Erməni qəsbkarlığına və təxribatına qarşı bütün Türk dünyasının bir olmağa ehtiyacı var

 

Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımından 20 il keçməsinə baxmayaraq həmin dəhşətli faciə sanki bu günlərdə baş vermişdir. Hər bir soydaşımız ermənilərin törətdikləri bu qətliamı ürək ağrısı, göz yaşları ilə xatırlayır.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən bu qətliam həmin dövrdə hakimiyyətdə olan dövlət rəsmiləri tərəfindən gizlədilirdi. Xalqın tələbi ilə 1992-ci il martın 2-də Ali Sovetin fövqəladə sessiyası çağırıldı və bu sessiyada ermənilərin Xocalıda törətdikləri vəhşilik barədə ətraflı məlumat verildi.

20 il əvvəl keçirilmiş sessiyada iştirak edən və həmin vaxt sərt çıxışı ilə yadda qalan sabiq deputat, Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynovla görüşüb söhbətləşdik:

- Cahangir müəllim, Xocalı qətliamı baş verəndə siz Ali Sovetin deputatı idiniz. Yəqin ki, xatırlayırsınız. O vaxt hakimiyyətdə olanlar bu dəhşətli soyqırımını hər vasitə ilə xalqdan gizlədirdilər. 20 il əvvəl - 1992-ci il martın 2-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında çox kəskin çıxış etmisiniz. O illəri necə xatırlayırsınız?

- 1988-ci ildən başlayaraq ermənilərin Dağlıq Qarabağla əlaqədar iddiasını açıq şəkildə bəyan etməsi və bu bölgəyə hərbi və siyasi təcavüzü genişləndirməsi respublikamızda ciddi narazılığa səbəb oldu. Həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca ağır idi. Sovetlər birliyinin iflası, keçmiş SSRİ rəhbərliyinin milli ayrı-seçkilik siyasəti, ayrı-ayrı xalqlar arasında ədavət toxumu səpməsi vəziyyəti getdikcə daha da ağırlaşdırırdı. Mixail Qorbaçovun ermənilərə açıq şəkildə himayədarlıq etməsi onları daha da azğınlaşdırdı. Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi ermənilərin getdikcə üstümüzə gəlmələrinə rəvac verirdi. Mən ilk gündən hadisələrin canlı şahidi olmuş adam kimi demək istəyirəm ki, Azərbaycanın o vaxtkı rəhbərliyinin qorxaqlığı, cəsarətsizliyi bizi ağır fəlakətlərə yaxınlaşdırırdı. O ərəfədə mən Ağdaş Rayon Milis (indiki polis) şöbəsinin rəisi işləyirdim. Vəziyyət o həddə çatmışdı ki, milis işçiləri Qarabağ bölgələrinə gedərək erməni işğalçı birləşmələri ilə üz-üzə dayanmışdılar. Mən özüm Qarabağ bölgələrində olarkən sərhədlərimizin dövlət səviyyəsində çox zəif müdafiə olunduğunun, hərc-mərcliyin şahidi olurdum. Bunun nəticəsi isə hamımıza bəllidir. Ermənilər torpaqlarımızı işğal edirdilər.

