Şamaxı: dünəni də, bu günüqürur doğurur

 

Şamaxı haqqında bu qeydləri yazmağa başlayanda, nədənsə nə vaxtsa eşitdiyim bir ifadə yadıma düşdü. Hardan oxuduğumu xatırlamasam da, çox maraqlı fikir idi: "Çöldə yağış, dağda qar, insan üzündə tər görməsən, yaxşı heç nəyə ümid eləmə". Aydındır. Demək insan mümkün qədər çox çalışmalı, vaxtı boş keçirməməlidir. Əgər əlini əlinin üstünə qoyub nəyisə gözləsən, heç nə qazana bilməyəcəksən. Nəsə, bu fikir məni özünə çəkib apardığından Novruzun sonuncu çərşənbəsi ərəfəsində Şamaxıdan hazırlamaq istədiyim növbəti yazını məhz bu məqam üstündə qurmaq istədim. Çünki Şamaxının dağları da builki qədər qar görməmiş, insanları da heç zaman inidiki kimi çalışıb, işləyib tər tökməmişdi. Biz Şamaxıda olanda dağların da üzü ağ idi, insanların da. Biri məcazi, o biri isə müstəqim mənada. Bax beləcə, yazıya bu notlarla başlamaq istəyirdim ki, redaksiyanın məktublar şöbəsindən mənə zəng etdilər: "Şamaxıdan bir məktub var". Sən bir təsadüfə bax. Məktubu götürüb oxudum.

 

Burada şamaxılı ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əvəz Süleymanın vətəndaş təəssübkeşliyi ilə qələmə aldığı ürək sözləri yazılmışdı. Ötən il rəsmi mətbuatda "Abad Şamaxı ilə fəxr edirik" və "Dünəni, bu günü və gələcəyi qürur doğuran Şamaxı" adlı yazılarını oxuduğum Əvəz müəllimi sözün həqiqi mənasında həmişə haqqın, ədalətin tərəfdarı olan bir insan kimi tanımışam. Öz məktubunda dövlət başçımızın Şamaxıya növbəti səfərinin yaratdığı təəssüratdan, qurub-yaradan, insanların əməyinə verilən qiymətdən, bu dağlar diyarında Koroğlunun at üstündə qoyulan heykəlinin möhtəşəmliyindən, Əfzələddin Xaqani, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin adına layiq küçə tərtibatlarının verilməsindən və bir çox məqamlardan söz açan Əvəz müəllim biz mətbuat təmsilçilərinə müraciət etməyə də bir əsas görür: "Qardaşlar, gəlin, zibillikləri gülüstana, dərə-təpəni bağ-bağata, uçuq-sökük binaları göz oxşayan binalara, muzeylərə, məscidlərə, məktəblərə çevirənlərin əməyindən söz çələngi hörək, onların qəlbini sevindirək. O zaman biz ziyalılar da həmin qurub-yaradan insanların arasında olacaq, onların xidmətindən fərəh hissi keçirənlərin birinə çevriləcəyik".

Doğulub boya-başa çatdığı qədim bir diyarın bugünkü gününə baxıb sevinən, qürur hissi keçirən bir ziyalının hisslərini yəqin ki, səmimi qəbul etdiniz.

Qurub-yaradan insanların arasında olmaq, onların xidmətindən fərəh hissi keçirənlərdən birinə çevrilmək, məni qınamayın, ibadət kimi halal, müqəddəs bir arzudur. Odur ki, Əvəz Süleymanın məktubunu oxuyandan sonra yazıya bir qədər başqa istiqamətdən baxmaq istədim: "davam etdirilən ənənə və tərəqqiyə stimul olan yenilik". Bəli, Şamaxıda ötən illərin uğurlu təcrübəsinin yaratdığı gərəkli əməllər böyük qədirşünaslıqla yaşadılır, zamanın tələbləri ilə ayaqlaşmaq üçün zəruri olan yeniliklərin tapılması üçün daim təşəbbüskarlıq göstərilir. Elə icra hakimiyyəti başçısının müavini Əşrəf Şükürovla söhbət edəndə də hazırlayacağım yazının məhz bu istiqamətdə qələmə alınacağını bildirdim.

