"Aqroekologiya" - qiymətli dərslik
Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü Qərib Məmmədovun,
biologiya elmləri doktorları professor Mahmud Xəlilovun və
professor Sara xanım Məmmədovanın birgə müəlliflikləri
ilə 2011-ci ildə "Elm" nəşriyyatı tərəfindən
çap olunmuş "Aqroekologiya: metodologiya, texnologiya və
iqtisadiyyat" əsəri, müəlliflərin 2010-cu ildə
işıq üzü görmüş "Aqroekologiya" dərsliyinin
məntiqi davamı olub iqtisadiyyatın aqrar sektoru sahəsində
istehsal xüsusiyyətlərinin öyrənilməsinə,
insan və təbiətin qarşılıqlı əlaqəsinin
optimallaşdırılmasına, onun
ekologiyalaşdırılmasına imkanlar açır. Bununla
belə, görkəmli elm adamlarının ərsəyə gətirdikləri
kitabı həm də ölkə Prezidenti cənab İlham Əliyevin
Azərbaycan Respublikasında "Ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı"nın həyata
keçirilməsinə və dövlət
başçısının "Ekologiya ili" elan etdiyi
2010-cu ildə görülən işlərə sanballı
elmi töhfə kimi də dəyərləndirmək olar.
Müəlliflərin
fikrincə, müasir dövrün elmi nailiyyətləri xalq təsərrüfatının
müxtəlif sahələrində olduğu kimi, kənd təsərrüfatında
da böyük dəyişikliklər yaradır. Cəmiyyətin
sosial-iqtisadi maraqları və aqrar sahənin perspektivləri təbiətdən
istifadənin bütün sisteminin optimallaşdırılmasını,
insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin
vaxtında qiymətləndirilməsini tələb edir.
Kitabı diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, həqiqətən dünyanın gələcək inkişafı bu gün ekoloji problemlərin necə həll olunmasından daha çox asılıdır. "Politoloqlar nə deyirlər desinlər, dövlətin təbii resurslarının ehtiyatı və keyfiyyəti son nəticədə ölkənin sənaye və kənd təsərrüfatı inkişafının potensial imkanını, onun ərazisində olan əhalinin say həddini, insanların yaşayış keyfiyyətini təyin edir".
Məhz bu baxımdan, akademik Qərib Məmmədovun aqroekoloji problemlərə xüsusi diqqət yetirməsinin hansı alim narahatlığından irəli gəldiyini anlamaq çətin deyil.
Girişdən və 17 fəsildən ibarət olan "Aqroekologiya" kitabının "Kənd təsərrüfatı - XXI əsrdə. Ətraf mühitin mühafizəsi və davamlı inkişaf problemləri" adlı birinci fəslində XX əsr ərzində təsərrüfat yarımsistemlərinin və qlobal ekosistemlərin dəyişməsi, bəzi ölkələrin resurslarla təmin edilməsi, əhalinin sayının artımı, dünyada əhalinin adambaşına düşən əkin sahələrinin dəyişməsi, inkişaf etməkdə olan ölkələrdə əkin sahələrinin genişləndirilməsi üçün mövcud yararlı sahələr, Avropanın bəzi ölkələrində taxıl bitkilərinin məhsuldarlığı, dünyanın bəzi ölkələrində 1992-2000-ci illərdə buğdanın orta məhsuldarlığı, 2008-ci ildə Azərbaycanda taxıl istehsalı, taxılın məhsuldarlığının formalaşmasında faktorların faizi kimi mövzular xüsusi yer almışdır. Elmi araşdırmalarda əsasən respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizin ümumi torpaq fondu, keçən əsrin 80-ci illərində bir sıra elmi-tədqiqat müəssisələrinin və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üzrə intensiv texnologiyanın istehsalata tətbiqi təcrübələrinin nəticələri, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıda duran əsas vəzifələr, ekoloji təhlükəsizlik, ətraf mühitə və insanların sağlamlığına təhlükə yaradan vəziyyət, dünyada torpaqların deqradasiyası elmi əsaslarla təhlil edilmiş həmçinin bu sahələrdə uğurların əldə edilməsi yolları konkret elmi sübutlarla göstərilmişdir.
