İnnovasiyayönümlü iqtisadiyyatın formalaşması
Azərbaycana hələ çox uğurlar gətirəcək
Biz
bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər
tuturuq.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
2011-ci il Azərbaycan dövlətinin tarixinə bir çox əlamətdar
hadisələri və uğurları ilə daxil
olmuşdur. Keçən il
respublikamız dövlət müstəqilliyinin bərpasının
20 illiyini bayram etmiş və onun əbədiliyinin
sübutu kimi, tarixin bu qısa zaman kəsiyində, bəşəri uğurlara nail olunmuşdur. Artıq ölkəmizdə,
liberal bazar
iqtisadiyyatı prinsipləri əsasında dövlətin
iqtisadiyyatı tənzimləməsi ilə, sahibkarlıq təşəbbüskarlığına
söykənən innovasiyayönümlü
iqtisadiyyat formalaşmış, istehsal və sosial infrastrukturun təkmilləşdirilməsi
üzrə əsaslı işlər yerinə yetirilmişdir.
Respublika
Prezidenti cənab İlham Əliyevin ölkənin idarə
olunmasında əsas məqsədi əhalinin rifahının
yaxşılaşdırılması və
sosialyönümlü dövlətin yaradılması istiqamətində
və xarici diplomatiyasında elmə, beynəlxalq təcrübəyə
əsaslanan uzaqgörən liderliyi ilə iqtisadiyyatın
dövlət tənzimlənməsinin uğurlarıdır.
Məşhur
ingilis iqtisadçı alim Con M. Keynsin belə bir kəlamı
var: "Dünyanı idarə edən ayrı-ayrı ölkələrin
dövlət başçılarıdır. Onların
buraxdığı cüzi səhvlər bəzən
böyük fəlakətlərə səbəb olur". Azərbaycan
Respublikasında müstəqilliyin bərpasından keçən
ilk üç il ərzində yaranan vəziyyət bunun bariz
nümunəsidir. Ölkəmizin Ermənistanın təcavüzünə
məruz qalması, hakimiyyət uğrunda mübarizə,
şəriştəsiz və idarəçilik təcrübəsi
olmayan şəxslərin dövlətə
başçılıq etməsi, iqtisadi tənəzzülə
(əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun
ilbəil 20-25 faiz aşağı düşməsinə),
inflyasiyanın 1756 faizə, yəni hiperinflyasiya həddinə
çatmasına, ölkənin valyuta ehtiyatının yox dərəcəsinə
düşməsinə və bütün bunların nəticəsi
kimi əhalinin maddi durumunun acınacaqlığı, sosial gərginliyə
səbəb olaraq, hətta müstəqilliyin itirilməsi
qorxusunu yaratmışdır.
Ulu
öndər Heydər Əliyevin xalqın tələbi ilə
hakimiyyətə qayıdışı müstəqilliyin əbədiliyinin,
bazar iqtisadiyyatına keçidin və dinamik sosial - iqtisadi
inkişafın əsasını qoyudu. Ümummilli lider o vaxt
ölkədə mövcud durumu belə qiymətləndirmişdi:
"Respublika iqtisadiyatı, demək olar ki, tamamilə
dağıdılıb, xalqın rifah halı aşağı
düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi,
elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyəti,
onun təbii sərvətləri, uzun illər boyu
yaranmış əsas fondları respublikanı bu ağır
böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən,
yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək
istiqamətində hərəkət etməliyik".
Böyük dövlət xadiminin ölkə idarəçiliyindəki
təcrübəsi və uzaqgörənliyi, eyni çətinliklərə
baxmayaraq bacarıqla reallaşdırdığı daxili və
xarici siyasəti, "yeni neft strategiyası"nın həyata
keçirilməsi uğrundakı mübarizəsi Azərbaycan
Respublikasınının davamlı inkişafını təmin
etdi.
Azərbaycan
Respublikası müstəqilliyi ikinci dəfə əldə
etdikdən sonra iqtisadi sistemin transformasiyası ilə bazar
iqtisadiyyatına keçid sosial-iqtisadi inkişafın əsası
kimi qəbul edilmişdir. Bununla əlaqədar olaraq
ümumilli lider demişdir: "Biz iqtisadi islahatların həyata
keçirilməsinə dair tədbirlər
görürük... Bütün bunların hamısı bizim
bazar iqtisadiyyatına uyğun dəyişikliklər yolu ilə,
dünya iqtisadiyyatına qovuşmaq yolu ilə getmək istəyimizi
konkret şəkildə nümayiş etdirir". O, cəmiyyətdə
demokratik təsisatların formalaşmasında, qüdrətli
dövlətin yaradılmasında, onun dünya ölkələri
sırasında layiqli mövqe tutmasında iqtisadi
bünövrənin yaradılmasını ön plana çəkirdi.