- Ürəkdən ürəyə yol var - deyə həmsöhbətim məmnunluq ifadə etdi -Bilirsinizmi, istənilən yenilik yaxşıdır, amma bu, ənənə üzərində inkişaf etdiriləndə daha böyük səmərə verir. İndi Şamaxıda həyata keçirilən tədbirlərin hamısında həm tarixə ehtiram var, həm də sabahımızın daha möhtəşəm təməllər üzərində qurulması üçün göstərilən səylər. Rayon rəhbərliyi öz fəaliyyətində məhz bu iki prinsipi daim diqqət mərkəzində saxlayır.

Əşrəf müəllimlə söhbəti elə buradaca saxlayıb bu günlərdə keçən ilin yekunlarına həsr olunmuş tədbirdə Prezident təqaüdçüsü, uzun illər Çuxuryurdda təsərrüfata rəhbərlik etmiş, 70-ci illərdə sayılıb-seçilən əmək adamlarından olmuş Mariya Kojevnikovanın çıxışının üzərinə gəlmək istəyirəm. İnanın, bu sadə insanın çıxışı məni silkələdi, yerimdən oynatdı.

"70-ci illərdə ulu öndər Heydər Əliyev Şamaxıya tez-tez gələrdi -dedi, Mariya xanım-Bütün səfərlərində kənd adamları ilə görüşər, əkin-biçin yerlərinə gedərdi. Harda olurdusa mütləq ağsaqqallarla görüşərdi, onlara qulaq asardı. Düzü, o vaxtlar bunun mahiyyətini o qədər də başa düşmürdüm. Sən demə, qocaların qayğıya, diqqətə daha çox ehtiyacı var imiş. İnanın, bunu o gün hiss etdim. Mənə zəng vurub deyəndə ki, icra hakimiyyətinin başçısı Asif Məmmədov şəxsən mənim buraya gəlməyimi özü tapşırıb, ürəyim dağa döndü. Səhərə qədər yatmamışam. Sevinirəm ki, yaddan çıxmamışam. Sevinmişəm, unudulmamışam. Heydər Əliyev yolu görün nə qədər müdrik yolduro bu gün uğurla davam etdirilir.

Bilmirəm, bu kövrək məqam sizə nəsə dedi, amma mən əlavə edim ki, bu gün Şamaxıda gözəl ənənələrin yaşadılması barədə istənilən qədər fakt var və hansının necə qələmə alınacağını yazı-pozu adamları daha yaxşı bilirlər.

Qələm sahiblərinin daha yaxşı bildiyi məsələlərdən biri isə yazıda haqqında söz açılan məsələ barədə fikirlərin tamamlanmasıdır. Yəqin bildiniz, söhbət ulu öndərin vaxtilə Şamaxıya göstərdiyi qayğı və diqqətin miqyasından gedir. 70-80-ci illərdə ulu öndər Heydər Əliyev bu gün isə dövlət başçımız cənab İlham Əliyev, respublikanın bütün bölgələrini bərabər şəkildə inkişaf etdirmək istəsələr də, hər bir bölgə üçün yerli imkanları nəzərə alaraq xüsusi istiqamət müəyyən edilirdi. Heydər Əliyev çox yaxşı bilirdi ki, Şamaxının iqtisadiyyatının daha iti sürətlə inkişaf etdirilməsi üçün məhz üzümçülüyə xüsusi diqqət ayrılmalıdır. Çünki üzüm Şamaxının böyük sərvəti olmaqla, onun əsas gəlir mənbəyidir. Ulu öndərin həmin uzaqgörənliyi nəticəsində Şamaxı 70-80-ci illərdə Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilsə də, sonralar bu bağlar məhv edildi, hər şey dağıldı. İndi Şamaxıda bu sahənin dirçəldilməsi üçün lazım olan addımlar atılır. Ancaq daha böyük tədbirlər "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramının icrası zamanı həyata keçiriləcək. Fakt odur ki, bu gün Şamaxıda mövcud olan 1347 hektar üzüm bağının 222 hektara yaxını, məhz ötən il salınıb. Bu da yeni, ənənənin yaşadılması istiqamətində həyata keçirilən tədbirlərdən biri. Bu bağların verəcəyi iqtisadi səmərə və ya yeni salınacaq bağlar isə təbii ki, başqa yazıların mövzusu olacaq. Və bu barədə gələcəkdə çox söhbət açacağıq.

Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun fikrincə isə tarixi ənənənin yaşadılmasının müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük ustalıq və ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevdir: - "Ötən il sentyabrın 13-də hörmətli dövlət başçımız Şamaxıya səfər etdi. Səfərin proqramı çox zəngin idi. Hamı istəyirdi ki, dövlət başçısı Şamaxıda görülmüş bütün işlərin şahidi olsun. Bu səfər sözün həqiqi mənasında tarixi bir səfər idi. Cənab Prezidentin Sabir qəsəbəsində böyük şairimiz Mirzə Ələkbər Sabirin heykəlinin açılışında iştirak etməsi mənim gözümdə kino lenti kimi tarixi bir məqamı xatırlatdı - 70-ci illərin sonunda Şuşada Molla Pənah Vaqifin abidəsinin açılışı ilə bağlı kadrları yəqin görmüsünüz. Çox göstəriblər. Televiziya kadrlarından görünür ki, güclü qar yağır və hamı ölkə rəhbərinin ətrafına toplaşıb, onun çıxışına qulaq asır. Cənab İlham Əliyev Şamaxıda Sabirin heykəlinin açılışında iştirak edəndə mən onun gözlərində Heydər Əliyevin Şuşada Vaqifin heykəlinin açılışında keçirdiyi hisslərin eynisini görürdüm. Çox maraqlı idi. Qarabağın ən qədim şəhərində Azərbaycanın tarixi şəxsiyyətinin məqbərəsinin, Şamaxıda Şirvanın ən qədim tarixi şəxsiyyətinin heykəlinin açılışı. Zaman fərqi 30 ildən çox, məkan fərqi kifayət qədər, xalqa və tarixə ehtiramlar isə tamamilə eyni. Alqışlanmalı və hətta, öyünməli fakt idi. Cənab İlham Əliyev ona görə beynəlxalq aləmdə hədsiz dərəcədə nüfuz sahibidir ki, o, Heydər Əliyev məktəbinin bütün incəliklərini öyrənib. Hörmətli Prezidentimiz ona görə ölkə əhalisinin hər bir nəfərinin şəksiz və şəriksiz liderinə çevrilib ki, xalq onun gündəlik işində məhz ulu öndərin fəaliyyətinin əsas cizgilərini görür. Böyük quruculuq işləri, ölkənin beynəlxalq aləmdəki nüfuzunun artması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması və ümumiyyətlə, bu gün Azərbaycana üz ağlığı gətirən istənilən addım məhz Heydər Əliyev yolunun davam etdirilməsinin nəticəsidir.

Asif Məmmədov sözünə davam edir: - "Deməli, bizim Şamaxıda ənənələri yaşatmağımız, tarixə ehtiram göstərməyimiz, bu günü qətiyyətlə qurmağımız, sabaha inamla getməyimiz barədə deyilənlərin hamısı məhz dövlət siyasətindən qaynaqlanır. Bu gün Azərbaycanda dövlət siyasəti məhz bu istiqamətdə qurulub və nəticəsini özünüz görürsünüz. BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun üzvlüyünə seçkilər zamanı Azərbaycanın namizədliyini 200 ölkədən 155-nin dəstəkləməsi bizim üçün çox böyük fəxr idi. Yaxud, "böyük iyirmilər" deyilən iqtisadi təşkilatın toplantısına NorveçSinqapur kimi inkişaf etmiş ölkələrlə bərabər Azərbaycanın da dəvət edilməsi bizə göstərilən etimadın nəticəsi deyilmi? Bütün bunlar Azərbaycanın siyasi kursunun doğruluğundan xəbər verir. Bütün bunlar Azərbaycan həqiqətləridir. Azərbaycan həqiqətləri arasında Şamaxı rayonunun hansısa uğurlarının da olması isə əlbəttə, bizim dövlətin tapşırıqlarını layiqincə yerinə yetirməyimizin göstəricisidir. Gördüyümüz işlərdən hansı barədə hansı şəkildə söz açırsınızsa, o da sizin öz işinizdir".

