Qadın dünyanın ən böyük şeiriyyətidir

 

Qadın gözəlliyi, sədaqəti, cəfakeşliyi olmasaydı, bəlkə də, şairlər də olmazdı. İnsanda, xüsusən, kişilərdə ən böyük sevgi, ən dərin hissiyyat, ən uca fikir yaradan varlıq qadındır.

 

Şairlərin ulu babası, şübhəsiz, ilk şeirini qadın gözəlliyinə həsr edib. Həzrəti Adəm də, yəqin, Həvva nənəmizə heç olmasa bir bayatı qoşubmuş. Nənəmiz, anamız, bacımız, həyatımızın yarısı olan sevgilimiz, sabahımızın anası olacaq qızlarımız sonsuz şeiriyyətə layiqdirlər. Odur ki, min illərdir şairlər dəryaları mürəkkəbə, qamışıları qələmə çevirib qadın ülviyyətini vəsf edirlər - nə ucudur, nə də bucağı...

İlin bütün günlərində qadınlar həyatımızın bəzəyi, ömrümüzün şirinliyidir. Lakin bu bəs etmədiyindən ilin ən gözəl günlərindən biri qadınların şərəfinə ümumudünya bayramı elan olunub. Həmin gün bütün qədirbilən bəşəriyyət analara, qadınlara olan sonsuz ehtiramı bütün möhtəşəmliyi ilə ifadə etməyə çalışır. Lakin qadınlara tərif söyləmək, ehtiram göstərmək azdır. Ən vacib məsələ qadını bəladan, şərdən, dünyanın ağır yükündən xilas etməkdir. Təəssüflər olsun ki, ötənlərin ağır yükü, dərdi həmişə qadınların kürəyinə çatılıb. Amma o, bütün bunlara dözüb, insanlığın sabahına layla çalıb, qaranlıqlara qəlbinin odundan işıq salıb.

Azərbaycan qadınının da zaman-zaman bir gözü gülüb, bir gözü ağlayıb. Çətin tarixlərdən keçəndən sonra dövlət müstəqilliyimizə, milli varlığımıza, ana dünyamıza qovuşmağımız Yaradanın və talenin Azərbaycan qadınına ən böyük hədiyyəsi oldu. Bu tarixi şərait xalqımızın qadına olan hörmətini ifadə etməsinə geniş imkanlar açmışdır. Dövlətimiz də qadına diqqət və qayğını üstün siyasət sayır. Qadınılarımızı ağrıdan bəlaları aradan qaldırmaq üçün ardıcıl işlər görülür.

Bu gün ana-bacılarımızın ən böyük arzusu Qarabağ davasının ədalətlə bitməsi, yurdumuzun əmin-amanlığıdır. Qadınların bu əziz bayramı günündə onları şair səmimiyyəti ilə salamlayır, bütün istəklərinə çatmalarını arzulayıram. Qoy qadınlarımızın nəsibi xoş günlər olsun!

 

 

Fikrət QOCA,

xalq şairi

 

Xalq qəzeti.- 2012.- 8 mart.- S. 7.