Ulu öndər "İqtisadiyatı güclü olan dövlət
hər şeyə qadirdir", "iqtisadiyat hər şeydir,
çünki o, cəmiyyətin bünövrəsidir"
kimi fikirləri ifadə etməklə iqtisadiyatın cəmiyətin
inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi.
Azərbaycan
Respublikası Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndində
göstərilir: "Azərbaycan dövləti bazar
münasibətləri əsasında sosialyönümlü
iqtisadiyyatın inkişafına şərait yaradır, azad
sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir".
Təsadüfi
deyil ki, Ermənistan Respublikasında hökm sürən
mövcud iqtisadi tənəzzül, əhalinin maddi durumunun
aşağı düşməsi, emiqrantların
sayının artması ilə yaranan vəziyyətə bais
dövlət başçısı S.Sarkisyandır və ya
"Erməni genosidinin" tanınmasını 45.000 avro cərimə
və ya bir il həbs cəzası qorxusu ilə öz
xalqına qəbul etdirməyə çalışan Fransa
Prezidenti N.Sarkozinin etdiyi səhvə görə Fransa dövlətinin
dünyada nüfuzunun aşağı düşməsinə,
bəzi dövlətlərlə beynəlxalq əməkdaşlığın
dayandırılmasına səbəb olmuşdur. Ölkəni
idarə edən dövlət başçılarının
buraxdıqları səhvlərə görə
yaranmış belə hallara çox misal gətirmək olar.
Bütün bunlar bir daha göstərir ki, əgər dövlət
xalqın rifahının yaxşılaşdırılması
və iqtisadi inkişafı naminə milli iqtisadiyyatı tənzimləyərək,
xarici dövlətlər tərəfindən etibarlı əməkdaş
kimi tanınırsa, bu, birbaşa dövlət
başçısının fəaliyyətinin elmə və
təcrübəyə əsaslanmasının, uzaqgörənliyinin,
xalqının rəğbətini qazanması və bəşəri
nüfuzunun göstəricisidir.
Bazar
iqtisadiyyatının formalaşması, inkişafı və səmərəliliyi
bilavasitə dövlət tənzimlənməsindən
asılıdır. 2003-cü ildə hakimiyyətə gələn
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
bazar iqtisadiyyatının prinsiplərini rəhbər tutaraq,
yeni çalarlarla elm və təcrübəyə söykənərək,
ölkə iqtisadiyyatını tənzimləməklə,
sürətli sosial-iqtisadi inkişafa nail olmuşdur.
Bazar
iqtisadiyyatına keçid, yerli xüsusiyyətlər nəzərə
alınmaqla, onun prinsipləri əsasında həyata
keçirilir. Bazar iqtisadiyyatının əsas prinsipləri
bunlardır:
-
Xüsusi mülkiyyətə keçid (özəlləşdirmə
- çoxmülkiyyətçilik - dövlət, özəl,
bələdiyyə);
- rəqabət
(dövlətin antiinhisar siyasətinin həyata keçirilməsi
ilə rəqabətin yaradılması və rəqabətqabiliyyətli
əmtəə istehsalı);
- bəzi
qiymətlərin liberallaşması (dövlət mülkiyyətində
istehsal olunan əmtəələrin və göstərilən
xidmətlərin qiyməti Tarif Şurası, özəl
sektorda isə sahibkarlar tərəfindən müəyyən
edilir);
-
iqtisadiyyatın dövlət tənzimlənməsi (dövlət
inzibati amirlik və iqtisadi metodla tənzimlənməni yerinə
yetirir).
Müstəqilliyin
20 ilində Azərbaycanın milli iqtisadiyyatında mövcud
olan dəyişikliklərə nəzər salsaq, onu bir
neçə mərhələyə bölmək olar:
I -
1991-1993-cü illər - iqtisadi tənəzzül
dövrü.
II - 1993-2003-cü illər - bazar iqtisadiyyatına keçid üzrə iqtisadi islahatların aparılması, ölkədə sosial-iqtisadi inkişafın əsasının yaradılması və stabilləşmə dövrü. Ulu öndər Heydər Əliyevin "Yeni neft strategiyası"nın reallaşması ilə beynəlxalq iqtisadi münasibətlərin yaranması, neft-qaz gəlirlərinin artması və ölkədə tərəqqi dövrünün başlanması.
III - 2003-2011-ci illər - neft-qaz gəlirlərindən istifadə edərək, qeyri-neft sektorunun inkişafı, davamlı, innovasiyalı iqtisadiyatın formalaşmasına çoxşaxəli infrastruktur layihələrinin həyata keçirilməsinə investisiya yatırılmasının artması sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması bazar iqtisadiyyatına keçid mərhələsinin başa çatması (2009-cu il), Azərbaycan Respublikasının Beynəlxalq aləmdə nüfuzunun artdığı bənzərsiz inkişaf dövrü.
