Sabirabad: uğurlar nikbinlik yaradır

 

Sabirabadda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbir ulu öndərin abidəsini ziyarətlə, xatirəsini bir daha ehtiramla yad etməklə başladı. Tədbirdə çıxış edən RİH başçısı Nazim İsmayılov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş 16 yanvar 2012-ci il tarixli iclasında ötənilki uğurlardan ətraflı danışılmışdır. 

 

Onun sözlərinə görə, 2011-ci il Sabirabad rayonu üçün 2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ili kimi daxil olmuşdur. Təbii ki, keçən ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin mayın 5-də Sabirabada tarixi səfəri olmuşdur. Həmin səfər çərçivəsində dövlət başçısı daşqına məruz qalmış Əsgərbəyli-Qasımbəyli kəndlərinə yeni çəkilmiş 15 kilometrlik yolun açılışında iştirak etmiş, Qasımbəyli kəndində əsaslı təmir olunmuş tam orta məktəblə tanış olmuş, ictimaiyyətin nümayəndələri ilə görüşərək, əhalini narahat edən problemlərlə maraqlanmış, onların aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini vermişdir. Təbii fəlakətdən ötən müddət ərzində rayonun ayrı-ayrı kəndlərində 1078 yeni ev tikilmiş, Ulacalı kəndində 50 ailə üçün qəsəbə salınmış, hazırda 362 ev inşa olunur. 80 evdə bərpa-gücləndirmə işləri aparılmış, 12 sosial obyekt əsaslı təmir olunmuşdur. Fəlakət zonasında ziyan çəkmiş digər evlərlə əlaqədar tədbirlər davam etdirilir. Dəymiş ziyana görə indiyə kimi rayon əhalisinə 12 milyon manatadək müxtəlif təyinatlı kompensasiyalar verilmişdir. Gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə Kür-Araz çaylarında 188,6 kilometr uzunluğunda mühafizə bəndləri möhkəmləndirilmişdir.

Prezident İlham Əliyevin rayona səfəri hesabat dövründə böyük layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Dövlət başçısı səfərdən sonrakı 3 ay ərzində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 4 sərəncam imzalamışdır. 11 may 2011-ci il tarixli sərəncamla "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədilə 2 milyon manat vəsait ayrılmış, bu hesaba Əsgərbəyli kənd tam orta məktəbi üçün əlavə otaqlar, tibb məntəqəsi tikilmişdir. Həmçinin Heydər Əliyev prospektində yerləşən 15, 17 və 118 saylı beşmərtəbəli yaşayış binalarının dam örtüyü müasir formada dəmir örtüklərlə əvəz olunmuş, yeni plastik pəncərələr quraşdırılmış, fasad hissələr Gülbağ daşları ilə üzlənmişdir.

"Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 25 may 2011-ci il tarixli sərəncamla dövlət başçısı Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kəndlərinin 16 min nəfərdən artıq əhalisinin və digər qonşu kənd sakinlərinin rayon mərkəzinə olan məsafəsini dəfələrlə qısaldacaq yeni körpünün tikintisi üçün sərəncam vermişdir. Uzun illər sabirabadlıların arzusunda olduqları Kür çayı üzərində körpünün tikintisi başa çatırılmaq üzrədir. MuğanŞirvan düzlərini əlaqələndirən bu körpü həmçinin ətraf rayonlar üçünstrateji əhəmiyyət daşıyır.

Ölkə rəhbərinin "Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 21 iyul 2011-ci il tarixli digər sərəncamı ilə 34 min nəfərin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometr uzunluğunda Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun tikintisinin davam etdirilməsi məqsədilə 7 milyon manat məbləğində vəsait ayrılmışdır. Layihə keçən ilin noyabrında tamamlanaraq sakinlərin istifadəsinə verilmişdir.

Dövlət başçısının "Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" 23 avqust 2011-ci il tarixli sərəncamı ilə rayonun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrinə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 min manat vəsait ayrılmış, bu istiqamətdə işlərə artıq başlanmışdır. Dövlət başçısının tapşırığı ilə Sabirabad şəhərinin əhalisi üçün uzun illər problemə çevrilmiş, həm də yoluxucu xəstəlik mənbəyi olan "Axmaz" su hövzəsinin qurudulması işlərinə də başlanılıb. Nazirlər Kabinetinin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə bu məqsəd üçün ilkin olaraq bir milyon manat vəsait ayrılıb. Başçı qeyd etdi ki, Hacıqabul-Sabirabad-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun bərbad vəziyyətdə olmasından əhali əziyyət çəkirdi. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş layihə əsasında qeyd olunan yol yenidən qurulur. Hazırda yolun 7-ci kilometrliyində 1962-ci ildə tikilmiş Kür çayı üzərindəki körpüdə də əsaslı təmir işləri başa çatmaq üzrədir. Prezident İlham Əliyevin fərman və sərəncamlarına, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2009-2013-cü illər)" uyğun olaraq hesabat ilində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, mövcud sosial problemləri həll etmək istiqamətində əsaslı işlər görülmüşdür. Ötən il ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 282,2 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 2,1 dəfə yüksələrək 83,7 milyon manat təşkil etmişdir. 2011-ci ildə rayonun büdcəsi əvvəlki illərlə müqayisədə xeyli artaraq 23,3 milyon manata çatdırılmış, orta aylıq əmək haqqı əvvəlki ilə görə 20,5 faiz yüksələrək 234,1 manat olmuşdur.

