Azərbaycan və Türkiyənin birgə mübarizəsi zəfər çaldı

 

"Bizim münasibətlərimiz güclənibdir və demək olar ki, bütün sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq var. Siyasi, iqtisadi, mədəni, bütün digər sahələrdə işbirliyimiz örnək, nümunə ola bilər. Bizi bağlayan tarixi köklər əsasında qurulmuş yeni münasibətlər bölgədə mühüm rol oynayır. Bölgənin inkişafı üçün, Qafqazın inkişafı üçün Türkiyə - Azərbaycan münasibətləri müstəsna rol oynayır".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

"Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda da, tək ürəyik... İnşallah, İlham Əliyev qardaşımla bizim aramızdakı bu həmrəyliyi, bu qardaşlığı bütün dünyaya bir nümunə olaraq qoruyacağıq və bir nümunə olaraq göstərməyə davam edəcəyik. Əl-ələ, çiyin-çiyinə, ən mühümü də, qəlb-qəlbə bu regionda sabitliyi və rifahı, inşallah, yaradacağıq".

 

Rəcəb TAYYİB ƏRDOĞAN,

Türkiyə Cümhuriyyətinin Baş naziri

 

 

 

Fransa Senatının bu il yanvarın 23-də qəbul etdiyi "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan"Qanun qəbul etməsi ölkəni çıxılmaz vəziyyətə salmışdı. Çünki həmin qanuna əsasən qondarma "erməni soyqırımı"nı tanımayanları bir il müddətinə cəza və ya 45 min avro məbləğində cərimə gözləyirdi. Az qala bütün dünyaya "demokratiya dərsi" keçmək iddiasında olan bir ölkənin Senatı tərəfindən belə bir qanunun qəbul olunması həmin ölkənin demokratik dəyərlərə necə önəm verməsini göz önünə gətirirdi. Fransa Prezidenti Nikola Sarkozi artıq açıq şəkildə etiraf edirdi ki, belə bir qanunun qəbul olunması onun istəyindən irəli gəlib. Özünü dünyada demokratik ölkə kimi tanıdan Fransa bu antidemokratik addımı ilə Avropada gülünc vəziyyətinə düşmüşdü.

 

Fransa Senatının qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması ilə əlaqədar qəbul etdiyi qərarı Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun deyildi. Belə bir antidemokratik addım Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil edirdi. Artıq Fransa Senatının bir sıra üzvləri də belə bir qanunun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edirdilər. Xəbər verildiyi kimi, fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi üçün 77 imza toplayaraq bu qanunun ləğv edilməsi məqsədilə Konstitusiya Şurasına müraciət etmişdilər. Görünür, fransalı senatorlar bu yolla öz ölkələrinin demokratiya imicini qoruyub saxlamaq istəyirdilər. Həmin senatorların qətiyyəti, eləcə də Türkiyə və Azərbaycanın birgə apardığı məqsədyönlü siyasət nəticəsində bədxah insanların həmin planları alt-üst oldu. Dünya növbəti dəfə haqqın qələbəsinin şahidinə çevrildi.

Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir.Uzun illərdir ki, bu qurum Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Çox təəssüf ki, son 20 ildə Minsk qrupu bu sahədə qətiyyətli addım atmayıb. Minsk qrupunun fəaliyyətsizliyi dövlət rəsmiləri tərəfindən də ən yüksək tribunalardan dəfələrlə səsləndirilib. Əgər münaqişə bu gün də davam edirsə, demək ədalətli tələb hələ də yerinə yetirilməyib. Bu da ondan irəli gəlir ki, Minsk qrupunun həmsədrləri problemin aradan qaldırılmasında ədalətli yanaşma yolunu tapa bilməyiblər. Hadisələrin gedişi göstərir ki, əslində bu qurum Dağlıq Qarabağ münaqişəsinin obyektiv şəkildə, beynəlxalq hüququn norma və prinsipləri əsasında aradan qaldırılmasında maraqlı deyil. Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında saxlanılmasının görməməzliyə vurulması, "zavallı ermənilərin" "pozulmuş hüquqlarının" daha çox diqqət mərkəzində saxlanılması və həmsədr dövlət tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması Fransanın üzərinə götürdüyü missiyaya qeyri-obyektiv yanaşmasından xəbər verir. Odur ki, Azərbaycan xalqı Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv, tərəfsiz mövqe tutacağına daha inanmır. Fransa Milli Assambleyası və Senatı qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə əlaqədar qanun qəbul etməsi bu inamı artıq reallaşdırmışdı. Bu qanunun qəbulundan sonra Fransanın "demokratiyanın beşiyi" adlandırılması çox gülünc görünürdü.

