Dövlət idman siyasəti gənc nəslin
sağlamlığının təminatçısıdır
"İdman ili"ndə Azərbaycan
idmançıları daha uca zirvələr fəth etmək əzmindədirlər
Artıq 2012-ci ilin ilk
aylarını yola salırıq. Xalqımız
üçün çox önəmli illərdən biri olan
2012-ci ildə bütün sahələrdə özünü
göstərən sürətli inkişaf tempi idman sahəsində
də davam edir. Ölkəmizdə idmanın daha yüksək
səviyyədə inkişaf etdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2012-ci il "İdman ili" elan edilmişdir. 2012-ci ilin
"İdman ili" elan edilməsi çox əlamətdar
hadisədir və bu, idmançıların, məşqçilərin,
idman mütəxəssislərinin, ümumilikdə Azərbaycanın
idman ictimaiyyətinin üzərinə böyük vəzifələr
qoymuşdur. Ötən illərin statistikasına nəzər
salsaq, idman sahəsində misli görünməmiş qələbələrin
əldə edildiyinin şahidi olarıq.
Yola
saldığımız 2011-ci il Azərbaycan üçün
bütün sahələrdə, o cümlədən idman sahəsində
böyük nailiyyətlərlə əlamətdar
olmuşdur. Ölkəmizdə 42 beynəlxalq idman tədbiri,
o cümlədən dünya və Avropa çempionatları
keçirilmişdir. Ötən illərdə olduğu kimi,
2011-ci ildə də yarışlara yüksək səviyyədə
ev sahibliyi etməyimiz xarici mütəxəssislərin və
beynəlxalq idman rəsmilərinin diqqətini cəlb
etmiş, onlar çıxışlarında bunu dönə-dönə
vurğulamışlar. Azərbaycan
idmançılarının nailiyyətləri bütün
dünyaya səs salmışdır. Azərbaycanın
dünyada idman ölkəsi kimi tanınması, idman mərkəzlərindən
birinə çevrilməsi, yalnız müstəqilliyimizi bərpa
etdikdən sonra mümkün olmuşdur. Müstəqilliyimizin
ilk illərində xalqımızın öz azadlıq
imkanlarından istifadə etməsi o qədər asan deyildi.
İdman
və Olimpiya Hərəkatının təşəbbüskarı
və ilhamçısı olan ümummilli lider Heydər Əliyevin
böyük səyləri nəticəsində idmanın
maddi-texniki bazasının gücləndirilməsi sahəsində
görülən işlər, idmançılara, idman mütəxəssislərinə
dövlət səviyyəsində göstərilən diqqət
və qayğı qısa bir zamanda bu sahənin sürətli
inkişafının əsasını qoymuşdur. 1997-ci ildə
ölkəmizin idman tarixində özünəməxsus yer
tutan Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki
konfransının keçirilməsi, ən təşəbbüskar,
bacarıqlı namizəd kimi, İlham Əliyev prezident
olmaqla, MOK-un yeni rəhbərliyinin seçilməsi ilə
ölkəmizin idman tarixində parlaq səhifə
açılmışdır. Rəhbərlik etdiyi sahələrdə
uğurlar qazanan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin
prezidenti seçilməsi idman sahəsində həyata
keçirilən dövlət siyasətinin yeni şəraitdə
gerçəkləşməsinə böyük imkanlar
açmışdır. MOK Azərbaycanın müstəqil
dövlət kimi mötəbər idman
yarışlarını təşkil edib keçirməyə
qadir olduğunu sübut etmək sahəsində ciddi iş
görməyin vacibliyini ön plana çəkmiş və bu
sahədə bir sıra tədbirlər həyata
keçirmişdir. Beynəlxalq əlaqələrin
inkişafı və dövlət tərəfindən həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində
Bakı əvvəlcə Ənvər Çoudrinin şərəfinə
boks üzrə beynəlxalq turnirə, 1999-cu ildə boks
üzrə yeniyetmələr arasında Avropa, 2001-ci ildə
dünya birinciliyi, 2002-ci ilin martında qadın voleybol
komandaları arasında Avropa top-komanda kubokunun final mərhələsi,
2002-ci ilin mayında sərbəst güləş üzrə
45-ci Avropa çempionatına yüksək səviyyədə
ev sahibliyi etdi. Yarışlar dövründə
paytaxtımıza gəlmiş qonaqlar siyasi sabitliyin, təhlükəsizliyin
hökm sürdüyü, sülhsevər Azərbaycanda daha
böyük miqyaslı yarışların keçirilməsinə
hər cür imkanın olduğunu bildirdilər. Azərbaycanda
bir-birinin ardınca beynəlxalq yarışların təşkil
edilməsi və yüksək səviyyədə keçirilməsi
ölkəmizin beynəlxalq idman təşkilatları tərəfindən
sabit, inkişafda olan bir dövlət kimi
tanınmasının parlaq təzahürü idi. Artıq Azərbaycan
idmançıları dünyada əsas rəqiblər kimi
tanınmağa başlamışdılar. Təsadüfi deyil
ki, 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasında
ölkəmiz iki qızıl və bir bürünc medalla 199
ölkə arasında 34-cü yeri tutmuşdur.