Doğrusu, Asif müəllim yuxarıda qeyd etdiyim ənənə məsələsi barədə elə danışdı ki, mən o məsələni elə bu cümlə ilə tamamlayıb Şamaxının sosial-iqtisadi uğurları barədə bəzi faktları yada salmaqla yazını davam etdirmək qərarına gəldim.

Dövlət başçısının iştirakı ilə açılışı olmuş Vergilər Nazirliyinin Tədris Mərkəzi artıq təkcə Şamaxının deyil, bütün bölgənin həyatında xüsusi rol oynayır. Olimpiya İdman Mərkəzi, Şamaxı Cümə Məscidi, "Şirvan" Mehmanxanası, Şamaxı Astrofizika Rəsədxanası, "Şərədil" istirahət mərkəzi və başqa obyektlər Şamaxının sürətli inkişafından xəbər verir. Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Muğanlı - Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması isə bu diyara gəliş-gedişi kifayət qədər asanlaşdıracaq. Bütün bunlar tikinti-quruculuq işlərinin kiçik bir siyahısıdır. Ancaq zaman elə zamandır ki,bütün ölkələrdə inkişafı göstərmək üçün istehsal olunan məhsulun həcmi əsas götürülür. Məsələyə o prizmadan münasibət bildirməli olsaq rəqəmlər ürək açandır. Son bir ildə Şamaxıda 161,6 milyon manatlıq ümumi məhsul buraxılışı olub ki, bu da ötən illə müqayisədə 3,7 faiz çoxdur. Görülən məqsədyönlü tədbirlər nəticəsində 42 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Təxminən 30 min ton taxıl istehsal edilib ki, bu da əlverişsiz hava şəraitinin müşahidə olunduğu ötən il üçün böyük göstəricidir. Heyvandarlıq və arıçılıq təsərrüfatları da rayonun ümumi inkişaf tempinə uyğun göstəricilərə imza atıblar. Bakı - Şamaxı - Yevlax magistral yolunun şəhərə giriş hissəsində milli memarlıq üslubunda əzəmətli qala divarları tikilib, yeni meydan salınıb və orada milli qəhrəmanlıq rəmzi olan Koroğlunun abidəsi qoyulub.

Şamaxı - Göylər yolunun üstündə yaradılmış bayraq meydanı və ucaldılan əzəmətli dövlət bayrağımız bu gün rayona gələn istənilən qonağın marağına səbəb olur. Şəhərin əsas küçələrində Şamaxının 14 şair və mütəfəkkirinin büstü qoyulub. Şəhərin su təchizatı yaxşılaşdırılıb və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Xüsusi layihələr əsasında SaatBulaq kompleksləri tikilərək şəhər sakinlərinin istifadəsinə verilib. Şirvan küçəsindən başlayaraq bütün küçə və meydanlarda təmir, bərpa və abadlıq işləri görülüb. Şəhərin giriş hissəsində Şamaxının tarixi keçmişinə layiq xüsusi layihə əsasında hazırlanan yeni qala divarlarının tikintisi başa çatmaq üzrədir. Həmin ərazinin yaxınlığında qədim İpək yolunu xatırladan dəvə karvanının və qız qalasının maketi hazırlanıb.