vaxta qədər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etməmişdi, Ayaz Mütəllibov Kreml rəhbərliyinin diktəsi ilə hərəkət edirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə o, öz hakimiyyətini qoruyub saxlamaqla məşğul oldu. Ermənilər bundan istifadə edərək torpaqlarımızı ələ keçirir, soydaşlarımızı vəhşicəsinə qətlə yetirirdilər. Xocalı hadisələri də belə bir şəraitdə baş verdi. Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə ağır idi. Hakimiyyətsizlik o həddə çatmışdı ki, ayrı-ayrı qruplaşmalar sərhədlərimizi qoruyan Milli Ordunun əsgərlərini özlərinə tabe etdirərək, hakimiyyət uğrunda mübarizə aparırdı. Dağlıq Qarabağ üçün çox strateji əhəmiyyətə malik olan Xocalının müdafiəsi tamamilə unudulmuşdu. Onu da deyim ki, həmin ərazidə aeroport yalnız Xocalıda idi. Ona görə də ermənilər Xocalını ələ keçirmək üçün dəridən-qabıqdan çıxırdılar. Ermənilərin həmin məkrli niyyətlərindən xəbərdar olan Xocalı şəhərinin rəhbərliyi bu barədə Azərbaycan Prezidentinə, Ali Sovetə, digər dövlət orqanlarına, mütəmadi olaraq məlumat versələr də, cavab eyni idi: "Darıxmayın, sizə kömək gələcək". Bunu deyənlər kimlər idi? Milli Ordunun əsgər və zabitlərini öz müdafiələrinə cəlb edərək hakimiyyəti əllərində saxlamağa can atanlar. Bunun acı fəsadları getdikcə pik nöqtəyə çatdı və 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri sovet imperiyasından qalma 366-cı motoatıcı alayın köməyi ilə Xocalını yerlə yeksan etdilər, dinc əhalini vəhşicəsinə qətlə yetirdilər və XX əsrin ən dəhşətli qətliamını törətdilər.

- Ermənilərin törətdikləri bu qətliam barəisndə nəyə görə xalqa düzgün məlumat verilmirdi?

- Ermənistan silahlı birləşmələri Xocalıda çox dəhşətli soyqırımı törətmişdilər. Vəhşiləşmiş ermənilər günahsız insanlara, qocalara, qadınlara, uşaqlara qarşı çox amansız olmuş, yüzlərlə insanı qətlə yetirmişdilər. Onların bu vəhşiliyi faşistlərin qəddarlığından da qat-qat artıq idi. Bir gecənin içərisində Xocalı şəhəri məhv edilmişdi. Sağ qalanlar isə əsir götürülmüşdü. Azərbaycanın o vaxtkı rəhbərliyi bu dəhşətli faciəni xalqdan gizlətməyə çalışırdı. Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda bildirilirdi ki, guya Xocalıda kiçik hadisə baş veribiki nəfər həlak olub.

- Belə bir dəhşətli hadisəni ört-basdır etməkdə məqsəd nə idi?

- Həmin vaxt ölkədə çox ciddi qarşıdurma var idi. Bir tərəfdən Ayaz Mütəllibov hakimiyyəti əlində saxlamağa çalışırdı, digər tərəfdən isə Xalq Cəbhəsinin nümayəndələri hakimiyyətə can atırdılar. Sərhədlərimizi qoruyan, yeni yaranmaqda olan Milli Ordunun əsgərləri bu qruplaşmaların təsiri altında qarşı-qarşıya dayanmışdılar. Ermənilər isə bundan istifadə edib Xocalını işğal etdi. Prezident günahı Xalq Cəbhəsində, digər tərəf isə hakimiyyətdə görürdü. Ona görə də bu qanlı faciə xalqdan gizlədilirdi. Nəhayət, xalqın təkidli tələbi ilə 1992-ci il martın 2-də Azərbaycan Pezidentinin iştirakı ilə Ali Sovetin fövqəladə sessiyası çağırıldı və Xocalı faciəsinin baş verməsinin səbəbləri aydınlaşdırıldı.

- Siz isə həmin sessiyada genişçox sərt çıxış etdiniz, ölkə rəhbərliyinin bağışlanılmaz, kobud siyasi səhvə yol verdiyini dediniz. Ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunmasını, onun təcrübəsindən istifadə edilməsinin vacibliyini bu sessiyada diqqətə çatdırdınız.

