Cəlilabad: ötən ilin yekunları nikbinliyi daha da artırır

 

Artıq tarixə çevrilmiş 2011-ci ildə bütövlükdə Azərbaycanda olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişaf tempi azalmamış, tərəqqi meylləri daha da güclənmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır. İllik hesabat yığıncağında bu barədə ətraflı danışılmış və cari ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər. Sonra tədbirin keçirildiyi mədəniyyət sarayında rayonda istehsal olunan məhsulların sərgisi nümayiş etdirilmiş, rayon gənclərinin təhsil, mədəniyyət və idman sahələrində qazandıqları uğurlar diqqətə çatdırılmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icra vəziyyətinə həsr olunmuş film göstərilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hesabat məruzəsi ilə çıxış etmişdir.

Məruzəçi öncə aqrar bölmənin uğurlarından bəhs edərək bildirdi ki, kənd təsərrüfatı məhsulları istehsalı 2003-cü illə müqayisədə 2,4 dəfə artmışdır. Dövlət büdcəsindən ayrılan subsidiyalardan bəhrələnən kənd əməkçiləri keçən il 114,2 min ton dənli və dənli paxlalı bitkilər istehsal etmişlər. Ümumi məhsulun 101,4 min tonunuya 88,8 faizini buğda təşkil etmişdir. Əvvəlki ilə nisbətən 22,6 min ton artıq buğda əldə olunmuş, məhsuldarlıq 4 sentner artmışdır.

Üzümçülüyün inkişafına diqqət sayəsində plantasiyalar 1530 hektara çatdırılmış və bağlardan 7 min tonadək yüksək keyfiyyətli məhsul istehsal edilmişdir. Müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi məqsədilə bu il daha 250 hektar sahədə xaricdən gətirilmiş üzüm tingləri əkmək nəzərdə tutulub. Torpaq mülkiyyətçiləri bitkiçiliyin digər sahələri ilə də məşğul olmuş, 80,6 min ton kartof, 1,8 min ton tərəvəz, 369 ton bostan məhsulları, 216 ton qarğıdalı, 176 ton günəbaxan, 5 min ton şəkər çuğunduru, 465 ton pambıq və 1,4 min ton meyvə istehsal etmişlər.

Əziz Əzizov dedi ki, əvvəllər hazır məhsulu saxlamaq üçün əlverişli şərait olmadığına görə onun xeyli hissəsi məhv olur və kənd əməkçilərinə külli miqdarda ziyan dəyirdi. Bu problemi həll etmək məqsədilə taxıl anbarlarının, elevatorların və soyuducu kameraların tikilməsi barədə cənab Prezidentin tapşırığına əsasən keçən il rayonda 2 min tonluq soyuducu anbar istifadəyə verilmişdir. Hazırda eyni tutumlu digər soyuducu anbarın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün 10 min tonluq anbar kompleksi, yüksək texnologiyalı avadanlıqların quraşdırıldığı və gündəlik istehsal gücü 100 ton olan dəyirman inşa olunmuşdur.

Rayonda mal-qaranın sayı 99 min başa, davarların sayı isə 122,3 min başa çatmış, il ərzində 12 min ton ət, 54,9 min ton süd, 18 milyon 532 min ədəd yumurta və 318 ton yun istehsal edilmişdir. "Cəlilabad-broyler" ASC-də isə 3570 ton quş əti istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 1692 ton çoxdur. 2011-ci ildə Bakı şəhərinin Suraxanı rayonundakı satış-yarmarkaya yerli sahibkarlar tərəfindən istehsal olunan 32 adda müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Ümumiyyətlə, 2011-ci ildə rayon üzrə 137 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, onun da 77 milyon manatı bitkiçiliyin, 60 min manatı isə heyvandarlığın payına düşür.

Keçən il sənayedə də artan dinamika müşahidə olunmuş, ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 4,3 dəfə, 2010-cu ilə nisbətən isə 30 faiz artaraq 516,8 milyon manata çatmışdır. İstehsal olunan sənaye məhsulunun həcmi 6,1 milyon manata çatmışdır ki, bu da 2003-cü ildəkindən 9,7 dəfə çoxdur. Son illər istifadəyə verilmiş Qarazəncir şərab zavodunun, "Ruslan" mebel fabrikinin, "Kristal", "Avanqard", "Dalğa-94" MMC-lərin və başqa müəssisələrin istehsal etdikləri sənaye məhsullarına tələbat duyulur.

