Nəbi Xəzri
haqqında dəyərli monoqrafiya
Azərbaycan ədəbiyyatı
tarixində xüsusi və mühüm bir mərhələni
təşkil edən XX əsrin milli ədəbi-mədəni
mühitində müstəsna yer tutan, ədəbi-bədii
proseslərin istiqamətləndirilməsində və
inkişafında əlamətdar rolu olan görkəmli tarixi
şəxsiyyətlərdən biri də şair, dramaturq,
nasir, publisist kimi çoxcəhətli bir
yaradıcılıq yolu keçən, özündən sonra
olduqca maraqlı bir irs qoyub gedən Nəbi Xəzridir.
Azərbaycan
gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini,
tariximizin bir çox olaylarını, müasirlərimizin
duyğu və düşüncələrini əks etdirən
N.Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə
öz işıqlı düşüncə və əməlləri
ilə müasirlərinə və özündən
sonrakı nəsillərə əhəmiyyətli dərəcədə
təsir etmiş görkəmli sənətkardır. Dövr
və mühiti üçün mütərəqqi sayıla
biləcək bir çox fikirlərin yer aldığı dəyərli
əsərlər müəllifi Nəbi Xəzrinin fəaliyyətinin
günümüzədək müxtəlif istiqamətlərdən
öyrənilməsinə rəğmən sənətkarın
yaradıcılığı tam, sistemli şəkildə
araşdırılmamışdır. Xalq şairinin poetik
yaradıcılığı, dram əsərləri qismən
araşdırılma obyektinə çevrilsə də, nəsri
və publisistikasının öyrənilməsinin xüsusi tədqiqə
ehtiyacı var. Fəridə Səfiyevanın "Nəbi Xəzrinin
sənətkarlığı" adlı monoqrafiyası bu sahədəki
boşluğu doldurması ilə əhəmiyyətlidir. Nəbi
Xəzrinin yaradıcılıq yolunu tədqiq etmək,
şairin söz-sənət dünyasının poetik
özünəməxsusluğunu üzə çıxarmaq məqsədilə
qələmə alınmış monoqrafiya elmi-nəzəri
aktuallıq və maraq kəsb edir. Ədibin əhatəli
yaradıcılığını yüksək nəzəri
bilik, faktoloji arqumentlər və zəngin materiallar əsasında
araşdıran monoqrafiya problemin çoxşaxəli tədqiqi
ilə təqdirəlayiqdir.
Monoqrafiyanın
elmi strukturu mövzunu geniş tədqiq və tam əhatə
etməyə şərait yaradır. Giriş, dörd fəsil,
nəticə və istifadə olunmuş ədəbiyyat
siyahısından ibarət olan elmi əsərin girişində
görkəmli sənətkarın Azərbaycan ədəbiyyatı
tarixindəki özünəməxsus mövqeyinə
qısaca nəzər salınmış, Nəbi Xəzri
yaradıcılığının mühüm keyfiyyətləri
dəyərləndirilərək işin elmi yeniliyi, məqsəd
və vəzifələri, digər məsələlər
şərh olunmuşdur.
Monoqrafiyanın
birinci fəsli "Nəbi Xəzrinin
yaradıcılığı ədəbi-tənqidi və nəzəri
filoloji araşdırmalarda" adlanır. Adından da
göründüyü kimi, bu fəsildə N.Xəzri
yaradıcılığının, ədibin əsas yaradıcılıq
xüsusiyyətlərinin müasirlərindən başlayaraq
son dövrlərin tədqiqatlarına qədər öyrənilməsi
prosesi izlənilmişdir. Araşdırıcı müxtəlif
mənbələrə müraciət edərək təsviri
plandan uzaqlaşmış, ayrı-ayrı mülahizələrə
öz mövqeyini sərgiləmişdir. Monoqrafiyanın bu
hissəsi N.Xəzri irsinə həsr olunan elmi əsərlər
içərisində mövcud tədqiqat işinin də istər
problematikası, istərsə də araşdırma keyfiyyətləri
və əldə edilən nəticələr
baxımından əhəmiyyətli yer tutduğundan xəbər
verir.
