İsmayıllı:
Cavanşir yurdunun yeni növrağı
Əziz
oxucu, bilmirəm İsmayıllıya yolun son dəfə nə
vaxt düşüb. Amma bir onu bilirəm ki, dağlar qoynunda
yerləşən bu gözəl diyar o qədər dəyişib
ki, heyrətini gizlədə bilməyəcəksən.
Təəccüblənmə,
son illər burada görülən işlərə baxanda
adamın ürəyi açılır, bu gözəlliyi
görəndə qürur hissi keçirirsən.
İcra
hakimiyyətinin başçısı Nizami Ələkbərovla
söhbət zamanı o, rayonda görülən işlərdən
həvəslə danışdı, əldə olunan
uğurları sadaladı. Bildirdi ki, 2011-ci il rayonun həyatında
dönüş ili olub.
Respublika
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
İvanovka zonasına içməli su çəkmək
üçün ayrılan 3,5 milyon manat vəsaitə
uyğun layihə hazırlanıb, keçən il istifadəyə
verilib. Yeni su kəmərinin Ruşan, İvanovka, Soltankənd,
Hacıhətəmli və Mollaisaqlı kəndlərində
təntənəli açılışı olub. Layihənin
başa çatması ilə bu gün 10 min nəfərdən
çox əhalisi olan 9 kəndin sakini Prezident
qayğısının bəhrəsi olaraq içməli
sudan istifadə edir.
Nizami
müəllim danışdıqca istər-istəməz həmin
kəndlərdə olan ayrı-ayrı adamlarla
görüşümü xatırladım. Aradan xeyli vaxt
keçib. Lakin onların minnətdarlıqla dolu sözləri
bu gün də yaxşı yadımdadır. Onların səmimi
minnətdarlıqları, əlbəttə, təsadüfi
deyil. Uzun illər su sarıdan korluq çəkən adamlara göstərilən
bu qayğının, diqqətin qarşısında nə deməliydilər
axı...
Geri qayıdanda yol yoldaşım olan rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayev rayon əhalisinin digər problemlərinin həllindən danışdı. Bildirdi ki, hamı yaxşı bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətində Qarabağ Müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı insanlara qayğı əsas yer tutur. 2011-ci ildə bu kateqoriyadan olanlar üçün 36 mənzilli yaşayış binası, 2 fərdi ev tikilib istifadəyə verilib. Lahıc qəsəbəsində daha 2 fərdi evin inşası davam etdirilir.
Hələ bu harasıdır. Keçən il Soltankənd kəndində 180 şagird yerlik, təlimin və pedaqoji əməyin təşkili üçün hər cür şəraiti olan məktəb tikilib istifadəyə verilib, Aşıqbayramlı tam orta məktəbinin binası əsaslı təmir olunub, Kürdeldarbəyli, Sərdahar və Talış kəndlərinin hər birində 80 yerlik məktəb binalarında inşaat işləri davam etdirilib. Şəhər 1 saylı tam orta məktəbin həyətində rayon icra hakimiyyətinin sifarişi ilə mini futbol meydançası quraşdırılıb. Lahıc qəsəbəsi və İvanovka kəndində 15 çarpayılıq sahə xəstəxanalarının, Topçu və Tircan kəndlərində isə həkim məntəqələrinin inşasına başlanılıb.
Görürsünüzmü, danışmalı işlər çoxdur. "Turizm ili"ndə rayonda genişmiqyaslı işlər görülüb, ardıcıl və sistemli tədbirlər həyata keçirilib.
"Çıraq otel"
tikilib istifadəyə
verilib. Rayon ərazisində
turizm istirahət mərkəzlərinin sayı
22-yə çatıb. 2011-ci ildə rayona
60 min nəfərə yaxın
turist gəlib. Məlumat üçün deyim ki, bu rəqəm
2009-cu ildə 15 minə
yaxın idi.
