Qocaman rəssamın şərəfli
sənət yolu
Azərbaycan təsviri
sənətinin inkişafında onun xüsusi xidmətləri var.
O, həm rəngkarlıq, həm də qrafika
sahəsində yaratmış olduğu
çoxsaylı sənət əsərləri və bədii
yaradıcılıq fəaliyyəti ilə öz
adını Azərbaycan təsviri sənət tarixinə əbədi
həkk edib. O, Azərbaycanın görkəmli
incəsənət xadimi, xalq
rəssamı Oqtay Sadıqzadədir.
Azərbaycan
təsviri sənətinin tanınmış nümayəndəsi,
görkəmli fırça ustası, kamil sənətkar
Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə yazıçı
Seyid Hüseynin ailəsində dünyaya göz açıb.
Onun anası Ümmügülsüm xanım və atası
Seyid Hüseyn dövrlərinin vətənpərvər
ziyalıları olmuşlar. Valideynləri məhz vətənpərvər
ziyalı olmaları səbəbindən repressiya olunmuşlar.
O.Sadıqzadə lap kiçik yaşlarından valideynlərini
itirib və zaman-zaman həyatın acı məhrumiyyətlərinə
təkbaşına sinə gərmək məcburiyyətində
qalıb. Ağır mənəvi və maddi durum O.Sadıqzadəni
sənətə olan sevgisindən uzaqlaşdıra bilməyib.
Beləliklə o, əvvəlcə ixtisas təhsilini Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
(1935-39-cu illər), sonra isə V.İ.Surikov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunda (1950-1956-cı illər)
alıb. 1977-ci ildə Azərbaycanın əməkdar incəsənət
xadimi, 1992-ci ildə isə xalq rəssamı fəxri
adlarına layiq görülüb. İndiyədək o, dəfələrlə
dünyanın müxtəlif ölkələrində
yaradıcılıq ezamiyyətlərində olub. Əsərləri
ölkəmizlə yanaşı, müxtəlif ölkələrin
muzey, qalereya və şəxsi kolleksiyalarında
saxlanılır.
O.Sadıqzadə təsviri sənətin qrafika və rəngkarlıq sahələrinin müxtəlif janrlarında yaratdığı çoxsaylı əsərləri ilə yaradıcılığının lap erkən dövrlərindən sənətşünasların, sənətçilərin və tamaşaçıların diqqətini cəlb etmişdir.
Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi klassik kompozisiya qurmaq məharətini, əsərlərinin məna və məzmun dolğunluğunu, surətlərinin dəqiq bədii işlənilmə həllini və xarakterik xüsusiyyətlərinin ifadəliliyini, kolorit zənginliyini, əlvan işləmə manerasını və digər xüsusiyyətləri qeyd etmək olar. O.Sadıqzadə rəngkarlıq sahəsində süjetli tablo və potrtret janrında bir-birindən maraqlı əsərlər yaratmışdır.
Onun süjetli tablolarına misal olaraq "Lənkəran qızları" (1965), "Kolxozçu qadınlar" (1972), "Oğullarını itirmiş ananın xatirəsinə" (1985), "Hüseyn Cavid" (triptix) (1997), "Nizami və dünya mədəniyyəti" silsiləsindən (1993-1999) "Nizami və Azərbaycan mədəniyyəti", "Nizaminin sələfləri", "Nizaminin davamçıları", "Qədim Yunan filosofları", "Avropa mədəniyyət xadimləri" və s. əsərlərini göstərmək olar.
Rəssamın ilk işlərində zəhmətkeş Azərbycan qadınının romantik biçimdə surətləri canlandırılıb. Eyni zamanda, bu əsərlərdə Azərbaycan ailə-məişət şəraitinin, ülvi qadın hissləri və saf ana məhəbbətinin tərənnümü əks olunub. Sadalanan xüsusiyyətləri "Lənkəran qızları", "Kolxozçu qadınlar" və başqa əsərlərinə şamil etmək olar.
O.Sadıqzadənin "Nizami və dünya ədəbiyyatı" silsiləsindən olan əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, rəssam dünya və Azərbaycan ədəbiyyatının bir çox klassiklərinin əsərlərinə qrafik illüstrasiyalar yaratmışdır. Şərq və Qərb dünyasının rəssamlıq ənənələrinə dərindən bələdliyi ona bu cür yüksək intellektual səviyyəli kompozisiyaların yaradılmasında kömək etmişdir. Qeyd olunan silsilədən "Nizami və Azərbaycan mədəniyyəti" adlı möhtəşəm tablosunda rəssam Azərbaycan mədəniyyətinin dahi Nizami Gəncəvinin dövründən ta iyirminci əsrədək yetişdirdiyi görkəmli elm, sənət və ədəbiyyat xadimlərinin açıq təbiət qoynunda, son dərəcə yüksək sənətkarlıqla yaddaqalan surətlərini yaradıb. Tamaşaçı tabloya ilk nəzərlərindən kompozisiyanın mərkəzində yerləşdirilmiş N.Gəncəvinin, onun sağında və solunda, eləcə də qarşısında əyləşmiş Məhsəti Gəncəvi, Memar Əcəmi, Məhəmmd Füzuli, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Səməd Vurğun və başqa Azərbaycan mədəniyyət xadimlərinin yüksək bədii təsir gücünə malik, diqqəti cəlb edən obrazlarını görür. Rəssam zəngin sənət metodlarına əsaslanaraq, uğurlu kolorit həlli, əlvan rəng keçidləri və mahiranə rəng yaxıları ilə uğurlu tabloların yaradılmasına nail olmuşdur. Sadalanan xüsusiyyətləri rəssamın bu silsilədən olan digər tablolarına da şamil etmək olar.
