Azərbaycan qadını həmişə mərd olub

 

Azərbaycan qadınları həmişə mərd, igid, qeyrətli olublar. Qadınlarımız gecələrini gündüzə qataraq at belində düşmənlərə qan uddurub, xalqımızın adını, şərəfini qoruyublar.

 

Bu igidlik sanki onlardan miras qalıb. Bu gün Azərbaycan qadınlarının sorağı yenə qəhrəmanlıq zirvələrindən eşidilir. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən qadınlarımız düşmənə əsir düşməmək üçün ölümü üstün tutdular. Belə qadınlarımız namus, qeyrət təcəssümüdür, bu gün bütün qızlarımıza əsl nümunədir. Biz belə qadınlarımızla fəxr edir, qürur duyuruq.

Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra qadınlarımızın siyasi həyatdakı rolu artırıldı. Sevinirəm ki, qüdrətli şəxsiyyətin siyasi xəttini onunun ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Bu gün Azərbaycan qadınına böyük etimad göstərilir, yüksək vəzifələr verilir. Azərbaycanda ailə, qadın uşaq problemləri ilə məşğul olan komitənin yaradılması bu komitənin geniş fəaliyyət göstərməsi üçün hər cür şəraitin təşkil olunması analara dövlət səviyyəsində göstərilən gayğının təzahürüdür.

Ana yer üzərində ən müqəddəs varlıqdır. Ana Vətəndir. Hər birimiz analara sonsuz hörmət ehriram göstərməliyik. Mən qadınlarımız, elə kişilərimiz üçün müqəddəs olan bu bayram günündə ilk növbədə öz doğma ocaqlarından didərgin salınan ana bacılarımızı təbrik edirəm. Azərbaycanımımzın hər diyarı, hər qarış torpağı hər birimiz üçün doğma əzizdir. Aqillərimiz deyib ki, elin bu başı, o başı olmaz. Buna baxmayaraq, doğma ev-eşik, min zəhmət hesabına qurulmuş həyət- baca daha şirindir, daha əzizdir. Mən böyük inamla deyirəm ki, vaxt olacaq, biz bu bayramlarımızı Azərbaycanımızın bütün ərazilərində böyük sevinc fərəh hissi ilə, təmtəraqlı şəkildə qeyd edəcəyik. O gün uzaqda deyil.

Mən bu müqəddəs bayram münasibəti ilə bütün anaları, bacıları, qızlarımızı təbrik edirəm. Onların hamısına xoşbəxtlik, öz ailələri ilə bir yerdə olmağı arzulayıram.

 

 

Zeynəb XANLAROVA,

SSRİ xalq artisti, Milli Məclisin

deputatı

 

Xalq qəzeti.- 2012.- 8 mart.- S. 5.