Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozur

 

Dünya birliyi isə buna göz yumur

 

Qloballaşan dünya hadisə və proseslərin tez-tez dəyişməsi, müharibələrin, münaqişələrin, təbii fəlakətlərin, epidemiyaların, epizotiyaların, böyük ekoloji və digər qəzaların səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Ümumilikdə isə istər fövqəladə vəziyyət, istər hərbi vəziyyət və istərsə də müharibə vəziyyəti, onların hər birinə ümumi və fərdi yanaşma tələb edir. Lakin birmənalı şəkildə qeyd etmək olar ki, bu xüsusi vəziyyətlər insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi ilə, onun hər an diqqətdə saxlanılması ilə və müstəsna yanaşma kontekstində həyata keçirilə bilər. SSRİ-nin mövcud olduğu dövrdə bu məsələlər əsasən İttifaq dövləti tərəfindən tənzimlənir və idarə olunurdu. Məsələn, 22 iyun 1941-ci ildə "Hərbi vəziyyət haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ölkədə xüsusi rejimin tətbiq olunması ilə yadda qalmışdır.

 

Azərbaycan SSR öz tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin 20 fevral 1988-ci il tarixli qanunsuz qərarı ilə hələ SSRİ-nin mövcud olduğu dövrdə Dağlıq Qarabağ münaqişəsinə cəlb edilmişdir. 21 sentyabr 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi vəziyyət elan edilmiş və qadağan saatı qoyulmuşdur. 12 yanvar 1989-cu ildə isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə forması" müəyyən etmiş və ictimai asayişi qorumaqdan ötrü SSRİ-nin daxili işlər orqanlarının 5400 nəfərdən ibarət əməkdaşını bu işə cəlb etmişdir. Bütün bu tədbirlərə baxmayaraq, keçən əsrin 90-cı illərindən etibarən Dağlıq Qarabağ münaqişəsi insan hüquqlarının pozulmasının mühüm səbəblərindən birinə çevrilmiş və bu proses bu günə qədər davam etməkdədir. Milli zəmində azərbaycanlılara qarşı təşkil edilən deportasiya, qətliam və soyqırımının tarixi qədim olsa da, keçən əsrin 80-ci illərinin axırlarından bu proseslərin yeni dalğası başlandı. İlk qurbanlar, iki azərbaycanlı gənc - Əli və Bəxtiyar milli münaqişə zəminində erməni seperatçıları tərəfindən qətlə yetirildilər. Həmin ərəfədə Ermənistan adlanan ərazidən iki yüz mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən, tarixən onlara məxsus olan qədim torpaqlarından zorla köçürüldü. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfərə qədər insan yaralanmış, 50 min nəfərə qədər insan bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Eləcə də təcavüz nəticəsində 17 min kvadratkilometr kənd təsərrüfatına yararlı torpaq sahəsi işğal altında qalmış, 900 yaşayış məntəqəsində olan 130939 ev, 2389 sənaye və kənd təsərrüfatı obyektləri, 1025 təhsil, 798 səhiyyə, 1510 mədəniyyət müəssisələri, 5198 kilometr avtomobil yolları, 348 körpü, 76940 kilometr elektrik xətti, 7568 kilometr su xətti dağıdılmışdır. Münaqişə ilə bağlı hətta BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr çıxarılmasına baxmayaraq, onların heç biri indiyə qədər icra olunmamışdır. Bütün bu vəziyyət Azərbaycanda qadın və uşaq hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarmış və bu təhdid bu gün də davam etməkdədir.

Beynəlxalq hüquq münaqişələr və müharibələr vəziyyətində insan hüquqlarının mühafızəsinin və müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzim etmişdir. Müstəqillik illərində Azərbaycanda bu istiqamətdə zəruri olan normativ-hüquqi aktlar qəbul edilmiş, mexanizmlər yaradılmış, tədqiqatlar aparılmış, bir sıra məsələlərə aydınlıq gətirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli Təhlükəsizlik Konsepsiyası" və Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hərbi doktrinası" müharibə vəziyyətində olan ölkəmiz üçün həyati əhəmiyyətli məsələlərin həlli sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir. Ölkədə "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Fövqəladə vəziyyət haqqında", "Hərbi vəziyyət haqqında" qanunların qəbul edilməsi, Fövqəladə Hallar Nazirliyinin yaradılması, habelə bütün bu məsələlərlə bağlı hüquqi tənzimlənmə problemlərinin beynəlxalq standartlara müvafiq olaraq hazırlanması nisbətən daha çox zərurət duyulan qadın və uşaq hüquqlarının qorunmasına və müdafıəsinə diqqətin artırılmasını tələb edir.

