Azərbaycan dünya xəritəsində öz
layiqli yerini tutmuşdur
Bizim
bütün işlərimiz sistemli şəkildə, proqramlar
əsasında aparılır. İlk növbədə strateji
istiqamətlər müəyyən edilmişdir, düzgün
müəyyən edilmişdir. Bu strateji hədəflərə
çatmaq üçün konkret icra mexanizmləri də
vardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Ulu öndər Heydər Əliyev
uzaqgörənliklə dediyi, "Azərbaycan dünyaya
Günəş kimi doğacaq" müdrik kəlamı
özünün əyani ifadəsini tapmışdır. 20
ildən artıqdır ki, müstəqillik yolları ilə
inamla irəliləyən Azərbaycan Respublikası Cənubi
Qafqazda lider dövlətə çevrilmiş, dünya xəritəsində
özünün layiqli yerini tuta bilmişdir. Bu
uğurların başlıca səbəbi XX-XXI əsrlər
siyasətinin canlı əfsanəsi, təkcə Azərbaycanın
deyil, regionun və dünya sivilizasiyasının tərəqqisinə
xidmət edən ulu öndərin hazırladığı
davamlı islahatlar olmuşdur. Ümummilli lider Azərbaycanı
dünyaya tanıtdı, iqtisadiyyatımızın, hərbi
siyasətimizin əsasını qoydu, Azərbaycanı sivil
dünyanın bir parçasına çevirdi.
Bu böyük siyasət xadiminin ən mühüm xidmətlərindən biri Azərbaycanın gələcək taleyini etibarlı rəhbərə həvalə etməsində idi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, görkəmli siyasi xadim İlham Əliyev hakimiyyətə gəldiyi ilk dövrdən ölkəni davamlı islahatlar yoluna çıxardı, Azərbaycan müstəqil dövlət kimi möhkəmləndi, inkişaf etdi. Azərbaycan 20 illik müstəqillik dövründə öz gələcək inkişafının əsasını qoymuşdur. Cənab Prezident İlham Əliyev 20 ildə keçdiyimiz tarixi yolu belə xarakterizə etmişdir: "Biz 20 il ərzində böyük yol keçmişik - müstəqillik yolu, suverenlik yolu, azadlıq yolu... Bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi qəbul edə bilərik və edirik. Ancaq biz hamımız, bizim vətəndaşlarımız bilirik ki, müstəqil Azərbaycan üçün bu, birinci addımlardır. Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır".
Dünyanın təcrübəli politoloqlarından biri, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski 2003-cü ildə Azərbaycan Prezidentinin andiçmə mərasimindən 7 gün sonra İlham Əliyevlə görüşündə indiki uğurların əsas səbəblərindən birini çox düzgün dəyərləndirmişdir. O, ulu öndərin 10 illik hakimiyyətini kamana bənzətmiş və demişdir ki, bu kamandan atılan ox gələcək inkişafa doğru aparacaq. Doğrudan da, Azərbaycan son illər çox sürətlə irəliləyərək inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri sırasına çıxdı. Son illərdə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialından səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi bu sürətli iqtisadi inkişaf sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradır.
Azərbaycanda iqtisadi inkişafa stimul verən proseslərdən biri də, həyata keçirilən davamlı islahatlardır. Bu gün ölkəmizin iqtisadiyyatı tam olaraq bazar iqtisadiyyatının prinsipləri əsasında qurulub. Özəl sektor bunun nəticəsində sürətlə inkişaf edir. Qlobal maliyyə böhranı şəraitində ölkəmizə valyuta ehtiyatlarının daxil olması fonunda Azərbaycanın bütün sahələr üzrə yüksək templə irəliləyişi müşahidə olunur. Dayanıqlı iqtisadi artımın təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluğun səviyyəsinin yüksəlməsi, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşması inkişaf strategiyasının ən başlıca istiqamətlərindəndir.
Bütün bunların nəticəsidir ki, ölkənin bütün bölgələrindəki kənd və qəsəbələrdə tamamilə yeni mənzərə yaranıb. Ölkə Prezidenti cənab İlham Əliyev hansı bölgəyə səfər edirsə orada onlarla yeni sənaye, sosial obyektlərin açılışı, yaxud təməlqoyma mərasimləri keçirilir. Görün, son illər Azərbaycanın şəhər və rayon mərkəzlərində nə qədər məktəblər, regional səhiyyə ocaqları, olimpiya mərkəzləri, uşaq bağçaları, turizm obyektləri və s. istifadəyə verilib. Bunlar hamısı dövlət rəhbərinin qurub yaratmaq əzminin nəticəsidir.
Cənab Prezident hakimiyyətə gəldiyi dövrdən sonra yeni əsrin, yeni zamanın lideri kimi xalqın və dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərinə götürməyə qadir olduğunu birmənalı şəkildə sübut etdi. Ölkə başçısının siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasət sahəsində atdığı addımlar məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Cənab Prezidentin çevik, uzaqgörən siyasi kursu ölkənin müstəqilliyinin möhkəmlənməsinə təminat yaradaraq, ona dönməz xarakter verir.