İlham
Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçildikdən sonra da idmanın inkişafını diqqətdə
saxlayır, ölkənin idman imicinin yüksəlməsi
üçün məqsədyönlü tədbirlər həyata
keçirir. Ötən səkkiz ildə Azərbaycan beynəlxalq
Olimpiya Hərəkatında ciddi tərəfdaşa
çevrilmişdir. 2004-cü il Afina və 2008-ci il Pekin
olimpiadalarında qazanılmış uğurlar bunu deməyə
əsas verir. Pekin Olimpiadasından ötən dövr Azərbaycanda
idmanın inkişafı, ölkəmizin beynəlxalq Olimpiya Hərəkatında
öz yerini daha da möhkəmləndirməsi
baxımından əlamətdar olmuşdur.
2009-cu
ildə şahmat üzrə milli komandamızın Serbiyada
Avropa çempionu olması, Ermənistanda keçirilən gənc
cüdoçuların Avropa çempionatında, güləşçilərimizin
dünya və qitə çempionatlarında,
boksçularımızın gənclər arasında
dünya çempionatında uğurlu
çıxışları idmançılarımızın
qələbə əzmini bir daha sübut etmişdir. 2010-cu
ildə Sinqapurda 204 ölkədən 3600
idmançının qatıldığı Yeniyetmələrin
I Yay Olimpiya Oyunlarında komandamız 12 nəfərlə
iştirak edərək, 8 medalla 11-ci yeri tutmuşdur.
Komandamızın ABŞ, Almaniya, Böyük Britaniya kimi
inkişaf etmiş idman ölkələrini geridə
qoyması xalqımıza yeni qələbə sevinci bəxş
etmişdir. Prezident İlham Əliyev Azərbaycan
idmanının təntənəsi olan bu qələbənin
tarixi nailiyyət olduğunu qeyd etmişdir. Ötən il idman
sahəsində daha böyük uğurlar əldə
edilmişdir. Əgər 2010-cu ildə təmsilçilərimiz
beynəlxalq miqyaslı yarışlarda 675 medal əldə
etmişdilərsə, 2011-ci ildə bu medalların sayı
artıq 705 (əldə edilən medalların 246-sı olimpiya
idman növləri üzrədir) olmuşdur. 2011-ci ildə
London Olimpiadasına maksimum sayda lisenziya əldə etmək
qarşıda duran ən böyük vəzifələrdən
biri olub ki, idmançılarımız bu vəzifənin
öhdəsindən layiqincə gəliblər. Ötən il ərzində
10 idman növü üzrə 29 lisenziya əldə
edilmişdir. Paralimpiyaçılarımızın
qazandıqları lisenziyaların sayı isə 18 olmuşdur.
2011-ci
ildə ölkəmizin idman tarixində yeni səhifə də
açılmışdır. Belə ki, Bakı 2020-ci il Yay
Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək
üçün namizədliyini irəli
sürmüşdür. Artıq Azərbaycan olimpiya oyunlarına
iddia ərizəsini BOK-a təqdim etmişdir. Sifariş
kitabında Bakının olimpiya oyunlarına ev sahibliyi etməsi
üçün qurulacaq olimpiya infrastrukturu haqqında ətraflı
məlumat öz əksini tapmışdır. Ötən il
ölkə futbolunun 100 illik yubileyinin qeyd olunduğu gün
idmanımızın tarixində əlamətdar gün kimi
yadda qalmışdır. Həmin gün Bakıda olimpiya
stadionunun təməli qoyulmuşdur. Prezident İlham Əliyevin
iştirak etdiyi tədbir dövlətin idmana qayğı və
dəstəyinin əyani göstəricisi idi.