- Həmin sessiyadakı çıxışımdan 20 il keçsə də, o müzakirələr həmişə gözlərim önündə canlanır. Ayrı yol yox idi. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Malıbəyli, Qaradağlı, Xocalı hadisələri hakimiyyət rəhbərlərinə olan inamı heçə endirmişdi. Xalq Xocalıda nələr baş verdiyini, bunun əsas günahlarının kimdə olduğunu bilmək istəyirdi. Ona görə də 1992-ci il martın 2-də Ali Sovetin fövqəladə sessiyası çağrıldı. Qeyd etdiyim kimi, mən o zaman Ağdaş Rayon Milis Şöbəsinin rəisi, həm də Ali Sovetin deputatı idim. Həmin sessiyada çıxış edənlər, o cümlədən Prezident Ayaz Mütəllibov yenə də bu faciəni ört-basdır etmək istəyirdi. Lakin biz artıq mərhum jurnalist Çingiz Mustafayevin lentə aldığı kadrlardan ermənilərin Xocalıda törətdikləri ağlasığmaz vəhşilik barədə məlumatlı idik. Biz tələb etdik ki, bu kadrlar Ali Sovetin monitorları vasitəsilə nümayiş etdirilsin. Rəyasət heyəti və bir sıra deputatlar bu təklifə qəti etirazlarını bildirdilər. Lakin səsvermədən sonra bu kadrların monitor vasitəsi ilə nümayiş etdirilməsi qərara alındı. Bundan sonra Xocalıda baş vermiş qətliamdan hamı xəbərdar oldu. Ali Sovetdə kəskin qarşıdurma yarandı. Həmin vaxt Heydər Əliyevin parlamentə gəlməsinə bütün vasitələrlə mane olunurdu. Hətta, onun adını çəkmək belə yasaq idi. 1991-ci ilin payız sessiyasında bir qrup öyrədilmiş deputatların Heydər Əliyev haqqında qərəzli çıxışları hər birimizin xatirindədir. O dövrdə Heydər Əliyevin adını çəkmək belə qorxulu idi. Lakin bütün bunlara baxmayaraq, Ali Sovetin tribunasına qalxıb çıxış etdim. Mən çox yaxşı bilirdim ki, belə bir mürəkkəb zamanda xalqı qarşılaşdığı bəladan dövlət idarəçiliyində zəngin təcrübəsi olan, qüdrətli siyasi xadim Heydər Əliyev qurtara bilər. Gözümüzün qabağında Azərbaycan dövləti dağılırdı. Dövlətə rəhbərlik edənin kobud siyasi səhv etməyə mənəvi haqqı yox idi. Vəziyyət həmin rəhbərin dövlət idarəçiliyində səriştəsizliyindən xəbər verirdi. Bu da Azərbaycanı məhvə doğru aparırdı. Mən çıxışımda dedim ki, respublika rəhbərliyi kobud siyasi səhvlərə yol verib, ancaq artıq gecdir, həmin səhvləri düzəltmək mümkün deyil. Zalda oturanlara dedim ki, partamentin binası qarşısındakı insanlar bizdən düzgün qərar qəbul etməyi gözləyirlər. İnsanlar boğaza yığılıblar, rəhbərliyin düzgün olmayan siyasətindən beziblər. Xalqı ordu ilə dağıtmaq olmaz. Milis əməkdaşlarını xalqla üz-üzə qoymaq cinayətdir. Üzümü Ayaz Mütəllibova tutub dedim ki, siz respublikanı idarə edə bilmirsiniz. O vaxt çıxışımdakı bir məqamı olduğu kimi diqqətə çatdırıram. Mən bütün zala müraciətlə dedim: "Biz niyə bu məsələni uzadırıq? Axı bu parlament binasını tikdirən şəxsin - Heydər Əliyevin nəyə görə bu zalda oturmaq hüququ olmasın? Axı niyə respublika rəhbəliyi onu özünə düşmən sayır? Heydər Əliyev parlamentə dəvət olunmalıdır, onun təcrübəsindən, rəhbər zəkasından, dünyagörüşündən istifadə etməliyik. O, hamımızdan dahi və şəxsiyyət kimi məşhurdur".