"Müharibə qurbanlarının müdafiəsinə dair" 12 avqust 1949-cu il Cenevrə Konvensıyasının tələbləri, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi "İtkin düşmüş şəxslər haqqında", habelə "Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qətnamələri Ermənistan Respublikası tərəfindən pozulur. Belə ki, Cenevrə Konvensiyasının şərhinə həsr olunmuş sənədin 27-ci maddəsində göstərilir ki, bütün mülki əhalinin istifadə etdiyi ümumi müdafiədən əlavə, qadınlar onların şərəfinə hər cür qəsdən xüsusi olaraq müdafiə edilməlidirlər. Bu, onların milli mənsubiyyətindən, irqindən, dini etiqadından, yaşayış, ailə və sosial vəziyyətindən asılı olmayıb, qadınlıq ləyaqətindən irəli gəlir. Bu mənada BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli 3318 saylı qətnaməsi ilə təsdiq edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə" mühüm əhəmiyyət kəsb edir. Orada göstərilir ki, mülki əhaliyə, xüsusən onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzablar gətirən hücum edilməsi qəti qadağandır. Buna görə də bəyannamənin 5-ci maddəsi birmənalı şəkildə müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə həbsxanaya salma, işgəncə vermə, güllələnmə, kütləvi həbsə alma, kollektiv cəzalandırma, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdankənar davranış formalarını cinayətkar əməl hesab edir.

BMT Baş Məclisinin Vyana Bəyannaməsində (1993-cü il) və onun fəaliyyət proqramında birmənalı şəkildə göstərilir ki, silahlı münaqişə şəraitində qadınların insan hüquqlarının pozulması beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi dəyərləndirilməli və belə əməllərə görə ən ciddi tədbirlər görülməlidir. Bu mövqe BMT Baş Məclisinin "Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması haqqında Bəyannamə"sində və Pekin Bəyannaməsində 1995-ci ildə öz əksini tapmışdır. Ermənistanın işğalçı ordusu Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozur.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarından aydın olur ki, hazırda əsir və itkin düşmüş, habelə girov götürülmüş şəxslər siyahısında olan 4211 nəfərin 256 nəfərini qadınlar, 47 nəfərini uşaqlar təşkil edir. Əsir götürülmüş 783 nəfərin isə 46 nəfərini qadınlar, 18 nəfərini uşaqlar təşkil edir. Komitənin gördüyü tədbirlər nəticəsində əsirlikdən xilas edilmiş 1400 nəfərdən çox insanın 343 nəfəri qadın, 169 nəfəri isə uşaq olmuşdur. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 613 nəfərin 63 nəfərini azyaşlı uşaqlar, 106 nəfərini isə qadınlar təşkil etmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirmiş, 8 ailə tamamilə məhv edilmişdir. Bu zaman xəsarət alan 487 nəfərdən 76 nəfəri uşaqlar olmuşdur. Bu illər ərzində minaya düşmüş 350 nəfər uşağın da 56 nəfəri həlak olmuş, 294 nəfəri isə yaralanmışdır... Xocavənd rayonunun işğalı zamanı girov götürülmüş 117 nəfərin 50 nəfəri, Horadizin işğalı zamanı girov götürülmüş 40 nəfərin 29 nəfəri, Gorazilli kəndinin işğalı zamanı girov götürülmüş 40 nəfər, Kəlbəcər rayon Başlıbel kəndindən girov götürülmüş 29 nəfər qoca qadın və uşaq dərhal qətlə yetirilmiş, onların meyitləri üzərində vandalizm əməlləri törədilmişdir... Bəzi əsirlərin və girovların bədənləri üzərində işgəncələr, eksperimentlər aparılmış, transplantasiya məqsədilə ayrı-ayrı hissələr kəsilib götürülmüşdür.

Bu gün də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi qadın və uşaq hüquqlarının mühafizəsi və etibarlı müdafiəsi üçün ciddi problemlər yaradır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq çağırışlar regionda baş verən faciəvi hadisələr kontekstində olduqca miskin görünür. Ermənistan beynəlxalq birliyin üzvü olsa da, faktiki olaraq üzərinə götürdüyü öhdəliklərə, BMT-nin məlum dörd qətnaməsinin icrasına əməl etmir.

