Soyqırımı cinayətlərinə qarşı mübarizədə beynəlxalq təcrübə

 

Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın hüquqi cəhətdən düzgün anlaşılması, əsaslandırılması və beynəlxalq aləmdə tanıdılması Azərbaycan beynəlxalq hüquq elminin qarşısında duran ən vacib məsələlərdən biridir. Vəhşi erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və ağır hərbi texnikasının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı üzərinə hücuma keçərək dinc əhaliyə qarşı soyqırımı törətməsi insan hüquqlarının, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktların, Cenevrə Konvensiyalarının, Uşaq Hüquqları Bəyannaməsinin, Hərbi münaqişə dövründə və fövqəladə hallarda qadın və uşaqların müdafiəsi haqqında Bəyannamənin və bir sıra digər beynəlxalq-hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.

 

Məsələn, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin (İHUB) 2-ci maddəsində qeyd olunur ki, hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır. İHUB-nin 3-cü maddəsində qeyd olunur ki, hər bir insan yaşamaq, azadlıq və səxsi toxunulmazlıq hüququna malikdir. Bəyannamənin 5-ci maddəsində göstərilir ki, heç kim isgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. 9-cu maddədə qeyd olunur ki, heç kəs özbasınalıqla həbsə, tutulub saxlanılmaya və ya sürgün edilməyə məruz qala bilməz və s.

BMT Baş Məclisinin 11 dekabr 1946-cı ildə qəbul etdiyi qətnamədə bəyan etmişdir ki, soyqırımı beynəlxalq hüququn normalarını pozan və BMT-nin ruhuna və məqsədlərinə zidd olan cinayətdir və bütün dünya onu pisləyir. Ümumiyyətlə, soyqırımı nə deməkdir? İlk dəfə olaraq, soyqırımının cinayət sayılması təklifini 1933-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin Madriddə cəza hüququnun eyniləşdirilməsinə dair beşinci beynəlxalq konfransda irəli sürmüş və bu barədə öz fikirlərini 1944-cü ildə dərc etdirdiyi "İşğal olunmuş Avropada əsas dövlətlərin hakimiyyəti" kitabında vermişdir.

Rafael Lemkin Avropa yahudilərinin məhv edilməsinə dair nasist siyasətinin mahiyyətini açmışdır . O, "nəsil" mənasını verən yunan sözü "genos" və "öldürürəm" mənasını verən "caedo" latın sözünü birləşdirərək "genosid" terminini irəli sürmüşdür.1945-ci ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasist rəhbərlərini "insanlıq əleyhinə cinayətlərin" törədilməsində ittiham etdi. "Genosid" sözü ittihamnamə aktına daxil edildi, lakin hüquqi termin kimi yox, təfsiredici termin kimi. Soyqırımı cinayətinin qarşısının alınmasına yönəlmiş tədbirlərin içində xüsusi olaraq "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı qeyd etmək lazımdır. Bu Konvensiya BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir və 12 yanvar 1951-ci ildən qüvvəyə minmişdir. İndiyədək 142 ölkə bu Konvensiyanı ratifikasiya etmişdir.

Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən imzalanmışdır. Bu qanun 25 iyun 1996-cı ildə qüvvəyə minmişdir. Konvensiya soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, razılığa gələn tərəflər sülhyaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımının, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Beləliklə, Konvensiya insanlığa qarşı ən ağır cinayət kimi soyqırımı anlayışının beynəlxalq hüquqi statusununu müəyyən edironun hüquqi tərifini verir.

Bu sənədi imzalamış dövlətlər soyqırımının "qarşısını almaq üçün tədbirlər görmək" və "ona görə cəzalandırmaq" öhdəliklərini öz üzərlərinə götürmüşlər.

Konvensiyaya müvafiq olaraq, hər hansı milli, etnik, irqiya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlər soyqırımına aiddir: a) bu cür qrup üzvlərinin qətlə yetirilməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tamya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi (Konvensiyanın 2-ci maddəsi). Bu maddədə göstərilən şərtlər Xocalı qətliamının soyqırımı kimi tövsif edilməsinə əsas verir.

Qeyd edildiyi kimi, soyqırımı - genosid sözü İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) ittihamnamə aktlarına daxil edilmişdir, lakin bundan hüquqi termin kimi yox, təfsiredici termin kimi istifadə olunmuşdur. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri keçmiş YuqoslaviyaRuanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (maddə 6) bir daha təsdiqini tapmışdır.

Fikrimcə, soyqırımı anlayışının beynəlxalq cəmiyyət tərəfindən dərk edilməsi və bundan sonra isə müvafiq hüquqi praktikanın inkişafı iki müəyyən tarixi dövrlərə aiddir: bu terminin dövriyyəyə buraxılmasından onun beynəlxalq qanunvericilikdə qəbul olunmasınadək (1944-1948) və bu cinayətə görə cəzalandırmaq məqsədilə beynəlxalq tribunalların yaradılmasında ondan fəal istifadə edilməsinədək (1991-1998).