Fransa Avropa Birliyinin aparıcı dövlətlərindəndir.Bu ölkənin qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar canfəşanlıq göstərməsi Avropa Birliyinin də imicini zərbə altında qoymuşdu. Bununla yanaşı, adı çəkilən sənəd Qərb demokratiyasına,orada insan hüquq və azadlıqlarının qorunmasına şübhə yaradırdı. Tarixi faktları, əsl həqiqətləri təhrif edən, öz maddi maraqlarının təmin olunması üçün hər cür rəzil hərəkətlərə yol verən qondarma siyasətçilərin cılız hissləri heç bir ölkəyə şərəf gətirməz. Təəssüf ki, bütün bunların başında növbəti dəfə prezident seçkilərində qələbə qazanmaq arzusunda olan Fransanın indiki Prezidenti Nikola Sarkozi dayanırdı. O, rəqiblərini sıradan çıxarmaq üçün min fitnə-fəsada, şər və böhtana əl atır. Yəqin ki, Fransada keçiriləcək növbəti prezident seçkilərinə qatılmaq istəyən Beynəlxalq Valyuta Fondunun sabiq prezidentinin başına gətirilən çirkin oyundan çoxları xəbərdardır. Fransada müxalifət partiyası kimi tanınan Sosialist Partiyasından olan prezidentliyə namizədin tərəfdarları qarşısında çıxışı zamanı Sarkozinin himayədarları tərəfindən "un atəşinə"tutulması da Fransanın hazırkı prezidentinin demokratik dəyərlərə necə "önəm verməsini" təsdiqləyən faktlardır. Bütün bunlar bir daha təsdiqləyir ki, Fransa Prezidenti Nikola Sarkozi bu il Fransada keçiriləcək prezident seçkilərindən çox narahatdır. Ona görə də o, hakimiyyəti yenidən əlində saxlamaq üçün müxtəlif antidemokratik üsullara əl atır. Qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə əlaqədar qəbul edilən "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan"qanunun qəbul edilməsi də məhz bu məqsədlər üzərində köklənib.Əslində Sarkozi bu "lütfkarlığı" ilə Fransada yaşayan 500 minədək erməninin səsini qazanmaq istəyirdi.

Fransada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Hətta bu lobbi hakimiyyət dairələrinə də təsir göstərmək iqtidarındadır. Erməni lobbisinin əsas təsir vasitələrindən biri senatorları pulla ələ almaqdır. Qondarma "erməni soyqırımı"nı tanıyan Fransa senatorlarından birinin bu yaxında da rüşvət alarkən lentə alınan görüntülərinin bütün dünyaya yayımlanması da bunu təsdiqləyir. İnsan hüquq və azadlıqlarının qorunmasından ağızdolusu danışan Fransa prezidenti və bu ölkənin parlamentinin üzvləri nədənsə Azərbaycanin işğal olunmuş əraziləri, Xocalı soyqırımı və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanmır, bu haqsızlığa münasibətini bildirmir.Yüz il əvvəl baş vermiş hadisələri şişirdilmiş şəkildə tez-tez xatırlayan Fransa lap yaxın illərdə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri analoqu olmayan soyqırımı barəsində bu vaxta qədər bir kəlmə belə danışmır. Fransa parlamentinin qondarma "soyqırımı" məsələsinin müzakirəyə çıxarılması tarixlə bağlı olan hadisələrin siyasiləşdirilməsidir. Əslində bu məsələ ilə bağlı tarixçilər araşdırma aparmalı və tarixi faktları olduğu kimi dünya ictimaiyyətinə təqdim etməlidirlər.