Şamaxıda maraqlı bir faktın şahidi oldum. Bu da burada kompaniyaçılığın olmamasıdır. Məsələn, ölkədə "Ekologiya ili" başa çatandan sonra hansısa rayonda bu məsələ gündəlikdən düşmüşdüsə, Şamaxıda əksinə, daha bir sıra ekoloji tədbirlər həyata keçirilib, 6 minə yaxın ağac əkilib. Yeri gəlmişkən, ötən il şəhərdə aparılan tikinti yenidənqurma işləri zamanı əvvəllər heç zaman görmədiyim bir faktın şahidi oldum. Rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovla Şamaxı ziyalılarının milli mədəniyyətimizin inkişafındakı rolu barədə söhbət edə-edə şəhərin əsas küçələrinin birində gəzirdik. Xüsusi texnika vasitəsiylə nəhəng bir ağacın çıxarıldığını gördük. Doğrusu, ürəyimdə bir narahatlıq hiss etdim ki, on illərdən bəri zəhmət bahasına böyüdülmüş bu ağacın isti yay günündə çıxarılması onun məhv olması ilə nəticələnməyəcəkmi?

Ancaq texnikanın gücü ilə köklü torpaqlı şəkildə çıxarıldığını, onun bu şəkildə Bakı - Şamaxı yolu boyunca əkildiyini öyrənəndə insan ağlının nələrə qadir olduğunun şahidinə çevrildim. Üstəlik, Qasım müəllim dedi ki, bu şəkildə çıxarılaraq transfer edilən ağacların sayı 1500-ə qədərdir. 2011-ci "Turizm ili" ərzində "Şərədil" istirahət mərkəzində 5 ulduzlu otelin, "Fəxriguşə" istirahət mərkəzinin tikintisi, "Şamaxı" mehmanxanasının yenidən qurulması işləri aparılıb. Ötən il aprelin 28-dən 30-dək Bakıda davam edən Beynəlxalq turizm səyahətlər, ümumrespublika daxili turizm sərgilərində Şamaxının turizm imkanları da nümayiş etdirilib. IX-XII əsrlərə aid olan "Gülüstan" qalasında aparılan arxeoloji tədqiqat işləri turistlərin Şamaxıya olan marağını daha da artırıb.

Son bir ildə rayonda elm, təhsil, səhiyyə digər sosial obyektlərin tikintisi, təmiri, bərpası ya yenidən qurulması daim diqqət mərkəzində olub. Olimpiya İdman Mərkəzinin ərazisində 3 min yerlik stadionun tikintisi davam etdirilir.

Əhaliyə göstərilən elektrik, təbii qaz, istilik, içməli su və digər xidmətlər, eləcə də sosial müdafiə məsələləri gündən-günə yaxşılaşır. Bir sözlə, Şirvanın ikinci mərkəzi olan Qədim Şamaxı sözün həqiqi mənasında müasirləşir, yeniləşir və tarixi şöhrətini qaytarır. Bunu edən insanların özləri də tarixə düşür, əbədiləşir-desək, yanılmarıq.

Ötən il martın əvvəllərində Şamaxıdan qayıdırdıq. Alça ağacları çiçək açmışdı. Bu il isə ağaclar hələ çiçək məsələsinə çox ehtiyatla "münasibət bildirirlər". Göylər kəndindən olan dostumuz Tərlanın dediyinə görə, bu, daha yaxşıdır. Çünki çiçək gec açılanda onu şaxta vurmur və məhsul bol olur. Təki olsun. Görünür, təbiət də şamaxılıların son illər nümayiş etdirdiyi əzmkarlığı qiymətləndirmək, məhsul bolluğuna öz töhfəsini vermək istəyir. Bir də ki, axı insanlar təbiətsiz nəyə nail ola bilərlər ki?

... Şamaxı haqqında yazmaq istədiyimi biləndə qələm dostum Hacı Qüdrət Piriyev maraqlı bir fikir söylədi. "Yaz, - dedi, - yaz ki, bəlkə də dünyada Şamaxı qədər dağılan, viran qalan, sitəm çəkən ikinci bir məkan olmayıb. Lakin onun qeyrətli, təpərli insanları heç vaxt özlərini itirməyiblər. Torpaq sevgisi o qədər güclü olub ki, hətta hər an təhlükənin gələcəyini bilsələr belə, şamaxılılar doğma yurdlarını tərk etməyiblər".

Şamaxı barədə olan bu qeydlərə şərhsiz-filansız bu səmimi sözlərlə nöqtə qoyuram...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 7 mart.- S. 10.