardan biri də mənim atam
idi. Uşaqlığım 1941-1945-ci illərə
düşdüyündən yaşıdlarım kimi əyin-paltarsız,
yarıac-yarıtox böyümüşəm, yaşa dolduqca
o illərin acı xatirələrini necə eşitmişəmsə,
yaddaşımda eləcə yaşadıram.
Hitlerə
qarğıyan it
Çoban
Mehdini də cəbhəyə apardılar. Onun Bənək
adlı iti oba camaatına bir dərd oldu. Bir aydan
çox atılan kütə, verilən yala baxmadı. Obanın dik, uca yerinə çıxıb
üzü aranadək gecə- gündüz sahibinin
arxasınca ulamağa başladı. Şahidi
olanlar itdəki bu etibara heyrət edirdi. Bənək
səsini kəsmirdi ki, kəsmirdi. Sərdəndə ən
yaşlı ağbirçək Həcər arvaddan
soruşurlar: Bu itin səsində nə var, niyə belə
tükürpədici səslə ulayır? Həcər
arvadın sinəsi dağlı idi. 30-cu
illərin repressiyasında dağ kimi qardaşlarını,
qohumlarını itirmişdi. Nisgilin nə
demək olduğunu dərindən duyurdu.
- Nə
olacaq, Bənək Hitlerə qarğış edir, - deyir.
Bənəyin sahibi elə ilk aylarda döyüşdə
həlak olur.
Vəfalı it isə gecə- gündüz
çoban Mehdi gedən yola baxıb ulayır. Bir səhər açılanda görürlər
ki, Bənək sahibi Mehdinin obadakı daş komasında
atıb getdiyi əl ağacının yanında uzanaraq
ölüb. Milyonlarla insanın qanına bais olan Adolf
Hitler sərsəmliklə başladığı müharibəni
uduzduğuna görə Bənəkdən 4 il
sonra özünü öldürdü.
Bir nəlbəki un
Səmənnaz
nənə hər gün yaşıdı Nargilə arvada dua edərdi: Deyərdi ki, müharibənin
ortaları idi, çörək qəhətə
çıxmışdı. Kolxoz
ambarındakı azacıq toxumu da cəbhəyə göndərirdilər.
İki yaşlı nəvəm camaatın yediyi
çöl per-pencərinə yaxın durmurdu, acından nalə
çəkirdi. Ümidim Nargilə arvada
gəldi: Əri Məmmədəli müəllim cəbhədə
bir ayağını itirib, şikəst
qayıtmışdı. Ona hər ay kilo ilə un norması verirdilər.
Nargilə arvad bir yerə, bir göyə baxıb məni
naümid qaytarmadı. Bir nəlbəki un verdi. Onu azı bir həftə südlü horra edib
qaşıq-qaşıq nəvəmin üzünə tutdum.
Qızım Mələk isə kəndin qadınları
ilə cütə, kotana gedirdi. Uşağın
ana xiffəti və aclığı məni dara çəkirdi.
İllər keçdi, dava bitdi. Bolluq illəri başladı. Bir
gün kənd dükanına getmişdim. Un
kisələrini qatar- qatar hörmüşdülər, alan
yox idi. Gözüm önünə o bir nəlbəki un gəldi. Qəhətlik bizi beləcə
sıxıntıda saxlamışdı. Qəhətlik
yaddaşımızda belə daşlaşmışdı.
Dam üstünə atılan
açar
Kalba Qəhrəmanın arvadı da onun dalınca vəfat
etmişdi. Üç oğlu yetim böyümüşdü.
Elə təzəcə ərsəyə gəlirdilər.
Kənd soveti Məmmədxəlili də,
İbrahim - xəlili də, Əlini də bir gündə
rayondan çağırışa gələnlərə təqdim
etdi. Pəri nənə hərbi komissara
yaxınlaşıb dedi ki, Əlinin hələ yaşı
çatmır, bu ocağı söndürməyin, heç
olmasa, birini saxlayın. Olmaz! - dedilər, -
qanun- qanundur. Sonbeşik Əli qara damın
qapısını kilidlədi, heç kəsləri
olmadığından açarı palçıq suvaqlı
damın üstünə aldı və üç qardaş cəbhəyə
yollandı.