Fransa Senatında qondarma "soyqırımı" məsələsinin müzakirəyə çıxarılması ölkəmizlə dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəkdi. Çünki Azərbaycan hər zaman Türkiyə ilə dostluq,qardaşlıq münasibətləri nümayiş etdirib. Təbii ki, Fransanın bu ədalətsiz qərarı haqlı olaraq ciddi etirazlarla qarşılandı. Bu, hər bir Azərbaycan vətəndaşının Fransaya olan münasibətinə ciddi təsir göstərdi. Türkiyə - Azərbaycan münasibətləri tarix boyu yüksələn xətt üzrə inkişaf edib. Hətta ən mötəbər beynəlxalq tədbirlərdə də Türkiyə Azərbaycanı, Azərbaycan isə Türkiyəni müdafiə edib. Bütün dünyaya bəlli olub ki, Türkiyə - Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır. Bu dostluğun daimi və əbədi olmasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıblar.

Fransa Senatının əslində Türkiyəyə yönəldilmiş məlum qanunun qəbulundan dərhal sonra Azərbaycanın dövlət rəsmiləri, ictimaiyyəti etiraz səsini qaldırdı. Azərbaycan Respublikasının Milli Məclisi, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri öz etirazlarını kəskin şəkildə bildirdilər. Hətta qardaş ölkənin mətbuatında belə bir etiraf səsləndi ki, Fransa siyasətçilərinin məlum qərarına Türkiyəyə nisbətən Azərbaycan daha çox təpki göstərdi. Bu günlərdə ölkəmizdə səfərdə olmuş Fransa - Qafqaz dostluq qrupunun sədr müavini, Fransa - Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirmişdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşü zamanı bu ölkənin parlamentində qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu vurğuladı. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür etmiş, ümidvar olduğunu bildirmişdir ki, Konstitusiya Şurası demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcəkdir. Bütün bunlar Fransa Senatının ədalətsiz və qeyri-obyektiv qərarına Azərbaycanda dövlət səviyyəsində edilən etirazlar idi. Eyni zamanda Azərbaycanın bütün məsələlərdə Türkiyə ilə bir yerdə olmasını təsdiqləyən faktlardır.

Onu da qeyd edək ki, Fransa senatorlarının ermənipərəst qanuna qarşı çıxmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyük olmuşdur. Azərbaycan - Fransa parlamentlərarası dostluq qrupuna Mehriban Əliyeva rəhbərlik edir. Məhz Mehriban xanım Əliyevanın böyük nüfuz sahibi olması və onun rəhbərliyi altında işçi qrupunun yüksək səviyyəli təbliğatı sayəsində Fransa senatorlarının bir hissəsi ermənipərəst qanuna qarşı çıxdı. Fransa prezidenti bundan çox ciddi narahat olmuşdu. Onun narahatçılığı artıq özünü büruzə verdi. Fransa Konstitusiya Şurası Senatın qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu ləğv etdi. Məlum olduğu kimi, senator Jak Mezarın təşkilatçılığı ilə 77 imza toplanmışdı. Lazım olan imza sayını artıqlaması ilə əldə edən deputatlar və senatorlar Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğuna görə qanunun ləğvini tələb etmişlər. Konstitusiya Şurası ədalətli qərar qəbul etməklə demokratiyanın beşiyi hesab edilən Fransanı bu rüsvayçılıqdan xilas etdi.

 

 

Sona MƏMMƏDBƏYOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

 mətbuat xidmətinin rəhbəri,

filologiya üzrə fəlsəfə doktoru,

"Qızıl qələm" mükafatçısı

 

Xalq qəzeti.- 2012.- 1 mart.- S. 3.