2011-ci ildə rayon üzrə 14 yeni müəssisə yaradılmış, 539 daimi yeri açılmışdır.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində aqrar bölmənin inkişafında irəliləyişlər əldə olunmuşdur. Rayonun kənd təsərrüfatı istehsal etdiyi məhsullarla daxili tələbatı ödəməklə yanaşı, respublikanın ərzaq və kənd təsərrüfatı məhsulları bazası rolunu da oynayır. Ötən il rayondan Bakıda təşkil olunmuş yarmarkalarda iki min tondan çox kənd təsərrüfatı məhsulları satılmışdır.

Torpaq istifadəçiləri idarəetmənin mütərəqqi üsullarından istifadəyə xüsusi əhəmiyyət verirlər. Ötən il Axısxa və Çölbeşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək istehsal kooperativləri yaratmışlar. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən heç bir girov qoyulmadan kredit verilməsi bu təsərrüfatların səmərəli fəaliyyətinə əminlik yaradır. Hesabat ilində kənd təsərrüfatında ümumi məhsul istehsalı 27,3 milyon manat artaraq 141,9 milyon manata çatmış, 2010-cu illə müqayisədə 24 faiz artım əldə edilmişdir. 2011-ci ildə 17486 hektarın taxılı yığılmış, 54100 ton taxıl istehsal olunmuşdur. Bu da əvvəlki illə müqayisədə 18,4 min tonya 52 faiz çoxdur.

Pambıq istehsalı da 2010-cu illə müqayisədə 1875 tonya 90 faiz artaraq 3815 tona çatdırılmışdır. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçən ildə kəndli fermerlərə güzəştli şərtlərlə 1068 min manat dəyərində 2408 ton azot, 108 ton superfosfat gübrələri və 52 baş simmental cinsli damazlıq düyə satılmışdır. Rayon üzrə 17396 kənd təsərrüfatı məhsulları istehsalçısına əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaqmotor yağlarına görə 1 milyon 645 min 20 manat vəsait verilmişdir. 2011-ci ildə tərəvəz, kartof, bostan məhsulları istehsalının həcmi əvvəlki ilə nisbətən xeyli artmışdır. Meyvəçilikdə narçılıq məhsuldar sahəyə çevrilmişdir. Təkcə ötən il şəxsi yardımçı təsərrüfatlardan Sabirabad rayonununqonşu rayonların konserv zavodlarına, həmçinin ölkədən kənara 10 min tondan çox nar satılmışdır.

Heyvandarlığın inkişafını təmin etmək məqsədilə ötən il baytarlıq idarəsinin və laboratoriyasının maddi-texniki bazası möhkəmləndirilmiş, rayonda regional bioloji təhlükəsizlik laboratoriyası istifadəyə verilmişdir. Kənd təsərrüfatının intensiv inkişafında texnikanın rolu həlledicidir, bu sahənin texniki cəhətdən təchizatı məsələsi çox önəmlidir. Qeyd edək ki, son illər rayona qrant hesabına 20 və ayrı-ayrı şəxslər tərəfindən 200-dən artıq müxtəlif markalı kənd təsərrüfatı texnikası və avadanlıqları gətirilmiş, "Aqroservis"lərdə isə 45 müxtəlif adda texnika cəmləşmişdir.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə 2011-ci ildə müəyyən işlər görülmüşdür. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulmasına başlanılmışdır. Yolçubəyli kəndində kabelləşmə işləri artıq yekunlaşıb, burada "Smart" kart tipli yeni elektron sayğaclar quraşdırılıb.

Natiq bildirdi ki, dövlət başçısının tapşırığı ilə 2013-cü ilədək ölkəmizdə bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcəkdir. Bu istiqamətdə Sabirabad rayonunda da işlər sürətlənib. Hesabat ilində 1144 evə qaz xətti çəkilmiş, abonentlərin sayı 6490-a çatdırılmışdır. Rayon mərkəzində 19 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilmiş, bununla da şəhərin bütün kommunal yaşayış binalarının mavi yanacaqla təminatı başa çatdırılmış, Kürkəndi və Qalaqayın kəndlərinə təbii qazın verilişi təmin edilmişdir. Şəhərin təbii qazla təmin edilməyən 27 küçəsindən 15-də bu işlərə başlanılıb. Nərmankənd, Qaratəpə, Ulacalı, Bulduq və Mürsəlli kəndlərinə isə qaz verilişi yaxın günlərdə təmin ediləcəkdir. 2012-ci il ərzində şəhərin bütün küçələrinin və kəndlərin qazlaşdırılması üçün artıq layihə-smeta sənədləri hazırlanmışdır.

Keçən il əhalinin su təchizatını yaxşılaşdırmaq məqsədilə suqaldırıcı nasos stansiyasında yenidənqurma və bərpa işləri görülmüş, şəhərin 2 küçəsinə 600 metr uzunluğunda yeni su xətləri çəkilmiş və 4 küçədə su boruları təmir edilmişdir. Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə rayonun 16 kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib.

2011-ci ildə təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin sosial müdafiəsi daha da gücləndirilmişdir. Rayonda məskunlaşan 6051 nəfər məcburi köçkünün, 2262 nəfər qaçqının yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün əsaslı işlər görülmüşdür.

Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı artırılmışdır.

N.İsmayılov çıxışını bu sözlərlə yekunlaşdırdı: 2012-ci ildə qarşıda çox mühüm vəzifələrin durduğunu deyən Prezident İlham Əliyevi əmin edirik ki, ulu öndərin ideyalarına daim sadiq olan sabirabadlılar bundan sonra da ölkə rəhbərinin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.

Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev tədbirdə çıxış etdi.

Sonda yığıncaq iştirakçıları adından dövlət başçısına müraciət qəbul edildi.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2012.- 4 mart.- S. 5.