Samuxda hər sahədə inkişaf və tərəqqi var

 

Bu il fevralın 18-də Samux müstəqil rayon kimi fəaliyyət göstərməsinin 20 ilini qeyd etdi. Rayonun dünəni, bu günu və sabahı ilə bağlı icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə söhbət zamanı qeyd etdi ki, Samux 90-cı illərin əvvəllərindəki Samux deyil. Bu inkişafı, tərəqqini ulu öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev bəxş etmişdir.

 

2011-ci il də Samux rayonu üçün uğurlu olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Ötən ilin əvvəlində rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi başa çatmış, binanın cənub tərəfində 8 700 kvadratmetr torpaq sahəsində Dövlət Bayrağı meydanı yaradılmışdır. Meydanın mərkəzində 36 metr hündürlüyündə dövlət bayrağı ucaldılmışdır. Hər iki obyektin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Rayon polis şöbəsinin inzibati binası da istifadəyə verilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində duran məsələlərdən biridir. Bu məqsədlə rayonda ucaldılan 36 mənzilli, 4 mərtəbəli yaşayış binasında hazırda son tamamlama işləri aparılır. Elə bu ərazidə rayon prokurorluğunun yeni inzibati binasının tikintisinə başlanmışdır. Hələ iki il əvvəl tamamilə boş olan bu ərazidə inşa edilən yeni binalar və salınan meydan şəhərin bu hissəsini inzibati mərkəzə çevirmişdir.

Qarayeri və İnstitut qəsəbələrində, Sərkar, Ziyadlı, Qovlarsarı və Ağasıbəyli kəndlərində 7 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi ev tikilərək onların istifadəsinə verilmişdir.

Samuxda yol infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev və Kolayır prospektlərinə, S.Vurğun, Asim Quliyev, M. Hüseyinzadə, 28 May, Abbas Qasımov və M.P.Vaqif küçələrinə yeni asfalt örtüyü salınmışdır. Digər küçələrdə də təmir işləri aparılmış, divarlar, yaşayış binalarının dam örtükləri təmir edilmiş və rənglənmişdir.

Respublika əhəmiyyətli Gəncə - Samux, yerli əhəmiyyətli Lək, Qarayeri, İnstitut yollarında təmir işləri aparılmışdır. Samux şəhəri-Poylu, Yenikənd-Qırmızı Samux istiqamətində avtomobil yollarında cari təmir işləri həyata keçirilmişdir.

Ötən il bir sıra istehsal, emal və xidmət obyekləri də istifadəyə verilmişdir. Rayonun gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən, böyüklüyünə görə respublikada ikinci olan, regional əhəmiyyətli 500 kilovoltluq "Samux" yarımstansiyası və "Universal NAA" MMC nəzdində yaradılmış yeni istehsal sahələri işə salınmışdır. Sərkar kəndindəki Quşçuluq fabriki nəzdində broyler sexi fəaliyyətə başlamışdır. Rayonun mərkəzində yaradılan ət-süd kombinatında işlər yekunlaşmaq üzrədir. "Universal NAA" MMC nəzdində "Yaşıl bazar" kompleksinin, Samux-Gəncə yolunda mebel fabrikinin tikintisi aparılır. Rayon mərkəzindən 60-70 km məsafədə, Gürcüstan respublikası ilə sərhəddə yerləşən kəndlərdə əhalinin məşğulluğunun təmin olunması və ərazidə üzümçülüyün inkişaf etdirilməsi məqsədi ilə Poylu kəndində Şərab zavodunun tikintisinə başlanmışdır. Bu, həm də yeni iş yerlərınin açılması deməkdir. Görülmüş işlər nəticəsində son 8 ildə rayonda 3 981-i daimi olmaqla 14 656 yeni daimi və mövsümi iş yeri açılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Samux rayonu üzrə tədbirlərdən üçü -rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişi xətlərinin özüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması, səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi, mədəniyyət obyektlərinin əsaslı təmiri istisna olmaqla, digər sahələrdə işlər uğurla aparılır. Göstərilən üç sahədə də işlərin başlanması üçün müvafiq tədbirlər görülür.

Sahibkarlığın inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Bunun nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ildən-ilə artmaqdadır. 2011-ci ildə ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 95,2 faiz təşkil etmişdir. İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 25 layihə üzrə 5,5 milyon manat güzəştli kredit verilmişdir. Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən sahibkarlıq bu sahədə daha geniş inkişaf etmişdir.

Ötən il əhalinin sosial müdafiəsi də diqqətdə saxlanılmışdır. Rayonda sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələr müəyyənləşdirilmiş, mövcud qanunvericiliyə müvafiq olaraq onlara rayon Əhalinin Sosial Müdafiə Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının verilməsi təmin edilmişdir.

İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə alınması davam etdirilmişdir. 2011-ci ildə 7 nəfər fərdi evlə, 36 nəfər isə ictimai binada mənzillə təmin edilmişdir.