"Nəbi
Xəzri yaradıcılığının ideya-estetik
qaynaqları" adlı II fəsildə F.Səfiyeva, ilk
növbədə, mütəffəkir ədibin həyat yolu və
yaradıcılıq prosesinin erkən dövrlərini öyrənmiş,
Nəbi Xəzri lirikasının səciyyəvi cəhətlərini
ayrı-ayrı mövzu və motivlər üzrə səriştəli
ədəbiyyatşünas qələmi ilə incələmiş
və qiymətləndirmişdir. Fəridə Səfiyeva tədqiqat
işinin sözügedən bölməsində XX əsrin
çoxsferalı poeziya dünyası fonunda və ədibin bədii
irsini araşdıran filoloji fikirlər çərçivəsində
qarşıya qoyduğu məqsədi uğurlu formada
reallaşdırmış, yazıçının ilkin
yaradıcılıq keyfiyyətlərini üzə
çıxarmağa nail olmuşdur.
Fəslin
digər bölmələrində Nəbi Xəzrinin
poeziyasında lirik qəhrəman konsepsiyası, ədibin
lirikasının janr tipologiyasının zənginliyi və
milli özünüdərk problemləri analitik təhlilə
cəlb olunur. Tədqiqatçı Səməd Vurğun ədəbi
məktəbinə diqqət yetirərək, Nəbi Xəzrinin
də bu məktəbə biganə qalmadığını, ənənəvi
mövzulara yeni çalarlar gətirdiyini göstərir.
Sözügedən fəslin uğurlu cəhətlərindən
biri də Nəbi Xəzrinin zamanının poeziya tarixində
özünəməxsus rolunun tədqiqdir. Onu da qeyd etmək
gərəkdir ki, araşdırıcı poetik örnəklərin
seçilməsində də düzgün mövqe
nümayiş etdirir.
Monoqrafiyanın
"Nəbi Xəzrinin epik poeziya
yaradıcılığı" adlı
üçüncü fəsli isə Nəbi Xəzrinin
poemalarının mövzu, janr və ideya-bədii prizmadan
öyrənilməsinə həsr olunmuşdur. Məlumdur ki,
lirik şeirləri ilə yanaşı, poemaları da
şairin yaradıcılığında önəmli yer tutur
və elmi əsərdə N.Xəzri bədii irsinin
sözügedən istiqamətinin geniş planda təsnif
olunaraq tədqiq edilməsi təqdirəlayiqdir. Şairin
müharibə mövzusunda yazılmış "Xatirələr",
mənəvi-əxlaqi səpkidə qələmə
alınmış "Təmiz ürək" adlı ilk
poemalarından tutmuş, sonrakı dövrlərin məhsulu
olan "Sumqayıt səhifələri", "İki Xəzər",
"Ana", "Peyğəmbər", "Atillanın
atlıları", "Salatın" kimi son dövrlərin
məhsulu olan epik əsərlərinə qədər
keçdiyi yaradıcılıq mərhələləri tədqiqatçı
tərəfindən yüksək səviyyədə
araşdırılmış, N.Xəzri poemalarının janr
xüsusiyyətləri və mövzu dairəsi öyrənilmişdir.
N.Xəzrinin
dramaturgiya, nəsr və publisistikasına həsr olunan
dördüncü, sonuncu fəsil də elmi yeniliyi və dərin
filoloji təhlili ilə diqqəti cəlb edir. Fəridə Səfiyeva,
haqlı olaraq, ədibin yaradıcılığının
ayrı-ayrı sahə və istiqamətləri kimi dramaturji,
nəsr və publisistik əsərlərinin də
mühüm əhəmiyyət kəsb etdiyini əsaslandırır.
Bu fəsildə mövcud zamanda dramaturgiyanın inkişaf
dinamikasına uğurlu şəkildə nəzər
salınmış, N.Xəzrinin sözü gedən bədii
yaradıcılıq növünə müraciət etməsinin
səbəbləri məntiqi dəlillərlə şərh
edilmişdir. Nəticədə əsas müddəalar ifadə
olunmuş, tədqiqat boyu müəyyən edilən qənaətlər
əksini tapmışdır.
Bütövlükdə,
elmi əsər nəzəri səviyyəsi, faktoloji
materialları ilə təqdirəlayiqdir. Fəridə Səfiyeva
Nəbi Xəzrinin sənətkarlığına dair
yazdığı monoqrafiya ilə nəinki bu sahədəki
boşluğu doldurmuş, həm də
çoxyönümlü tədqiqatı ilə
özünü əsl ədəbiyyatşünas kimi də təsdiqləmişdir.
Qorxmaz QULİYEV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 4 mart.- S. 8.