İqtisadiyyatı güclü olan dövlət bütün sahələrdə inkişafa nail ola bilər. Beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlığın genişləndirilməsində iqtisadi potensialın böyük əhəmiyyəti vardır. Son illər bu əlaqələrin möhkəmlənməsi onu sübut edir ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafına böyük inam var və ölkəmizin ildən-ilə daha yüksək nailiyyətlər qazanacağı şübhəsizdir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində davamlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşması məqsədi dayanır. Bu siyasət isə neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən siyasi və sosial-iqtisadi modernləşməyə əsaslanan yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi-nəzəri və praktiki yollarını, inkişaf prioritetlərini dövrün sosial-iqtisadi tələblərindən irəli gələn keyfiyyətcə yeni bir mərhələsində uğurla davam etdirilməsi, cənab Prezident ölkə tarixində görünməmiş yüksəlişi reallığa çevirdi. Hazırda dövlət başçısı İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri tədbirləri görmək bacarığı ilə ölkədə və ölkə xaricində öz nüfuzunu artıraraq böyük rəğbət qazanıb.
Prezident İlham Əliyev bir siyasi xadim kimi bu gün müstəqil respublikanın siyasi sistemini müəyyənləşdirir. Xarici ölkələrin rəhbərləri, siyasi ekspertlər İlham Əliyevi siyasi sabitliyin, əməkdaşlığın və sülhün qarantı hesab etməkdə yanılmırlar. Artıq Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur.
Müstəqillik yolunda inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq proseslərində yaxından iştirak edən bir dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilib. Demokratiya və müstəqillik ideyalarına sadiq olan Prezident İlham Əliyev ölkəmizin milli mənafeyini yüksək səviyyədə qoruyur.
Bütün bunlar Azərbaycanda həyata keçirilən çevik xarici siyasət nəticəsində mümkün olmuşdur. Bu xarici siyasətin əsasını ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin mənafelərinə və maraqlarına toxunmaq və sair məsələlər təşkil edir.
Azərbaycan çox mürəkkəb geosiyasi məkanda, Qərblə Şərqin qovuşduğu, müxtəlif maraqların çuğlaşdığı bir məkanda yerləşir.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri də məhz Qərblə Şərqin aparıcı dövlətləri ilə münasibətlərin tənzimlənməsi, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulması idi. Bu gün Azərbaycanın geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilərək, həmin amillər bu ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılmışdır. Artıq bu ölkələrlə münasibətlər əlaqələr səviyyəsindən sistemli xarici siyasət kursu səviyyəsinə qaldırılmışdır.
Qeyd edim ki, həyata keçirilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə daxil olan müstəqil Azərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan vermişdir.
Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq normaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. BMT, Avropa Birliyi, Avropa Şurası, MDB, İslam dünyası ölkələrini İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müəyyənləşdirilmiş və həyata keçirilmişdir.
Ermənistanın təcavüzünün dəf edilməsi respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövrlərində Azərbaycan diplomatiyasının qarşıya qoyduğu istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan ayrı-ayrı nüfuzlu dövlətlərin dəstəyinə nail olmadan, hərtərəfli düşünülmüş diplomatik iş aparmadan güc tətbiq etməklə bu məsələnin həllinə yönələn hər bir cəhd uğursuzluğa məhkumdur. Ona görə də Azərbaycan diplomatiyası son dövrlər bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəltmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu problemi bütün xarici səfərlərindəki görüşlərində ön plana çəkir, Qarabağ probleminin həllində xarici dövlətlərin dəstəyini qazanmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Əlbəttə, cənab Prezident bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin dəstəklədiyini bildirib: "Bütün dünya bilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu mövqe həm beynəlxalq hüquq normalarına, həm də tarixə əsaslanır". Cənab Prezidentin bu təkidli tələbi bütün xarici ölkələrdə, eləcə də onların nümayəndələri ilə görüşlərində dəfələrlə səslənib və artıq bütün dünya Azərbaycanın bu mövqeyinin birmənalı olduğunu dəqiq müəyyənləşdirib.
Dövlət başçısı Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı iclasında bir daha bəyan etmişdir: "Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz". Dağlıq Qarabağla bağlı aparılan bütün danışıqlar məhz bu prinsiplər əsasında həyata keçirilir.
Bu gün Azərbaycan bölgədə ən güclü orduya malikdir. Dövlət büdcəsindən hərbi məsələlərə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Məsələn, əgər 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdisə, 2012-ci ildə 3 milyard 474 milyon dollar nəzərdə tutulmuşdur.
