Azərbaycan - BMT: əlaqələrin inkişafında yeni mərhələ

 

Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdiyi gündən keçən qısa vaxt ərzində böyük tarixi nailiyyətlərə imza atmışdır. Ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir, sürətlə inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən Azərbaycan güclü və etibarlı tərəfdaş kimi bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətini uğurla davam etdirir. Bu mənada ölkəmizin BMT ilə əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir.

 

BMT yeganə təşkilatdır ki, beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərar qəbul etmək səlahiyyətinə malikdir. Təşkilatın əsas məramı isə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etməkdir. BMT həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Ona görə də dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur.

Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdiyi gündən dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyin möhkəmləndirilməsi məqsədilə BMT üzvlüyünə daxil olmaq üçün zəruri addımlar atmağa başladı. 1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət ünvanladı. Müraciətdə demokratiya, azadlıq və bərabərlik yolu ilə getməyi qarşısına məqsəd qoyan ölkəmiz BMT üzvlərindən bu nüfuzlu və mötəbər beynəlxalq təşkilata qəbul olunması məsələsini nəzərdən keçirməyi xahiş edirdi.

BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edildi. BMT-yə üzvlük Azərbaycana dünya dövlətləri ilə əlaqələr və qarşılıqlı münasibətlər qurmağa real imkanlar yaratdı. Bununla həm də müstəqilliyimizin ilk illərindən Ermənistan silahlı qüvvələrinin ərazi bütövlüyümüzü pozaraq torpaqlarımızı işğal etməsi faktını da mötəbər beynəlxalq təşkilatın tribunasından bütün dünyaya çatdırmaq imkanı əldə etmiş olduq. Nümunə kimi deyə bilərik ki, BMT ilə əməkdaşlığın ilk günündən başlayaraq, Azərbaycan təşkilatın platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan - Azərbaycan münaqişəsinə cəlb etməyə çalışmış və həlledici məqamlarda öz məqsədinə nail olmuşdur.

Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan - Azərbaycan münaqişəsinə dair 1993-cü il aprelin 30-da 822, iyulun 29-da 853, oktyabrın 14-də 874 və noyabrın 11-də 884 saylı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Həmin il Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının bir milyonu keçməsi beynəlxalq aləmdə də böyük əks-səda doğurmuşdu. BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə qəbul etmişdir. Ümumiyyətlə, 1992-1996-cı illər ərzində BMT-nin TŞ-nın sədri və BMT Baş katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər. 1996-cı ildən başlayaraq BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

Ölkəmiz BMT Baş Assambleyasının işində də fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə Assambleyanın 49-cu və 50-ci sessiyalarında ümummilli lider Heydər Əliyev Azərbaycanın nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Həm 1995-ci ilin oktyabrında Baş Assambleyanın 50-ci sessiyasında, həm də BMT-nin Minillik Zirvə Toplantısında çıxış edən ümummilli lider Heydər Əliyev qloballaşma mövzusuna toxunmuş, bunun müsbət inkişafı, həmçinin Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasının əhəmiyyətini qeyd etmişdir.

2003-cü ilin sentyabrında isə o vaxt Azərbaycanın Baş naziri olan İlham Əliyev BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edərək bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşmazlıqların meydana çıxması şəraitində uyğun çevik və adekvat münasibət göstərə bilmir. O, mövcud BMT mexanizmlərinin zamanın tələblərinə cavab vermədiyini və bununla bağlı təşkilatda islahatların aparılmasının vacib olduğunu vurğulamışdır. Azərbaycan hökuməti başçısının fikrincə, BMT TŞ-də "həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır".

