Qədim Bülbülənin yeni günləri

 

Son illərdə Suraxanıda aparılan hərtərəfli yeniləşmə, abadlıq-quruculuq işləri rayonun Bakı şəhərinin mərkəzi hissəsi tərəfdən qapısı sayılan Bülbülə qəsəbəsinin də simasını tamamilə dəyişdirmişdir. Yeni və köhnə aeroport yollarının yenidən qurulması ilə əlaqədar ətrafda aparılan əsaslı işlər bu qədim yaşayış məntəqəsinə də infrastruktur dəyişiklikləri gətirmişdir. Müsahibimiz - Bülbülə Bələdiyyəsinin sədri Natiq Həsənov başçılıq etdiyi yerli özünüidarəetmə qurumunun bu prosesdə iştirakı barədə bildirdi:

 

- Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi proqramlar, Prezident İlam Əliyevin paytaxtın problemlərinin həllinə göstərdiyi ardıcıl diqqət və qayğı Bülbülənin də zaman-zaman yığılıb qalmış məsələlərinin həllini sürətləndirmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun ciddi tələbkarlığı altında dövlət vəsaitindən və daxili imkanlardan maksimum istifadə edilir, qəsəbənin infrastrukturu yenidən qurulur, çağdaş inkişafın tələbindən doğan ehtiyaclara diqqət artır. Rayonun təsərrüfat və xidmət qurumları gecə-gündüz quruculuq-abalıq işlərini davam etdirir, paytaxtın bu zonasında müasir həyat şəraitinin yaradılmasına çalışırlar.

Son vaxtlar bizim qəsəbənin də abadlaşdırılması, sakinlərin qaldırdıqları sosial problemlərin həll edilməsi, xüsusən qış mövsümündə meydana çıxan qayğılarla bağlı rayonda ardıcıl tədbirlər həyata keçirilir. Aeroport yolundakı Bakıxanov dairəsindən Bülbüləyə gələn yolun 1 kilometrlik hissəsinin yenidən qurulması və Nərimanov küçəsindən 208 saylı məktəbədək olan ərazinin abadlaşdırılması şəhərin mərkəzinə gediş-gəlişi rahatlaşdırmış, qəsəbənin ümumi görkəmini gözəlləşdirmişdir.

Gölətrafı ərazidə də zəruri bərkitmə, bəndsalma və səliqə-sahman işləri aparılmışdır. Qəsəbə qəbiristanlığının gölə birləşən ərazisi, S.Əliyev küçəsindəki keçid yolu daşla doldurulmuş, hamarlama işləri görülmüş, 700 metr yola asfalt döşənmişdir. Nərimanov küçəsinin göllə birləşən dalanında gölməçələr ləğv edilmişdir.

S.Bəhlulzadə küçəsində 3-cü dalana kanalizasiya xətti çəkilməsi, qəsəbədaxili yollara çınqıl tökülməsi, zibilxanaların ləğv edilməsi kimi illərdən bəri narazılıq doğuran məsələlərin aradan qaldırılması sakinlərin ürəyindən olmuşdur. Bülbülə Bələdiyyəsinin inzibati binasının təmir edilməsi isə bizim özümüz üçün əlverişli şəraiti yaratmışdır.

Müsahibimiz sonda dedi:

- Bələdiyyə üzvləri daim sakinlərlə sıx təmasdadır. Adamların arzu və təkliflərinin vaxtında öyrənilməsi işimizi günün tələbləri səviyyəsində qurmağa kömək edir. Ərazidəki adamları problemlərin həllində yaxından iştirak edirlər. Bu yaxınlarda bələdiyyənin ötənilki fəaliyyətinə yekun vurduq, işimizə özünütənqid ruhunda qiymət verdik, bu il qarşıda duran konkret vəzifələrin həlli yollarını müəyyənləşdirdik. Məqsədimiz Bakıətrafı kəndlərin inkişafına dair dövlət proqramının yaratdığı imkanlardan təşəbbüskarlıqla istifadə etmək, Suraxanı rayonunun icra və xidmət qurumları ilə sıx əlaqədə Bülbülə qəsəbəsini paytaxtın abad, xoş güzəranlı yaşayış məntəqələrindən birinə çevirməkdir.

Bülbülə bülbüllər məkanı deməkdir. Bu nəğməkar quşlar həmişə abad, yaşıl, gül-çiçəkli, gözəl mənzərəli yerlərdə yuva qururlar. Bu ada layiq olmaq, qəsəbəmizi hər guşəsində bülbüllər ötən bir məkana döndərmək üçün başlanmış işləri məqsədyönlü şəkildə davam etdirəcəyik.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2012.- 7 mart.- S. 6.