Bu il isə
"İdman ili" elan olunub. İdman ilinin
xarakterindən, tələblərindən
irəli gələn tədbirlər daha səmərəli, daha genişmiqyaslı olacaq.
Gənclər və İdman
idarəsi, Olimpiya İdman Kompleksi, rayon Təhsil şöbəsi
ilin proqramını birgə hazırlamağı
və həyata keçirilməsini təmin
etməyi nəzərdə
tutub.
Turizmlə bərabər iqtisadi inkişafın tələblərinə
uyğun sahələr
- çörəkbişirmə, üzümçülük, şərabçılıq,
arıçılıq, meyvəçilik,
taxılçılıq yönümlü
sahibkarlıq fəaliyyəti
daha sürətlə
inkişaf edir.
İsmayıllı kənd təsərrüfatı
rayonudur. Qazanılan nailiyyətləri sadalayım,
siz də tanış olun.
Elə buradaca qeyd edim
ki, kənd təsərrüfatı istehsalının
ümumi həcmi 58 milyon 692 min manat təşkil edib ki, bu da
2010-cu ildəkindən 9 milyon
298 min manat çoxdur.
Ötən il 5 min 51
ton diri çəkidə
ət, 385 ton yun, 33
min 709 ton süd, 7 min 711 ton meyvə, 6 min 242 ton kartof istehsal olunub. Sahələrdən 47 min 517 ton buğda, 9 min 639 ton arpa götürülüb.
Nəticə göz qabağındadır. Başqa
nə deyə bilərik ki... Bu gün İsmayıllıda
hər görüləsi
iş əhalinin xoş güzəranına
hesablanıb. Rayonun elektrik
şəbəkəsi yenidən
qurulub desək səhv etmərik.
Keçən il elektrik verilişi xətlərində
130 ədəd dayaq dəyişdirilib, müxtəlif
güclü 18 ədəd
zədələnmiş transformator
təmir etdirərək
yenidən quraşdırılıb,
65 ədəd transformator
yarımstansiyasında cari
təmir işləri
aparılıb. İl ərzində
280 ədəd elektron
və 180 ədəd
"Smart-kart" tipli sayğac
quraşdırılıb. Elə bunun nəticəsidir ki, istifadə olunan elektrik enerjisi haqqının yığımı
96,2 faiz olub.
Şəhərin Cavanşir, Əlağa
Vahid, İsrayıl Həsənov, Nizami, Natiq Səmədov, Mir Cəlal Paşayev, Zeynalabdin Tağıyev, Babadağ və Sabir küçələrinə
qaz kəmərləri
yenidən çəkilib.
Bu gün Yeniyol
və Hapıtlı kəndlərinə, Aşıqbayramlı
və Kürdmaşı
kəndlərində müvəqqəti
məskunlaşmış məcburi
köçkünlərin evləri
də diqqətdən
kənarda qalmayıb.
Onların da mənzilləri
qazlaşdırılıb.
İsmayıllıdan danışıb, onun təhsildəki uğurlarından
söhbət açmamaq,
üstündən sükutla
keçmək olmaz. Təsadüfi deyildir ki, zəngin
maarifçilik ənənələrinə
malik olan İsmayıllı təhsili
aparılan islahatlar nəticəsində beynəlxalq
standartlara cavab verən bir səviyyəyə çatıb.
Mərkəzləşdirilmiş şəkildə Təhsil
Nazirliyi tərəfindən
aparılan buraxılış
imtahanlarında XI sinif
şagirdlərinin 85 faizi
bütün fənlərdən
müsbət qiymətlə
orta məktəbi bitirmək haqqında attestat alıb. IX siniflərin buraxılış
imtahanları daha müvəffəqiyyətli olub,
96 faiz şagird ümumi orta təhsili müvəffəqiyyətlə
başa vurub.
Ötən il məzunların ali məktəblərə qəbulu
daha yaxşı olub, 270 nəfər məzun tələbə adını qazanıb. Bunlardan 18 nəfəri
600-dən yuxarı, 50 nəfər
isə 500-600 arasında
bal toplayıb.
