Sabunçu rayonu:
müstəqilliyin iyirminci ilinin
uğurlu yekunları
Son illər Bakı, onun ətraf qəsəbələri
sürətlə yeniləşir, quruculuq işləri
gündən-günə genişlənir, yollar təzələnir,
müasir tipli sosial obyektlər inşa edilir və s.
Bütün bunlar ölkəmizdə həyata keçirilən
davamlı islahatların real nəticəsidir.
Paytaxtımızın böyük rayonlarından olan
Sabunçu rayonu da müstəqillik illərində
güclü inkişaf yolu kemiş, onun qəsəbələrinin
hər birində inkişafın yeni mərhələsi
başlanmışdır. 2011-ci ildə quruculuq işləri
daha da genişləndirilmiş, dövlət proqramları
uğurla reallaşdırılmışdır. Bu barədə
rayon icra hakimiyyətinin 2011-ci ilin yekunları və 2012-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında ətraflı söhbət
açılmışdır.
İclası
giriş nitqi ilə açan rayon icra hakimiyyətinin
başçısı Əlibaba Əliyev geniş məruzə
ilə çıxış etdi. O, əvvəlcə ölkədə
gedən quruculuq işlərindən bəhs etdi. Bildirdi ki,
ötən il dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünü qeyd edən Azərbaycan
Respublikası özünəməxsus milli inkişaf modeli ilə
bir sıra mühüm uğurlara imza atmış, Cənubi
Qafqazda lider ölkə statusu qazanmışdır. Dövlət
başçısı İlham Əliyevin 2004-cü il
fevralın 11-də imzaladığı "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" və 14 aprel
2009-cü il tarixli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət
daşımışdır. Cənab Prezident bu proqramın
icrasının üçüncu ilinin yekunları ilə
bağlı keçirilən konfransda qazanılan uğurlardan
geniş və ətraflı bəhs etmişdir. Regionların
inkişaf proqramlarının icrası sayəsində
2004-cü ildən sonra respublikada 40 mindən çox yeni
müəssisə, 950 mindən artıq yeni iş yeri yaradılmışdır.
O cümlədən 2011-ci ildə 94 min yeni iş yeri
açılmışdır ki, onlardan da 73 mini daimi iş
yerləridir.
2011-ci
ildə Azərbaycanın BMT Təhlükəsizlk
Şurasına üzv seçilməsi xarici siyasətdə
çox yaddaqalan, böyük tarixi hadisə kimi dəyərləndirilməlidir.
Bu böyük siyasi qələbənin müstəqilliyimizin
20 illik yubileyinə təsadüf etməsi həm rəmzi
xarakter daşıyır, həm də 20 il ərzində Azərbaycanın
dünya xəritəsində özünəlayiq yerini tuta
bilməsini, dünya birliyinin mütləq əksəriyyətinin
rəğbətini, hörmətini, inamını
qazandığını göstərir.
Təbiidir
ki, respublikamızın digər yerlərində olduğu kimi,
Bakının ən böyük sənaye rayonlarından biri
olan Sabunçu rayonunda da 2011-ci il ərzində həm
dövlət proqamları çərçivəsində, həm
də müxtəlif maliyyə mənbələri hesabına
rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin
icrası, yolların tikintisi, əhalinin elektrik, qaz, su təchizatının
yaxşılaşdırılması, təhsil, səhiyyə
və digər obyektlərin tikintisi, təmiri, müasir tələblərə
uyğun yenidən qurulması, onların yeni müasir
avadanlıqlarla təchizi üzrə böyük işlər
görülmüşdür. Belə ki, 2011-ci il ərzində
rayonun sənaye müəssisələri və idarələri
tərəfindən 177,5 milyon manatlıq sənaye məhsulları
istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 29,3 faiz çoxdur.