Rayonun Qırmızı Samux qəsəbəsində və Qovlarsarı kəndində yeni poçt binalarının tikintisi başa çatmış, Ziyadlı kənd poçt şöbəsində isə əsaslı təmir işləri görülmüşdür. Yenikənd və Poylu poçt şöbələrinin tikintisi isə başa çatmaq üzrədir. Gələcəkdə Ziyadlı, Alabaşlı, Seyidlər, Füzuli poçt şöbələri üçün yeni binanın tikintisi nəzərdə tutulur.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda rayonda 12 183 abonent təbii qazdan istifadə edir və bu da 2003-cü ildəkindən təxminən 3 dəfə çoxdur. İlin əvvəlində rayonun Füzuli və Əlibayramlı kəndlərində yeni yaşayış massivinə təbii qazın verilməsi təmin olunmuşdur.

Samuxluların içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə rayonun Qırmızı Samux, Lüksemburq, Yenikənd yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Poylu, Kəsəmən, Qarabağlı, Salahlı və Burunqovaq kəndlərində də belə qurğuların quraşdırılması nəzərdə tutulur. Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün mərkəzləşmiş içməli su sisteminin qurulması istiqamətində işlər aparılır. Artıq bu məqsədlə torpaq sahələri ayrılmış və şəhər ərazisində topoqrafiya işləri aparılmışdır.

Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı daim diqqətdə saxlanılmışdır. Son illərdə rayonda inşa edilən məktəblər, onların maddi-texniki bazasının yaxşılaşdırılması və informasiya kommunikasiya texnologiyaları ilə təmin olunması rayonun təhsil sisteminə müsbət təsir göstərmişdir. Son 8 ildə rayonda 9 yeni məktəb binası inşa edilmiş, 14 məktəbdə, 4 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Məktəbəqədər təhsil müəssisələrinin maddi - texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Şəhər əhalisinin tələbatını nəzərə alaraq rayon mərkəzində əsaslı təmir olunmuş binada 4 saylı uşaq bağçası açılmışdır. Buradakı 1 saylı uşaq bağçasının da əsaslı təmirinə başlanılmışdır.

2011-ci il "Turizm ili" elan edildiyindən rayonda turizm infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Əlibayramlı kəndindəki müalicəvi İstisu ərazisində salınmış "Çinar" kompleksinin fəaliyyəti genişləndirilmişdir. Hacıalılı kəndi ərazisindən çıxan termal suların müalicəvi əhəmiyyətinin öyrənilməsi ilə bağlı kəşfiyyat işləri aparılmış, həmin ərazidə Kür çayı sahili istiqamətində sanatoriya-kurort kompleksinin tikintisi nəzərdə tutulmuşdur.

Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılır. 2007-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin işi daha da genişləndirilmişdir. Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupları tərəfindən ulu öndərin rayona səfərləri tədqiq edilmiş, bu səfərlər zamanı onunla görüşüb ünsiyyətdə olmuş insanlarla gənclərin görüşləri təşkil edilmişdir.

Rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, son illərdə rayon gənclərinin hərbi çağırışdan yayınma halları qeydə alınmamışdır.

Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, qanun pozuntularının vaxtında qarşısının alınması təmin olunmuşdur. 2011-ci ildə rayonda qeydə alınmış 109 cinayət hadisəsinin 95-nin isti izlərlə açılması təmin edilmişdir. Samux rayon polis şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı apardığı əməliyyat - axtarış tədbirləri nəticəsində 10 fakt aşkar olunmuş, aşkar edilmiş narkotik vasitələr dövriyyədən çıxarılmışdır.

2011-ci ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr inzibati ərazi dairələri üzrə nümayəndələrlə birgə yaxından iştirak etmişdir. İl ərzində bələdiyyələr tərəfindən "Bir bələdiyyə-azı bir layihə" çərçivəsində 61 layihə həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir.

Samuxda kadrların hazırlanması, ehtiyat kadr bazasının yaradılması istiqamətində müvafiq işlər aparılır. Kadrların yerləşdirilməsində gənclərə üstünlük verilir. Ehtiyat kadrların formalaşması qanunçuluq, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir.

2012-ci ildə rayonda daha geniş abadlıq - quruculuq işləri aparmaq nəzərdə tutulub. Rayonda daha bir neçə məktəb binasının tikintisi və əsaslı təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, yeni inzibati binaların inşa edilməsi, hazırda tikintisi davam etdirilən inzibati binaların və məktəblərin tikintisinin başa çatdırılması, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, kəndlərarası yolların əsaslı təmiri, yeni istehsal və emal müəssisələrinin yaradılması qarşıda duran ən vacib məsələlərdəndir.

2012-ci ilin "İdman ili" elan edilməsi də qarşıda yeni vəzifələr qoyur. Bu məqsədlə Samuxda Olimpiya idman kompleksinin tikintisi nəzərdə tutulub.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 3 mart.- S. 5.