IV - 2012-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoyulması dövrü. Mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyalı iqtisadiyyatın formalaşması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyətin inkişafında ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlər əldə edilməsi üzrə fəaliyyət dövrünün başlanması.
Göstərilən əvvəlki 3 iqtisadi mərhələnin hər birində dövlət iqtisadiyyatın tənzimlənməsində, yaranmış şəraitə uyğun, çevik, məqsədyönlü, uzaqgörən tədbirlərini əks etdirən islahatlar, proqnozlara əsaslanan dövlət proqramları həyata keçirmişdir. Bütün bunların nəticəsi olaraq, iqtisadi sistemin transformasiyası ilə milli iqtisadiyyat aşağıdakı əsaslı inkişaf prosesini keçmişdir: bazar iqtisadiyyatına keçid- innovasiyalı bazar iqtisadiyyatı- geoiqtisadiyyat.
Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra, bazar iqtisadiyyatının prinsipləri əsasında milli iqtisadiyyat formalaşmış, informasiya kommunikasiya texnologiyasının bütün sahələrdə tətbiqi ilə innovasiyalı iqtisadiyyat yaradılmışdır. Mövcud qloballaşma ilə əlaqədar, beynəlxalq iqtisadi münasibətlərin, inteqrasiyanın genişlənməsi ilə müasir geoiqtisadi dövr başlanmışdır.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçidlə dövlətin ölkənin idarəetməsindəki rolu bir qədər dəyişir. Özəl sektorun yaranması və sahibkarlıq təşəbbüskarlığının həyata keçirilməsi ilə dövlət iqtisadiyyatı iki metodla tənzimləyir. Bunlar inzibati (birbaşa) və iqtisadi (dolayı) metodlardır. Dövlətin iqtisadiyyatı inzibati metodla tənzimləməsi dövlət başçısı tərəfindən qəbul olunan qanun, sərəncam, proqramlar və qadağaların qəbul edilməsidir:
- Hər bir fəaliyyətin hüquqi bazasının müəyyən edilməsi;
- iqtisadi inkişafın strateji məqsədlərinin müəyyən edilməsi və proqnozlara əsaslanan indikativ və digər planlarda, həmçinin dövlətin proqramlarında onların əks olunması;
- dövlət sifarişi və müqavilələr;
- keyfiyyət normativləri və texnologiyalarının sertifikatlaşdırılması;
- lisenziyalaşdırma, kvotalaşdırma;
- normativlər, cərimələr, qadağalar. Dövlətin iqtisadi metodla tənzimləməsinə aiddir:
- vergi sisteminin
tənzimlənməsi;
- indikativ planlaşdırma;
- dövlət proqramlarının reallaşması;
- dövlətin büdcə-vergi və pul-kredit siyasəti;
- antiinflyasiya tədbirləri;
- sosial siyasət;
- xarici iqtisadi
siyasət;
- miqrasiya və
inteqrasiyanın tənzimlənməsi.
Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi
vasitəsi kimi, dövlətin məqsədli,
regional proqramları və
orta müddətli makroiqtisadi proqramların hazırlanması və həyata keçirilməsi
olduqca səmərəlidir. Dövlət proqramlarının layihələrinin
tərtibi iqtisadi proqnozlara əsaslanır.
Ölkədə ilk dəfə 2003-cü ildə 2004-2006-cı illəri
əhatə edən iqtisadi proqnoz hazırlanmışdır. Hazırda isə 2009-cu ildə hazırlanan 2010-2013-cü illəri
əhatə edən proqnozlar əsas kimi qəbul olunur. Proqnozlar əsasında tərtib
edilən və həyata keçirilən
dövlət proqramları
ölkə iqtisadiyyatının
inkişafının tənzimlənməsi
məqsədi ilə bütün sahələri
əhatə edir.
Məsələn yalnız
təhsil sahəsini əhatə edən 16 Dövlət Proqramının
reallaşması yeni məktəblərin tikilməsinə,
təhsilin müasirləşməsinə,
stimullaşdırılmasına, keyfiyyətinin yüksəldilməsinə
və hər il çoxsaylı tələbələrin xaricdə,
(dövlət hesabına)
təhsil almasına səbəb olmuşdur. Hər il
xaricdə təhsil alan tələbələrin
sayını artırmaqla
bu proses davam edir.
(ardı
var)
Roza ƏLİYEVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının "İqtisadiyyatın dövlət
tənzimlənməsi" kafedrasının
müdiri
Xalq qəzeti.- 2012.-
7 mart.- S. 9.