Sankt-Peterburq şəhərində turizmlə
bağlı ölkələrarası ilk işçi seminar keçirilmişdir
Bu
günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına
(QDİƏT) üzv ölkə universitetlərinin turizm sahəsində
beynəlxalq elm və təhsil konsorsiumu təsisatçılarının
ilk işçi seminarı olmuşdur.
Seminarda
ölkəmizi Azərbaycan Turizm İnstitutunun tədris
şöbəsinin müdiri Nərminə Abdullayeva təmsil
etmişdir. O, seminardakı çıxışında
çalışdığı institutun ötən illərdəki
fəaliyyəti, onun ölkədəki digər ali təhsil
ocaqları sırasında tutduğu mövqe və xarici tərəfdaşlarla
əlaqələri, ikili diplom təcrübəsi, yüksək
ixtisaslı turizm kadrlarının hazırlanması məsələlərinə
həsr olunmuş məruzə ilə çıxış
etmişdir. Seminarda akademik heyət və tədqiqatçılar
üçün nəzərdə tutulmuş yay məktəblərinin
işi barədə fikirlər səsləndirilmişdir. Həmçinin
muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin
təcrübə mübadiləsi, ikili diplom proqramı
çərçivəsində müştərək magistr
proqramlarının təşkili və s. problemlər də
başlıca müzakirə predmeti olmuşdur.
Tədbirin
son günündə seminar iştirakçıları tərəfindən
QDİƏT-ə üzv olan ölkə universitetlərinin
turizm sahəsində beynəlxalq elm və təhsil
konsorsiumunun yaradılması haqqında təkliflər
paketinin hazırlanıb müvafiq quruma təqdim edilməsi qərara
alınmışdır.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 22 iyun. S. 7.