Prezident İlham ƏLİYEV:
Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik,inkişaf
etmiş ölkəyə çevrilmək üçün
siyasətimizi davam etdirəcəyik
Azərbaycanda həyata keçirilən
düzgün, hərtərəfli iqtisadi strategiyanın
uğurları ilbəil artır. Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş
islahatların yeni dövrün tələblərinə
uyğun yaradıcılıqla davam etdirilməsi, neft
strategiyasının uğurları nəticəsində Azərbaycanda
davamlı və tarazlı inkişafın təməli
qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli
artmışdır.
Artıq
keçid iqtisadiyyatı dövrünü uğurla başa
çatdıran Azərbaycan Respublikası indi bir sıra
nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ən
islahatçı və dinamik inkişaf edən ölkə
kimi tanınır. Azərbaycanın neft strategiyasının
uğurlarının ilbəil artması və ölkəmizin
maliyyə imkanlarının getdikcə genişlənməsi nəticəsində
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
konkret tədbirlərə başlanmışdır. İndi
başlıca hədəf neft və qaz gəlirləri
hesabına ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
regionların tarazlı inkişafına, əlverişli biznes
və investisiya mühitinin formalaşdırılmasına nail
olmaqdan ibarətdir. Dövlət başçısı
İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətini
də məhz ölkədə qeyri-neft sektorunu inkişaf
etdirməklə yeni iş yerlərinin yaradılması və
bunun hesabına əhalinin rifah halının getdikcə
yaxşılaşdırılması təşkil edir. Son illər
bu istiqamətdə həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində Azərbaycanın
davamlı sosial-iqtisadi inkişafı təmin olunmuş,
ölkənin tarazlı inkişafının əsas göstəricisi
sayılan regionların tərəqqisi xeyli sürətlənmişdir.
Ölkə
regionlarının tarazlı inkişafının əsası
isə Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də
qəbul etdiyi "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" ilə qoyulmuşdur. Bu
mühüm ümummilli sənədin əsas məqsədi
regionlarda mövcud əmək ehtiyatlarından, təbii və
iqtisadi potensialdan səmərəli istifadə etmək,
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək
və aqrar sektorda nəzərdə tutulan islahatları daha da
dərinləşdirmək, əhalinin məşğulluğunu
artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu
yeniləşdirmək, əlverişli investisiya şəraiti,
müasir tipli müəssisələr, yeni iş yerləri
yaratmaq istiqamətində sistemli tədbirlərin həyata
keçirilməsindən ibarət idi. Məlum olduğu kimi,
ölkənin növbəti beş ili üçün əsas
fəaliyyət proqramına çevrilmiş bu mühüm sənədin
icrasına başlanılması regionlara yeni nəfəs gətirmiş,
yerlərdə iqtisadi fəallığı və təşəbbüskarlığı
xeyli artırmışdır.
Belə
ki, Azərbaycanın davamlı və tarazlı
inkişafını sürətləndirən Dövlət
Proqramının uğurlu icrası ölkədə
makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə etməyə imkan
yaratmış, sosial-inkişaf sahəsində nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin
həyat səviyyəsinin yüksəldilməsində
mühüm rol oynamışdır.
Ölkədə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasını təmin etmək məqsədilə üç il əvvəl qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da hazırda uğurla həyata keçirilməkdədir. Məlum olduğu kimi, ikinci regional inkişaf proqramında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı, Bakı şəhərinin rayon və qəsəbələri, xüsusən də ölkənin iqtisadi rayonları üzrə bir sıra zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Proqramda müəyyən edilmiş məqsədlərə nail olmaq üçün dövlətin büdcə-vergi, pul-kredit, investisiya və məşğulluq siyasətində və s. sahələrdə bir çox yeniliklərin tətbiqi planlaşdırılmışdır. Hazırda regionlarda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə sənaye, kənd təsərrüfatı, turizm, elm, təhsil, səhiyyə, mədəniyyət, rabitə və informasiya texnologiyaları, sosial təminat sahələrində mühüm tədbirlər həyata keçirilir, bölgələrin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir. İkinci regional inkişaf proqramının qəbul edilməsi ilə bölgələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Dövlət Proqramının həyata keçirilməsinə başlanıldığı ötən üç ildə Azərbaycanın regional inkişafı bir qədər də sürətlənmişdir.
Ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayan ikinci Dövlət Proqramı hazırda Prezident İlham Əliyevin daimi diqqət və nəzarəti altında uğurla həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son üç ildə dövlət başçısı bu mühüm sənədin real, məntiqi nəticəsi olan 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Yeri gəlmişkən, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ötən il 5 mindən artıq müəssisə açılmışdır ki, bunun da hesabına 72 min 400-ü daimi olmaqla 94 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə ikinci regional inkişaf proqramının icrasına başlandığı ötən üç ildə Azərbaycanda 14,7 min müəssisə yaradılmış, 180 min daimi iş yeri açılmışdır. Bu da heç şübhəsiz, ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş iqtisadi siyasətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013 -cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: " Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsəd güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas məqsədimiz bundan ibarətdir."
Azərbaycanın hərtərəfli, tarazlı inkişafına yönəldilmiş regional inkişaf proqramlarının icrası ölkədə iqtisadi fəallığı xeyli artırmışdır. Təkcə onu demək kifayətdir ki, 2004-cü ildən etibarən regionların inkişafına bütün maliyyə mənbələri hesabına təqribən 22 milyard dollar investisiya yönəldilmişdir. Bu da bölgələrdə mühüm infrastrukturun yaradılmasına imkan yaratmışdır. Regionlarda müasir infrastrukturun yaradılmasının vacibliyini önə çəkən dövlət başçısı demişdir: "Biz infrastruktur deyəndə hər şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də vacibdir. Proqramımızda, yəni indiki proqramda bütün bu məsələlər öz əksini tapır. Burada, əlbəttə ki, istiqamətlərin biri infrastruktur layihələri iə bağlıdır..." Bütövlükdə isə əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, bununla bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən il ölkənin ayrı-ayrı bölgələrində əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da yaxşılaşdırmaq məqsədilə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir. Hazırda ölkə üzrə istehsal olunan elektrik enerjisinin 70 faizindən çoxu regionların payına düşür. Həmin enerjinin nəqli üçün lazımi infrastrukturun yaradılması məqsədilə ötən il 3700 kilometr uzunluğunda elektrik xətti çəkilmişdir.
Son illər Azərbaycanda qaz hasilatı getdikcə
artır. Bu
da regionların "mavi yanacaq"la təminatının
yaxşılaşdırılması üçün əlverişli
imkanlar yaradır. 2011-ci ildə bu məqsədlə ümumi
uzunluğu 5 min kilometr qaz kəməri çəkilmişdir
ki, bunun da hesabına daha 148 yaşayış məntəqəsi
qazlaşdırılmışdır.
Məlum
olduğu kimi, müasir yol infrastrukturu olmadan regionların
inkişafını təmin etmək mümkün deyildir. Məhz
buna görədir ki, son illər Prezident İlham Əliyevin
xüsusi diqqət və qayğısı sayəsində
respublika və yerli əhəmiyyətli avtomobil
yollarının tikintisi və əsaslı təmiri getdikcə
intensivləşir. Artıq şəhər və rayon mərkəzləri
ilə yanaşı, kəndlərdə də müasir, rahat
yolların çəkilişinə
başlanılmışdır.
Regionlarda
informasiya və rabitə xidmətlərinin səviyyəsini
yaxşılaşdırmaq məqsədilə də konkret tədbirlər
həyata keçirilmişdir. 2011-ci ildə ölkə
üzrə 60 ATS və 31 poçt şöbəsi tikilib
istifadəyə verilmiş, hər yüz nəfərə
düşən kompyuterlərin sayı 20 ədədə
çatdırılmışdır.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icraya yönəldilməsi ölkənin bütün şəhər
və rayonlarının içməli su təchizatının
yaxşılaşdırılması üçün də
geniş imkanlar yaratmışdır. Hazırda müxtəlif
maliyyə mənbələri hesabına bölgələrdə
içməli su təchizatı sistemlərinin və
kanalizasiya şəbəkələrinin tamamilə yenidən
qurulması məqsədilə mühüm layihələr
reallaşdırılır. Bu işlər isə indi ölkənin
36 şəhər və rayonunu əhatə edir. Eyni zamanda,
bölgələrin suvarma suyuna olan tələbatının
ödənilməsi məqsədilə il ərzində 91 min
metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən
çox suvarma kanalları tikilmiş və yenidən
qurulmuşdur. Bu və digər tədbirlər isə öz
növbəsində aqrar sahənin inkişaf etdirilməsi
üçün geniş imkanlar yaratmışdır.
