Xocalı
soyqırımı və qadın hüquqları
1988 -ci ildən başlamış
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin kuliminasiya nöqtəsi Xocalı
soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli
və qəddar qətliamlarından biri hesab edilə bilər.
Xocalı faciəsi tarixdə bizə məlum olan
soyqırımı aktları ilə eyni səviyyədə
durur. Ulu öndərimiz Heydər Əliyev demişdir:
"Xalqımızın qəhrəman, igid övladları
torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq
şəhid oldular. Ancaq bütün bu tarixin içində
Xocalı faciəsinin xüsusi yeri var. Bu da ondan ibarətdir
ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz
torpağına, millətinə, Vətəninə sədaqətinin
nümunəsidir, ikinci tərəfdən də Ermənistanın
millətçi, vəhşi qüvvələri tərəfindən
Azərbaycana qarşı edilən soyqırımıdır -
vəhşiliyin görünməmiş bir təzahürüdür".
Xocalı
faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni
şovinist-millətçiləri tərəfindən azərbaycanlılara
qarşı müntəzəm olaraq həyata keçirilən
etnik təmizləmə siyasətinin davamı və ən
qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə
görə dünya tarixində analoqu olmayan Xocalı
soyqırımını törətməkdə erməni
şovinistləri və ideoloqları məkirli məqsəd
güdürdülər. Məqsəd Dağlıq
Qarabağı və digər Azərbaycan torpaqlarını ələ
keçirmək, xalqımızın müstəqillik və ərazi
bütövlüyü uğrunda mübarizə əzmini
qırmaq idi. Ancaq mənfur düşmən öz niyyətinə
çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan
xalqını sarsıtmış, Xocalı sakinlərinə
sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur.
Lakin xocalılar hətta amansız soyqırımı
günündə də özlərini əsl qəhrəman
kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə
qarşı qeyri-bərabər döyüşdə igidliklə
müqavimət göstərmiş, düşmən
qarşısında əyilməmiş, xalqımızın
mübarizə tarixinə şərəfli səhifələr
yazmışlar.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.
Erməni quldurları 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirmişlər. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, dəriləri soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində deyilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir. Həyatdan məhrum edilmiş bu insanların yeganə günahı azərbaycanlı olmaları idi.
İnsan Hüquqları haqqında Ümumi Bəyyanamənin 2-ci maddəsində qeyd edilir ki, hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq, bütün hüquq və azadlıqlara malik olmalıdır. Lakin yuxarıda göstərilənlər insan hüquq və azadlıqlarının pozulmasının adi halı deyildi. Əsrin əvvəllərindən başlayaraq planauyğun surətdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti idi.
Səriyyə Talıbova adlı şahid qadın göstərmişdir ki, daşnaklar erməni döyüşçüsünün qəbri üstündə 4 nəfər axıska türkünün və 3 azərbaycanlının başını kəsdilər. Valideynlərinin gözləri qarşısında uşaqlara ağır işgəncə verərək onları öldürdülər.
Xocalıdan olan digər şahid - Sənubər Ələkbərova Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən yaranmış təpəni heç vaxt unutmayacağını bildirir. Həmin kənddə ermənilərin qurduğu pusquya düşdükdən sonra onun əri, iki qızı - Sevinc və Hicran öldürülmüş, özü isə yaralanmışdır. Orada 200 nəfər azərbaycanlı girov götürülmüşdür.
Cəmil Məmmədov da girov düşmüş azərbaycanlılardan olmuşdur. Onun dırnaqları çıxarılmış, sifətinə təpiklə ağır xəsarət yetirilmiş, nəvəsi zorla ondan alınıb harasa aparılmış, anası və qızı itkin düşmüşdür. İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə görə, uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi soyqırımı cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir.
Xocalı soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can Yunet demişdir: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər".
"İzvestiya" qəzetinin müxbiri V. Bulıx göstərmişdir ki, Xocalı hadisələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, sümükləri çıxarılmış, başları kəsilmiş meyitlərin, o cümlədən qadın meyitlərinin şahidi olmuşdur.
Moskva "Memorial" Hüquq-Mühafizə Mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi pozulması faktları barədə məlumatında göstərilir: "Qaçanlar ermənilərin pusqusuna düşmüş və gülləbaran edilmişlər. Dörd gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruz qalma əlamətləri olmuşdur. Dörd meyitin başının dərisinin soyulduğu və bir meyitin başının kəsildiyi qeydə alınmışdır.
Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuşdur. 10 nəfər isə küt alətlə vurulmaqla öldürülmüşdür".
Soyqırımının hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyada göstərilir ki, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir:
- bu cür qrup üzvlərinin öldürülməsi;
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;
- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;
- uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Aparılmış tədqiqatlar onu deməyə əsas verir ki, Xocalı soyqırımı nəticəsində insan hüquqları, o cümlədən qadın hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu cinayətdə 56 nəfər, o cümlədən qadınlar xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, dəriləri soyulmuş, hamilə qadınların qarınları süngü ilə yırtılmışdır. Qadınların gözləri oyulmuş, qulaqları kəsilmiş, sümükləri çıxarılmış, başları kəsilmişdir. Göründüyü kimi, "İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 2-ci maddəsində öz əksini tapmış qadın hüquqları kobud şəkildə pozulmuşdur.
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
- Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
- Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
- İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətlər qadağandır.
- Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
- Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Bütün bunlar onu sübut edir ki, Xocalı soyqırımını törədənlər, günahsız insanların ölümünə bais olanlar ədalət məhkəməsindən canlarını qurtara bilməyəcəklər.
Habil QURBANOV,
AMEA-nın Fəlsəfə,
Sosiologiya
və Hüquq İnstitutunun
Dövlət
və hüquq nəzəriyyəsi,
mülki hüquq
və mülki proses şöbəsinin
müdiri,
hüquq elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 1 mart.- S. 4.