Əsərin adi oxucu üçün də maraq doğuracaq "Stresslər" başlıqlı ikinci fəslində əsasən ekoloji stresslərin və stressorların mahiyyəti, stresslərin təsnifatı, ekoloji stresslərin yaranma səbəbləri, müxtəlif faktorların təsirinə qarşı bitkilərin reaksiyası, fiziki faktorlar, kimyəvi faktorlar, biotik faktorlar, stressorların təsirinin aşağı salınması üzrə tədbirlər sistemi bölmələrində təbii resurs potensialından istifadə effektivliyinin yüksəldilməsinə yönəldilən kənd təsərrüfatının ekologiyalaşdırılması, aqrosənaye sahəsində dinamik dəyişən faktorların mürəkkəb kompleksinin düzgün nəzərə alınması və təbiətdə istifadə prosesində yaranan müxtəlif problemlərin əlaqə səbəblərinin təhlili geniş əks olunmuşdur. Stres - canlı sistemin davamlı inkişafını təmin edən cavab reaksiyalarının kompleksi kimi, stressorlar-orqanizmin cavab reaksiyasını yaradan və onu stress vəziyyətinə gətirən faktorlardan, orqanizmlərin stresslərin təsirinə qarşı uyğunlaşmasını səciyyələndirən adaptasiya, aklimasiya, aklimatizasiya anlayışlarının geniş elmi izahı verilməklə yanaşı, dünya elminin bu sahədəki tədqiqatları, əldə edilmiş nəticələr də kitabda geniş izahını tapmışdır.
Elə buradaca ekoloji stresslərin əmələ gəlməsinin kifayət qədər müxtəlif səbəbləri, torpaqda rütubətliliyin izafiliyinin neqativ nəticələrə səbəb olması və bütün bunların aradan qaldırılması yollarının elmi əsasları göstərilmişdir. Bitkinin toksiki qazlara qarşı həssaslığı, zərərli qazların təsiri zamanı bitkinin həyat fəaliyyətini saxlama qabiliyyəti, ağır metalların canlı orqanizmlərin toxuma və orqanlarında qeyri-bərabər paylanmasının səbəbləri, pestisidlərin bitkilərə göstərdiyi mənfi səbəblərdən bitkilərdə stress yaradan biotik faktorlardan, ekoloji stresslərin təsir spesifikasiyasının nəticələrinin azaldılmasına və ya qarşısının alınmasına yönəldilən tədbirlərin hazırlanması və həyata keçirilməsi kimi məsələlər təbii ki, geniş oxucu kütləsi üçün də maraq doğurur.
Bütün bunlardan sonra müəlliflər bu qənaətə gəlirlər ki, təbii stresslər canlı sistemlərin obyektiv fəaliyyət və inkişaf amillərindən biridir. Təbii stresslərə qarşı əvvəlcədən qadağanı alan taktiki və strateji stresslər isə bir qayda olaraq canlı təbiətin qanunlarına ziddir. Kənd təsərrüfatı öz mahiyyəti etibarı ilə insan və təbiətin sıx qarşılıqlı təsiri kimi, mükəmməl, düzgün ekoloji təsərrüfatçılıq əsasında istehsalat fəaliyyətinin əlverişsiz stress təsirinin maksimum aradan qaldırılmasına imkan verir.
"Bioindikasiya və aqroekologiyada biotestləşdirmə" adlı fəsildə isə bioindikasiya, biotestləşdirmə, bioindikatorlara göstərilən tələbatlar, torpaq örtüyünün vəziyyətinin bioindikasiyası, torpaq örtüyünün vəziyyətinin fitoindikasiyası, torpaq-zooloji indikasiya, mikrobioloji indikasiya məsələlərinin elmi izahı və dünya elminin bu sahədə əldə etdiyi nailiyyətlərdən geniş bəhs olunur..
Kitabın "Aqrosənaye kompleksində tullantısız və aztullantılı texnologiyanın və istehsalın təbiətin mühafizəsində rolu" fəsli isə, heç şübhəsiz, müasir dövrün daha aktual problemlərinə həsr olunmuşdur. Müəlliflər "tullantısız və aztullantılı texnologiya və istehsal" anlayışı, tullantısız istehsalın formalaşması prinsipləri, tullantısız texnologiyaya olan tələbatlar, aqrosənaye kompleksində tullantısız və aztullantılı texnologiya bölmələrində müasir istehsalatda tullantılardan səmərəsiz istifadə olunmasının mənfi təsirini elmi əsaslarla təhlil etməklə yanaşı, bu tullantılardan səmərəli istifadə etmənin konkret yollarını göstərməyə çalışmışlar.
