Prezident İlham ƏLİYEV: Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki illərdə olduğu kimi, ötən ildə də inkişaf davam etmişdir.

 

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə ətraflı danışılmışdır. Prezident İlham Əliyev konfransda söylədiyi giriş nitqində bildirmişdir ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar reallaşdırılır. Bu proqramların içində, əlbəttə, ən önəmlisi və vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Həmin proqramın qəbulundan sonra Azərbaycanın regionları çox sürətlə inkişaf etməyə başlamışdır.

Prezident İlham Əliyev daha sonra demişdir: "Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə, qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir".

Dövlət başçısı bildirmişdir ki, yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyənləşdirəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri reallaşdırır və artıqlaması ilə icra edir. Respublikamızdakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə, siyasi dəstəkdir. Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır.

Dövlət başçısı demişdir: "Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bugünə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür".

Konfransda bildirilmişdir ki, ölkə Prezidenti regionların inkişafını həmişə diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Müvafiq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə Azərbaycan Prezidenti 40 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.

Regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilmişdir. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir. Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir. Elektrik ötürücü xətlərin çəkilişi və yenilənməsi işi prioritet istiqamət kimi müəyyən edilmiş, ötən il 3 min 700 kilometrədək xətt çəkilmiş, bu sahədə müvafiq tədbirlər davam etdirilir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də işlər davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı təmir edilmişdir.

Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Bundan başqa, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilmişdir.

Konfransda qeyd edilmişdir ki, ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilmiş, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılmışdır. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12 ədəddən 20 ədədə çatmış, hər 100 nəfərdən 65-i isə internet istifadəçisi olmuşdur. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmış, rəqəmsal yayım şəbəkəsinin təşkili ilə bağlı rayonlarda 9 verici stansiya quraşdırılmışdır.

Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş, ölkənin 36 şəhər və rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, nəticədə 340 min nəfərdən artıq əhali içməli su ilə təmin olunmuşdur.

İl ərzində kənd təsərrüfatı torpaqlarında 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, 90 min hektara yaxın əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü su kanalının və Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir. Respublika üzrə 18,6 min hektar sahədə su təminatı, 19 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış və 1100 hektar sahədə yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.

Konfransda sənayeləşmə siyasətinin regionların dinamik inkişafına müsbət təsir göstərməsi, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazlarının, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabriklərinin, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələrinin istismara verilməsi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ Sement Zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin, habelə digər sənaye müəssisələrinin tikintisi davam etdirilir. Bununla yanaşı, ölkə Prezidentinin Sumqayıtda və Balaxanıda sənaye parklarının yaradılması ilə bağlı müvafiq fərman və sərəncamları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsi və sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan vermişdir.

Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir. Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.

Konfransda bildirilmişdir ki, 2011-ci ildə fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür. İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.

Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir. Belə ki, ötən il 247 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin 87 faizi, o cümlədən şəhərlərdə 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təchiz edilmişdir. Qarşıdakı iki il ərzində təkcə regionlarda 325 məktəbin tikintisi və ya əsaslı təmiri nəzərdə tutulur. Bu da o deməkdir ki, proqramın icrası başa çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb qalmayacaqdır.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilmişdir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillə təmin olunmuşdur.

Məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılmışdır.

Konfransda çıxış edən natiqlər qeyd etmişlər ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə regionlarının siması tamamilə dəyişmiş, Azərbaycanın iqtisadi qüdrəti artmış, əhalinin sosial vəziyyəti yaxşılaşmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində demişdir ki, biz hər bir bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni müşahidə edirik. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir. Bu, məni çox sevindirir. Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram və hər dəfə müsbətə doğru dəyişiklikləri görəndə çox sevinirəm. Ölkəmizin çox böyük imkanları, böyük potensialı vardır. Bu potensialı Azərbaycan xalqının istedadı yaratmışdır və biz elə etməliyik ki, müəyyən olunmuş bütün vəzifələr həm dövlət qurumları, həm də özəl sektor tərəfindən icra edilsin.

Dövlət başçısı əminliyini bildirmişdir ki, Azərbaycan dinamik ölkədir. Azərbaycan güclü ölkədir. Bizim dostlarımızın sayı artır. Amma istəməyənlər də var və olacaqdır. Ancaq onların ayağımıza dolaşması bizi seçdiyimiz bu yoldan döndərə bilməz. Bizim yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 1 mart.- S. 1;2.