2011-ci il ərzində 1828 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimidir. Natiq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ümumən nəzərdə tutulmuş 16 sahəni əhatə edən 801 bənddən məhz 119 bəndi Sabunçu rayonunun qəsəbələrində bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsinə aiddir. Rayon üzrə proqramdakı bu 119 bənddən 66 bəndinin icrasına 2011-ci ildə başlanması nəzərdə tutulmuşdur ki, artıq bunlardan da 15-i üzrə işlər başa çatdırılıb, 39-u üzrə işlər davam edir, 12 bənd üzrə isə layihə-smeta səndlərinin tərtibatı və digər hazırlıq işləri aparılmaqdadır. Qalan 53 bənd üzrə işlərin yerinə yetirilməsi 2012-2013-cü illərdə nəzərdə tutulmuşdur ki, artıq onların da 6-da işlərin icrasına başlanmışdır. Ümumiyyətlə, Proqramda nəzərdə tutulan iri həcmli işlərdən biri də təhsil sahəsidir ki, burada da cəmi 52 bənd üzrə 3472 şagird-yerlik 4 yeni məktəbin tikintisi, mövcud 6 məktəbdə 2600 şagird yerlik 130 sinif otağının, 1 məktəbdə isə idman və akt zalının, 3 yeni uşaq bağçasının tikintisi (iki yerdə 120 yerlik, bir yerdə isə 80 yerlik) və 43 təhsil obyekində (orta məktəb, uşaq bağçası və peşə məktəbləri binalarında) əsaslı təmir və bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da artıq 14-də işlər başa çatdırılaraq istifadəyə verilmiş, 7-də işlər başa çatmaq üzrədir və 2-də isə işlər davam etdirilir. Qalan işlər 2012 və 2013-cü illərdə yerinə yetiriləcəkdir. Bütün bunlarla yanaşı Prezident İlham Əliyev ötən ilin aprel ayında Sabunçu qəsəbəsində aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən sakinlərin müraciətini nəzərə alaraq 12 saylı şəhər poliklinikasının sökülərək yerində yenisinin tikintisi üçün Prezident Fondundan 2 milyon manat vəsait ayrılmasına sərəncam vermişdir ki, hazırda bu işin də icrasına başlanmışdır.
Bundan başqa, möhtərəm Prezidentimiz yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhərinin bir sıra digər məktəbləri ilə yanaşı, Sabunçu qəsəbəsində yerləşən 170 saylı məktəbdə də olmuş, burada aparılan tikinti-quraşdırma, əsaslı təmir işlərinin, eləcə də təhsilin səviyyəsi ilə tanış olmuş, görülən işlərdən razı qalmışdır. Ümumiyyətlə, o da qeyd edilməlidir ki, cənab Prezident ötən il 7 dəfə rayonumuzda olmuş, müxtəlif obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etmiş, proqramın, tapşırıqların icrası ilə yerində tanış olmuş, sakinlərlə görüşlər keçirərək onların arzu və təkliflərini dinləmişdir. Biz bütün bunları rayonumuza göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndiririk. Eyni zamanda, rayon ərazisində respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanları, Heydər Əliyev Fondu, eləcə də, rayonun daxili imkanları hesabına da xeyli sosial əhəmiyyətli tədbirlərin, obyektlərin, qurğuların tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir. Hazırda "Yeniləşən Azərbaycana - yeni məktəb" devizi altında fond tərəfindən Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli tədbiris korpusunun tkintisi davam etdirilir. Zabrat qəsəbəsi ərazisində 2010-cu ilin dekabrında istifadəyə verilmiş 9 mərtəbəli yaşayış binasının yanında Qarabağ əlilləri və şəhid ailələri üçün yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binasının inşası davam etdirilir və daha bir belə binanın inşasına isə hazırlıq işləri aparılır. Ümumiyyətlə, həmin sahədə bundan sonra Qarabağ əlilləri və şəhid ailələri üçün daha iki 12 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmuşdur. Ötən ilin sonlarında "Akkord" Şirkətlər Qrupu tərəfindən inşa etdirilmiş səkkiz 20 mərtəbəli binadan ibarət yaşayış kompleksi istifadəyə verilmişdir ki, bu da orada aparılmış abadlıq və yaşıllaşdırma işləri ilə birgə ərazinin görkəmini xeyli dəyişmişdir.
İl ərzində rayonun bir sıra hüquq-mühafizə və dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması üçün yeni inzibati binalar inşa edilərək istifadəyə verilmişdir. Bakıxanov qəsəbəsində Sabunçu rayon Polis İdarəsi üçün 4 mərtəbəli, Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün 3 mərtəbəli, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi üçün 2 mərtəbəli, Maştağa qəsəbəsində Milli Təhlükəsizlik Nazirlyinin Sabunçu rayon idarəsinin Maştağa bölməsi üçün 2 mərtəbəli və Bakıxanov qəsəbəsində Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq idarəsi üçün də 2 mərtəbəli inzibati binanın tikintisi başa çatdırılmışdır. Sabunçu rayon Mühafizə İdarəsi üçün yeni inzibati binanın tikintisi də davam etdirilir.
