NAFTALAN: kurort
şəhəri böyüyür, yeniləşir,
gözəlləşir
Regional
inkişaf və ölkənin kurort kompleksinin modernləşdirilməsi
ilə bağlı dövlət proqramlarının
ardıcıl yerinə yetirilməsi Naftalan şəhərinin
tarixində yeni bir mərhələ olmuşdur. Prezident
İlham Əliyevin bu kurort şəhərinə göstərdiyi
yüksək diqqət və qayğı , ötən il buraya
səfərə gəlməsi Naftalanı daha sürətlə
inkişaf, yeniləşmə yoluna
çıxarmışdır. Bu günlərdə
keçirilən ümumşəhər hesabat
toplantısında bütün bunlar barədə iftixarla
söhbət açıldı.
Hesabat məruzəsi ilə
çıxış edən Naftalan Şəhər İcra
Hakimiyyətinin başçısı Natiq Aslanov bildirdi ki,
dünyada baş verən maliyyə və iqtisadi böhrana
baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini
qorumaqdadır. Bu inkişaf özünü respublikanın
bütün rayon və şəhərlərinin həyatında
baş verən müsbət dəyişikliklərdə də
göstərir. Son illərdə böyük inkişaf yolu
keçən şəhərlərdən biri də
Naftalandır. 2011-ci il Naftalan üçün də uğurlu
olmuş, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər
əldə edilmişdir. Şəhərdə böyük
sağlamlıq və turizm obyektləri istifadəyə
verilmişdir. Naftalan şəhəri üzrə 2011-ci ilin
yekun statistik göstəriciləri onu göstərir ki,
qarşıya qoyulmuş vəzifələr uğurla icra
olunmuşdur.
Ötən il ümumi daxili
məhsul 2010-cu illə müqayisədə 22 faiz
artaraq 16 milyon 453,5 min manat, sənaye məhsulunun
həcmi 2 qat artaraq
726 min manat olmuşdur. Əsas kapitala
yönəldilən investisiya 4 milyon 967 min manata, nəqliyyat sahəsində görülən
işlərin həcmi 212 min manata çatmışdır. Rabitə sahəsində
göstərilən xidmətlər 147,5 min
manat təşkil etmişdir.
İstehlak bazarında əhaliyə 13 milyon 444,5 min manatlıq mal satılmış və 2 milyon
797 min manatlıq pullu
xidmətlər göstərilmişdir. Orta
aylıq əmək haqqı isə 2010-cu illə müqayisədə
21 faiz artaraq 199 manat təşkil etmişdir.
2011-ci ildə
şəhərin büdcəsi subsidya və
transfertlərlə birlikdə 3 milyon 872 min 748 manat, xərcləri
isə 3 milyon 658 min
390 manat olmuşdur. Gəlir
və xərcləri tənzimləmək üçün
respublika büdcəsindən 1 milyon 850 min manat vəsait alınmışdır. Yerli mənbələrdən gəlir 791 min manata qarşı 1,12 milyon manata
çatmış, 127,9 faiz icra olunmuşdur.
2011-ci ildə
şəhərin iqtisadiyyatı daha da möhkəmlənmiş, abadlıq və
yenidənqurma işləri genişlənmişdir. Bütün görülən işlər sosial məsələlərin dövlət
siyasətinin üstün istiqaməti olduğunu bir daha təsdiq edir. Məşğulluq
mərkəzində ötən il 243 işaxtaran qeydə alınmış, bundan 220 nəfəri müvafiq
işlə təmin olunmuşdur. Təkcə
yeni istifadəyə verilmiş
sanatoriya komplekslərində 200 nəfər
daimi işlə təmin olunmuşdur.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində
102 ailənin 407 üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
Şəhər
əhalisinin su və enerji
ilə fasiləsiz təminatı və dəyərinin ödənilməsi
üçün icra
hakimiyyəti aparatında qərargah yaradılmış,
qarşıya çıxan nöqsanlar və
problemlər dərhal aradan
qaldırılmışdır. Buna
görə də 2011-ci ildə
enerjidaşıyıcıların dəyərinin ödənilməsi
100 faiz yerinə yetirilmişdir.
Məruzəçi
daha sonra bildirdi ki, ötən il əhalinin etibarlı ərzaq məhsulları
ilə təminatının yaxşılaşdırılması
məqsədilə kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişaf
etdirilməsinə səy göstərilmiş və əkinçilik
sahəsində irəliləyiş əldə olunmuşdur. Naftalan şəhərinin
tərkibində olan 2 kənddə 1239,94 sentner buğda, 3051 sentner arpa istehsal
olunmuşdur. 127 nəfər kənd təsərrüfatı
istehsalçısına 225 hektar əkin
sahəsinin becərilməsinə görə 9018 manat yardım verilmişdir.