Pəri nənə
nalə çəkdi:- Ocağın
keçsin, Hitler, yurdda qalan olmadı. Üç
qardaşın üçü də müharibədə həlak
oldu. Qara damın uçuq- sökük
yeri hələ də qalır. Bu nisgil
ürəklərdən getmir.
Kənddən birdəfəlik gedən
Mahmud
Müharibənin ağır günləri olduğundan kənddə
qoca qadınlar cüt-kotanın qulpundan yapışıb
macqal olurdular, yeniyetmə uşaqlar da boyunduraq üstə
hodax. Çörək yox idi. Çöl pencəri,
üzsüz pendir, üzsüz qatıqdan hazırlanan ayran aşı ilə çölçüləri
birtəhər ovundururdular. Cütə- kotana gedənlərə
ayran aşı aparıb iş üstə
paylayırdılar. Qab-qacaq
olmadığından hərə öz payını elə
küpədən içirdi.
Növbə Mahmuda çatır. İndi 82
yaşlı Elbəyi baba deyir ki, acından avazıyıb
solmuş Mahmud iki əllə küpənin qulpundan
yapışıb ayran aşını başına çəkdi.
Normanı keçdi, macqal xəbərdar etsə
də Mahmud küpəni heç kəsə ötürmədi.
Macqal baxdı ki, ta hodaxlara heç nə
qalmayacaq. Mahmudun başına iki yumruq
vurdu. Mahmud küpəni yenə
buraxmadı. Qoca macqal yetim
uşağın belə aclığına qəhərlənib
ağladı. Mahmud küpənin qulpunu
buraxdı. Cüt çubuğunu şuma
atıb, üzüaşağı kəndə yollandı, nə
qədər çağırdıqsa, geri dönmədi.
Səhəri günü eşitdik ki, Mahmud kənddən
də küsüb gedib. Kimsəsiz yeniyetmə
Hacıvar kəndinə pənah gətirir.
Böyüyüb boya- başa çatır, 62 il
ömür edir. Ömrünün son
gününədək bir dəfə də olsun
doğulduğu kəndə qayıtmır.
Nuhun vermədiyi pay
Müharibənin ortalarında da yaşı
çatanları bir- bir cəbhəyə yola
salırdılar. Rayondan gələn hərbi komissar
çağrışçılara xeyir-dua verən el
ağsaqqalı Hacı Nurəli babadan soruşur:
- Baba,
dünya görmüş adamsan, Hitlerin ordusu az
qala sovet torpağının yarısınadək gəlibdi. Səncə, bu müharibənin axırı necə
olacaq?
Kənddə
böyük nüfuz sahibi olan, öz halal əməyi ilə
5 hektar meyvə bağı salmış Hacı Nurəli baba
qəddini düzəldib deyir:
- Ay
oğul, Nuh peyğəmbər torpaqları böləndə
hər kəsin payını özünə verib. Hərənin
öz torpağı var. Ağızları ovulacaq,
qayıdıb öz yerlərinə gedəcəklər...
Belə də olur. Kolxoz quruculuğunda 7 oğlu şərə-böhtana
salınıb öldürülən, tutulan ağsaqqalın təsəllisi
cəbhədə döyüşən Salman nəvəsinə
gəlsə də 131 il ömür sürən qoca
dünyadan köçdü, nə qələbəni
gördü, nə də sinəsi orden-medalı cəbhədən
qayıdan Salman nəvəsini. Salman ömrünün
axırınadək babası Hacı Nurəlinin zəngin
bağına bağbanlıq etdi. Aldığı
qəlpə yaralarından çox yaşaya bilmədi, 49
yaşında dünyasını dəyişdi. Ancaq
bağı elə qorumuşdu ki, Hacının 180 il əvvəl, gəncliyində əli ilə əkdiyi
ərik, armud, alma, qoz ağacları indinin özündə də
şövqlə çiçəkləyir, bar verir.
Bir çuval buğda qırpı
Payızın son ayı idi. Xırman sovulmuşdu.