Əsərdə Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 ədəd stasionar ekoloji ölçmə məntəqəsinin yaradılması barədə sərəncamını xatırladaraq qeyd edilir ki, bu ölkənin ən iri neft müəssisəsi olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun məqsədyönlü fəaliyyətinin daim diqqət mərkəzində olduğunu göstərməklə yanaşı, ölkəmizdə tullantıların yaranmasının minimuma endirilməsinin səlahiyyətli və cavabdeh qurumlar tərəfindən necə həyata keçirilməsini göstərən faktlardan biridir.
Müəlliflərə görə, ekoloji nəzarətlə yanaşı, ekoloji ekspertiza da təbiəti mühafizə fəaliyyətinin başlıca növü olub, dövlətin ekoloji siyasətinin və təbiətdən istifadəni idarəetmənin bir funksiyası sayılır. Bu funksiyanın mahiyyəti cəmiyyətin inkişafının, onun istehsal qüvvəsinin, ilk növbədə insanın özünün həyat və sağlamlığını, həmçinin onu əhatə edən mühitin ekoloji təhlükəsizliyini təmin etməkdir. Bütün bu kimi elmi təhlillərin geniş yer aldığı dövlət ekoloji ekspertizası fəslində ekoloji ekspertizanın vəzifələri, prinsipləri, obyektləri, mahiyyəti, ekoloji ekspertizanın aparılma qaydaları, müasir dünya təcrübəsindən əsaslı nümunələr gətirilməklə əsaslı şəkildə təhlilini tapmışdır.
"Aqroekologiya" kitabında ətraf mühitin mühafizəsinin iqtisadi mexanizmi hazırda həll edilməsi vacib olan bir sıra problemlər arasında prioritet təşkil edən təbii resursların səmərəli istifadəsi, ətraf mühitin sağlamlaşdırılması, insan-təbiət sistemində məqsədəuyğun qarşılıqlı əlaqənin təyin edilməsi kimi məsələlər xüsusi yer alır. Ona görə də bu fəsildə təbiətdən istifadənin iqtisadi mexanizminin formalaşması, ekoloji pozuntularla şərtləndirilən iqtisadi ziyan və onun qiymətləndirilməsi metodu, kənd təsərrüfatında ekoloji-iqtisadi effektivlik, ətraf mühitə neqativ təsirin ödənişi kimi dövrümüzün vacib məsələlərinin ətraflı izahı verilir.
Kitabın bioloji müxtəlifliyin problemləri və qorunub saxlanması yolları və digər fəsillərində isə dünya ictimaiyyətini narahat edən Yer adlı planetdə bioloji müxtəlifliyin qorunması, torpağın bioloji müxtəlifliyi, bioloji müxtəlifliyin qorunmasında torpağın rolu, Azərbaycanda bioloji müxtəlifliyin qorunması, qlobal iqlim dəyişmələri və onunla əlaqədar yaranan problemlər, davamlı inkişaf konsepsiyası və s. haqqında olan elmi araşdırmalar və məlumatlar da yer almışdır.
Şübhə yoxdur ki, akademik Qərib Məmmədovun, professorlar Mahmud Xəlilov və Sara xanım Məmmədovanın böyük zəhmətləri və gərgin elmi axtarışları nəticəsində ərsəyə gələn və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilmiş "Aqroekologiya" kitabı metodologiya, texnologiya, iqtisadiyyat məsələlərini əhatə etməklə təkcə ali məktəb müəllimlərinin və tələbələrinin deyil, bütövlükdə bu sahədə çalışan elmi ictimaiyyətin də stolüstü kitabı olacaqdır.
Mübariz VƏLİYEV,
kənd təsərrüfatı
elmləri
namizədi, dosent,
Eldar SADIQ,
şair-publisist
Xalq qəzeti.- 2012.- 3 mart.- S. 7.