Mənim bu təklifim çoxları üçün gözlənilməz oldu. Birki, vəzifəyə görə susmalı idimmi? Axı respublika əldən gedirdi, ermənilər torpaqlarımızı işğal edir, soydaşlarımızı qəddarcasına qətlə yetirirdilər. Ölkə rəhbərliyi də buna göz yumur, vəzifəsini qoruyub saxlamaq üçün qətliamları, erməni vəhşiliyini ört-basdır edir, əsl həqiqəti xalqdan gizlədirdi. Ona görə də mən belə bir çıxış etdim və hamını birliyə çağırdım.

Mənim bu 20 dəqiqəlik çıxışım "Xalq bizi bağışlamaz" adı ilə o dövrdə Ali Sovetin orqanı olan "Həyat" qəzetində və bir sıra başqa qəzetlərdə çap olundu.

- Həmin vaxt ölkədə vəziyyət həddindən artıq ağır idi. Fikirləşmirdinizmi ki, sizə qarşı hər an təxribat ola bilər?

- Mənim parlamentdəki çıxışımdan, xüsusilə də ölkə rəhbərliyinin bağışlanılmaz səhvlərə yol verməsi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Bakıya dəvət olunması, onun dövlət idarəçiliyindəki təcrübəsindən, biliyindən istifadə edilməsi fikrini səsləndirməyimdən sonra, "bəzi dostlar" məndən uzaqlaşdı, hətta, mənə salam da vermədilər. Sonradan rayonda yoxlamalar başlandı, məni xüsusi idarəyə dəvət edib sorğu-suala tutdular. Bütün bunlara baxmayaraq, martın 10-da televiziyaya gedib parlamentdəki çıxışımı birbaşa efirdən səsləndirdim və dedim ki, artıq bizim ayrı yolumuz yoxdur, böyük siyasi xadim Heydər Əliyevi Bakıya dəvət etməliyik. Xalqımızın vəziyyəti getdikcə ağırlaşır.Mənim bu çağırışıma qədər Heydər Əliyev adını heç kəs çəkməyə cürət etmirdi.

Ayaz Mütəllibovdan sonra hakimiyyəti ələ alan AXC-Müsavat iqtidarı mənə qarşı daha aqressiv oldu. Məni vəzifədən uzaqşlaşdırdılar. Sonralar - 1994-cü ildə mənə sui-qəsd təşkil olundu və doğmalarım qətlə yetirildi. Özüm isə təsadüf nəticəsində sağ qaldım.

O illər arxada qaldı. Bu gün sevinirəm ki, Azərbaycanın dünya birliyindəki mövqeyi getdikcə möhkəmlənir, reytinqi yüksəlir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoylumuş daxilixarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. İnamla demək olar ki, postsovet respublikaları arasında Azərbaycan ən sürətlə inkişaf edən dövlətdir. Müstəqilliyimizin 20 illik tarixi ərzində BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına üzv seçilmək inkişafımızın ən yüksək pilləsinə qədəm qoymağımızdan xəbər verir. Azərbaycanda davamlı ictimai-siyasi sabitlik yaradılıb, insanların həyat səviyyəsi getdikcə yaxşılaşır, ölkəmizin beynəlxalq aləmdə əlaqələri daha da genişlənir. Azərbaycana gələn xarici qonaqlar ölkəmizin son illər necə inkişaf etdiyinə, sürətlə dəyişməsinə təəccüblərini gizlətmirlər. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Artıq ermənilərin üzü beynəlxalq aləmə bəlli olur. Bu, işğal altında olan torpaqlarımızın azad olunmasına öz təsirini göstərəcək. Ermənilər törətdikləri qanlı faciələrə görə qanun qarşısında cavab verəcəklər.

İşğal olunmuş torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Mən buna inanıram və bir daha 1992-ci ildəki çıxışıma qayıdıb xalqımızı birliyə, erməni qəsbkarlarına və təxribatçılarına qarşı bütün Türk dünyasını bir olmağa çağırıram.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 2 mart.- S. 3.