Bəşəriyyət tarixində ən qədim zamanlardan bizim günlərədək soyqırımı hallarına çox rast gəlmək olar. Xüsusən bu, müharibələrə, daxili etnikdini toqquşmalara, müstəmləkə imperiyalarının yaradılmasına xas olan əlamətdir. Bir necə misal göstərmək olar. Məsələn, bir sıra tədqiqatçıların fikrinə görə, Amerika aborigenlərinin soyqırımı bəşər tarixində ən genişmiqyaslı soyqırımı hadisəsidir. Məhv edilmiş insanların sayı 10 milyonlarla ölçülür. Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750000 nəfər təşkil edirdi. Lakin 1911-ci ildə onların sayı cəmi 31000 nəfər idi. Onların əksəriyyəti xəstəlikdən, deportasiyadan, qətliamdan və aclıqdan həlak oldu. Almanlar tərəfindən Namibiya yerli xalqlarının məhv edilməsi nəticəsində 65 000 xerero (onların 80 faizi) və 10000 nama (onların 50 faizi) həlak olmuşdur. 1985-ci ildə BMT Namibiya yerli xalqlarının məhv edilməsi cəhdini XX əsrin birinci soyqırımı aktı kimi qiymətləndirdi. 2004 ildə Almaniya hakimiyyəti Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi.

XX əsrin ən səs-küylü genosid faktlarına: nasist Almaniyası tərəfindən yəhudilərin məhv edilməsini (Xolokost), almanların tərtib etdiyi "Ost planı"nı, İkinci Dünya müharibəsi zamanı Paveliçin xorvat rejimi tərəfindən serblərin məhv edilməsini, Yaponiya ordusu tərəfindən törədilmiş beynəlxalq cinayətləri (müharibə bitdikdən sonra müttəfiqlər tərəfindən hərbi cinayətlərin törədilməsində ittiham olunan təxminən 5000 yapon hərbçisi üzərində məhkəmə prosesləri keçirilmiş və onların 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir), 1975-1979 illərdə Pol Potİyenq Sari rejimi tərəfindən Kambocada 3 milyona qədər insanın məhv edilməsini, 1994-cü ildə Ruandada baş vermiş soyqırımını (bunun nəticəsində 800 minə yaxın insan həlak olmuşdur), 1995 - ci ildə Srebrenisada Bosniya müsəlmanlarının Bosniya serbləri tərəfindən kütləvi qırğınını, Darfurda yerli əhalinin soyqırımını (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və s. aid etmək olar.

Xocalı soyqırımı hüquqi xarakterinə görə beynəlxalq cinayət kateqoriyasına aid edilir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.

Qeyd etmək lazımdır ki, soyqırımının subyektiv tərəfinə qəsd (niyyət) formasında təqsir aid edilir, "qrupu...tamya qismən məhv etmək", yəni cinayətin subyekti onun əməlləri nəticəsində müəyyən nəticələrin baş verməsini dərk edir və istəyirdi. Belə faciəvi nəticələrə gətirilmiş əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi Xocalı qətliamının məhz soyqırımı olduğunu bir daha sübut edir. Qabaqcadan xüsusi yerlərdə düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən dinc Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətinin əyani sübutudur. Ermənilər tərəfindən törədilmiş bu soyqırımına Lidise, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə hüquqi qiymət verilməlidir.

Bununla bərabər, qeyd edilməlidir ki, beynəlxalq cinayətlərə qarşı mübarizədə beynəlxalq hüquq müəyyən vasitələrdən istifadə etmək imkanını yaradır. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdə ittiham olunan şəxslər həmin əməllərin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış bu konvensiya tərəflərinə şamil olunan beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidirlər. Xocalı soyqırımında təqsirli bilinən şəxslərin Ermənistanın məhkəmələri tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalının sıfra bərabər olduğunu nəzərə alaraq, həmin şəxslərin beynəlxalq məhkəmə tərəfindən məhkum edilməsi alternativini önə zəkmək vacibdirbu soyqırımı cinayətini beynəlxalq səviyyədə məhkum etmək yalnız beynəlxalq tribunalın yaradılması yolu ilə mümkündür. Beynəlxalq praktikada bu cür məhkəmələrə keçmiş YuqoslaviyaRuanda üzrə fəaliyyət göstərən beynəlxalq hərbi tribunallar aid edilir.

