Prezident İlham ƏLİYEV: Proqramın icrası nəticəsində Bakıda və ətraf qəsəbələrdə bütün infrastruktur, sosialiqtisadi problemlər həllini tapacaqdır

 

Son illər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, dövlətin maliyyə gücünün artması ölkədə geniş quruculuq işlərinin həyata keçirilməsinə, sosial infrastrukturun tamamilə yenidən qurulmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində indi ölkəmizin paytaxtında, eləcə də regionlarda əhalinin firavanlığının təminatına yönəldilmiş bir sıra ümummilli proqramlar reallaşdırılır, hər yerdə abadlıq-quruculuq işlərinin miqyası və həcmi artır. Bu da əvvəllər müşahidə olunan sosial problemlərin aradan qaldırılmasına, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşmasına imkan yaradır.

 

Hazırda paytaxt Bakı ölkəmizin yüksək iqisadi potensialına malik iri sənaye şəhəri olmaqla yanaşı, həm də məhsuldar qüvvələrin ən çox yerləşdiyi böyük bir məkandır. Məhz bütün bu amillər, eləcə də paytaxtımızın gündən-günə böyüməsi və əhali məskunlaşmasının getdikcə artması şəhərə daha çox diqqət göstərilməsini tələb edirdi. Məhz bu məqsədlə də 2011-ci il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qəbul olundu. Proqramın icrasına başlanıldığı ötən bir il ərzində paytaxtda və ətraf qəsəbələrdə genişmiqyaslı işlər həyata keçirilmişdir. Dövlət başçısının bilavasitə nəzarətində olduğu bu mühüm sənədin icrası hazırda da sürətlə davam etdirilməkdədir. İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda da paytaxtımızın son bir ildəki yüksək inkişaf dinamikasına nəzər salındı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Elə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanışlıq da bir daha sübut etdi ki, nəzərdə tutulmuş işlərin əksəriyyəti yüksək səviyyədə yerinə yetirilmiş, sakinləri narahat edən problemlər müsbət həllini tapmışdır.

Müşavirədəki giriş nitqində ötən ilin may ayında qəbul olunmuş Dövlət Proqramının təsdiqindən dərhal sonra Bakı şəhərində və ətraf qəsəbələrdə işlərin sürətlə getdiyini diqqətə çatdıran Prezident İlham Əliyev 2013-cü ilin sonuna qədər paytaxtda və şəhərətrafı ərazilərdə əsas sosial-iqtisadi və infrastruktur məsələlərinin öz həllini tapacağına əmin olduğunu bildirmişdir. Məlum olduğu kimi, son illər ölkəmizin ümumi iqtisadi inkişafı iri həcmli proqramların icrasına şərait yaradır. Müşavirədə bu mühüm məqama toxunan dövlət başçısı İlham Əliyev demişdir: "Bu iqtisadi inkişafı biz yaratmışıq, öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə. Əgər ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini təhlil etsək görərik ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Ölkənin iqtisadiyyatı üç dəfə artmışdır. Sənaye potensialı da üç dəfə artmışdır. Yoxsulluq beş dəfə azalmışdır. İşsizlik əhəmiyyətli dərəcədə azalmışdır və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılmışdır. Bu yerlərinin mütləq əksəriyyəti daimi yerləridir".

Ölkənin ümumi inkişafı fonunda paytaxt Bakıda həyata keçirilən genişmiqyaslı işlər diqqəti daha çox cəlb edir. Təsadüfi deyi ki, aparılmış məqsədyönlü işlər nəticəsində Bakı hazırda dünyanın ən yaraşıqlı və sürətlə inkişaf edən paytaxt şəhərlərindən birinə çevrilmişdir. Heç şübhəsiz, ötən ildən icrasına başlanılmış "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın bu sahədə müstəsna əhəmiyyəti olmuşdur. Bu da təsadüfi deyil. Çünki sözügedən sənədin tərtibi zamanı sakinlərdən alınan təkliflərin əksəriyyəti nəzərə alınmışdır. Prezident İlham Əliyev müşavirədə bu barədə demişdir: "Deyə bilərəm ki, proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və proqramın tərkibində olan maddələr, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, bizbunu bilirdik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha da sıx-sıx gedirdim. Proqramda demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır".

Yeri gəlmişkən, ötən il martın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı keçirilmiş müşavirə və həmin tədbirin nəticəsi olaraq dövlət başçısı tərəfindən təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ölkəmizdə aparılan nəhəng quruculuq işləri, eləcə də şəhərsalma mədəniyyəti baxımından son dərəcə vacib və əlamətdar bir hadisə idi. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində paytaxtda və ətraf qəsəbələrdə sosial infrastrukturun yenidən qurulması ilə bağlı mühüm işlər görülmüşdür. Ötən müddətdə müvafiq icra orqanları və əlaqədar təşkilatlar üçün, sözün əsl mənasında, geniş fəaliyyət proqramına çevrilmiş bu mühüm sənəddə nəzərdə tutulmuş tədbirlərin sürətlə və ardıcıllıqla yerinə yeirilməsi nəticəsində paytaxtımızın siması bir qədər də dəyişmiş, gözəlləşmişdir. Belə ki, Bakıda sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı təqdirəlayiq işlər görülmüşdür. Proqrama əsasən, 2011-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə 55 məktəbdə tam əsaslı təmir işləri aparılmış, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılmışdır. Bundan əlavə, 51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılmış, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunmuşdur. Elə dövlət başçısı da müşavirədə Bakıdakı uşaq bağçalarının mövcud vəziyyətindən danışarkən bu sahədə ciddi işlərin görülməsinin vacibliyini önə çəkmiş, zəruri hallarda yeni uşaq təlim-tərbiyə müəssisələrinin inşasının tikiləcəyini qeyd etmişdir. Bundan əlavə, 2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılmışdır. Bu il, həmçinin 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədilə işlər xeyli sürətləndirilmişdir. Gələn il isə Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramında nəzərdə tutulmuş vacib işlərdən biriasfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçələrin müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi idi. Bununla bağlı dövlət başçısına məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdir ki, 2011-ci il üçün nəzərdə tutulmuş proqrama uyğun olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetrya 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmişdir. Həmçinin kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır. . Proqram çərçivəsində həyata keçirilmiş tədbirlər təkcə sosial infrastrukturun yaradılmasına deyil, həm də paytaxtda və ətraf qəsəbələrdə yeni yerlərinin açılmasına da geniş imkanlar yaratmışdır.Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il proqramın icrası nəticəsində 18 minə yaxın şəxs işlə təmin olunmuşdur. 2012-ci ildə də nəzərdə tutulan işlərin görülməsinə 21 minə yaxın işçi qüvvəsi cəlb edilmişdir. Gələn ildən isə bu rəqəmin iki dəfədən çox artacağı gözlənilir.