Ağdamda, Tovuzda və digər sərhəd rayonlarımızda, suda axıdılan uşaq oyuncağına yerləşdirilmiş bombanın partlaması nəticəsində Rusiyadan qonaq gəlmiş azərbaycanlı məktəblinin həlak olması və ya məktəbə gedən şagirdin Ağdam rayonunda snayperdən açılmış atəşlə qətlə yetirilməsi yaxın günlərimizin acı reallıqlarıdır. Belə faktlar kifayət qədər tez-tez təkrarlanan ağır hadisələrdir.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin, Qırmızı Aypara və Qırmızı Xaç komitələrinin, ATƏT-in müvafiq qurumlarının səyləri hələlik müsbət nəticələr vermir. Atəşkəs elan olunsa da, Ermənistan dövləti faktiki olaraq müharibəni açıq şəraitdə davam etdirir. Sanki atəşkəs adı altında erməni siyasəti fasiləsiz olaraq məkrli şəkildə həyata keçirilir. Bu da qadın və uşaq hüquqlarının pozulması hallarının sistemli və ardıcıl şəkil almasına gətirib çıxarmışdır. Proseslərin belə ardıcıl davam etməsi və ağır nəticələr verməsi ciddi tədbirlər görülməsinə zərurət yaradır. Hesab edirəm ki, qadın və uşaqlara qarşı iyirmi ildən çox davam edən bu faktların mənzərəsini yaradan nəşrlərin hazırlanması və müxtəlif dillərə tərcümə edilərək dünya ictımaiyyətinə çatdırılması olduqca vacibdir. Bu gün beynəlxalq və milli səviyyədə hamı insan hüquqlarının müdafiəsindən və mühafizəsindən danışsa da, ölkəmizdə qadın və uşaq hüquqları erməni seperatçıları tərəfindən, demək olar ki, hər gün pozulur.

Ulu öndər Heydər Əliyev parlamentdə Dağlıq Qarabağ münaqişəsinin vəziyyətinə dair aparılan müzakirələrdə haqlı olaraq demişdir ki, biz Azərbaycan xalqının hüquqlarının kütləvi şəkildə, vəhşicəsinə pozulmasını ön planda çatdırmalıyıq və bunu yaymalıyıq, bunu bildirməliyik. Bu, bizim tarixi vəzifəmizdir, hər bir azərbaycanlının tarixi vəzifəsidir. Hərə öz imkanı çərçivəsində gərək bu vəzifəni yerinə yetirsin.

Qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən milli təşkilatlar Ermənistan dövlətinin qadın və uşaqlara qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinə dair faktları toplamaqla beynəlxalq səviyyədə mühakimə qurulması üçün tədbirlər görməlidirlər. Belə tədbirlərdən biri xüsusi statuslu məhkəmə orqanlarının yaradılması barədə təşəbbüsün qaldırılması, erməni faşistlərinin əməllərinin beynəlxalq tribunala verilməklə, layiqincə cəzalandırılması üçün tədbirlər görülməsinə istiqamətləndirilməlidir.

Azərbaycanda fəaliyyət göstərən insan hüquqlarının müdafiəsinə dair beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq genişləndirilməli, hər bir fakt haqqında onların vasitəsilə, habelə birbaşa həyata keçirilən tədbirlər sistemi hazırlanıb həyata keçirilməlidir. Bu zaman qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda və Ermənistanda fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların fəaliyyətsizliyi, ən aşağısı, laqeydliyiciddi surətdə diqqətə çatdırılmalıdır. Bu qurum fəaliyyətindəki bürokratiya, süründürməçılik, qətiyyətsizlik müzakirə edilməli və onlardan ictimai haqq-hesab tələb edilməlıdir.

Bu gün Azərbaycanda və Ermənistanda münaqişə ilə bağlı beynəlxalq missiyanı həyata keçirən çoxsaylı qurumlar vardır. Buna baxmayaraq tez-tez təkrarlansa da, münaqişə nəticəsində girov götürülən əsirlərin, öldürülmüş şəxslərin meyitlərinin vaxtında qaytarılması istıqamətində səmərəli və intensiv tədbirlər görülmür. Ermənistanın günahı üzündən sərhədyanı regionlarda kənd təsərrüfat işlərinin həyata keçirilməsində ciddi problemlər vardır. Ekologiya qəsdən korlanır, meşələr yandırılır, heyvanat aləmi məhv edilir, sular zəhərlənir, tarixi abidələr dağıdılır. Ümumilikdə, Ermənistanın silahlı qüvvələri münaqişə dövründə azərbaycanlılara qarşı soyqırımı, köləlik, əhalini deportasiya etmə, cinsi zorakılıq, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq və digər bu kimi sülh və insanlıq əleyhinə olan və müharıbə cinayətləri törədilməsinə dair çoxsaylı faktlar vardır. Münaqişə başlanandan sonra törədilən və bu gündavam edən cinayət əməllərinin, o cümlədən qadın və uşaqlara qarşı törədilən ağır cinayət əməlləri ölkənin istintaq orqanlarının topladığı çoxsaylı dəlillərlə mübahisəsiz qaydada sübut olunur.