Olub- qalan taxıldan az miqdarda camaata,
qalanını da cəbhəyə vermişdilər. Mələk ana həmərsün, yemişan meyvələri
yığıb qış ruzisi eləmək
üçün kövşənliyə gedir. Cəbəllikdəki həmərsün kolları
arasında iri bir təndir kimi hörülmüş buğda
qırpı görür.
Sən demə, mişovul yaxınlıqdakı buğda
zəmisindən qırparaq gətirib cəbəllikdə
hörübmüş. Çölün-çölənin
tükənən vədəsində belə bir qismət
üstə çıxan Mələk ana dərhal kəndə
qaydır, qardaşları Əsəd və Əmirallahın
hərəsinə bir uşaq kisəsi düzəldir. Buğda qırpını kisələrə
yığıb evə gətirirlər. Toxmaqla
döyüb təmiz buğdanı əl kirkirəsində
yarma çəkirlər. Bir xeyli müddət
bu Tanrı qisməti gözlərinə işıq gətirir.
Qonşuları Reyhan arvada, Züleyxa arvada
bir ləyən yarmanı pay verəndə bu sevinc yerə-göyə
sığışmır, xəzinə tapsaydılar, belə
sevinməzdilər.
Əllərimi qaytarsalar...
Qonşu Biçənək kəndində bir Rəhim
dayı vardı. Hər iki əlini müharibədə biləkdən
itirmişdi. Deyirdi ki, Macarıstan
torpağını faşistlərdən azad edərkən
üz-gözümdən, bədənimdən müxtəlif qəlpə
yaraları aldım, əllərimi isə itirdim. Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi
Aleksey Meresyevin iradəsi haqqında povest yazılıb. Hər iki ayağını itirən
qırıcı təyyarəçi Aleksey Meresyev protez
ayaqlarla uzun müddət məşq edərək, yenidən
döyüşə qayıdıb, faşistlərdən qisas
alıb.
Bəs Rəhim dayı necə? O, dərin qəlpə yaraları ilə
1947-ci ilədək hospitallarda yatıb. Sağalıb
evə göndəriləndə təkidlə güdül
qollarının yarılıb haça edilməsini tələb
edib. Axır ki, tələbi eşidilib.
Biləkdən yuxarı dirsəyədək hər
iki qolunda əməliyyat aparıb qollarını yararaq
haça etmişdilər.
Rəhim
dayı70 yaşadək Biçənək kolxozunda kərənti
ilə ot biçənlərin həmişə
öndəri olmuşdu. O, bir qolunun haçasını kərəntinin
əlcəyinə bənd edir, o biri haça ilə kərəntinin
dəstəyini sinəsinə sıxaraq enli lay
çəkərdi.
Bir dəfə
kənd içində iş vaxtı boş-bekar gəzən
yaşıdını görəndə deyir: - Əllərimi
qaytarsaydılar, bu kəndin iş-gücünü təkbaşına
görərdim, niyə işləmirsən?
1946-cı ildə dünyanın gözü Nürnberqdəki
faşizm cəlladlarının beynəlxalq məhkəməsinə
dikildi.
İkinci Cahan müharibəsinin sağ qalan, ələ
keçən, 60 milyonadək insanın qanına bais olan,
ölkələri, məmləkətləri viran edən
faşist cəlladları boğazından asılmaqla edam
edildi, uzunmüddətli həbslər kəsilərək
ifşa olundular. Lakin dünyanın gözü
qarşısında, xainliyinə görə heç bir millətin
qonşuluqda yer vermədiyi ermənilər
torpaqlarımızda dövlət qurub, xalqımıza qənim
kəsildilər. Sovet imperiyasının
dağılmasından istifadə edərək
havadarlarının köməyilə 20 faiz ərazimizi
işğala məruz qoydular, 1 milyonvətəndaşımız
yurd-yuvasından didərgin düşdü. BMT-nin təcavüzkar Ermənistan haqqında
dörd qətnaməsi icrasız qalıb. Erməni faşizmi yalan və böhtanlar üzərində
bütün Türk dünyasına qənim kəsilib, iri
dövlətlərin məqsədli oyun kartına
çevrilib. Bəşəriyyəti
faşizm taunundan xilas edən Bakı neftinin nurlu
işığı, şübhəsiz, erməni faşizminə
də son qoyacaq. İntəhası geci-tezi
var.