Göründüyü
kimi, son illər ölkənin bütün bölgələrində
mühüm infrastruktur layihələri həyata keçirilir
ki, bu da regional sahibkarlığın inkişafını
getdikcə sürətləndirir. Yeri gəlmişkən,
hazırda ölkədə sahibkarlığın inkişaf
etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən
biridir. Məhz buna görədir ki, son illər
sahibkarlığa dövlət dəstəyi getdikcə
gücləndirilir. Dövlət qayğısının nəticəsidir
ki, son illər ümumi daxili məhsul istehsalında özəl
sektorun çəkisi artaraq 83 faizə
çatmışdır. Bu da ölkəmizdə bazar
iqtisadiyyatının möhkəmləndirilməsi
üçün həyata keçirilmiş işlərin
uğurlu nəticələrindəndir. Artıq bazar
iqtisadiyyatına keçid mərhələsini arxada qoyan Azərbaycan
Respublikası qarşısına dünyanın inkişaf
etmiş ölkələrinin sırasına qoşulmaq kimi
vacib və məsuliyyətli vəzifə qoymuşdur. Bu məqsədə
çatmaq üçün isə ölkəmizdə siyasi
iradə və düşünülmüş proqramlar
mövcuddur. Bunun yolu həm də iqtisadiyyatın şaxələndirilməsindən,
qeyri-neft sektorunun inkişafından, sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsindən keçir. Təsadüfi
deyil ki, fevralın 28-də keçirilmiş konfransda ölkə
Prezidenti İlham Əliyev bu vacib məqama toxunaraq demişdir:
"...Ölkəmizin inkişafı sahibkarlığın
inkişafından asılıdır. Biz bu istiqaməti
seçmişik və bu istiqamət bizə uğurlar gətirir...
Biznes şəraitinin yaxşılaşdırılması
davam etdirilməlidir, sahibkarlara daha da yaxşı şərait
yaradılmalıdır". Bununla belə, dövlət
başçısı sahibkarların işinə əsaslı
müdaxilələrin yolverilməz olduğunu bir daha bəyan
etmiş, hamını sahibkarlara kömək etməyə,
onlara dəstək olmağa səsləmişdir.
Sahibkarlara
verilən güzəştli kreditlərin həcminin ilbəil
artırılması da ölkəmizdə özəl bölmənin
inkişafına göstərilən dövlət dəstəyinin
bariz nümunəsidir. 2011-ci ildə İqtisadi İnkişaf
Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit
verilmişdir ki, bunun da 75 faizi regionların payına
düşür. Güzəştli kreditlər hesabına
ölkədə 6500-dək yeni iş yerinin yaradılması
nəzərdə tutulur.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
uğurla həyata keçirilməsi nəticəsində
bölgələrin infrastruktur təminatı xeyli
yaxşılaşmış, ölkədə sahibkarlıq fəaliyyət
üçün imkanlar daha da genişlənmiş, şəhər,
kənd və qəsəbələrin siması əsaslı
şəkildə dəyişmiş, yeniləşmişdir.
Bütün bunlar isə regionların investisiya cəlbediciliyini
xeyli artırmışdır. Məhz bunun nəticəsidir
ki, indi ölkənin ayrı-ayrı regionlarında müasir
texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsul
istehsal edən müəssisələr yaradılır. Həmin
müəssisələrdə istehsal edilən məhsullara isə
təkcə daxili bazarda deyil, həm də xarici ölkələrdə
maraq getdikcə artır.
Göründüyü
kimi, regionların inkişafına göstərilən
qayğı və diqqət bütövlükdə Azərbaycanın
davamlı inkişafını təmin edir, ölkəmizi daha
da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə
artırır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 4 mart.- S. 1