Keçən il Naftalan şəhərində
məktəblərin maddi-texniki bazası
gücləndirilmiş, əsaslı və cari
təmir işləri aparılmışdır. 2011-ci ildə
şəhərin ümumtəhsil məktəblərini 71 şagird bitirib, onlardan 68 nəfəri attestat
alıb. 65 nəfəri ali məktəblərə
qəbul imtahanlarında iştirak edib. 25 məzun tələbə adını
qazanıb, 2 nəfər isə 500-dən artıq bal toplayıb. Təhsilin inkişafını
göstərən amillərdən biri də
şagirdlərin ayrı-ayrı fənlər üzrə respublika olimpiadalarında, rəsm və inşa müsabiqələrində, idman yarışlarında yüksək
göstəricilərə nail
olmasıdır.
Şəhərdə
sağlamlığın qorunması, tibbi
xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, yoluxucu xəstəliklərin
qarşısının alınması məqsədilə
işlər görülmüşdür.
Xəstəxananın nəzdində fəaliyyət göstərən
stomatologiya, rentgen kabineti, laboratoriyalar
lazımi avadanlıqlarla, 2000 nəfərə yaxın
imtiyazlı xəstə güzəştli dərman
preparatları ilə təmin edilmişdir.
Ana və uşaq ölümü hadisələrinin baş verməməsi, digər
sanitar-sağlamlıq işləri bir daha onu göstərir ki, şəhərin səhiyyə sistemində
dönüş yaranmışdır.
Mədəniyyət
və turizm şöbəsi tərəfindən
tarixi və əlamətdar günlərə
həsr olunmuş tədbirlər keçirilmiş, bir çox bayram günlərində
isə sakinlərin asudə vaxtlarını səmərəli
keçirməsi üçün konsert proqramlar təşkil
olunmuşdur. Həmçinin şəhərin
mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün yeni kompyuter dəsti, musiqi alətləri,
kitab rəfləri və s.
alınmışdır.
Ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman
tədbirləri keçirilmiş və
şəhər birinciliyinin qalibləri respublika miqyaslı yarışlarda uğurla çıxış etmişlər.
2011-ci ildə məcburi
köçkünlərin bir qisminin köçürülməsi üçün Goranboy rayonunun ərazisində 9 ədəd beşmərtəbəli
bina inşa olunmuş və Naftalan
şəhər Kurort-Birliyinin mövcud sanatoriyalarında müvəqqəti
məskunlaşmış məcburi köçkün
ailələri həmin evlərə köçürülmüşdür.
Dövlətqaçqınkom məcburi köçkün
ailəsinə qış aylarında yanacaq
pulu, rübdə bir dəfə
isə Dövlət Xəzər Dəniz Gəmiçilik
İdarəsi ərzaq yardımı verir.
Naftalan iqtisadiyyatının əsasını
kurort xidməti təşkil edir. Çünki Naftalan dünyada analoqu olmayan Naftalan nefti ilə məşhurdur. Ötən il Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər
həyata keçirilmişdir.
Naftalana dövlət səviyyəsində qayğı
artmışdır. Şəhər
tərəqqi edir, gözəlləşir. Yeddiillik
uşaq musiqi məktəbi üçün
450 şagird yerlik yeni binanın inşasına bu il, Tarix-Diyarşünasılıq
muzeyi, kitabxana və mədəniyyət
evi üçün yeni binaların tikintisinə isə
2013-cü ildə başlanması
nəzərdə tutulur.
Daha sonra
qeyd edildi ki, 2011-ci ildə şəhər ərazisində
3 istilik qazanxanasının
açılışı olmuş və 31 bina, yəni 1502 mənzil istiliklə təmin edilmişdir. Yerüstü elektrik xətlərinin yüksək
gərginlikli yeraltı
xətlərlə əvəz
edilməsi işlərinə
başlanılmış, 2300 smart-kart tipli sayğac quraşdırılmışdır. 4 yeni elektrik paylayıcı
şəbəkəsi tikilmiş,
33 kilometr uzunluğunda
SİP tipli kabel xətti çəkilmiş
və hazırda bu sahədə işlər davam etdirilir. Binadaxili su xətləri də yenilənmiş və bütün abonentlərə yeni sayğaclar quraşdırılmışdır.