Ölkəmizin
qısa müddətdə idman sahəsində əldə
etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və
Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyinin diqqətindən
yayınmamışdır. BOK-un prezidenti Jak Roqq Azərbaycan
Milli Olimpiya Komitəsini digər ölkələrin milli
olimpiya komitələrinə nümunə göstərmişdir.
Məhz beynəlxalq idman təşkilatlarının arzusu və
istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq
turnirlər, mötəbər yarışlar, dünya və
Avropa çempionatları keçirilmişdir. Prezident
İlham Əliyevin olimpiya oyunları və Bakıda
keçirilən beynəlxalq turnirlər zamanı
idmançılarımızın
çıxışlarını birbaşa zalda izləməsi
isə onlara göstərilən ən böyük mənəvi
dəstəkdir. Bu gün uğurlu idman siyasətinin nəticəsi
olaraq, Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən
ciddi tərəfdaş kimi tanınır. MOK-un xəttilə
uşaq və gənclərin problemlərinin ardıcıl
olaraq həll edilməsi, onların imkan və
bacarıqlarınının üzə
çıxarılması, inkişaf etdirilməsi
üçün hərtərəfli şəraitin
yaradılması dövlətimizin fəaliyyətinin ən
mühüm istiqamətlərindən birinə
çevrilmişdir. İdmanın inkişafı və bədən
tərbiyəsinin kütləviliyini təmin etmək
üçün respublikamızda son 11 ildə 33 yeni
olimpiya-idman kompleksi istifadəyə verilmiş, 11 belə
kompleksin tikintisi davam edir ki, onların da 2012-2013-cü illərdə
idmançıların ixtiyarına verilməsi
planlaşdırılmışdır. Bakıda bədii
gimnastika və boks mərkəzləri, hovuz kompleksi, olimpiya
stadionunun inşası davam edir. 2012-ci ildə güləş
və cüdo mərkəzlərinin təməlqoyma mərasimlərinin
keçirilməsi də nəzərdə tutulmuşdur.
Avropada ilk dəfə olaraq futbol üzrə 17 yaşadək
qızlardan ibarət dünya çempionatına Azərbaycan
ev sahibliyi edəcək. Bundan əlavə, paytaxtımızda
Avropa və dünya çempionatları, dünya kuboku və
digər beynəlxalq miqyaslı yarışlar təşkil
olunacaqdır.
Azərbaycanda
idmana dövlət tərəfindən göstərilən
diqqət və qayğı nəticəsində
idmançı olmaq çox şərəfli bir peşəyə
çevrilmişdir. Son illər idman bölmələrinə
müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz,
uşaqlarımız idmanla məşğul olmaq istəyirlər.
Azərbaycanda idmanın inkişafı üçün
çox gözəl şərait yaradılmışdır.
Bu inkişaf həm gənclərimizi sağlam, möhkəm
iradəli, həm də vətənpərvər kimi
yetişdirmək məqsədini daşıyır. Prezident
İlham Əliyev bu sahədə görülən işləri
yüksək qiymətləndirərək demişdir: "Azərbaycanda
idmanın inkişafı sistemli xarakter daşıyır. Gənc
nəslin yetişdirilməsi üçün ölkəmizdə
aparılan siyasət çoxşaxəlidir. Burada biz fəaliyyətimizi
təkcə idman sahəsi ilə məhdudlaşdırmırıq.
Uğurları təmin etmək üçün ümumiyyətlə
gənclərdə, o cümlədən idmançılarda möhkəm
iradə olmalıdır, vətənpərvərlik ruhu
yüksək səviyyədə olmalıdır, vətən
sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri
aşılayırıq. Azərbaycanda bu sahədə işləri
yüksək qiymətləndirirəm".
Fərəhlə
deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin həyatın
bütün sahələrində başladığı və
uğurla həyata keçirdiyi möhtəşəm işlər
bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən yüksək sürətlə davam
etdirilməkdədir. İldən-ilə artan
uğurlarımız Azərbaycanı dünyanın ən
sürətlə inkişaf edən, qabaqcıl ölkələrindən
birinə çevirmişdir. Xalqımız əmindir ki,
bütün sahələrdə olduğu kimi, idman və
olimpiya hərəkatı sahəsində də Prezident
İlham Əliyevin möhkəm iradəsi, yüksək səviyyədə
diqqəti və qayğısı sayəsində
respublikamız yeni-yeni uğurlar əldə edəcəkdir.
Xəzər İSAYEV,
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti
Xalq qəzeti.- 2012.-
2 mart.- S. 7.