2004-cü ilin sentyabrında keçirilən BMT Baş Assambleyasının 59-cu sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yenidən BMT TŞ-nin fəaliyyətinə toxunaraq bu mötəbər qurumun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırlatmış, onların hələ də həyata keçirilmədiyini və bunun işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların Statusu haqqında komissiyanın üzvü olmuşdur (2000-2002). Ölkəmiz həmçinin Komissiyanın "Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

BMT-nin müxtəlif beynəlxalq forumlarında Azərbaycanın fəal iştirakı da diqqətdən yayınmır. BMT-də daimi nümayəndəliyi olan Azərbaycan yalnız bu təşkilatın əsas qurumları ilə, eləcə də BMT-nin Bakıda nümayəndəlikləri olan xüsusiləşdirilmiş qurumları ilə də fəal əməkdaşlıq edir. Ölkəmiz 1995-1997, 1998-2000-ci illərdə YUNİSEF-in İcraiyyə Şurasının, 2000-2002-ci illərdə Qadınların Vəziyyəti haqqında Komissiyanın, 2002-2004-cü illərdə BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının, 2003-2005-ci illərdə isə BMT-nin İqtisadi və Sosial Şurasının üzvü olmuşdur. Məhz BMT-nin müxtəlif qurumlarındakı məhsuldar fəaliyyət, həmçinin ölkənin regional liderə çevrilməsi, bazar iqtisadiyyatının dinamik inkişafı və vətəndaş cəmiyyətinin qurulması Azərbaycanın BMT-dəki nüfuzunun artmasına böyük təsir göstərmişdir.

Son üç ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nin Terrorizmə qarşı komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir və əsrimizdə mövcud təhdid və problemlərə qarşı mübarizədə onun əhəmiyyətini yüksək qiymətləndirir.

Azərbaycan - BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə, şübhəsiz ki, ötən il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi faktıdır. Bu, həm də 20 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardandır. Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyamızın möhtəşəm qələbəsi münasibəti ilə verdiyi bəyanatda da qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən mötəbər təşkilatına üzv olmaq böyük uğur, möhtəşəm nailiyyətdir.

Fərəhləndirici haldır ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizə aparmışdır. Bu prosesi bir daha yada salmaq istərdik. Çünki məhz həmin səsvermə - dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir. Belə ki, səsvermənin gedişində biz 116 səs topladıq, sona qalan digər namizəd - Sloveniya isə cəmi 77 səs ala bildi. Bu məqamda xatırlatmaq istərdik ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, yəni həm Avropa ölkələrinin, xüsusən Fransanın dəstəyinə baxmayaraq hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan imtina etdi. Ölkənin xarici işlər naziri Samuel Zboqar bəyan etdi ki, indiyədək keçirilən səsvermədə ölkələr öz mövqeyini ortaya qoydu və hansı dövlətin daha çox dəstək aldığı aydın oldu. Ona görə də Sloveniya BMT Təhlükəsizlik Şurasına namizədliyini geri götürür. Məlumdur ki, sonuncu səsvermədə Azərbaycan daha bir uğura imza ataraq, ona dəstək verən ölkələrin sayını daha da artırdı, 155 səs topladı, 24 dövlət bitərəf qaldı, 13-ü isə əvvəlki kimi, yenə öz namizədliyini geri götürən Sloveniyaya səs verdi. Bütün bunlar ölkəmizin dünyada böyük nüfuz qazanmasından xəbər verirdi.

Təsadüfi deyil ki, Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru D.Sammut demişdir ki, bu hadisə Azərbaycanın vacib beynəlxalq oyunçu olduğunu sübut etmişdir. ABŞ Dövlət Departamenti isə bu qələbə münasibətilə Azərbaycanı təbrik etmişdir. Qeyd olunmuşdur ki, Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərin dəstəklənməsi, şuranın işinin səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir. Təbriklərini Azərbaycan Prezidentinə şəxsən çatdıran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizin müstəqillik tarixində ən böyük uğura imza atdığını və Türkiyənin bundan qürur hissi keçirdiyini bildirmişdir.

Bu ilin may ayında ölkəmizin müstəqillik tarixində növbəti mühüm və əlamətdar hadisə baş verəcək - Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcəkdir. Bu, bir daha göstərir ki, Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdir. Bu, həm də Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi qısa müddət ərzində artıq dünyanın təhlükəsizlik siyasətini müəyyən edən əhəmiyyətli ölkələrin birinə çevrildiyinə daha bir sübutdur. 50 milyonluq Azərbaycan xalqı bundan qürur hissi keçirir. Bu qüruru bizə yaşadan uğurlu xarici və daxili siyasətin müəllifi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 3 mart.- S. 6.