Ümumiyyətlə, son 8 il ərzində Sabunçu Telefon Qovşağı üzrə ATS-lərin ümumi tutumu 27537 nömrə və ya 78 faiz artmışdır.
Əhalinin su təchizatının yaxşılaşdırılması üzrə görülmüş işlər də təqdirəlayiqdir.
Əlibaba müəllim qeyd etmişdir ki, ötən yığıncaqlardakı bir sıra iradlar tədricən aradan qaldırılsa da, hələ də rayonda, xüsusilə kommunal xidmət sahələrində sakinlərin haqlı narazılıqlarına səbəb olan bir çox çatışmazlıqlar mövcuddur. Bu istiqamətdə tədbirlər davam etməkdədir. Bizi narahat edən məsələlərdən biri dəyerlərdə qeyri-qanuni küçə ticarətinə, yol kənarlarında heyvan və ət satışına yol verilməsidir. Bakıxanov, Sabunçu, Zabrat, Maştağa qəsəbələrində bunların qarşısı qəti şəkildə alınmalıdır.
Azərbaycanın işğal olunmuş ərazilərindən Sabunçu rayonunun müxtəlif sosial obyektlərində, şəxsi və qohum evlərində 4500-dən çox ailə və ya 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır ki, onların və eləcə də şəhid, Qarabağ əlilləri və digər bu qəbildən olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-kommunal şəraitinin yaxşılaşdırılması rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Rayonda hərbi-vətənpərvərlik işinin aparılması da hazırda lazımi səviyyədədir. Artıq son illər rayonda demək olar ki, ordu sıralarına çağırışlardan boyun qaçırma halları yoxdur.
Ötən il rayonun təhsil və səhiyyə sahələrində də müəyyən nailiyyətlər əldə olunmuşdur. Hazırda Sabunçu rayonunda 46 ümumtəhsil orta məktəbində 3600-dən çox pedaqoji və 1100 nəfərə yaxın texniki işçi çalışır. Bu təhsil ocaqlarında 45239 şagird təhsil alır. Bir fakta diqqət yönəltmək istəyirəm. 2010-2011-ci tədris ilində rayonda 2409 nəfər orta məktəbi bitirmiş və ali məktəblərə sənəd verən 2071 nəfərdən 908 nəfəri və ya 43,8 faizi daxil olmuşdur ki, bu da əvvəlki ildəkindən 3,8 faiz çoxdur. Rayonun abituriyentlərindən 54 nəfəri 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinin tələbəsi olmuş, onlardan 8 nəfəri isə Prezident təqaüdünə layiq görülmüş, o cümlədən 1 nəfəri - 169 saylı məktəbin məzunu Məmmədova Ləman Elşən qızı 700 bal toplamışdır.
2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin icrası üzrə rayon Gənclər və İdman idarəsi ilə birgə müvafiq tədbirlər planı işlənib hazırlanmışdır və il ərzində burada nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, əvvəlki illərdə olduğundan çox yeni nailiyyətlərə nail olacağıq.
Rayon üzrə 4 mindən çox səhiyyə işçisinin çalışdığı 24 müalicə-profilaktik müəssisəsi tərəfindən 10 qəsəbənin ərazisində 200 min nəfərdən artıq əhaliyə, 20-yə yaxın idarə, müəssisə və təşkilatın fəhlə və qulluqçularına, həmçinin rayonda müvəqqəti məskunlaşmış 25 minə yaxın məcburi köçkün soydaşlarımıza 12 profil üzrə tibb xidməti göstərilir. Gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirərək, 2012-ci ildə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyik.
Sonra Sabunçu rayon prokuroru Ceyhun Şirinov, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, "Sərham"MMC-nin sədri Sərvər Məmmədov, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov çıxış edərək ötən il qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışdılar. İclasda Milli Məclisin deputati Eldar Quliyev və Prezident Adminstrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etdilər. Axırda iclasin qərar layihəsi oxundu və Azərbaycan Prezidentinə müraciət qəbul olundu.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 2 mart.- S. 6.