Münaqişə tərəflərinə sərbəst gedib-gələn beynəlxalq missiyanın əməkdaşları ən sadə problemlərin belə həllini təmin etməkdə acizdirlər. Nəzarətsiz zonalarda narkotik plantasiyalar salınır və narkotiklər istehsal edilir. Bu fakt BMT-nin trıbunasından dəfələrlə səslənmişdir, lakin BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi bu barədə tədbir görmək niyyətində deyildir, onlar sadəcə olaraq bu faktları təkrar-təkrar elan etməklə vəzifələrini bitmiş hesab edirlər. Müvafiq beynəlxalq və regional təşkilatların törədilən cinayətlərə, o cümlədən insan hüquq və azadlıqlarına qəsd edən əməllərə qarşı aşkar hərəkətsizliyi iyirmi ildən çoxdur ki, davam edir. Bu, ümumiyyətlə beynəlxalq ictimaiyyətin erməni faşistlərinin qəddar cınayətlərinə qarşı laqeydliyidir. Bütün bunlar onu göstərir ki, hər iki ölkədə səmərəli tədbirlər həyata keçirmək iqtidarında olan işlək mexanizmin yaradılması barədə tədbir görmək vaxtı çatmışdır. Belə təəssürat yaranır ki, beynəlxalq qurumlar münaqişənin uzanmasından və dərinləşməsindən narahat deyillər. Xalqın isə səbr kasası dolmuşdur.

Bu gün dünyada çoxsaylı beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Onların bir hissəsi illərlə uzanan münaqişələrin müxtəlif məsələlərinin həlli ilə məşğuldur. Lakin aydındır ki, təkcə beynəlxalq təşkilat yaratmaq məsələni həll etmir. Bu gün BMT kimi bir qurum öz qərarlarını icra etmək iqtidarında deyilsə, bu onun nüfuzuna təsir edir, onu hörmətdən salır, onun fəaliyyətini şübhə altına alır. Ümumilikdə isə sual yaranır: Öz qərarını icra etmək iqtidarına malik olmayan beynəlxalq qurumun üzv dövlətlərin milyonlarla vəsaiti hesabına saxlanılmasına zərurət vardırmı? Ona görə də indi BMT-yə inamümid azalmışdır. Bununla belə onu əvəz edəcək bir qurum bu gün varmı? Suallar çoxdurdüşündürücüdür. Lakin çıxış yolu tapılmalıdır.

Dövlətlərarası münaqişələrin və mübahisələrin qloballaşma dövründə daha da artacağı və dərinləşəcəyi şübhə doğurmur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən hərbi və ya inzibati qurumların işlək mexanizmlərinin yaradılması zamanın tələbidir. Məsələn, belə bir missiyanın NATO tərəfindən həyata keçirilməsinin mümkünlüyü məsələsinin nəzərdən keçirilməsi vaxtı çatmışdır. İstər NATO, istərsə də yeni yaradılacaq hər hansı başqa xüsusi qurum üzv dövlətlərin birgə səyləri və razılıqları ilə təşkil olunmalı, onun fəaliyyətinin və mexanizmlərinin hüquqi tənzimlənməsi təmin edilməlidir.

Münaqişə zonalarında, habelə ekstremal vəziyyətlərdə qadın və uşaq hüquqlarının mühafizəsini təmin edən tədbirlərə diqqətin artırılması vaxtı çatmışdır. Bunu ölkəmizin Dağlıq Qarabağ münaqişəsi kontekstində üzləşdiyi reallıqlar və beynəlxalq hüququn prinsipləri tələb edir. Bunu sülhsevər Azərbaycan xalqının qadın və uşaq hüquqlarının qorunmasına olan böyük rəğbəti, məhəbbəti və istəyi tələb edir.

 

 

SƏİDƏ HƏSƏNZADƏ,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun Beynəlxalq

hüquq və beynəlxalq münasibətlər

şöbəsinin böyük elmi işçisi, hüquq

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 7 mart.- S. 6.