Prezident İlham Əliyev yekun nitqində qeyd etmişdir ki, son bir il ərzində paytaxtın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı müəyyən tədbirlər görülsə də, əsas işlər hələ qabaqdadır. Artıq bütün infrastruktur layihələrinin görülməsi üçün konkret tapşırıqların verildiyini diqqətə çatdıran dövlət başçısı bildirmişdir ki, nəzərdə tutulmuş layihələrin icrası üçün hər cür maliyyə imkanlarımız varbu zaman əsas məsələ texniki peşəkarlıq, nəzarət, keyfiyyət və bu işləri görən insanların məsuliyyəti dərk etməsidir. Paytaxtın "mavi yanacaq" və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqların verildiyini vurğulayan Prezident bununla yanaşı, bəzi küçələrdə işıq dirəklərinin olmamasından narahatlığını bildirmiş və məsələnin həlli ilə bağlı əlaqədar təşkilatlara konkret tapşırıqlar vermişdir.

Sukanalizasiya məsələlərinin həllinə də xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkən Prezident İlham Əliyev gələn ilya ən geci 2014-cü ilədək Bakıda və ətraf qəsəbələrdə bu işlərin tam başa çatdırılacağını bildirmişdir. Bundan əlavə, dövlət başçısı əhalinin yüksək keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olunması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin qarısında yeni vəzifələr qoymuşdur.

Bakıda yol təsərrüfatının təmiri və tikintisi layihələrinin də uğurla icra olunduğunu söyləyən dövlət başçısı bildirmişdir ki, paytaxtda bu sahədə aparılan işlər bəlkə də heç bir başqa şəhərdə aparılmır. Belə ki, son illər ərzində Bakıda 30-dan çox böyük yol qovşağı, tunellər, körpülər tikilmişdir. Hazırda paytaxtda yeni, müasir yolların tikintisinə baxmayaraq, bəzi qəsəbələrdə torpaq yolların mövcudluğunun dözülməz olduğunu vurğulayan Prezident yaxın illərdə su-kanalizasiya layihələri başa çatdıqdan sonra, yaxud da ki, onlarla paralel olaraq qəsəbədaxili yolların hamısına geniş asfalt örtüyünün salınması ilə bağlı tapşırıq vermişdir.

Bütün bunlarla yanaşı, Bakının böyük sənaye mərkəzi olduğunu söyləyən dövlət başçısı bildirmişdir ki, hazırda şəhərin mərkəzində çoxlu sənaye obyektləri, zavodlar, fabriklər vardır ki, bunlar da indiki yanaşmaya uyğun gəlmir. Yeni yanaşma ondan ibarətdir ki, köhnəlmiş sənaye obyektləri şəhərin mərkəzindən çıxarılsın. Bu proses gedir, köçürmələr davam edir. Prezident İlham Əliyevin dediyi kimi, vaxtilə köhnəlmiş, fəaliyyət göstərməyən sənaye müəssisələrinin yerində gözəl binalar, ictimai yerlər yaradılmış, parklar salınmışdır. Dövlət başçısı şəhərimizin sənaye inkişafına yüksək səviyyədə diqqət yetirilməsinin vacibliyini önə çəkərək demişdir: "Bakı sənaye şəhəri kimi, əlbəttə ki, inkişaf etməlidir. Yeni, böyük sənaye obyektləri, - mən bu barədə əvvəllər də fikrimi bildirmişəm, - Qaradağ rayonu ərazisində tikilməlidir. Orada böyük ərazi vardır. İndi orada böyük sənaye müəssisələri, sement zavodu, başqa zavodlar tikilir. Neft Şirkəti Qaradağ rayonu ərazisində böyük neft-kimya kompleksi tikəcəkdir. Ələtdə yeni Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu tikilir. Yəni, biz Bakı sənayesini daha çox Qaradağ rayonunun ərazisində yerləşdirməliyik. Texnoparkların yaradılması məsələləri də bu məqsədə xidmət etməlidir. Texnoparklara gəldikdə, həm Bakıda, Sumqayıtda, Gəncədə bu proses gedir. Bu, bizə imkan verəcək ki, giriş sözümdə dediyim kimi, 2023-cü ilə qədər qeyri-neft sənayesinin inkişafı hesabına ümumi daxili məhsulu iki dəfə artıraq".

Heç şübhəsiz, müşavirədə qaldırılan məsələlər Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verməklə yanaşı, yerlərdə məşğulluq strategiyasının həllinə də əlavə imkanlar yaradacaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 22 iyun.- S. 1.