O.Sadıqzadənin süjetli tablolarından onun portret ustası olduğunu asanlıqla sezmək olar. Bunu rəssamın yaratmış olduğu çoxsaylı portret əsərləri daha qabarıq şəkildə təsdiq edir. Rəssamın müxtəlif sənət sahiblərinin yaddaqalan portretlərini yaratmaq məharəti onun yaradıcılığında portret janrının xüsusi çəkiyə malik olduğunu söyləməyə əsas verir. O.Sadıqzadənin portret əsərlərinə misal olaraq "Seyid Hüseyn" (1960), "Tatalovanın portreti" (1963), "Qız portreti" (1966), "Bakılı qız" (1975), "Natəvan" (1983), "Fidan Qasımova" (1988), "Akademik Zərifə xanım Əliyeva" (2000) və s. portretlərini qeyd etmək olar.
Rəssam "Qız portreti"ndə dirsəklərini stola qoymuş və əllərini çənəsinə söykəmiş, nəzərləri uzaqlara yönəlmiş vəziyyətdə dalğın qızın çöhrəsini profildən ustalıqla təsvir etmişdir. Yaşıl geyimli ağbəniz qızın qırmızı, çəhrayı fonda təsvir edilmiş təsirli cizgiləri son dərəcə ustalıqla təsvir edilib və olduqca bədii təsir gücünə malikdir.
O.Sadıqzadənin uğurlu portret əsərlərindən olan "Akademik Zərifə xanım Əliyevanın portreti" özünün lirik məziyyətləri ilə diqqəti cəlb edir. Kompozisiyada qara fonda Azərbaycan tibb elminin parlaq nümayəndəsi, zərif təbiətli insan Z.Əliyevanın obrazı elə incəliklə təsvir edilib ki, sanki portret tamaşaçıya sarı hərəkət edir. Obrazın təbəssümü və sol əlinin hərəkəti əsərin ümumi əhval-ruhiyyəsini gücləndirir. Əsərin koloriti incə rəng keçidləri ilə ustalıqla işlənilib.
Yuxarıda qeyd etdiyimiz kimi, O.Sadıqzadə həm də qrafikanın plakat və kitab qrafikası sahələrində məhsuldar fəaliyyət göstərib. Rəssamın plakat əsərləri yüksək inandırıcılıq və bədii təsir gücünə malik olub, tamaşaçıların bədii estetik zövqünün formalaşmasında böyük rola malikdir. Onun portret-plakatlarına misal olaraq Füzuli, Natəvan, Sabir, N.Nərimanov və s. göstərmək olar.
O.Sadıqzadə kitab qrafikası sahəsində çalışaraq bir çox yazıçıların əsərlərinə illüstrasiyalar çəkmişdir. Buna misal olaraq rəssamın 40-50-ci illərdə İ.S.Turgenevin "Atalar və oğullar", O.Balzakın "Qorio ata", M.Qorkinin "Artamonovların işi" və eyni zamanda, İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə" (1954), V.Hüqonun "Səfillər" (1955-1963), C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" (1958-1959), Xaqaninin "Lirika" (1958), Nizaminin "Fitnə" (1966), R.Nurinin "Çalı quşu" (1963) və başqa əsərlərə məzmunun anlaşılmasına və əyani qavranılmasına kömək edən maraqlı illüstrasiyalar yaratmasını göstərmək olar. Kitab illüstrasiyasının yaradılmasında rəssamdan əsərin əyani qavranılmasını şərtləndirən təsvirlərin yaradılması tələb olunur. Bu da rəssamdan xüsusi bacarıq və incə yaradıcılıq vərdişləri tələb edir. Təbii ki, O.Sadıqzadənin yaratdığı kitab illüstrasiyaları yüksək sənət meyarları ilə işlənilib və sadaladığımız xüsusiyyətlərə cavab verməklə yanaşı, kamil sənət nümunələridir.
O.Sadıqzadə yaradıcılığı müstəqillik illərində xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam 1999-cu ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülüb. 2011-ci ildə rəssamın 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev rəssamı Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif etmişdir. Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş yubiley sərgisində sənət adamlarının rəssamın həyatı və yaradıcılığı barədə fikirlərini dinləyəndə və onun yaratdığı əsərlərlərlə baş-başa qalanda tamaşaçı bir daha yəqin etdi ki, Azərbaycan təsviri sənətinin zənginləşməsinə xüsusi töhfələr bəxş etmiş O.Sadıqzadə kimi sənətkar unudulmazdır.
Azərbaycan təsviri sənətinin patriarxı, görkəmli ustad rəssam, təsviri sənətimizin klassiki Oqtay Sadıqzadə özünün parlaq bədii yaradıcılıq dünyası və uğurlu sənət əsərləri ilə sənət adamlarnın, sənətsevərlərin və tamaşaçıların qəlbində əbədi yer tutmuşdur.
Əsəd QULİYEV,
sənətşünas, AMEA-nın
dissertant
Xalq qəzeri.- 2012.-
2 mart.- S. 8.