12 çoxmərtəbəli
yaşayış binasının
fasadının milli memarlıq üslubuna uyğun ağlay daşla üzlənməsi,
eyvanlarının əsaslı
təmir olunması,
dam örtüklərinin yenidən
qurulması və hər bir mənzilə
yeni plastik pəncərələrin quraşdırılması
işləri başa çatdırılmışdır. Bu il də çoxmərtəbəli
yaşayış binalarında
əsaslı təmir
işləri davam etdiriləcəkdir. Çirkli
suları təmizləyən
qurğuların yenidən
qurulmasına başlanacaqdır.
Naftalan şəhərindən
Bakı - Gəncə
magistral yoluna qədər uzunluğu 18 kilometr olan magistral
yol əsaslı şəkildə təmir
olunmuşdur. Yeni tanıtma lövhəsi quraşdırılmış, şəhərin
girişindən Heydər
Əliyev parkına və Şirvan prospektinə qədər müasir üslubda istinad divarları çəkilmiş və
işıqlandırılmışdır.
20 min kvadratmetr əraziyə
gül, çiçək
qazon əkilmiş, onların suvarılması
üçün avtomatik
suvarma sistemi quraşdırılmışdır. 6 kilometrlik dairəvi yol əsaslı təmir edilmişdir. Həmçinin yolların,
küçələrin işıqlandırılması
üçün müasir
işıq dirəkləri
quraşdırılmışdır. Ş.Qurbanov küçəsində
2300 kvadratmetr ərazidə
müasir memarlıq üslubunda yeni istirahət parkı tkilmiş və şəhər sakinlərinin
istifadəsinə verilmişdir.
Başçı sonda bir daha
vurğuladı ki,
2011-ci il naftalanlılar
üçün Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin şəhərə səfəri
ilə əlamətdar
və yaddaqalan olmuşdur. Şəhər
ictimaiyyəti nümayəndələri
ilə keçirilən
görüşdə dövlət
başçısı Naftalanın
inkişafının vacibliyini
xüsusi qeyd edərək qarşıya
belə bir vəzifə qoydu: bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar
salınmalı, Naftalan
nəinki Azərbaycanda,
dünyada tanınan kurort şəhərinə
çevrilməlidir. Prezident
əminliklə qeyd etdi ki, bir
neçə ildən
sonra bu bölgədə Naftalan kimi gözəl, yaraşıqlı, rahat şəhər olmayacaqdır.
Görülən işlərin, həyata keçirilən tədbirlərin
nəticəsidir ki,
2010-cu illə müqayisədə
2011-ci ildə Naftalan kurort şəhərinə
müalicə və istirahətə gələn
yerli və xarici qonaqların sayı 3 dəfə artaraq 10 min nəfərə
çatmışdır. Ötən
il Naftalan Şəhər İcra Hakimiyyəti üçün
3 mərtəbəli, qaz
istismarı sahəsi üçün 2 mərtəbəli
inzibati binalar inşa olunaraq istifadəyə verilmişdir.
Məruzə ətrafında
çıxış edənlər
ayrı-ayrı sahələrdəki
uğur və problemləri geniş müzakirə etdilər, qarşıda duran vəzifələrdən söz
açdılar. Bildirildi
ki, Naftalan Kurortunu daha da inkişaf etdirmək üçün
şəhərdə əvvəllər
fəaliyyət göstərmiş
Naftalan neftinin sirlərini dərindən
öyrənən elmi
tədqiqat institutunun filialının açılması,
bundan başqa, Naftalan neftindən dərman prepratlarının
və kosmetik vasitələrin hazırlanması
üçün zavodun,
yeni sanatoriya komplekslərinin tikintisi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının
sanatoriya-kurort komplekslərinin
yenidən qurulması
məqsədəmüvafiqdir.
Kurort şəhərində
yeni xəstəxananın,
böyük və uşaq poliklinikalarının,
təcili tibbi yardım məntəqəsinin,
tullantıların utilizasiyası
zavodunun, mədəniyyət
evinin, Olimpiya İdman Kompleksinin, yeni hava limanının
tikintisinə, avtovağzalın,
yenidən qurulmasına
və abadlaşdırılmasına
çox böyük ehtiyac yaranmışdır.
Hesabat yığıncağı
belə bir inamla yekunlaşdı: Naftalanlılar əmindirlər
ki, yaxın vaxtlarda kurort şəhərinin daha da inkişafı üçün mövcud
problemlər aradan qaldırılacaq, qarşıya
qoyulan vəzifələr
layiqincə yerinə yetiriləcək, Naftalan Dünya Kurortlar Birliyinə sürətlə
inteqrasiya edəcəkdir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.-
2012.- 5 mart.- S. 6.