Partizan müəllimimizin hünəri
Gəncliyin qaynar çağı idi. Gəncədə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun III
kursunda oxuyurduq. Qış fəsli idi.
Respublikanın flaqman qəzeti olan "Kommunist"də
üzvi kimya müəllimimiz, professor
Mikayıl Qulubəyov haqqında bir oçerk dərc
edilmişdi. Oxuduq, heyrət bizi bürüdü.
Əsirlikdən qaçaraq Yuqoslaviyada partizan dəstəsinə
qoşulan Mikayıl Qulubəyov Sovet İttifaqı Qəhrəmanı,
əfsanəvi partizan Mehdi Hüseynzadənin sağ əli
olur. İki dəfə yaralanan Mehdini bir
kimyaçı həkim kimi Mikayıl müəllim
sağaldır. Son döyüşdə
faşist snayperi Mehdini qaranlıqda vura bilir. Almanlar onun cəsədindən də qisas
almağı qarşıya məqsəd qoymuşdular.
Mikayıl Qulubəyov onu bacardıqca uzaqlaşdırıb
meşənin dərinliklərinə aparır və
xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadə
Mikayıl Qulubəyovun qucağında can verir. Mikayıl
Qulubəyov qürbət eldə gecənin zülmətində
fəhmlə üzü qibləyə ona özü tək məzar
qazıb, dəfn edir. Bir həftə sonra partizan
yoldaşları ilə Mehdi Hüseynzadəni Sloveniya
qardaşlıq qəbiristanlığında yenidən dəfn
edirlər...
Bizim 22 nəfərlik
qrupumuza üzvi kimya fənnindən dərs deyən professor
Mikayıl Qulubəyovun bu fədakarlığı ilə mətbuat
səhifəsində tanış olandan
sonra o, bizim gözümüzdə qat-qat yüksəldi. Üzvi kimya fənnindən imtahana xüsusi iradə
ilə hazırlaşdıq, 22 nəfərdən 11- imiz "əla"
qiymət aldıq. Bu göstərici o dövrün sovet ali məktəbləri üçün, əslində,
bir qələbə idi. Bu xəbər institutun
bütün fakültələrinə
yayılmışdı. Qrup nümayəndəsi
kimi mən əsgəri qaydada professorun qarşısında təzim
edib bildirdim ki, biz 40 gündür gecə-gündüz yatmırıq.
Bu, bir tələbə kimi, sizin partizan hərəkatındakı
şücaətlərinizə və alman faşizmi üzərində
qələbənin qazanılmasındakı xidmətlərinizə
kiçik töhfəmizdir.
Professor qalan on bir tələbənin bilik səviyyəsini
soruşanda dedim:
-
Professor, onların çoxu atasız böyümüş,
bir qədər də zəif təhsil almış tələbələrdir,
"kafi" qiymətə ancaq cavab verə bilərlər.
Mikayıl
müəllimin nurlu siması birdən tutuldu:
- "Kafi" alanlara təqaüd verilmir. Onların qiymət
kitabçasına "yaxşı" yaz, gətir, imza edim.
Qoy təqaüddən qalmasınlar. Eynəyi
gözündən götürərək üzünü həmin
tələbələrə tutub dedi:
-
Öldürməyə nə var oğul, o kəsə deyərəm
ki, yaşatsın! Gedin yaşayın, təqaüddən
qalmayın, amma imtahanlara yaxşı hazırlaşın!
Uzun illərdir
ki, professor Mikayıl Qulubəyovun bu nəcib
hərəkəti yadımızdan çıxmır. Ruhu
şad olsun! Vətən belə oğulların
sayəsində Vətən olmuşdur.
Qaşdar ƏLİYEV,
Naxçıvan Muxtar Respublikası
Şahbuz Rayon Müharibə, Əmək,
Hüquq-Mühafizə və
Silahlı Qüvvələr
Veteranları Şurasının məsul
katibi,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.-
2012.- 22 iyun.- S. 5.