Qadınlar, siz həyatın bəzəyi və gözəlliyisiniz

 

Bu gün dünyanın bir çox ölkələrində təntənə ilə qeyd olunan Qadınlar bayramının tarixi çox qədimdir. Qadınlar gününü ilk dəfə qədim Romada, əsasən, nikahda olan azad qadınlar qeyd edərdilər. Sonra isə işlərini başa çatdıraraq azad olan qul qadınların bayram etməsinə icazə verilərdi. Romalılar özlərinin ən yaxşı paltarlarını geyərək küçələrə çıxar və məbədlərə üz tutardılar.

 

Məşhur Beynəlxalq Qadınlar günü isə alman kommunisti Klara Setkinin adı ilə bağlıdır. 1857-ci ilin 8 martında ilk dəfə Nyu-York toxucuları öz hüquqlarını tələb etmək üçün şəhərin küçələrinə çıxıblar. İkinci dəfə, 1908-ci ildə Nyu-Yorkun sosial-demokrat təşkilatı kişilərlə bərabər hüquqlar tələb edən qadınların mitinqini təşkil edib. Bir ildən sonra ABŞ Sosialist Partiyasının qərarı ilə həmin gün rəsmi bayram statusu alıb. Kopenhagendə keçirilmiş 2-ci Beynəlxalq Qadın konfransı Klara Setkinin təşəbbüsünü müdafiə edib. 1911-ci ildən isə bayram ideyası sözün həqiqi mənasında beynəlxalq miqyas alıb, Almaniya, İsveçrə, Avstriya və Danimarkada, amma müxtəlif günlərdə qeyd edilməyə başlayıb.

1913-cü ildə isə Beynəlxalq Qadınlar günü Rusiyanın sərhədlərinə yaxınlaşıb. Qadınlar günü martın 8-də dünyanın 6 ölkəsində eyni gündə qeyd edilib. Rusiyada bolşeviklərin inqilabından sonra Beynəlxalq Qadınlar gününə rəsmi bayram statusu verilib. Beləliklə, 1975-ci ildə SSRİ-nin təklifi ilə Birləşmiş Millətlər Təşkilatı 8 Martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb.

Bu gün bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü 47 ildir ki, respublikamızda da təntənəli şəkildə qeyd olunur. Bütün Şərq aləmində, xüsusən də, Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənmişdir. Ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin şanlı səhifələrinə əbədi olaraq qızıl hərflərlə yazılmışdır. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artmış, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilmiş, hətta digər ölkələrin qadınlarına örnək göstərilmişdir.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə Ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən 8 Martı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.

Azərbaycan qadını öz ağlı, zəkasıyla millətimizi həmişə ucaldıb. Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində əməyini, əziyyətini həmişə yüksək qiymətləndirmiş, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ulu öndərimiz bununla əlaqədar deyirdi: "Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar".

Ümummilli lider Heydər Əliyevin 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı fikirlərini də xatırlatmaq istəyirəm: "Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar..."

Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə ümumi nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən, yarımçıq qalan ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev "Qadın Problemləri üzrə Dövlət Komitəsi"nin bazasında "Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi" yaradaraq qadınlarımızın cəmiyyətdəki fəallığının genişləndirilməsinə, daha da artırılmasına əlverişli şərait yaratdı. Ölkəmizdə demokratiya yolunda inamla irəliləməsində, və beynəlxalq aləmdə yadda qalan uğurlar qazanmasında qadınlarımızın fəaliyyəti yüksək qiymətləndirilir. Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də Vətəndən uzaqlarda öz işi, bacarığı və humanizmi ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir. Mehriban xanım Azərbaycan mədəniyyətinin, incəsənətinin, xüsusilə də muğamımızın dünya miqyasında yayılmasında, tanınmasında yorulmadan çalışır. Mötəbər beynəlxalq qurumların tribunalarından müxtəlif xarici dillərdə məruzələr etməsi Azərbaycan qadınının hansı biliyə, hansı qabiliyyətə və siyasi düşüncələrə malik olmasından xəbər verir. Akademik, mühəndis, müəllim, həkim, memar, sənətkar, millət vəkili olan xanımlarımız təkcə öz Vətənimizdə deyil, hətta xarici ölkələrdə də Azərbaycan qadınının nələrə qadir olduğunu dəfələrlə sübut etmişlər.

Qadınlarımızın beynəlxalq aləmdəki rolundan söhbət açanda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın da rolu xüsusi qeyd olunmalıdır. Leyla xanımın Azərbaycan naminə gördüyü bütün işləri bir kənara qoyub, təkcə onun təşkilatçılığı ilə həyata keçirilən "Xocalıya ədalət " kampaniyasından danışsaq, onun beynəlxalq aləmdə böyük əks-səda doğurmasının şahidi olarıq. Bu aksiya nəticəsində dünya ictimaiyyətinin erməni vəhşiliyi və qəddarlığı ilə daha yaxından tanış olması faktı göstərir ki, yetişən nəslin arasında öz siyasi baxışları, geniş dünyagörüşü ilə beynəlxalq miqyaslı hadisələrə təsir etmək bacarığına malik xanımlarımız var.

Böyük Cavidin "Sürüklənən bəşəriyyət qadınla yuksələcək!", Səməd Vurğunun "Adın şərəflidir sənin, ey qadın!" misralarının zaman-zaman dərin məna kəsb edərək yaşaması heçnahaqdan deyil. 8 Mart qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki hər bir qadın həmişə mənəvi dayağa, ülvi məhəbbətə, hörmətə, ilıq nəfəsə ehtiyac duyur.

Qadınlar bir-birinə bənzəməz: zərifi var, güclüsü var, dözümlüsü, zəifi var. Onları birləşdirən isə yeganə bir ad var - Ana! Bu ğün analarımızın, bacılarımızın, qızlarımızın bayramıdır - cənnət ayaqları altında olan, gecəsi-gündüzü olmayan, sevimli, mehriban, əziz və əvəzsiz analarımızın. Bir acı duyarkən yaşımızdan asılı olmayaraq "ana!"deyib harayladığımız, sevincimizi paylaşmaq istəyəndə "ay, ana!" nidamız-bizi həyata gətirən anamız, analarımız! Analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: gözünün nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözündən leysan tökən analar. Halımıza yanan, yenə yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar! Nə yaxşı ki, sizlər varsınız, olmusunuz! Təkcə bu gün yox, sabah da, o biri gün də - daim üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirik. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirik. Çünki onlar bunabundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar - bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 8 mart.- S. 5.