Cəlilabadda tikinti-quruculuq işləri illərdir ki, geniş miqyasda davam etdirilir. Bu işlərin həcmi 2003-cü illə müqayisədə 32 dəfə artaraq 40 milyon 900 min manata çatmışdır. Keçən il Cəlilabad şəhərində Heydər Əliyev adına yaradıcılıq mərkəzi, Dövlət Bayrağı meydanı, rayon qaz istismarı idarəsinin inzibati binası, Uzuntəpə kəndində xeyir-şər evi tikilib istifadəyə verilmişdir. Hazırda olimpiya-idman kompleksinin, rayon baytarlıq idarəsi üçün inzibati binanın, Təklə kəndində baytarlıq məntəqəsinin və Qarakazımlı kəndində xeyir-şər evinin tikintisi davam etdirilir. Bundan başqa, Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin ərazisindən keçən 5 kilometrlik hissəsinə mozaik daşlarla üzlənmiş hasarın çəkilişi başa çatmaq üzrədir. Küçələrin və kəndlərarası yolların təmir edilməsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırığına əsasən, rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı yolunun 19 kilometrinin asfaltlaşdırılması və 6 kilometrinə çınqıl tökülməsi əhali tərəfindən böyük razılıqla qarşılanmışdır.

Dövlət Proqramının və digər tədbirlərin yerinə yetirilməsi nəticəsində son 8 il ərzində 24150, o cümlədən ötən il 824 yeni yeri açılmışdır. Həmin yerlərinin yarıdan çoxu daimi xarakterlidir.

Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları vasitəsilə müvafiq kreditlərin alınması da sahibkarlığın inkişafına güclü təkan vermişdir. Dünyada yaranmış maliyyə böhranı ilə əlaqədar kreditlərin azalmasına baxmayaraq, 2011-ci ildə 13485 nəfərə 23 milyon 843 min manat məbləğində kredit verilmişdir. Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 27 nəfərə 5 milyon 200 min manat güzəştli kredit ayrılmışdır. Hər işçiyə düşən orta aylıq əmək haqqı 253 manat təşkil etmişdir.

Məruzəçi DSMF və ƏSSM tərəfindən pensiyaçılara və ehtiyaclı təbəqəyə ödənilən vəsaitlərin də ilbəil artdığını bildirdi. Şəhid ailələri və Qarabağ əlillərinin, qaçqın və məcburi köçkünlərin problemləri imkan daxilində həll olunmuşdur. Onlar 16 və 36 mənzilli yaşayış binalarında mənzillərlə təmin olunmuşlar. Bu kateqoriyadan olan digər vətəndaşların tələbatını nəzərə alaraq əlavə yaşayış binalarının tikilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılıq əldə edilmişdir.

Məruzəçi nəqliyyat və rabitə xidmətləri, elektrik enerjisi təminatı kimi vacib məsələlərə də toxundu. Qazlaşdırma ilə bağlı vəziyyətin icmalını verdi. Dedi ki, hazırda 12446 abonent təbii qazdan istifadə edir. Bu il Cəlilabad şəhərinin yenidən qazlaşdırılması və 12 kəndə təbii qazın bərpası nəzərdə tutulmuşdur.

Dövlət Proqramında rayonun şəhər və kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur. Möhtərəm Prezidentimizin tapşırığına əsasən Cəlilabad şəhərində sukanalizasiya sisteminin yenidən qurulması üçün texniki şərtlər hazırlanmış, içməli suyun Viləşçaydan gətirilməsinə dair layihə təsdiq edilmişdir. Dünya Bankının vəsaiti hesabına Almaniya, Türkiyə və Azərbaycan mütəxəssislərinin həyata kecirəcəyi bu tədbir nəticəsində gələn ilədək yeni sukanalizasiya sistemi çəkiləcək.

Hesabat ilində təhsilin inkişafına, yeni məktəb və sinif otaqlarının tikilməsinə, mövcud binaların təmirinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə qayğı daha da artmışdır. Gülməmmədli kəndində 360 şagird yerlik tam orta məktəb tikilmişdir. Hazırda Cəlilabad şəhər 2 saylı tam orta məktəbi üçün 640, 6 saylı ümumi orta məktəbi üçün 180 və Sabirabad kənd 1 saylı tam orta məktəbi üçün 480 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. Yaxın günlərdə Soltankənd kəndində 180, Həziabad kəndində 360 və Zəhmətabad kəndində 80 şagird yerlik tam orta məktəbin tikintisinə başlanacaq.

Sonra Ə.Əzizov səhiyyə, mədəniyyət və turizm, idman sahələrində qazanılan nailiyyətlərdən bəhs etdi. Bildirdi ki, 2012-ci ilin "İdman ili" elan olunması dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür.

Vurğulandı ki, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolundan düzgün istifadə edilməsi nəticəsində rayonun sosial-iqtisadi inkişafına yönələn bir sıra layihələr həyata keçirilmiş, yaşayış məntəqələrində abadlıq və tikinti-quruculuq işləri davam etdirilmişdir. "Bir bələdiyyə-azı bir layihə" təşəbbüsünə qoşulan bələdiyyələr müəyyən səmərəli işlər görmüşlər.

Sonra məruzə ətrafında işgüzar müzakirələr aparıldı. Milli Məclisin deputatları Mirkazım Kazımov və Fəzail İbrahimli uğurları təqdir etməklə bərabər, həlli vacib məsələlərə də toxundular. Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov ötən il ölkənin sosial-iqtisadi inkişafını təmin edən aspektlərdən, qarşıda duran mühüm vəzifələrdən danışdı.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 2 mart.- S. 6.