Sumağallı, Buynuz və Qoşakənd kənd tam orta məktəbləri, İsmayıllı kənd
tam orta məktəbinin
müəllimi Əsgər
Manafov "Ən yaxşı ümumtəhsil
məktəbi" və
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi olublar. Rayonda gənclərin peşə
təhsilinə də
xüsusi əhəmiyyət
verilib. Otelçilik və turizm
istiqamətli 480 yerlik
Peşə Tədris Mərkəzi istifadəyə
verilib.
Səhiyyə xidmətinin yaxşılaşdırılması
istiqamətində tədbirlər
davam etdirilib. Sevindirici
haldır ki, bir neçə səhiyyə obyektinin tikintisinə keçən
il başlanılıb.
Mərkəzi xəstəxananın bir neçə şöbəsində təmir
işləri aparılıb,
isitmə sistemi quraşdırılıb, yeni
tibbi avadanlıqlar alınıb.
Bu gün hər yerdə olduğu kimi, İsmayıllıda da əhalinin ən çox müraciət etdiyi, ən çox qayğı gözlədiyi
təşkilatlardan olan
rayon əhalinin sosial müdafiə Mərkəzi
və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi
fəaliyyətlərini vətəndaşların
qanuni maraqları üzərində qurub. İnsanları daha çox
maraqlandıran ünvanlı
sosial yardıma aid bəzi rəqəmləri
diqqətinizə çatdırım.
Keçən il 1629 ünvanlı sosial yardım işi dövriyyədə
olub. Bu ailələrin
7351 üzvünə yardım
verilib. Konkret desək bu məqsədlə 2 milyon
468 min 794 manat vəsait
ödənilib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi
isə ardıcıl aparılan pensiya islahatlarının nəticələrini
pensiyaçılara vaxtında
çatdırıb. Şöbənin uçotunda duran 13 min 698 nəfər pensiyaçı
pensiyasını plastik
kartlarla alır.
Bu günə bir manat da
olsun ödənməmiş
pensiya vəsaiti qalmayıb. İstəyirsiniz
keçən il ödənmiş əmək pensiyalarının
həcmini də deyim: 19 milyon 419 min 530 manat.
Əhalinin işlə təminatına
gəlincə isə deməliyik ki, Rayon Məşğulluq Mərkəzinə
594 nəfər işsiz
vətəndaş müraciət
edib, 347 nəfəri işlə təmin olunub. Keçən ilin
sentyabrında keçirilən
Əmək yarmarkasına
178 boş iş yeri təqdim edilib. 97 nəfər
vətəndaş işə
göndərilib, 8 nəfər
ictimai işə, 14 nəfər peşə hazırlığı kursuna
cəlb olunub.
Hansı sahədən söhbət
açsaq, bax, belə uğurların şahidi olacağıq. İstəyirsən rayon gənclərinin asudə vaxtlarının necə təşkil olunmasından,
mədəni abidələrin
qorunub saxlanmasından
danışaq, istəyirsən
rayon idmançılarının qazandığı uğurlardan
söhbət açaq,
ancaq xoş sözlər söyləmək
olar.
Çünki İsmayıllıda hər
şey nəzarətdədir,
hər sahəyə xüsusi diqqət göstərilir.
Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun kəndlərdə keçirdiyi səyyar qəbullarda söylənilən hər hansı təklif, irad diqqətdən kənarda qalmır, dərhal reaksiya verilir, məsələ özünün operativ həllini tapır.
Məhz belə olan halda insanların bu dövlətə inamı artır, onun yerli strukturlarına ürəklə, çəkinmədən söz deyə bilirlər.
Biz də İsmayıllıdan bax belə bir inamla ayrıldıq. Gələcəkdə daha xoş günlər görmək inamı ilə...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2012.- 1 mart.- S. 6.