Ermənistan da Azərbaycanın güclü orduya malik olduğunu yaxşı bilir. Yaxşı bilir ki, uzun müddət özünün böyük cəhdlə üzv olmaq istədiyi BMT-nin Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan qələbə çaldı. Biz bu mötəbər beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına seçkilərdə qələbə çalmaqla böyük strateji imkanlar qazandıq. Bu Azərbaycanın böyük uğuru, qələbəsi idi. Bununla Azərbaycanın beynəlxalq arenada nüfuzu xeyli artmış oldu. Cənab Prezident elə bu yaxınlarda Davos İqtisadi Forumundakı görüşlərində də bu məsələlərə konkret münasibət bildirib.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün çox ciddi problemlər yaradıb. Bu problemlərdən ən başlıcası 1 milyon soydaşımızın öz yurd-yuvalarından məcburi köçkün vəziyyətinə salınmasıdır.
Hələ ulu öndər Heydər Əliyev bu insanların həyat şəraitini və məşğulluğunu yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə olunmasının vacibliyini bildirmiş və bu istiqamətdə çox uğurlu tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Cənab İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirərək, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin və məşğulluğunun artırılması üçün çox dəyərli layihələri reallaşdırmışdır. 2004-cü ildə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və cənab Prezidentin imzaladığı Dövlət Proqramı və 2007, 2011-ci illərdə həmin proqrama əlavələrin qəbulu ilə bağlı Prezident sərəncamları bu kateqoriyadan olan insanların bir sıra problemlərinin həllində əhəmiyyətli rol oynadı. Ən başlıcası isə cənab Prezidentin "Ölkədə bir çadır şəhərciyi də qalmayacaq" vədi artıq öz real həllini tapmışdır. Bu onun nəticəsidir ki, ölkə rəhbəri hər an bu problemlə maraqlanır, onu gündəlik nəzarətində saxlayır.
Doğrudan da, ölkədə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Belə bir fakta diqqət yönəltmək istərdim: Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Məcburi köçkünlərə qayğının nəticəsidir ki, bu vaxta kimi Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınıb. 22 min ailənin 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Əlbəttə, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyası olmasaydı, bu irimiqyaslı layihələri yerinə yetirmək mümkün olmazdı. Hazırda qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün yeni layihələr reallaşdırılır. Rəhbərlik etdiyim Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu da bu istiqamətdə işləri davam etdirir. Biz yeni-yeni qəsəbələrin, məhəllələrin, yüksək mərtəbəli yaşayış binalarının inşasını davam etdirir, yaxın vaxtlarda onları məcburi köçkünlərin istifadəsinə verəcəyik.
Bizim üçün çox fəxrdir ki, cənab Prezident inşa etdiyimiz qəsəbələrin açılışında iştirak edir, orada məcburi köçkünlərlə görüşür, onların problemləri ilə yaxından tanış olur. 3 belə qəsəbənin açılışında Prezident iştirak etmişdir. 2011-ci il dekabrın 24-də cənab Prezidentin ad gününü Qarabağ bölgəsində laçınlı məcburi köçkünlərlə keçirməsi ölkə başçısının bu insanlara böyük qayğısının nümunəsi deyilmi? Həmin görüşdə Prezidentin dediyi bu sözlər: "Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz" bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.
Qeyd etməliyəm ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında, onlar üçün yeni sosial obyektlərin inşasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da böyük xidmətləri olmuşdur.
Məcburi köçkünlərin məşğulluğunun artırılması üçün ölkəmizdə çox uğurlu layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondu məcburi köçkünlərə güzəştli kreditlər vermişdir. Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə bizim Fond tərəfindən müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmişdir ki, ötən dövr ərzində bundan kifayət qədər məcburi köçkün faydalanmışdır.
Azərbaycanın iqtisadi imkanlarının artmasına baxmayaraq bu gün də 45 beynəlxalq, 41 yerli humanitar təşkilat xətti ilə hökumət üçün prioritet sayılan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir. Söz yox ki, bu da cənab Prezidentin onlar üçün yaratdığı şəffaf, sərbəst şəraitin nəticəsidir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Qetteres, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris, BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı qeyd etmişlər: "Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlərlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan Hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir".
Bu gün Azərbaycan əhalisi cənab Prezidentin həyata keçirdiyi siyasi kursu ürəkdən dəstəkləyir. Buna mən Milli Məclisin deputatı kimi seçicilərlə görüşlərimdə bir daha əmin olmuşam. Azərbaycan xalqı əmindir ki, cənab Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi dünyanın qabaqcıl ölkələri sırasına çıxaracaq. Cənab Prezident Nazirlər Kabinetinin iclasında söylədiyi bu fikirlər bunu deməyə əsas verir. "Mən istəyirəm ki, ölkə qarşısında duran bütün vəzifələr tezliklə həllini tapsın. Biz bu işləri yüksək templə görürük. Bütün hökumət üzvlərinə və dövlət qurumlarına mənim tapşırığım bundan ibarətdir ki, bütün bu işlər qısa müddət ərzində, ancaq keyfiyyətlə görülməlidir".
Ayaz ORUCOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2012.- 7 mart.- S. 8