Keçmiş YuqoslaviyadaRuandada iyirminci əsrin son onilliyində baş vermiş cinayətlər BMT Təhlükəsizlik Şurası tərəfindən cinayətkarları təqib etmək üçün iki beynəlxalq cinayət məhkəməsinin yaranmasına səbəb oldu. 1992-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya ərazisində müharibə cinayətlərini və insanlıq əleyhinə törədilmiş cinayətləri müəyyən etmək məqsədilə ekspertlərdən ibarət bir komissiya yaratdı. Bir ildən artıq müddətdə mütəxəssislər müxtəlif mənbələrdən alınmış 65 mindən çox sənədi təhlil etmiş, 32 araşdırma missiyasını həyata keçirmişdir. Komissiya belə bir nəticəyə gəlmişdir ki, BMT müharibə cinayətlərinin araşdırılması və cəzalandırılması üzrə dərhal məhkəmə orqanı təsis etməlidir. Təhlükəsizlik Şurası beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral 1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratdı və bu tribunalın əsasnaməsini təsdiq etdi. Təhlükəsizlik Şurası öz qərarını əsaslandırmaq üçün BMT Nizamnaməsinin VII fəslinə istinad etmişdir.Yaxşı bəllidir ki, BMT Nizamnaməsinin VII fəsli sülhə təhlükə yaranması və təcavüz aktlarının baş verməsi halında Təhlükəsizlik Şurasının səlahiyyətlərini müəyyən edir. BMT Nizamnaməsində Təhlükəsizlik Şurası üçün bu növ məhkəmələrin yaradılmasına dair səlahiyyət nəzərdə tutulmamışdır. Belə ki, Təhlükəsizlik Şurasının səlahiyyətləri fərdlərə yox, dövlətlərə aiddir. Bu səbəbdən hərbi tribunalların təsis edilməsi nizamnamənin geniş şərhinə əsaslanırdı. Beynəlxalq Tribunalın beynəlxalq müqavilə əsasında deyil, BMT nizamnaməsinin VII fəsli əsasında təsis edilməsi ideyası BMT-nin Baş katibi Butros Qaliyə məxsus idi. Çünki universal xarakterli müqavilənin adi qaydada bağlanması və ratifikasiya edilməsi uzun vaxt tələb edirdi. Bunun nəticəsində isə hərbi tribunalların yaradılması öz əhəmiyyətini itirmiş olurdu. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü 29 noyabr 1996-cı ildə çıxarılmışdır. İndiyədək 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü xarvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.Mladiç və R. Karadiçə qarşı da irəli sürülmüşdür.

KYBCT-dan sonra belə növ ikinci Beynəlxalq Tribunal Ruanda (RBCT) üzrə yaradılmışdır.Bu məhkəmənin vəzifəsi 1994-cü ildə Ruandadaqonşu ölkələrdə soyqırımının - bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi. Təhlükəsizlik Şurası 1994-cü ilin noyabrın 8-də 955 saylı qətnaməsinə əsasən, "1994-cü ilin 1 yanvarından 31 dekabrına qədər Ruanda ərazisində və qonşu dövlətlərin ərazilərində törədilən soyqırımı və digər oxşar pozuntulara görə məsuliyyət daşıyan Ruanda vətəndaşları tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin məhkəmə qaydasında təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yarandı və onun əsasnaməsi təsdiq olundu.

RBCT yaradılmasını zəruri edən çoxlu sayda faktlar mövcüd idi. Ruandaonunla qonşu olan dövlətlərin ərazisində soyqırımı törədilmişdir. Qətlə yetirilmiş insanların sayı müxtəlif mənbələrə görə 500 mindən 1 030 000 qədərdir. Onlardan təxminən 10 faizini xutular və 90 faizi tutsilər təşkil edirdi. Ruanda beynəlxalq birliyin diqqətini soyqırımı və digər beynəlxalq cinayətlərin törədilməsində təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi və bu məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. RBCT 1994-ci ilin yazında Ruanda vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsinin təşkilatçılarını məhkum etdirdi. Onlar əsasən keçmiş iqtidarın məmurları idi. RBCT tərəfindən 52 hökm çıxarılmışdır, onlardan 8-i bəraət hökmüdür. Artıq tribunal tərəfindən 19 işə baxılmışdır. 58 üzrə isə məhkəmə davam edir. Onu da qeyd etmək lazımdır ki, RBCT yalnız soyqırımının əsas təşkilatçılarının işlərinə baxır. Tribunalın yurisdiksiyası altına düşməyən şəxslər üzərində məhkəmə qurmaq məqsədilə Ruandada yerli məhkəmələr sistemi yaradılıb. Bu məhkəmələr 100-ə yaxın ölüm cəzası hökmü çıxartmışdır.

Beləliklə, Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə görə insanlıq əleyhinə cinayətdir. Bu soyqırımını törətmiş şəxslər (bunların sırasına Seyran Ohanyan, Serj Sarkisyan, R.Koçaryans. daxildir) beynəlxalq məhkəmədə layiqli cəzalarına çatmalıdırlar.

 

 

Rauf QARAYEV,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun aparıcı elmi

işçisi, hüquq elmləri üzrə fəlsəfə

doktoru

 

Xalq qəzeti.- 2012.- 2 mart.- S. 5.